Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-3375/2025 27.10.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məcidli Aysel Əli qızının katibliyi, Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı QSC BOKT-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə pul” tələbinə dair iddiası üzrə mülki işə Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı QSC BOKT cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada əsas borc üzrə 1395 (bir min üç yüz doxsan beş) manat, faiz borcu üzrə 1592.20 (bir min beş yüz doxsan iki manat, 20 qəpik) manat olmaqla, cəmi 2987.20 (iki min doqquz yüz səksən yeddi manat, 20 qəpik) manat kredit borcunun və ödənilmiş 50 (əlli) manat dövlət rüsumunun tutularaq İddiaçı QSC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı QSC BOKT iddia ərizəsini onunla əsaslandırmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci il tarixli 570 №-li Fərmanının və Nazirlər Kabinetinin 10 fevral 2017-ci il tarixli 101s saylı Sərəncamının icrası ilə əlaqədar "xxxx" ASC-yə məxsus problemli aktivləri (borcları) üzrə tələb hüququ 11 avqust 2015-ci il və 21 aprel 2017-ci il tarixli müqavilələr əsasında İddiaçı QSC Bank olmayan Kredit Təşkilatına keçmişdir. "xxxx" ASC-nin Şirvan filialı ilə Cavabdeh2 arasında 05 dekabr 2011-ci il tarixdə 1577 saylı kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən cavabdehə illik 24 %-lə, 12 ay müddətinə 1500 (bir min beş yüz) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı kimi zamin Cavabdeh1 ilə Azərbaycan Beynəlxalq Bankı” ASC-nin Şirvan filialı arasında 05 dekabr 2011-ci il tarixdə 406 saylı zaminlik müqaviləsi bağlanmışdır. Kredit Müqaviləsinin 2.1-ci bəndinə əsasən borc verən borc alana 1500 (bir min beş yüz) manat məbləğində kreditin verilməsini, borcalan bu müqaviləyə əsasən borcu qəbul etməyi, bu Müqavilədə göstərilən müddətdə və qaydada borcu və hesablanacaq faizləri borc verənə qaytarmağı öhdəsinə götürür. Cavabdehə kredit borcunun ödənilməsi barədə dəfələrlə şifahi və yazılı xəbərdarlıqlar edilməsinə, kredit borcları barədə məlumat verilməklə onların tez bir zamanda ödənilməsinin tələb olunmasına baxmayaraq qeyd olunan öhdəlik bu günədək icra edilməmişdir. Belə ki, Cavabdeh2 kredit müqaviləsinə əsasən hazırda 1395 (bir min üç yüz doxsan beş) manat əsas, 1592.20 (bir min beş yüz doxsan iki manat, 20 qəpik) manat faiz borcu olmaqla, cəmi 2987.20 (iki min doqquz yüz səksən yeddi manat, 20 qəpik) manat məbləğində kredit borcu vardır. Cavabdeh1 xx.xx.2025-ci il tarixdə məhkəməyə ərizə göndərərək, iddia ərizəsi üzrə iddia müddəti ötürüldüyündən iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin e-2(002)-3375/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadı ilə Cavabdeh1 və Cavabdeh2 tərəfindən mübahisə yaratdığından sadələşdirilmiş icraat üzrə mülk iş iddia icraatına keçirilmişdir İddiaçı QSC BOKT -nin nümayəndəsi məhkəməyə ərizə göndərərək, baxış iclasının iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh1 məhkəmə iclasında qeyd edir ki, o, zamindir. İşin üstündən artıq 15 il keçmişdir. İddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Cavabdeh2 məhkəmə iclasında qeyd edir ki, pul o, götürmüşdür. Ödəməyə imkanı yoxdur. İşin üstündən artıq 15 il keçmişdir. İddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi rədd olunmalıdır. İş materiallarına əlavə olunmuş "xxxx" ASC-nin Şirvan filialı ilə Cavabdeh2 arasında 05 dekabr 2011-ci il tarixdə bağlanmış 1577 saylı kredit müqaviləsinin surətindən görünür ki, "xxxx" ASC tərəfindən Cavabdeh2 illik 24 %-lə, 12 ay müddətinə 1500 (bir min beş yüz) manat məbləğində kredit verilmişdir. İş materiallarına əlavə olunmuş 05 dekabr 2011-ci il tarixdə 406 saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh1 ilə Azərbaycan Beynəlxalq Bankı” ASC-nin Şirvan filialı arasında zaminlik müqaviləsi bağlanmışdır. İş materiallarına əlavə olunmuş "xxxx" Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci il tarixli 570 №-li Fərmanının və Nazirlər Kabinetinin 10 fevral 2017-ci il tarixli 101s saylı Sərəncamının icrası ilə əlaqədar "xxxx" ASC-yə məxsus problemli aktivləri (borcları) üzrə tələb hüququ 11 avqust 2015-ci il və 21 aprel 2017-ci il tarixli müqavilələr əsasında İddiaçı QSC Bank olmayan Kredit Təşkilatına keçmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2018-ci il tarixdə təhvil təslim aktından görünür ki, "xxxx" ASC-nin Şirvan filialı ilə Cavabdeh2 arasında 05 dekabr 2011-ci il tarixdə bağlanmış 1577 saylı kredit müqaviləsi üzrə qalıq borc 1395 manat təşkil etməklə, tələb hüququ İddiaçı QSC Bank olmayan Kredit Təşkilatına keçmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2 05 dekabr 2011-ci il tarixdə bağlanmış 1577 saylı kredit müqaviləsi üzrə əsas borc üzrə 1395 manat, faiz borcu üzrə 1592,20 manat olmaqla cəmi 2987,20 manat borcu mövcuddur. İş materiallarına əlavə olunmuş məxaric orderindən görünür ki, "xxxx" ASC tərəfindən xx.xx.2011-ci il tarixdə Cavabdeh2 hesabına 1500 manat məbləğində kredit köçürmüşdür. İş materiallarına əlavə olunmuş bildiriş məktubundan görünür ki, İddiaçı QSC BOKT pretenziya qaydasına riayət edərək, cavabdehlərə borcu ödəməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə onu xəbərdar etmişdir. İş materiallarına əlavə olunmuş qəbzdən görünür ki, iddiası bank tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi üçün 50 manat dövlət rüsumu ödənilmişdir. . Beləliklə məhkəmə tərəfindən müəyyən olundu ki, Azərbaycan Beynəlxalq Bankı” ASC-nin ilə Cavabdeh2 arasında 05 dekabr 2011-ci il tarixdə 1577 saylı kredit müqaviləsi bağlanmışdır.Eyni tarixdə həmçinin Cavabdeh1 ilə "xxxx" ASC-nin arasında zaminlik müqaviləsi bağlanmışdır. Daha sonra cavabdehlərdən tələb etmək hüququ "xxxx" ASCdən İddiaçı QSC BOKT-a ötürülmüşdür.Hazırda iddiaçı cavabdehlərdən 05 dekabr 2011-ci il tarixdə bağlanmış 1577 saylı kredit müqaviləsi üzrə əsas borc üzrə 1395 manat, faiz borcu üzrə 1592,20 manat olmaqla cəmi 2987,20 manat borcu tələb etmişdir. Cavabdehlər isə ərizələr təqdim etməklə iddia tələbi üzrə iddia müddətinin ötürüldüyünü əsas gətirərək, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, kredit müqaviləsi tərəflər arasında 05 dekabr 2011-ci il tarixdə 12 aylıq müddətinə(xx.xx.2012-ci il tarixədək) 1500 manat məbləğində olmaqla bağlanmış, eyni zamanda daha sonra tələb hüququ iddiaçıya güzəşt olunarkən xx.xx.2017-ci il tarixli təhvil təslim atından göründüyü kimi, həmin vaxtı cavabdehin borcu 1395 manat təşkil etmişdir, yəni həmin tarixədək cavabdeh tərəfindən ümumi borcdan cəmi 105 manat ödəniş edilmişdir. Həmçinin iddia tələbindən və əlavə edilmiş maliyyə arayışından görünür ki, cavabdehin müqavilə üzrə hazırki əsas borcunun məbləği hazırda da 1395 manat təşkil edir, yəni cavabdeh müqavilə üzrə 2017-ci ildən bəri ödənişlər etməmişdir. Belə olan vəziyyətdə məhkəmə cavabdehin iddia müddətinin tətbiqi barədə ərizəni əsaslı sayaraq hesab edir ki, kredit müqaviləsinin müddəti xx.xx.2012-ci il tarixdə bitmiş və həmçinin müqavilə üzrə 2017-ci il tarixdən sonra ödənişlər edilməmişdir. Bu səbəbdən məhkəmə qeyd edir ki, hazırda iddiaçı Cavabdeh2 münasibətdə müvafiq müqavilə üzrə iddia müddətini ötürmüşdür. İddiaçı öz subyektiv hüquqlarından əgər istifadə etmirsə və bu hüquqlar iddia müddəti keçirilməklə itirilirsə, cavabdehin üzərinə düşən hüquqları onun üzərinə düşən vəzifələrə qarşı qoyulması hüquqda qeyri müəyyənlik yarada bilər. İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 373.2-ci maddsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır Həmin Məcəllənin 376-cı maddəsinə əsasən əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər üzrə də iddia müddəti keçir. Həmin Məcəllənin 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Həmin Məcəllənin 378-ci maddəsinə əsasən öhdəliklə şəxslərin dəyişməsi iddia müddətinin və onun hesablanması qaydasının dəyişdirilməsinə səbəb olmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2001-ci il tarixli Qərarından görünür ki, İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar Məhkəmə qeyd edir ki, iş materiallarında olan xx.xx.2011-ci il tarixli zaminlik müqaviləsinin məzmunundan aydın olur ki, xx.xx.2011-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi digər Cavabdeh1 ilə xx.xx.2011-ci il tarixli zaminlik müqaviləsi bağlanılmış və o, kredit müqaviləsi üzrə Cavabdeh2 öhdəliklərin icrası üçün məsuliyyəti öz üzərinə götürmüşdür. Zaminlik müqaviləsində onun qüvvədə olma müddəti qeyd olunmamış, kredit müqaviləsində isə kredit borcunun qaytarılması müddəti 12 ay nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminlik müqaviləsinə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Məhkəmə hesab edir ki, iş materiallarından göründüyü kimi, zaminlik müqaviləsində onun qüvvədə olma müddəti müəyyən edilməmiş, həmin müqavilənin təmin etdiyi öhdəliklərin icrası vaxtının çatmasından 3 (üç) ildən çox müddət keçmişdir bu səbəbdən Cavabdeh1 kredit müqaviləsi üzrə zaminliyinə xitam verilməlidir. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi Cavabdeh1 aid olan hissədə təmin edilə bilməz. Bundan başqa məhkəmə qeyd edir ki, Zaminlik müqaviləsinin 2.2-ci bəndinə əsasən zamin borclu ilə birgə məsuliyyət daşıyır.Belə olan təqdirdə iddia müddətinin tətbiqi barədə ərizəni zamin versə də birgə məsuliyyət daşıdığından həmin ərizə hər ikisinə münasibətdə tətbiq olunmalıdır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Eyni Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi rədd olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı QSC BOKT -nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə pul” tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Qamət Əbilov
Məhkəmə qərarları › İş №e-2(002)-3375/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(002)-3375/2025
27.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver