Məhkəmə qərarları › İş №e-2(002)-349/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(002)-349/2022

09.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-349/2022 09.02.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Gülnar İnqilab qızının sədrliyi, T X1 oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Qaradağ rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçı "xxxx" MMC-nin xeyrinə 646 (altt yüz qrx altı) manat məbləgində əsas borc, 65 (altmış beş) manat məbləğində cərimə, 30 (otuz) manat məbləğində dövlət rüsumu, cəmi 741 (yeddi yüz qırx bir) manat məbləğində pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, tələbkar "xxxx" MMC ilə borclu Cavabdeh arasında bağlanmış R0010563 nömrəli 09.03.2021-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən satıcı alıcıya 12 ay müddətinə 736 manat dəyərində olan Samsung A 515 markalı əşyanı satmışdır.Borclu aldığı əşyaya görə 90 manat ilkin ödəniş etmiş və borclu olduğu qalıq 646 manat məbləğində pulu müqaviləyə əlavə edilən ödəniş cədvəlinə əsasən kreditora hissə-hissə ödəməyi öhdəsinə götürsədə,alqı-satqı müqaviləsində nəzərə tutulmuş öhdəlikləri yerinə yetirməmiş və heç bir ödəniş etməmişdir.Borcun ödənilməsi ilə əlaqədar olaraq borcluya dəfələrlə şifahi, 19.10.2021-ci il tarixdə isə yazılı xəbərdarlıq edilmişdir.Lakin borclu yenə də borc öhdəliyinin icrasına dair heç bir addım atmamışdır. Qeyd olunan halların nəzərə alınaraq, iddianın təmin edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iştirak edərək,iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat təqdim etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş 09.03.2021-ci il tarixli R0010563 nömrəli müqaviləsinin surətindən görünür ki, "xxxx" MMC (satıcı) ilə Cavabdeh (alıcı) arasında müqavilə bağlanmış və hər iki müqaviləyə əsasən məhsulu alıcıya verməyi, alıcı isə onu qəbul edib, onun dəyərini satıcıya ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş 09.03.2021-ci il tarixli R0010563 nömrəli müqaviləyə ödəniş cədvəlinə əsasən, alıcı 12 ay müddətinə, aylıq 54 AZN məbləğində ödənişlər etməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş xəbərdarlıq vərəqəsinin surətindən görünür ki, alıcıya aldığı əşyanın müqavilə dəyərini tam şəkildə ödəməsi tələb olunmuş, ödəmədiyi təqdirdə isə aidiyyati üzrə dövlət qurumuna müraciət olunacağı bildirilmişdir. İş materiallarına əlavə olunmuş 22.09.2021-ci il tarixli maliyyə arayışına əsasən, Cavabdeh 09.03.2021ci il tarixli R0010563 müqaviləyə əsasən 646 manat əsas borc, 65 manat cərimə borcu olmaqla, cəmi 711 manat borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 427.4-cü maddəsinə əsasən ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İddiaçı MMC ilə Cavabdeh arasında 09.03.2021ci il tarixli R0010563 saylı alğı-satqı müqavilələri bağlanılmışdır. Həmin müqavilənin predmeti qismində “Samsung A 515” markalı mobil telefon çıxış etmişdir. Müqavilələrə əsasən iddiaçı qismində çıxış edən satıcı müqavilənin predmeti qismində çıxış edən avadanlığı cavabdehə təhvil verməyi, cavabdeh isə 12 ay müddətinə, aylıq 54 AZN məbləğində ödənişlər etməklə avadanlığın dəyərini ödəməyi öz öhdəsinə götürmüşdür. Göründüyü kimi iddiaçı müqavilə üzrə öz öhdəliklərini icra edərək, alqı-satqı müqavilələrinin predmeti olan avadanlığı cavabdehə təhvil vermiş, cavabdeh isə müqavilə üzrə müəyyən olunmuş şərtlər daxilində avadanlığı əldə etməsinə, həmin malın dəyərini hissə-hissə ödəməsinə dair öhdəlik götürməsinə baxmayaraq, həmin malın dəyərini vaxtında və lazımi qaydada ödəməkdən yayınmışdır. Bununla da, cavabdehin iddiaçı qarşısında müvafiq müqavilə üzrə borc öhdəliyi və buna görə mülki hüquqi məsuliyyəti yaranmışdır. Ona görə də məhkəmə qeyd olunan halları nəzərə alaraq, hesab edir ki, iddia tələbi borcun ödənilməsi hissəsində əsaslı olmaqla, təmin edilməlidir. Bununla yanaşı, məhkəmə iddia tələbinin cərimə borcunun tutulmasına dair hissəsi ilə bağlı hesab edir ki, iddiaçı cərimə borcunun tutulmasına dair tələb irəli sürərkən cərimə borcunun məbləği tənasübsüz surətdə yüksək hesablandığından, bu hissədə iddia tələbi qismən təmin edilməlidir. Belə ki, Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Qeyd olunan halları nəzərə alaraq, məhkəmə iddianın hər bir müqavilə üzrə əsas borca hesablanmış cərimə (dəbbə pulu) tələbi hissəsi ilə bağlı belə qənaətə gəlir ki, hesablanmış cərimə məbləğləri əsas borc məbləğlərinə mütənasib olmadığından azaldılmalı və 09.03.2021-ci il tarixli R0010563 saylı alqı-satqı müqaviləsi üzrə 20 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi cərimə borcunun tutulması hissəsində qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş qəbzin məzmunundan aydın olur ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırılması üçün 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bu halda, məhkəmə hesab edir ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, iddiaçı tərəfindən müqavilə üzrə hesablanmış əsas borc və cərimə borclarını ayrı-ayrılıqda nəzərdən keçirərək, hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 09.03.2021-ci il tarixli R0010563 saylı nisyə alğı-satqı müqaviləsi üzrə yaranmış 646 manat əsas borcu və 20 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 666 manat borc və 30 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 09.03.2021-ci il tarixli R0010563 saylı nisyə alğı-satqı müqaviləsi üzrə yaranmış 646 manat əsas borcu və 20 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 666 manat borc pul vəsaiti və 30 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən, qətnamənin tərəflərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Gülnar Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar