Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-3393/2024 18.11.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Bağırova Mehriban Yaşar qızının katibliyi, iddiaçı "xxxx" bank olmayan kredit təşkilatı Məhdud Məsuliyyətli Cəmiyyətinin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Nümayəndə iştirakı ilə, iddiaçı "xxxx" bank olmayan kredit təşkilatı Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit üzrə borcun tutulması tələbi barədə iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" bank olmayan kredit təşkilatı Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit üzrə borcun tutulması tələbi barədə iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada iddiaçının xeyrinə 8700,08 manat əsas borc, 1069,18 manat faiz borcu və 300 manat dəbbə pulu olmaqla, cəmi 10069,26 manat borcun və 121,40 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı iddiaçı "xxxx" bank olmayan kredit təşkilatı Məhdud Məsuliyyətli Cəmiyyətinin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Nümayəndə izahatında bildirdi ki, "xxxx" bank olmayan kredit təşkilatı Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 16 mart 2023-cü il tarixli, GARA-25952-3155 saylı kredit müqaviləsinə əsasən ikinciyə illik 27% faizlə 36 ay müddətinə 12000 (on iki min) manat kredit verilmiş və kreditin aylıq 490 manat olmaqla ödənilməsi müəyyən edilmişdir. Yuxarıda qeyd olunan kredit müqaviləsindən irəli gələn öhdəliklərin lazımı qaydada icrasını təmin etmək məqsədi ilə "xxxx" bank olmayan kredit təşkilatı Məhdud Məsuliyyətli Cəmiyyəti, Cavabdeh1 və Cavabdeh2 arasında 02 fevral 2024-cü il tarixli GARA-25952-3155+GARA-27405 saylı zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh1 tərəfindən kredit müqaviləsi üzrə öhdəliklər tam və vaxtında icra edilmədiyi üçün "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Cavabdeh1 30 sentyabr 2024-cü il tarixinədək verilmiş kredit üzrə 8700,08 manat əsas borc, 1069,18 manat faiz borcu və 300 manat dəbbə borcu olmaqla, cəmi 10069,26 manat məbləğində borcu yaranmış və ödənilməmişdir. Məhkəmədən iddiaçı təşkilatın iddia tələbinin təmin edilməsini xahiş edir. Cavabdehlər məhkəmə iclaslarının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclaslarına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikasının MPM-nin 135.7, 185.5-ci maddələrinin tələblərinə istinad edərək, mülki işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə, izahatı dinləyib, iş materiallarında olan sübutları tədqiq edərək belə qənaətə gəlir ki, aşağıdakı əsaslara görə iddia tələbi qismən əsaslı hesab olunaraq qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" bank olmayan kredit təşkilatı MMC ilə Cavabdeh1 arasında imzalanmış 16 mart 2023-cü il tarixli, GARA-25952-3155 saylı kredit müqaviləsinə və ödəniş cədvəlinə əsasən, həmin cavabdehə illik 27 faiz hesablanmaqla 36 ay ərzində qaytarılması şərtilə 12000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan 02 fevral 2024-cü il tarixli GARA-25952- 3155+GARA-27405 saylı zaminlik müqaviləsindən görünür ki, "xxxx" bank olmayan kredit təşkilatı MMC ilə Cavabdeh1 arasında bağlanmış 16 mart 2023-cü il tarixli, GARA-25952-3155 saylı kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı olaraq "xxxx" bank olmayan kredit təşkilatı MMC ilə Cavabdeh2 arasında 02 fevral 2024-cü il tarixli GARA-25952-3155+GARA-27405 saylı zaminlik müqaviləsi bağlanmışdır. İş materiallarında olan maliyyə arayışından və hesabdan çıxarışdan görünür ki, Cavabdeh1 16 mart 2023-cü il tarixli, GARA-25952-3155 saylı kredit müqaviləsinə əsasən, 30 sentyabr 2024-cü il tarixinə kredit müqaviləsi üzrə 8700,08 manat əsas borc, 1069,18 manat faiz borcu və 300 manat dəbbə pulu olmaqla, cəmi 10069,26 manat məbləğində borcu vardır. İş materiallarında olan "xxxx" bank olmayan kredit təşkilatı MMC-nin Cavabdeh1 və Cavabdeh2 ünvanladığı xx.xx.2024-cü il tarixli yazılı xəbərdarlığın surətindən görünür ki, 29 avqust 2024-cü il tarixinədək yaranmış 793,95 manat faiz borcunun ödənilməsi tələb edilmiş, əks halda məhkəməyə müraciət olunacağı bildirilmişdir. Məhkəmə mülki iş üzrə sübutlara məcmu halında hüquqi qiymət verərək müəyyən edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 743.1-ci maddəsinə əsasən, kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən, icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli Qərarına əsasən, ikitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonra da qüvvədə qalır. Sadalanan hüquq normalarının tələblərinə əsasən məhkəmə müəyyən edir ki, cavabdeh borclu iddiaçı təşkilatdan aldığı kredit üzrə əsas borcu və faizləri, gecikməyə görə cəriməni iddiaçıya ödəmək öhdəliyinin daşıyıcısı olmuşdur. Lakin cavabdeh borclu iddiaçı təşkilat qarşısında həmin pul öhdəliyini yerinə yetirməmişdir. Ona görə də iddiaçı təşkilatın əsas borc və cərimə ilə bağlı tələbi tam təmin edilməlidir. Lakin, iddiaçının faiz tələbi onun müqavilədən imtina mahiyyətində olan xx.xx.2024-cü il tarixli yazılı xəbərdarlığında göstərilən həddə əsaslı hesab olunmalıdır, belə ki, həmin tarixdən müqaviləyə xitam verilmiş sayılır. Odur ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli Qərarının tələbləri rəhbər tutularaq, faiz borcu 793,95 manat həddində əsaslı hesab olunaraq təmin edilməlidir. Məhkəmə, iddia tələbinin əsas borclu ilə birgə zaminə yönəldilməsi hissəsinə hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia tələbi bu hissədə əsaslıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borcun tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə birgə məsuliyyət daşıyırlar. Məhkəmə iddianın dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, dövlət rüsumu ilə bağlı tələb də ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq qismən təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə mülki iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək və sadalanan hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 8700,08 manat məbləğində əsas borc, 793,95 manat məbləğində faiz borcu, 300 manat cərimə olmaqla, cəmi 9794,03 manat (doqquz min yeddi yüz doxsan dörd manat üç qəpik) məbləğində borc pul vəsaiti və 118 manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" bank olmayan kredit təşkilatı MMC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Hüseynov
Məhkəmə qərarları › İş №e-2(002)-3393/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(002)-3393/2024
18.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver