Məhkəmə qərarları › İş №e-2(002)-3487/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(002)-3487/2023

07.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-3487/2023 07.12.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Aslanova Gülnar Faiq qızının sədrliyi, X5 oğlunun katibliyi ilə, Cavabdeh iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İddiaçı ASC ilə X3 arasında bağlanmış xx.xx.2020-ci il tarixli 102804-862138/1 saylı kredit müqaviləsinin məzmunundan görünür ki, Expressbank ASC X2 18 ay müddətinə illik 21 faiz dərəcəsi ilə 2000 AZN məbləğində kredit verməyi, borcalan isə kredit məbləğini şərtləşdirilmiş qaydada geri qaytarmağı öhdəsinə götürmüşdür. Kredit müqaviləsi Əlavə olan ödəniş qrafikindən görünür ki, qeyd edilən kreditin aylıq ödəniş məbləği 130.49 manat təşkil edir.

2. Qaradağ rayon Qeydiyyta şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli ölüm haqqında şəhadətnaməyə əsasən, X3 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir.

3. Bakı şəhəri 45 saylı Notariat Ofisi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli Qanun üzrə vərəsəlik haqqında şəhadətnaməyə əsasən, xx.xx.2020-ci il tarixdə vəfat etmiş X1 vərəsəsi: atası Cavabdeh, şəhadətnamə verilən miras əmlak: AR DİN BDYPİ Qİİ tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli AC811019 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən, ban nömrəsi 4JGBF86E79A445217, mühərrikin nömrəsi - və buraxılış ili 2008-ci il olan Mercedes Benz GL550 minik markalı **-RO-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsindən ibarətdir.

4. Bakı şəhəri 45 saylı Notariat Ofisi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli Qanun üzrə vərəsəlik haqqında şəhadətnaməyə əsasən, xx.xx.2020-ci il tarixdə vəfat etmiş X1 vərəsəsi: atası Cavabdeh, şəhadətnamə verilən miras əmlak: "xxxx" QSC-in xx.xx.2021-ci il tarixli 51 nömrəli arayışına əsasən istifadə edilməmiş əmək məzuniyyəti, son haqq hesab ödənişi və orta aylıq əmək haqqının 3 misli miqdarında 2040.91 AZN cəmi məbləğindən ibarətdir.

5. İddiaçı ASC Problemli kreditlərin hüquqi tətbiqi departamentinin məhkəmələrlə İş Şöbəsi tərəfindən verilmiş Maliyyə arayışına əsasən, cavabdeh X1 xx.xx.2023-cü il tarixə “Expressbank ASC-yə xx.xx.2020-ci il tarixli kredit müqaviləsinə əsasən 1187.62 AZN əsas; 24.67 AZN faiz; cəmi 1212.29 AZN məbləğində borcu yaranmışdır.

6. İddiaçı ASC tərəfindən borcalanın vərəsəsi Cavabdeh ünvanlanmış xx.xx.2023-cü il tarixli bildiriş vərəqəsinin surətindən görünür ki, kredit müqaviləsi üzrə öhdəliklərini tam şəkildə 7 gün müddətinə ödəməsi tələb olunmuş, ödənilmədiyi təqdirdə isə məhkəməyə müraciət olunacağı bildirilmişdir.

7. İşə əlavə edilmiş, xx.xx.2023-cü il tarixli 134№-li Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri 45 saylı notariat ofisinin məktubundan görünür ki, xx.xx.2020-ci il tarixində vəfat etmiş X1 vərəsələrinə “Qanun üzrə Vərəsəlik hüququ haqqında Şəhadətnamə” verilmişdir. İddia tələbi

8. İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 25 fevral 2020-ci il tariхli, 102804-862138\1 nömrəli krеdit müqaviləsi üzrə 1187.62 manat məbləğində əsas bоrc və 24.67 manat faiz borcu оlmaqla, ümumilikdə 1212.29 (bir min iki yüz on iki manat, iyirmi doqquz qəpik) manat və 32.53 (otuz iki manat,əlli üç qəpik) manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. İddia ərizəsi belə əsaslandırılmışdır ki, İddiaçı ASC ilə X3 arasında bağlanmış 25 fevral 2020-ci il tariхli, 102804-862138\1 nömrəli krеdit müqaviləsinə əsasən cavabdehə 18 ay müddətinə, illik 21% dərəcəsi ilə 2000 (iki min) manat məbləğində krеdit vеrilmişdir. X3 01 dekabr 2020-ci il tarixdə vəfat etmişdir. X1 vərəsələrinin olub-olmaması araşdırılarkən məlum olmuşdur ki, X2 dair xx.xx.2021-ci il tarixdə Bakı şəhəri 45 saylı notariat ofisində vərəsəlik işi açılmışdır. Bundan sonra Bakı şəhəri 45 saylı notariat ofisinə vəkil sorğusu verilmiş və sorğu nəticəsində müəyyən edilmişdir ki, X1 vərəsəsi kimi Cavabdeh tanınmış və bu barədə 03 iyun 2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamələr verilmişdir. Həmin Şəhadətnamələrə əsasən Cavabdeh miras əmlak olan “Mercedes Benz GL550” markalı, 90- RO-550 dövlət nömrə nişanlı, “Mercedes Benz E240” markalı, **-BH-*** dövlət nömrə nişanlı nəqliyyat vasitələrindən və 2040.91 AZN pul vəsaitində tam hissədə pay almışdır. Bundan sonra X1 vərəsəsi olaraq, kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsi ilə bağlı Cavabdeh xəbərdarlıq məktubu göndərilmiş, lakin Banka olan borc ödənilməmişdir. 29 avqust 2023-cü il tarixinə kredit müqaviləsi üzrə 1187.62 manat məbləğində əsas bоrc və 24.67 manat faiz borcu оlmaqla, ümumilikdə 1212.29 (bir min iki yüz on iki manat, iyirmi doqquz qəpik) manat məbləğində kredit bоrcu yaranmışdır. Krеdit müqaviləsinin şərtlərinə əsasən Borcalan müqavilə ilə müəyyən olunmuş şərtlərlə və qaydada kreditin qaytarılmasını, kredit və dəbbə pulu üzrə hesablanmış faizlərin, habelə Bankın xidmət tarifləri və şərtlərindən irəli gələn xidmət haqlarının Banka ödənilməsini öhdəsinə götürür. Eyni zamanda həmin müqaviləyə əsasən ödəniş cədvəlində müəyyən edilən hissə-hissə ödəniş (icra) müddətlərində, habelə kredit müddətində öhdəliklər vaxtında tamamən icra edilmədikdə gecikdirilmiş kredit yaranır. Bütün bunları nəzərə alaraq, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir.

10. İddiaçı tələbin hüququ əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 443.1, 445.1, 445.2.1, 449.4, 741-ci maddələrinə istinad etmişdir. İddia tələbinə etiraz və qarşılıqlı iddia verilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları

11. İddiaçı ASC tərəfindən məhkəməyə elektron ərizə ünvanlanaraq məhkəmə iclaslarının bankın nümayəndəsinin iştirakı olmadan keçirilməsi xahiş edilmişdir.

12. Cavabdeh məhkəmə iclaslarında izahat verərək bildirdi ki, X4 oğludur, oğlu vəfat edib, xəbəri olmadan iddiaçıdan kredit götürmüş, vəfat edənə qədər problemsiz ödəmişdir, iddiaçının əməkdaşı üç il öncə onunla əlaqə saxlayaraq oğlunun bankdan kredit götürdüyünü bildirmiş, o da oğlunun ölüm haqqında şəhadətnaməsini banka təqdim etmiş, bundan sonra onunla bir daha əlaqə saxlamamışlar, həmin hadisədən üç il ötdükdən sonra iddiaçı ondan kreditin ödənilməsini istəyir. Cavabdeh iddia ərizəsində göstərilən borc məbləğinin hesablanması ilə bağlı narazılığının və ya bununla bağlı əlavə sübutunun olmadığını, lakin hazırda həmin borcu ödəməyə maddi imkanının olmadığını, 412 manat pensiya aldığını, iki banka kredit ödədiyini, nəvələri ilə birlikdə kirayədə qaldığını bildirərək göstərilənlərin nəzərə alınmasını xahiş etmişdir. Məhkəmənin mövqeyi: a) Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsinin

13. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

14. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.

15. 443.1 maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.

16. 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.

17. 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

18. 448.2-ci maddəsinə görə, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.

19. 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

20. 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir.

21. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır.

22. 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;

23. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

24. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;

25. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.

26. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

27. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

28. 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. b) Əsaslandırma

29. İddia əsaslıdır.

30. İşin mübahisəsiz halları bundan ibarətdir ki, İddiaçı ASC ilə cavabdeh X3 arasında kredit müqaviləsi bağlanmışdır, həmin müqavilə etibarlıdır. İddiaçı bank tərəfindən müqaviləyə əsasən cavabdehə 2000 manat kredit verilmiş, cavabdeh qeyd edilən məbləğdə kredit məbləğini 18 ay müddətində illik 21 faiz dərəcəsi ilə iddiaçı banka hər ay 130.49 manat ödəniş etməklə qaytarmağı öhdəsinə götürmüşdür. Cavabdeh X3 xx.xx.2020-ci il tarixində vəfat etmiş və onun vərəsəsi Cavabdeh Bakı şəhəri 45 saylı mərkəzinin notariat ofisində xx.xx.2021-ci il tarixli reyestr nömrəli “Qanun üzrə Vərəsəlik hüququ haqqında Şəhadətnamə” verilmişdir. Miras əmlakın aktivinə Mercedes Benz GL 550 minik markalı 90RO550 dövlət nömrə nişanlı avtomobil daxil olmuşdur.

31. Cavabdeh məhkəmə iclasında verdiyi izahatlarında iddia ərizəsində göstərilən məbləğlə bağlı etirazının olmadığını bildirmişdir. İddiaçı ASC pretenziya qaydasına riayət edərək, mərhum X1 atası, Cavabdeh borcu ödəməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə onu xəbərdar etmişdir. İşdə olan sənədlərdən aydın olur ki, cavabdeh öhdəliyi icra etməmiş, iddiaçıya olan qalıq kredit borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Bununla da müqavilənin şərtləri pozulmuşdur.

32. Bununla yanaşı, işə əlavə edilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışında qeyd edilən müqavilə üzrə əsas borcu 1187.62 manat, fazi borcu 24.67 manat olmaqla, cəmi 1212.29 manat təşkil edir. Həmçinin, cavabdeh tərəfindən borcun qeyd edilən məbləğinə dair heç bir etiraz və etirazın əsaslarına dair heç bir sübut məhkəməyə təqdim edilməmişdir. Ona görə də məhkəmə göstərilənləri əsas götürərək, kredit müqaviləsi üzrə yaranmış borcun aşkar olmasını nəzərə alaraq, mülki qanunvericiliyin tələblərinə əsasən hesab edir ki, cavabdehin miras payına münasib olmaqla iddia tələbi təmin olunmalıdır.

33. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 16 oktyabr 2020-ci il tarixli qərarının məzmunundan aydın olur ki, Mülki Məcəllənin mirasın qəbulu qaydasını müəyyənləşdirən 1243-cü maddəsinə uyğun olaraq, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir....Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır (Mülki Məcəllənin 1255-ci maddəsi). Mirasın qəbulu şəxsin iradəsi ilə bağlı olan hüquqi hərəkət olmaqla, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə razılığın ifadə edilməsidir. Vərəsənin mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verməsi mirasın qəbul edilməsinin formal üsuludur....Mirasın formal və qeyri-formal üsulla qəbul edilməsindən asılı olmayaraq, mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar. Bu isə onu göstərir ki, miras qoyanın kreditoru mənafelərinin təmin edilməsi məqsədi ilə tələb hüququnu mirası faktiki qəbul etmiş vərəsələrə qarşı da irəli sürə bilər. 04 iyun 2018ci il tarixli “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarının məzmunundan aydın olur ki, vərəsələrin məsuliyyətinin həddi ilə bağlı qeyd olunmalıdır ki, miras qoyanın borcuna görə vərəsələrin məsuliyyəti mirasın həcmi ilə məhdudlaşır. Belə ki, Mülki Məcəllənin 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar.

34. Məhkəmə xərci ilə bağlı qeyd edilir ki, iş materiallarından göründüyü kimi iddiaçı tərəfindən 32.12 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Bu halda məhkəmə hesab edir ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən iddia təmin edildiyindən və iddiaçının rüsumla bağlı tələbi olduğu üçün hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 32.12 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

35. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh borclu olduğu 1187.62 manat məbləğində əsas borc, 24.67 manat faiz borcu olmaqla, cəmi 1212.29 manat pul vəsaiti və 32.53 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməlidir.

36. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq

QƏT ETDİ:

İddia təmin edilsin. Cavabdeh 1187.62 manat məbləğində əsas borc, 24.67 manat faiz borcu olmaqla, cəmi 1212.29 manat pul vəsaiti və 32.53 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq İddiaçı ASC-in xeyrinə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, elektron qaydada, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Gülnar Aslanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar