Məhkəmə qərarları › İş №e-2(002)-3680/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(002)-3680/2023

19.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-3680/2023 19.12.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həşimova Günay Rövşən qızının sədrliyi, Məhkəmə iclasının Məcidli Aysel Əli qızının katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X1 Cavabdeh iştirakları ilə İddiaçı ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair iddiası üzrə mülki işə Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı ASC cavabdehlər Cavabdeh və X2 qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, TuranBank ASC-nin “28 May” filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, İK -233563/22 saylı kredit müqaviləsinin vaxtından əvvəl ləğv edilməsi, TuranBank ASC-nin “28 May” filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, İK -233563/22 saylı kredit müqaviləsi üzrə Cavabdeh Banka olan 4600 AZN (dörd min altı yüz manat) əsas, 390.64 AZN (üç yüz doxsan manat altmış dörd qəpik) faiz, 525.49 AZN (beş yüz iyirmi beş manat qırx doqquz qəpik) cərimə borcu olmaqla, cəmi borcu 5516.13 AZN (beş min beş yüz on altı manat on üç qəpik) məbləğində borcun və tərəfimizdən ödənilmiş 75.17 AZN (yetmiş beş manat on yeddi qəpik) məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq TuranBank ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ASC iddia ərizəsini onunla əsaslandırmışdır ki, TuranBank ASC-nin “28 May” filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, İK -233563/22 saylı kredit müqaviləsi üzrə illik faiz dərəcəsi 17.5% olmaqla 18 ay müddətinə 4600 AZN (dörd min altı yüz manat) məbləğində kredit verilmişdir. Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərə və müqavilənin şərtlərinə riayət etməmiş, müqavilə üzrə tələbləri davamlı şəkildə pozmuşdur. Cavabdeh xx.xx.2023-cü il tarixinə TuranBank ASC-yə 4600 AZN (dörd min altı yüz manat) əsas, 390.64 AZN (üç yüz doxsan manat altmış dörd qəpik) faiz, 525.49 AZN (beş yüz iyirmi beş manat qırx doqquz qəpik) cərimə borcu olmaqla, cəmi borcu 5516.13 AZN (beş min beş yüz on altı manat on üç qəpik) təşkil edir. Bununla əlaqədar cavabdehə dəfələrlə yazılı və şifahi xəbərdarlıq edilməsinə, tərəfimizdən mübahisənin məhkəmədənkənar qaydada həll edilməsinə cəhd göstərilməsinə baxmayaraq heç bir nəticə əldə edilməmiş və cavabdehə göndərilmiş pretenziya məktubu da cavabsız qalmışdır. Odur ki, kredit borcu və kredit borcuna hesablanmış faiz borcları cavabdehdən tutularaq Bankın xeyrinə ödənilməlidir. Tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli, İK -233563/22 saylı kredit müqaviləsinin 2.1-ci bəndinə əsasən borcalan kredit müqaviləsi üzrə əsas borcun və faizlərin ödənilməsini bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə uyğun həyata keçirir. Borcalan kredit və ona hesablanmış faizləri nəzərdə tutulmuş tarixdə ödəmədikdə ödəniş müddətinin pozulduğu gündən etibarən əsasə borcdan əlavə illik 17.5% olmaqla cərimə faizi ödəyir. 3.1.2-ci bəndə əsasən borcalan kredit ödənişini gecikdirdikdə, borcun qaytarılması tələbi üzrə təhlükə yarandıqda, bu müqavilədə və/və ya öhdəliyin icrasının təminatı müqaviləsində nəzərdə tutulmuş hallardan biri baş verdikdə Bankın kreditin verilməsini dayandırmaq, verilmiş kreditin, faizlərin, cərimə faizlərinin və s. Xərclərin əvəzinin dərhal qaytarılmasını tələb etmək hüququ vardır. 3.1.5-ci bəndinə əsasən Bankın kredit müqaviləsi ilə müəyyən edilmiş miqdarda hesablanmış, lakin vaxtında ödənilməmiş faizlərin məbləğində Borcalanın kredit borcunu artırmaq hüququ vardır. İddiaçı TuranBank ASC-nin nümayəndəsi xx.xx.2023-cü il tarixli məhkəmə iclasında iddia tələbinə dəqiqləşdirmə verərək, Cavabdeh xx.xx.2022-ci il tarixli, İK-233563/22 saylı kredit müqaviləsi üzrə 4600 manat əsas borc, 7,90 manat faiz, 525,49 manat cərimə borcu olmaqla, cəmi 5133,39 manat məbləğində borc və ödənilmiş 75,17 manat dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutularaq TuranBank ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı TuranBank ASC-nin nümayəndəsi X1 məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirməsinə dair ərizəsini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında izahatında bildirmişdi ki, iddia tələbini qəbul edir və təmin edilməsinə etiraz etmir. Əsaslandırıcı hissə: Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli, İK -233563/22 saylı kredit müqaviləsinin surətindən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh illik faiz dərəcəsi 17.5 % olmaqla, 18 ay müddətinə 4600 AZN məbləğində kredit verilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli kassa məxaric orderindən görünür ki, iddiaçı tərəfindən 4600 AZN məbləğində pul Cavabdeh hesabına köçürülmüşdür. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixli, İK -233563/22 saylı kredit müqaviləsi üzrə borcu aşağıdakı kimidir: - 4600 manat əsas borc, 7,90 manat faiz, 525,49 manat cərimə borcu olmaqla, cəmi 5133,39 manat məbləğində borcu mövcuddur. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli ödəniş cədvəlindən görünür ki, Cavabdeh iddiaçı banka 4600 manat krediti 18 ay müddətinə 17,5% dərəcəsi ilə hər ay 343,65 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş bildiriş məktubundan görünür ki, İddiaçı ASC pretenziya qaydasına riayət edərək, cavabdehlərdən borcu ödəməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə onu xəbərdar etmişdir. Tətbiq edilən hüquq normaları: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 328.1-ci maddəsinin tələbinə görə, əgər tərəflər hüquq və vəzifələrin əmələ gəlməsini baş verib-verməyəcəyi məlum olmayan hallardan asılı etmişlərsə, əqd şərtlə bağlanmış sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məhkəmə hesab edir ki, iş üzrə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.5-ci maddəsində göstərilən hallar – iddianın etirafının qanuna zidd olması və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozması kimi hallar müəyyən edilmədiyindən cavabdehlərin iddianın etirafı ərizəsi məhkəmə tərəfindən qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.4-cü maddəsinin tələbinə görə, cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.3-cü maddəsinə əsaən Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Belə ki, iş materiallarında olan xx.xx.2022-ci il tarixli, İK -233563/22 saylı kredit müqaviləsindən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh 18 ay müddətinə illik 17,5 faiz ödəmək şərti ilə 4600 manat məbləğində kredit verilməsini, “Kredit alan” isə verilmiş krediti qəbul edib, krediti və ona hesablanmış faizləri müqavilədə nəzərdə tutulan qaydada ödənişlər edilməsini öhdələrinə götürmüşlər. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, cavabdeh iddiaçı ilə bağladığı xx.xx.2022-ci il tarixli, İK -233563/22 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərini lazımınca icra etməyərək, krediti və ona hesablanmış faizləri müqavilədə nəzərdə tutulan qaydada ödəməmiş və nəticədə onun banka həmin müqaviləyə görə 4600 manat əsas borc, 7,90 manat faiz, 525,49 manat cərimə borcu olmaqla, cəmi 5133,39 manat məbləğində borcu yaranmışdır. Sadalananan xüsusatlara və qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdehlər kredit müqaviləsi və zaminlik müqaviləsi üzrə müqavilənin şərtlərini pozaraq müqavilə üzrə öhdəliklərini lazımınca icra etmədiyindən iddiaçının həmin müqaviləni lazımınca icra edilməməsi ilə əlaqədar tələbi əsaslıdır. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, cavabdehlər kredit müqaviləsi ilə müəyyən olunan şərtlərlə və qaydada kreditdən istifadə etməyi və “ödəniş cədvəli”nə əsasən ödənişlər edilməsini öhdəsinə götürsə də, müqavilədən irəli gələn öhdəliklərini lazımınca icra etməyərək, krediti və ona hesablanmış faizləri müqavilədə nəzərdə tutulan qaydada ödəməmiş və nəticədə onun iddiaçıya pul borcu yaranmışdır. Ödəniş qəbzinin surətindən görünür ki, məhkəməyə iddia ərizəsinin təqdim olunması üçün 75,17 manat məbləğində dövlət rüsumu ödənilmiş və hal-hazırda iddiaçı həmin məbləği cavabdehdən tələb edir və iddia təmin edildiyindən 75,17 manat məbləğində dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutlmalıdır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, xx.xx.2022-ci il tarixli, İK -233563/22 saylı kredit müqaviləsinə görə cavabdehlər Cavabdeh İddiaçı ASC-nin xeyrinə 4600 manat əsas borc, 7,90 manat faiz, 525,49 manat cərimə borcu olmaqla, cəmi 5133,39 manat məbləğində borcu və ödənilmiş 75,17 manat dövlət rüsumu tutulmalıdır. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli, İK-233563/22 saylı kredit müqaviləsi üzrə 4600 (dörd min altı yüz) manat əsas borc, 7(yeddi) manat 90(doxsan) qəpik faiz, 525(beş yüz iyirmi beş) manat 49(qırx doqquz) qəpik cərimə borcu olmaqla, cəmi 5133(beş min bir yüz otuz üç) manat 39(otuz doqquz) qəpik məbləğində borc və ödənilmiş 75(yetmiş beş) manat 17(on yedi) qəpik dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə elektron kabinet vasitəsi ilə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Həşimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar