Məhkəmə qərarları › İş №e-2(002)-3353/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(002)-3353/2025

12.11.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-3353/2025 12.11.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlu, İmanov Tural Arif oğlunun katibliyi ilə, İddiaçı «X1 Azərbaycan» QSC-nin Cavabdeh qarşı «pul» tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı «X1 Azərbaycan» QSC Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi (kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş qaydada) ilə məhkəməyə müraciət edərək, 15.719,92 manat pul vəsaitinin ödənilməsinin gecikdirilməsi nəticəsində dəymiş zərərin əvəzi kimi ümumilikdə cəmi 1.098,21 manat borc və ödənilmiş 30,98 manat dövlət rüsumunun Cavabdeh iddiaçı «X1 Azərbaycan» QSC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin ***.***.2025-ci il tarixli e-2(002)- 3353/2025 saylı qərardadı ilə iddiaçı «X1 Azərbaycan» QSC Cavabdeh qarşı «pul» tələbinə dair işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə iddiaçı «X1 Azərbaycan» QSC arasında bağlanmış 15 avqust 2022-ci il tarixli 284596 saylı kredit müqaviləsinə əsasən bank cavabdehə 36 ay müddətinə, illik 15 faiz olmaqla 18.000 manat məbləğində kredit vermişdir. «X1 Azərbaycan» QSC müqavilə ilə üzərinə götürdüyü öhdəliyini tam icra etsə də, Cavabdeh kredit müqaviləsinin şərtlərini pozaraq, kredit müqaviləsi üzrə ödənişləri mütəmadi olaraq gecikdirmişdir. Cavabdehə dəfələrlə bu barədə şifahi və yazılı qaydada xəbərdarlıq edilməsinə, həmçinin məhkəmədən kənar qaydada kreditin ödənilməsinə dair bildirişlərin (pretenziyaların) verilməsinə baxmayaraq, kredit müqaviləsi üzrə öhdəliklərini icra etməmiş və bu günə kimi «X1 Azərbaycan» QSC-yə borcunu ödəməmişdir. Öhdəliklər cavabdeh tərəfindən tam, vaxtında və lazımi qaydada icra edilmədiyindən banka külli miqdarda maddi zərər dəymişdir. Nəticədə bank məhkəməyə müraciət etmiş və Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 13 fevral 2024-cü il tarixli qətnaməsi ilə iddia təmin edilərək, cavabdehdən iddiaçının xeyrinə 14.225,63 manat əsas borc, 1.063,35 manat faiz və 294,19 manat cərimə olmaqla, cəmi 15.583,17 manat məbləğində borc pul vəsaiti və 136,75 manat dövlət rüsumunun tutulması qət edilmişdir. Göründüyü kimi, cavabdehin 13 fevral 2024-cü il tarixə borc üzrə 15.719,92 manat ödənilməmiş borcun qalması qanuni qüvvədə olan məhkəmə qətnaməsi ilə də təsdiq edilmişdir. Cavabdeh 13 fevral 2024-cü ildən sonra bu günə kimi qətnaməni icra etməmiş və hal-hazıradək də kredit müqaviləsindən irəli gələn öhdəliklər icra edilmədiyi səbəbindən iddiaçının gecikdirilmiş vaxt üçün illik 5 % tələb etmək hüququ yaranmışdır. Tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə bank tərəfindən cavabdehə yazılı xəbərdarlıq edilmiş, lakin bundan sonra da öhdəliklər cavabdeh tərəfindən icra edilməmişdir. Hazırda cavabdehin kredit müqaviləsi üzrə ödənilməli borc məbləğindən illik 5 % olaraq 1.098,21 manat məbləğində banka maddi zərər dəymişdir. Cavabdehin bank qarşısında icra edilməmiş pul öhdəliyi üzrə hesablanmış gecikdirilmiş vaxt üçün illik 5 % olmaqla xx.xx.2024-cü il tarixdən xx.xx.2025ci il tarixə qədər əsas məbləğ üzrə gecikmə gün sayı – 503 gün – 1.098,21 manat olmaqla, ümumilikdə cəmi 1.098,21 manat təşkil edir. İddiaçının nümayəndəsi Nümayəndə məhkəməyə ərizə göndərərək, mülki işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə qeyd edilən ərizəni nəzərə alaraq, mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilən: - Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 13 fevral 2024-cü il tarixli e-2(002)- 368/2024 saylı qətnaməsindən görünür ki, iddiaçı «X1 Azərbaycan» QSC-nin Cavabdeh qarşı «pul» tələbinə dair iddiası təmin edilmiş, 14.225,63 manat əsas borc, 1.063,35 manat faiz və 294,19 manat cərimə olmaqla, cəmi 15.583,17 manat pul vəsaiti və 136,75 manat dövlət rüsumunun Cavabdeh iddiaçı «X1 Azərbaycan» QSC-nin xeyrinə tutulması qət edilmişdir. Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Cavabdehin iddiaçıdan kredit müqaviləsi üzrə kredit alması, kredit müqaviləsi üzrə öhdəlikləri tam və vaxtında icra etməməsi, borc məbləğinin yaranması, iddiaçının bu səbəbdən məhkəməyə müraciət etməsinə dair hallar aşkar olmaqla, həmin faktların yenidən mübahisələndirilməsinə və sübut edilməsinə yol verilmir. Preyudisial əhəmiyyət kəsb edən qətnamədən görünür ki, 13 fevral 2024-cü il tarixə 15.719,92 manat ödənilməmiş borc qalmışdır. Təqdim olunmuş sənədlərdən göründüyü kimi, qanuni qüvvədə olan məhkəmə qətnaməsi 13 fevral 2024-cü ildən bu günə kimi cavabdeh tərəfindən icra edilməmiş, halhazıradək kredit müqaviləsindən irəli gələn öhdəliklər yerinə yetirilməmiş və iddiaçı məhkəməyə müraciət edərək gecikdirilmiş vaxt üçün illik 5 % ödənilməsini tələb etmişdir. xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixə qədər əsas məbləğ üzrə gecikmə günlərinin sayı 503 gün təşkil etməklə, tələb edilən məbləğ 1.098,21 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci madddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh olunmasına dair» Qərarında təsbit olunmuş hüquqi mövqeyə görə, kreditor (borc verən) və borclu arasında bağlanmış kredit müqaviləsində öhdəliklərin xitamı ilə bağlı digər şərt nəzərdə tutulmadığı halda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin ikinci cümləsinə əsasən öhdəliyin icrasının qurtarmasının müqavilədə müəyyənləşdirilmiş anına qədər müqavilə qüvvədə sayılır. İcranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-in 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur.Lakin bu müddəa kreditorun hər hansı digər əsaslar üzrə borcludan daha böyük məbləğ tələb etmək hüququnu istisna etmir. Belə nəticə MM-in 445.7, 443.1 və 443.2-ci maddələrinin əlaqəli şəkildə təhlilindən irəli gəlir. Hüquqi müəyyənlik prinsipi baxımından tərəflər arasında bağlanılan kredit müqaviləsinin şərtləri və hüquqi nəticələri elə dəqiqliklə təsvir olunmalıdır ki, müqavilə tərəfinin kənar yardım olmadan mümkün qədər aydın və sadə şəkildə öz hüquq və vəzifələrini müəyyənləşdirə bilməsi mümkün olsun. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Konstitusiya Məhkəməsinin qərarındakı mövqedən aydın olur ki, Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən tələb edilən 5 faiz məbləğ nə vurulmuş zərərdən, nə pul öhdəliklərinin icra edilməsi ilə bağlı məsuliyyəti müəyyən edən Mülki Məcəllənin 449-cu maddəsindən asılı deyildir. Bu isə onu deməyə əsas verir ki, həmin norma icranın gecikdirilməsi nəticəsində vurulmuş zərər və ya öhdəliyin icra edilməməsi üçün borclunun məsuliyyəti üçün sanksiya olmamaqla, borclunun təqsiri ilə bağlı olan halı özündə ehtiva etmir. Həmin norma pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələrini müəyyən edir. Yəni kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb etmirsə və ya həmin məbləği sübut edə bilmirsə, ən azı 5 faiz tələb etmək hüququ var. Qanunun bu norması kreditora onun qarşılaşdığı maliyyə itkisini minimal qaydada kompensasiya etmək imkanı tanıyır. Yuxarıda qeyd edilənlərdən göründüyü kimi, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 13 fevral 2024-cü il tarixli e-2(002)-368/2024 saylı qətnaməsi qanuni qüvvəyə mindikdən sonra, ölkə ərazisində icrası məcburi olan icra sənədi verilmişdir. Cavabdehin istinad edilən kredit müqaviləsi üzrə ödəməli olduğu pul vəsaitinin gecikdirilməsinə görə xx.xx.2025-ci il tarixə illik 5 faizlə hesablanmış cəmi 1.098,21 manat borcu var. Xəbərdarlıq məktubundan görünür ki, «X1 Azərbaycan» QSC pretenziya qaydasına riayət edərək, Cavabdeh qeyd olunan pul vəsaitinin ödənilməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə onu xəbərdar etmişdir. Ödəniş qəbzindən görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 30,98 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, 15.719,92 manat pul vəsaitinin ödənilməsinin gecikdirilməsi nəticəsində dəymiş zərərin əvəzi kimi ümumilikdə cəmi 1.098,21 manat pul vəsaiti və ödənilmiş 30,98 manat dövlət rüsumu Cavabdeh iddiaçı «X1 Azərbaycan» QSCnin xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 15.719,92 manat pul vəsaitinin ödənilməsinin gecikdirilməsi nəticəsində dəymiş zərərin əvəzi kimi ümumilikdə cəmi 1.098,21 manat pul vəsaiti və ödənilmiş 30,98 manat dövlət rüsumu Cavabdeh iddiaçı «X1 Azərbaycan» QSC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ rayon Məhkəməsi vasitəsi ilə («Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Kamran Əsədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar