Məhkəmə qərarları › İş №e-2(002)-3528/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(002)-3528/2023

14.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-3528/2023 14.12.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Aslanova Gülnar Faiq qızının sədrliyi, X1 oğlunun katibliyi, İddiaçı MMM Qeyri-Bank Kredit Təşkilatının cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İddiaçı MMM Qeyri-Bank Kredit Təşkilatı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2023-ci il tarixli kredit razılaşmasının məzmunundan aydın olur ki, İddiaçı MMQBKT tərəfindən Cavabdeh2 illik 25 % dərəcəsi ilə 24 ay müddətinə 10000 manat məbləğində kredit verilmişdir.

2. İddiaçı MMM Qeyri-Bank Kredit Təşkilatı ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2023-ci il tarixli **********0***-******* nömrəli zaminlik müqaviləsinə əsasən xx.xx.2023ci il tarixli, **********0319 nömrəli kredit müqaviləsi üzrə vahid kredit şərtlərinə əsasən bankdan kredit götürmüş Borcalan (Cavabdeh2) tərəfindən kreditor qarşısında öz öhdəliklərinin tamamilə və ya hissə-hissə icra edilməsi üçün məsuliyyəti zamin (Cavabdeh3) öz üzərinə götürmüşdür.

3. İddiaçı MMM Qeyri-Bank Kredit Təşkilatı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2023-ci il tarixli **********0***-******* nömrəli zaminlik müqaviləsinə əsasən xx.xx.2023ci il tarixli, **********0319 nömrəli kredit müqaviləsi üzrə vahid kredit şərtlərinə əsasən bankdan kredit götürmüş Borcalan (Cavabdeh2) tərəfindən kreditor qarşısında öz öhdəliklərinin tamamilə və ya hissə-hissə icra edilməsi üçün məsuliyyəti zamin (Cavabdeh1) öz üzərinə götürmüşdür.

4. xx.xx.2023-ci il tarixli ödəniş cədvəlinin məzmunundan aydın olur ki, Cavabdeh2 24 ay müddətində hər ay 538 manat ödəniş etməklə, cəmi 12899 manat məbləğində krediti qaytarmağı öhdəsinə götürmüşdür. İddia tələbi

5. İddiaçı MM Qeyri-Bank Kredit Təşkilatı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada əsas borc üzrə 8689.00 AZN, faiz borcuna görə 2050.49 AZN, cərimə borcuna görə 337.19 AZN, cəmi 11076.68 (on bir min yetmiş altı manat, altmış səkkiz qəpik) AZN məbləğində borcun və 123.23 manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı MMM QBKT-nın xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddia ərizəsi belə əsaslandırılmışdır ki, İddiaçı MMM QBKT ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2023-cü il tarixli **********0319 saylı kredit müqaviləsinə əsasən borcluya ailə-kəndli təsərrüfatının yaradılması və (və ya) genişləndirilməsi,həyat səviyyəsinin yaxşılaşdırılması üçün illik 25.00% faiz dərəcəsi olmaqla 24 ay müddətinə 10000 (on min manat) AZN məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinə Əlavə hesab edilən ödəniş cədvəlinə əsasən borclunun hər ay 538 AZN olmaqla bərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır. Kredit məbləği Kredit Alana nağdsız qaydada,yəni balansında verilmiş kredit məbləği həcmində pul vəsaiti olan,üzərində “Fincard” adı Dövlət rüsumunun ödənilməsi haqqında məlumat qeyd edilmiş,kredit kartında təqdim edilir. Həmçinin, kredit müqaviləsinə üzrə yaranmış öhdəliklərin icrasına təminat olaraq eyni tarixli, **********0319 - ******* saylı Zaminlik müqaviləsi ilə Cavabdeh3 və **********0319 - ******* saylı Zaminlik müqaviləsi ilə Cavabdeh1 zamin qismində sözü gedən kredit müqaviləsinin tərəfi olmuşdur.

7. İddiaçı tələbin hüququ əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 421.2, 421.1, 427.3, 428.4, 442, 443, 445.2.1, 448.1, 448.2, 449.1, 449.3, 449.4, 462.1, 427.3-ci maddələrinə istinad etmişdir.

8. İddia tələbinə etiraz və qarşılıqlı iddia verilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları

9. İddiaçı MM Qeyri-Bank Kredit Təşkilatının nümayəndəsi Nümayəndə məhkəməyə teleqram ünvanlayaraq məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

10. Cavabdehlərə məhkəmə baxış iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin mövqeyi: a) Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsinin

11. 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

12. 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.

13. 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

14. 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.

15. 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.

16. 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.

17. 472.1-ci və 472.2-ci maddələrində müəyyən olunmuşdur ki, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

18. 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir.

19. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır.

20. 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;

21. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

22. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;

23. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.

24. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

25. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

26. 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. b) Əsaslandırma

27. İddia qismən əsaslıdır.

28. İşin mübahisəsiz halları bundan ibarətdir ki, İddiaçı MMQBKT ilə Cavabdeh2 arasında xx.xx.2023-ci il tarixli, **********0319 saylı kredit müqaviləsi bağlanmışdır, həmin müqavilə etibarlıdır. Həmin müqavilənin 3-1.1.3-ci bəndə əsasən borcalan kredit ödənişini gecikdirdikdə, borcun qaytarılması tələbi üzrə təhlükə yarandıqda, bu müqavilədə və/və ya öhdəliyin icrasının təminatı müqaviləsində nəzərdə tutulmuş hallardan biri baş verdikdə Bankın kreditin verilməsini dayandırmaq, verilmiş kreditin, faizlərin, cərimə faizlərinin və s. xərclərin əvəzinin dərhal qaytarılmasını tələb etmək hüququ vardır.

29. Göstərilənlərdən aydın olur ki, iddiaçı tərəfindən müqaviləyə əsasən cavabdehə 10000 manat kredit verilmiş, cavabdeh qeyd edilən məbləğdə kredit məbləğini 24 ay müddətində illik 25 faiz dərəcəsi ilə iddiaçı banka hər ay 538 manat ödəniş etməklə qaytarmağı öhdəsinə götürmüşdür. Lakin işdə olan hesabdan çıxarış və maliyyə arayışı sənədlərindən aydın olur ki, cavabdeh öhdəliyi icra etməmiş, iddiaçıya olan qalıq kredit borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş bununla da müqavilənin şərtlərini pozmuşdur. Eyni zamanda, həmin kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi digər cavabdehlər Cavabdeh3 və Cavabdeh1 ilə zaminlik müqaviləsi bağlanılmış və o, kredit müqaviləsi üzrə öhdəliklərin icrası üçün birgə məsuliyyəti öz üzərinə götürmüşdür. İddiaçı MMQBKT kredit müqaviləsi üzrə öz üzərinə götürdüyü öhədliyi icra etdiyi halda, Cavabdeh2 bank qarşısında götürdüyü öhdəlikləri icra etməmiş, müqavilə şərtlərini pozmuş, bununla da, bank qarşısında onun mülki hüquqi məsuliyyətinə səbəb olan borc öhdəliyi yaranmışdır. Hazırda qalıq borcun məbləği 8689.00 manat əsas borc və 2050.49 manat faiz borcu təşkil edir. Ona görə də, məhkəmə qeyd edilən halları əsas götürərək, iddia tələbi əsas və faiz borcu hissədə təmin olunmalıdır.

30. İddia tələbinin borca görə hesablanmış cərimə ilə bağlı hissəsinə münasibətdə qeyd edir ki, mülki hüquq məsuliyyəti tədbiri kimi dəbbə pulu borclunun öz öhdəliklərini təqsirli icra etməməsi nəticəsində tətbiq olunur, dəbbə pulu öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi nəticəsində kreditora dəymiş zərərin miqdarından asılı olmayaraq ödənilməli olan müəyyən pul məbləğidir. Tərəflər arasında bağlanmış müqavilənin 5.1. Kredit Alan Kreditin ödanilməsi üzrə öhdəliyi vaxtlı—vaxtında yerinə yetirmədiyi və ödəniş cədvəlində göstərilən kreditdən istifadayə görə faizləri və kreditin əsas məbləğini ödəmədiyi təqdirdə, kredit alan Kredit verənin xeyrinə gecikdirilmiş əsas məbləğin 1% -i məbləgində dəbbə pulunu (cəriməni) təqvim üzrə hər yubanma günü üçün ödəməyə borcludur.

31. Məhkəmə göstərilənləri nəzərə alaraq hesab edir ki, bank tərəfindən borcluya cərimə hesablanması üçün əsaslar yaranmış, lakin iddiaçı tələb irəli sürərkən cərimə borcunun məbləğini (337.19 manat) tənasübsüz surətdə yüksək müəyyən etmişdir. Məhkəmə hesab edir ki, 50 manat məbləğində cərimə borcunun tutulması ədalətli olmaqla yanaşı, kreditorun həm əmlak və əsaslı mənafelərini pozmur. Ona görə də, məhkəmə Mülki Məcəllənin 467-ci maddəsinə əsasən hesab edir ki, iddia tələbi cərimə borcunun tutulması hissəsində qismən təmin edilməlidir.

32. Bundan əlavə, iş materiallarından görünür ki, iddiaçı tərəfindən 123.23 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Bu halda məhkəmə hesab edir ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 123.23 manat dövlət rüsumunun iddia tələbinin təmin edilmiş hissəsinə uyğun olan 122.37 manat hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qalan hissədə isə iddiaçıya aid edilməlidir.

33. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 müştərək qaydada 8689 manat məbləğində əsas borc, 2050.49 manat məbləğində faiz borcu, 50 manat məbləğində cərimə borcu olmaqla, cəmi 10789.49 manat məbləğində borc və ödənilmiş 122.37 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı MMQBKT-nin xeyrinə ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.

34. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq

QƏT ETDİ:

İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada 8689 manat məbləğində əsas borc, 2050.49 manat məbləğində faiz borcu, 50 manat məbləğində cərimə borcu olmaqla, cəmi 10789.49 manat məbləğində borc və ödənilmiş 122.37 manat məbləğində dövlət rüsumunun əvəzi tutularaq İddiaçı MMQBKT-nin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində, elektron qaydada, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Gülnar Aslanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar