Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-34/2025 07.01.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Bağırova Mehriban Yaşar qızının katibliyi, iddiaçı Ləğv prosesində olan QSC “Bank Standard” Kommersiya Bankının etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Nümayəndə2 və Cavabdeh etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X5 iştirakı ilə, iddiaçı Ləğv prosesində olan QSC “Bank Standard” Kommersiya Bankının Cavabdeh qarşı kredit borcunun qaytarılması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : İddiaçı Ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti “Bank Standard” KB Cavabdeh qarşı kredit borcunun qaytarılması tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, QSC “Bank Standard” KB ilə X6 arasında bağlanmış 15 iyul 2015-ci il tarixli 1xx/xx/116990/15 saylı kredit müqaviləsi üzrə borclunun faktiki varisi Cavabdeh 3620,10 manat məbləğində əsas borc, 1208,57 manat məbləğində faiz borcu, 2816,72 manat məbləğində cərimə borcu, 542 manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanmış faiz məbləği, ümumilikdə 8187,39 manat məbləğində pulun, 101,88 manat dövlət rüsumunun Ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti “Bank Standard” Kommersiya Bankının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı Ləğv prosesində olan QSC “Bank Standard” Kommersiya Bankının etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Nümayəndə2 iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, QSC “Bank Standard” KB ilə X6 arasında 15 iyul 2015-ci il tarixində kredit verilməsi haqqında 1xx/xx/116990/15 saylı müqavilə bağlanmış, bank tərəfindən borcluya illik 24 (iyirmi dörd) faiz ödənilməsi şərti ilə 24 (iyirmi dörd) ay müddətinə 7000 (yeddi min) manat məbləğində kredit verilmişdir. Lakin borclu öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş və bunun nəticəsində banka 3620,10 manat məbləğində əsas borc, 1208,57 manat məbləğində faiz borcu, 2816,72 manat məbləğində cərimə borcu, 542 manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanmış faiz məbləği, ümumilikdə 8187,39 manat məbləğində borcu qalmışdır. Bank tərəfindən 2020-ci il tarixdə iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət olunmuş, məhkəmə prosesində cavabdehin xx.xx.2016-cı il tarixdə vəfat etdiyi müəyyən edilmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, e-2(002)-1878/2020 saylı qərardadı ilə mülki işin icraatı cavabdehin hüquqi varisi müəyyən edilənədək dayandırılmışdır. Sonradan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi tərəfindən xx.xx.2024-cü il tarixli, e-2(002)- 12/2024 saylı qərardadla mülki iş üzrə icraat təzələnmiş, xx.xx.2024-cü il tarixli qərardadla mülki iş üzrə icraata məhkəmədə baxılmalı olmaması əsası ilə xitam verilmişdir. X2 hüquqi varisinin olub-olmamasına dair Ədliyyə Nazirliyinə sorğu verilmiş, Ədliyyə Nazirliyindən əldə edilən xx.xx.2022-ci il tarixli sorğuya cavab məktubunda bildirilmişdir ki, X1nun adına vərəsəlik işi açılmamışdır. Sorğu əsasında Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X13 İdarəsindən əldə edilən xx.xx.2023-cü il tarixli cavab məktubuna əsasən məlum olmuşdur ki, X1nun adına xx.xx.2012-ci il tarixdən “Mercedes E200CDİ” markalı **-CL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi qeydiyyatdadır, həmin avtomobilə dair mərhumun oğlu Cavabdeh etibarnamə verilmişdir. Cavabdehin mərhum borcludan etibarnaməyə əsasən faktiki olaraq avtomobil qəbul etdiyi əsas götürülərək, ona qarşı iddia tələbi ilə məhkəməyə müraciət edilmişdir. Qeyd olunanlara əsasən, iddia tələbinin təmin edilməsini xahiş edir. Məhkəmə baxışı zamanı Cavabdeh etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X7 izahat verərək bildirdi ki, cavabdeh onun oğludur, mərhum borclu isə həyat yoldaşı olmuşdur. İddiaçı təşkilatın iddia ərizəsində qeyd etdiyi avtomobil cavabdeh tərəfindən miras əmlak kimi qəbul edilməmişdir. Belə ki, mərhum əri yol-nəqliyyat hadisəsi nəticəsində həmin avtomobildə vəfat etmiş, avtomobil tamamilə dağılaraq məhv olmuşdur. Həmin avtomobillə ümumiyyətlə maraqlanmamışlar, baş vermiş faciəli hadisəyə görə nə özü, nə də oğlu avtomobilə hətta baxa bilməmişlər. Avtomobil tamamilə dağılmış vəziyyətdə olmuş, avtomobilin qalığını cavabdehin əmisi Adil 500 manata metalloma vermiş, həmin pul isə dəfn xərclərində istifadə edilmişdir. Avtomobilə görə cavabdeh hər hansı məbləğdə pul almamışdır. Eləcə də, mərhumdan hər hansı miras əmlak qalmamışdır. Həmçinin, cavabdehin əmisi Adil də vəfat etmişdir. Qeyd olunanlara əsasən, iddianın qismən, 500 manat həddində təmin edilməsinə etiraz etmir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X8 ifadə verərək bildirdi ki, o, cavabdehin qonşusu və qohumudur. X1 həmin avtomobildə qəzaya düşmüş, avtomobil olduqca pis vəziyyətdə olmuşdur. Heç mərhumun qırxı çıxmamış, cavabdehin əmisi Adilin maşını metalloma verdiyini eşitmişdir. Adilin maşını metalloma neçəyə verdiyi barədə məlumatı yoxdur. Adilin həmin pulu Nadirə verib-vermədiyini də dəqiq bilmir. Ümumiyyətlə, həmin qəzaya görə hamının başı çox qarışıq olmuş, sonradan Adil özü də vəfat etmişdir. Məhkəmə, izahatları və şahid ifadəsini dinləyib, təqdim edilmiş sübutları tədqiq edərək belə qənaətə gəlir ki, iddia tələbi aşağıda göstərilən əsaslara görə qismən əsaslı hesab olunaraq qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan QSC “Bank Standard” KB ilə X6 arasında bağlanmış xx.xx.2015-ci il tarixli 1xx/xx/116990/15 saylı kredit müqaviləsinin surətindən görünür ki, həmin kredit müqaviləsinə əsasən cavabdehə 24 ay müddətinə illik 24% hesablanmaqla 7000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan 08 iyul 2020-cüi il tarixli maliyyə arayışından görünür ki, X2 ləğv prosesində olan QSC “Bank Standard” KB-na 03 iyul 2020-ci il tarixə 3620,10 manat əsas borc, 1208,57 manat faiz borcu, 2816,72 manat cərimə borcu, 542 manat gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği, ümumilikdə 8187,39 manat borcu vardır. İş materiallarında olan AZ-İ No 818591 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 15 avqust 2016-cı il tarixdə Bakı şəhərində avtotravma nəticəsində vəfat etmişdir. Bu barədə Qaradağ rayon Qeydiyyat şöbəsində ölüm haqqında akt qeydləri kitabında 19 avqust 2016-cı il tarixində 401 nömrəsi ilə qeydiyyat aparılmışdır. İş materiallarında olan xx.xx.2016-cı il tarixli cinayət işi üzrə icraata xitam verilməsi barədə qərarın surətindən görünür ki, xx.xx.2016-cı il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində **-CL-*** dövlət qeydiyyat nişanlı, Mercedes E200CDİ minik markalı avtomobilin sürücüsü X6 vəfat etmiş, onun ölməsi faktı üzrə Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi isə bağlanmış cinayət işi üzrə icraata xitam verilmişdir. İş materiallarında olan XVİ-JQ seriyalı, 257384 seriyalı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh xx.xx.1991-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur, onun anası X7, atası X3r. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X13 İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubdan və çıxarışdan görünür ki, DİN Baş X13 İdarəsi Qeydiyyat-İmtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən, xx.xx.2012-ci ildən avtomobilin mülkiyyətçisi olan X6 **-CL-*** dövlət qeydiyyat nişanlı, 2000-ci il istehsalı, Mercedes E200CDİ minik markalı avtomobildən istifadə hüququna dair xx.xx.2015-ci il tarixdən-xx.xx.2025-ci il tarixə kimi Cavabdeh etibarnamə vermişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X13 İdarəsi tərəfindən verilmiş məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Daxili İşlər Nazirliyi Baş X13 İdarəsinin mərkəzi informasiya sistemində X4 məxsus “Mercedes E200” markalı, **-CL-*** dövlət qeydiyyat nişanlı avtomobilin xx.xx.2016-cı il tarixdən hal-hazıradək olan müddətdə yol hərəkətində istifadə olunmasına, texniki baxışdan keçməsinə və həmin nəqliyyat vasitəsinin iştirakı ilə inzibati xəta törədilməsinə dair məlumat qeydə alınmamışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X13 İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, DİN Baş X13 İdarəsi Qeydiyyat-İmtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən “MERCEDES E200 CDİ” markalı, **-CL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2012ci il tarixdən X2 adında qeydiyyatdadır. “MERCEDES E200 CDİ” markalı, **-CL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin X2 adına rəsmiləşdirilməsinə əsas olmuş sənədlərin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 mart 1999-cu il tarixli 39 nömrəli Qərarı ilə təsdiq edilmiş Əsasnamədə müəyyən edilmiş saxlama müddəti bitdiyi üçün onlar müvafiq qaydada məhv edilmişdir. İş materiallarında olan “Yeni Dövr” Qiymətləndirmə Mərkəzinin YDQM № 002-053/2024 nömrəli, xx.xx.2024-cü il tarixli ekspert rəyindən görünür ki, avtomobil qəza nəticəsində tamamilə istismar üçün yararsız hala düşmüşdür. Zərbə avtomobilin ön hissəsinə dəymişdir və bu hissə tamamilə məhv edilmişdir. Güclü zərbə nəticəsində avtomobilin digər hissələri də əhəmiyyətli dərəcədə zərər görmüşdür. Bu vəziyyətdə hesab edilir ki, avtomobil tamamilə məhv edilmiş hesab edilməlidir, bərpası isə məqsədəuyğun deyildir. Avtomobilin əsas komponentlərinin ağır zədələnməsi onu həm texniki, həm də iqtisadi baxımdan bərpa etməyi qeyri-mümkün edir. Bu səbəbdən avtomobilin istismarı mümkün deyildir və tamamilə yararsız hala düşmüş hesab edilməlidir. İş materiallarında olan “Yeni Dövr” Qiymətləndirmə Mərkəzinin YDQM № 012-005/2024 nömrəli, xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, məhkəmə qərardadında qeyd olunan avtomobilin hazırda tədqiqata təqdim edilməsi mümkün olmadığından, yol-nəqliyyat hadisəsindən sonra avtomobilin yararlı detallarının (varsa) və yararsız detallarının dəyəri barədə sualın icrası mümkünsüzdür, ona görə də qərardad icra edilmədən geri qaytarılmışdır. İş materiallarına həmçinin avtomobilin yol-nəqliyyat hadisəsindən sonra qəzalı vəziyyətdə fotoşəkilləri əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmişdir. Beləliklə, məhkəmə, mülki iş üzrə sübutlara məcmu halında hüquqi qiymət verərək müəyyən edir ki, mərhum borclu R.Cəbrayılov xx.xx.2016-cı il tarixdə özünə məxsus “Mercedes E200” markalı, **-CL-*** dövlət qeydiyyat nişanlı avtomobilin iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində vəfat etmişdir. Mərhumun vəfatından sonra vərəsəlik işi açılmamışdır. İddiaçı bank mərhum borclunun həmin avtomobildən istifadəyə dair oğlu Cavabdeh etibarnamə verməsinə əsaslanaraq, onun avtomobili faktiki qəbul etdiyini iddia etməklə borcun Cavabdeh tutulmasını tələb etməkdədir. Mülki iş üzrə sübutlara, o cümlədən izahatlara, şahid ifadəsinə, ekspert rəyinə, fotoşəkillərə, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X13 İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli məktublara əsasən müəyyən olunur ki, mübahisəli avtomobil yol-nəqliyyat hadisəsi nəticəsində tamamilə yararsız hala düşmüşdür, həmin dövrdən yol hərəkətində istifadə olunmamışdır, texniki baxışdan keçməmişdir. Həmçinin, qanunvericiliyə əsasən, etibarnamənin qüvvəsinə onu verən fiziki şəxsin vəfatı ilə xitam verilmişdir. Qeyd olunanlara əsasən, habelə dəfələrlə ekspertiza keçirilməsinə baxmayaraq avtomobilin yol-nəqliyyat hadisəsindən sonrakı dəyərini dəqiq müəyyən etmək mümkün olmadığından, eyni zamanda iddiaçı tərəf cavabdehin mərhum borcludan hər hansı digər əmlakı və ya həmin avtomobilə görə daha böyük dəyəri faktiki qəbul etdiyini sübuta yetirə bilmədiyindən, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh tərəfin etirafı əsas götürülməklə avtomobilin yol-nəqliyyat hadisəsindən sonrakı yararsız vəziyyətdə dəyəri kimi 500 manatın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qanuni və ədalətli hesab edilməli, iddia qalan hissədə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 365.1.7-ci maddəsinə əsasən, etibarnaməni vermiş fiziki şəxsin ölməsi nəticəsində etibarnamənin qüvvəsinə xitam verilir. Həmin Məcəllənin 387.3-cü maddəsinə əsasən, öhdəlik tərəf kimi onda iştirak etməyən şəxslər (üçüncü şəxslər) üçün vəzifələr yaratmır. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Daşınar əmlakın rəsmi reyestrləri, onların tərtib edilməsi və aparılması” Qaydalarının 1.2-ci bəndinə əsasən, reyestrlərdə olan məlumat, həmin məlumatın aid olduğu əmlak məhv edildikdə və ya daimi olaraq Azərbaycan Respublikasından kənara çıxarılması ilə bağlı özgəninkiləşdirildikdə silinir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli Qərarına əsasən, vərəsələrin vərəsəlik şəhadətnaməsi almaması miras qoyanın kreditorlarının öhdəliklərin icrasının miras qalmış əmlak hesabına təmin edilməsi ilə bağlı məhkəmədə iddia qaldırmaq hüququnu məhdudlaşdırmır və kreditorların bu cür tələblərinə iddia icraatı qaydasında baxılmalıdır. Beləliklə, mülki prosesin dispozitivlik, çəkişmə prinsiplərindən və sübutetmə yükünün iddiaçının üzərində olmasından irəli gələrək miras qoyanın kreditoru öz hüquq və qanuni mənafelərinin müdafiəsi üçün hüquq varisliyini və ya digər tələbini təsdiq edən sübutları məhkəməyə təqdim etməlidir. Məhkəmə iddianın dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, dövlət rüsumu ilə bağlı tələb də ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq qismən təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək və sadalanan hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia qismən təmin edilsin. Cavabdeh 500 (beş yüz) manat məbləğində pul vəsaiti və 6,22 manat dövlət rüsumu tutularaq iddiaçı Ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti “Bank Standard” Kommersiya Bankının xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Hüseynov
Məhkəmə qərarları › İş №e-2(002)-34/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(002)-34/2025
07.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver