Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-3698/2025 19.11.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, Salmanova Könül Xasay qızının katibliyi, Cavabdehlər Cavabdeh4 və Cavabdeh5 iştirakı ilə İddiaçı "xxxx" BOKT ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 qarşı «kreditin, kredit faizlərinin və cərimənin ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" BOKT ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 qarşı «kreditin, kredit faizlərinin və cərimənin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixli LD********** saylı kredit müqaviləsinə əsasən 5.150,91 manat əsas borc, 388,92 manat faiz, 206,85 manat cərimə olmaqla, cəmi 5.746,68 manat pul vəsaiti və ödənilmiş 78 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 müştərək qaydada iddiaçı "xxxx" BOKT ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" BOKT ASC iddia ərizəsini onunla əsaslandırmışdır ki, "xxxx" BOKT ASC ilə Cavabdeh4 arasında bağlanmış xx.xx.2024-cü il tarixli LD********** saylı kredit müqaviləsinə əsasən cavabdehə 24 ay müddətinə, 28 dekabr 2026-cı il tarixə qədər aylıq qalıq borcun 31 % dərəcəsini tətbiq etməklə 6.000 manat məbləğində kredit verilmişdir (kredit müqaviləsinin 1.2 və 1.3-cü bəndləri). Kredit müqaviləsinin 2.1-ci bəndinə əsasən kreditin faktiki istifadə edilmiş məbləğinə hesablanmış faizlərin və əsas borc məbləğinin ödənilməsi borc alan tərəfindən hər ay bu müqaviləyə əlavə olunmuş ödəniş cədvəlinə müvafiq olaraq həyata keçirilməlidir. Lakin Cavabdeh4 üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir və yetirməkdən də imtina etməkdədir. Beləliklə, Cavabdeh4 müqavilənin bu şərtini pozaraq ödənişini dövri olaraq ödəməli olduğu kreditin və kredit faizinin ödənilməsinə dair öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir. Cavabdeh4 ilə öhdəliyin icra edilməsi və tərəflər arasında yaranmış məsələnin məhkəmədən kənar qaydada həll edilməsi barədə danışıqlar iddiaçı tərəfindən aparılmışdır. Lakin danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və iddiaçı "xxxx" BOKT ASC öz tələbinin məhkəmə qaydasında həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək, bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi təşkilatla Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5 arasında 28 dekabr 2024-cü il tarixli zaminlik müqaviləsi bağlanmış və müqaviləyə əsasən onlar zamin kimi kredit müqaviləsindən irəli gələn öhdəliyin icra edilməməsinə görə borclu Cavabdeh4 ilə eyni həcmdə məsuliyyəti öz üzərinə götürmüşdür. Həmin müqavilənin 2.1-ci bəndində qeyd olunur ki, borclu öz öhdəliklərini icra etmədikdə və ya lazımınca icra etmədikdə zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 09 sentyabr 2025-ci il tarixli arayışa əsasən "xxxx" BOKT ASC-yə olan borcun məbləği 5.150,91 manat əsas borc, 388,92 manat faiz, 206,85 manat cərimə olmaqla, cəmi 5.746,68 manat təşkil edir. İddiaçı "xxxx" BOKT ASC məhkəməyə ərizə göndərərək, mülki işə nümayəndənin iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə qeyd edilən ərizəni nəzərə alaraq mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Cavabdeh4 məhkəmə iclasında iddia tələbini qismən qəbul etdi və izahatında bildirdi ki, iddiaçı təşkilat tərəfindən ondan və digər cavabdehlərdən tələb edilən cərimə məbləği tənasübsüz surətdə yüksək hesablanmışdır. Həmin məbləğin işin hallarına uyğun olaraq azaldılmalı olduğunu hesab edir. Məhkəmədən iddianın qismən təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh5 məhkəmə iclasında iddia tələbini qismən qəbul etdi və izahatında bildirdi ki, iddaçı təşkilat tərəfindən tələb edilən cərimə məbləği cavabdehlərin mənafeləri nəzərə alınmadan yüksək hesablanmışdır. Hesab edir ki, həmin məbləğ işin hallarına uyğun olaraq azaldılmalıdır. Məhkəmədən iddianın qismən təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, digər cavabdehlər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınması barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə onların iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə cavabdehlər Cavabdeh4 və Cavabdeh5 izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, "xxxx" BOKT ASC ilə Cavabdeh4 arasında xx.xx.2024-cü il tarixli LD********** saylı kredit müqaviləsi bağlanmış və BOKT tərəfindən borclu Cavabdeh4 müqavilədə qeyd edilən şərtlər daxilində 6.000 manat kredit verilmişdir. xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh4 "xxxx" BOKT ASC-yə yuxarıdakı kredit müqaviləsi üzrə 5.150,91 manat əsas borc, 388,92 manat faiz, 206,85 manat cərimə olmaqla, cəmi 5.746,68 manat borcunun mövcud olduğu qeyd edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İş materiallarında olan sənədlərdən göründüyü kimi, borc alan Cavabdeh4 yuxarıda qeyd edilən kredit müqaviləsi üzrə iddiaçıdan kredit almış, ayrılmış kredit məbləğinin ödəniş planına əsasən qaytarılmasını təmin etməsinə dair iddiaçı qarşısında öhdəlik götürmüş, lakin ödənişləri vaxtı-vaxtında və tam həcmdə yerinə yetirməyərək, öhdəliklərini icra etməmişdir. xx.xx.2024-cü il tarixli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5 kredit müqaviləsi üzrə Cavabdeh4 "xxxx" BOKT ASC qarşısında götürdüyü öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə həmin öhdəliyin icra edilməsini öhdələrinə götürmüşlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. xx.xx.2025-ci il tarixli 627/1 saylı xəbərdarlıq məktubundan görünür ki, iddiaçı pretenziya qaydasına riayət edərək, kredit öhdəliklərinin icra edilməsini borcludan tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə onu və zaminləri xəbərdar etmişdir. Ödəniş qəbzindən görünür ki, məhkəmədə iddia qaldırılması üçün 78 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2024-cü il tarixli LD********** saylı kredit müqaviləsinə əsasən 5.150,91 manat əsas borc, 388,92 manat faiz, 10 manat cərimə olmaqla, cəmi 5.549,83 manat pul vəsaiti və ödənilmiş 78 manat dövlət rüsumu cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 müştərək qaydada iddiaçı "xxxx" BOKT ASC-nin xeyrinə tutulmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. Belə ki, iddiaçı dəbbə pulunun tutulmasına dair tələb irəli sürərkən, dəbbə pulunun məbləği tənasübsüz surətdə yüksək hesablanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə hesab edir ki, 10 manat məbləğində dəbbə pulunun tutulması ədalətli olmaqla yanaşı, kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri qorunmuş olur. Digər tərəfdən, əsas borcun və faizin tutulması ilə yanaşı, qeyd olunan məbləğdə dəbbə pulunun tutulması iddiaçıya dəymiş real zərəri kompensasiya edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2024-cü il tarixli LD********** saylı kredit müqaviləsinə əsasən 5.150,91 manat əsas borc, 388,92 manat faiz, 10 manat cərimə olmaqla, cəmi 5.549,83 manat pul vəsaiti və ödənilmiş 78 manat dövlət rüsumu cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 müştərək qaydada iddiaçı "xxxx" BOKT ASC-nin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Kamran Əsədov
Məhkəmə qərarları › İş №e-2(002)-3698/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(002)-3698/2025
19.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver