Məhkəmə qərarları › İş №e-2(002)-3707/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(002)-3707/2023

05.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-3707/2023 05.12.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «müqavilə üzrə əsas borcun, əsas borca hesablanmış faizin və çəkilmiş xərclərin əvəzinin tutulması» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «müqavilə üzrə əsas borcun, əsas borca hesablanmış faizin və çəkilmiş xərclərin əvəzinin tutulması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 16.000 manat məbləğində əsas borcun, Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən xx.xx.2023-cü il tarixdə müəyyən edilmiş 9 % bank uçot dərəcəsinə uyğun əsas borca hesablanmış 1.440 manat faizin, pozulmuş hüquqlarını bərpa etmək üçün çəkdiyi xərclər – ödənilmiş 150 manat dövlət rüsumunun və vəkilə ödənilmiş 810 manat məbləğində xidmət haqqının Cavabdeh onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, onunla Cavabdeh arasında notariat kontorunda bağlanmış 17 yanvar 2023-cü il tarixli kredit müqaviləsinə əsasən o, cavabdehə 16.000 manat məbləğində borc pul vermişdir. Müqaviləyə əsasən cavabdehə 16.000 manat məbləğində borcu xx.xx.2023-cü il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. Lakin cavabdeh tərəfindən bu günədək borc məbləğindən ona heç bir ödəniş edilməmişdir. Cavabdehdən dəfələrlə borcu qaytarmasını tələb etsə də, cavabdeh tərəfindən hər dəfə yalan vədlər verilərək borcun qaytarılması istiqamətində heç bir addım atılmamışdır. Sonuncu dəfə cavabdehə xx.xx.2023-cü il tarixli pretenziya göndərərək, 16.000 manat məbləğində borcu xx.xx.2023-cü il tarixədək qaytarmasını xahiş etmişdir. Lakin yenə də borcun qaytarılması istiqamətində heç bir müsbət nəticə əldə edilməmişdir. Odur ki, həmin məbləğ məhkəmə qaydasında cavabdehdən tutularaq ona ödənilməlidir. Bununla yanaşı, cavabdeh borc məbləğini qaytarmaqdan boyun qaçırmaqla ondan faydalandığına görə, cavabdeh qanunvericiliyin tələbinə uyğun olaraq həmin məbləğdən bank uçot dərəcəsinə uyğun faizlər də ödəməlidir. Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən xx.xx.2023-cü il tarixdə müəyyən edilmiş bank uçot dərəcəsi 9 %-dir və həmin dərəcə ilə əsas borca hesablanmış faiz 1.440 manat təşkil edir. Digər tərəfdən, pozulmuş hüquqlarını bərpa etmək üçün çəkilmiş xərclərin əvəzi də cavabdehdən tutularaq ona ödənilməlidir. Belə ki, hüquqlarını bərpa etmək üçün çəkilmiş xərclər olaraq məhkəməyə ödənilmiş dövlət rüsumu 150 manat, vəkilə ödənilmiş xidmət haqqı 810 manat təşkil edir. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh iddianı qismən – əsas borca dair hissədə qəbul etdi və izahatında bildirdi ki, həqiqətən iddiaçıdan aralarında bağlanmış kredit müqaviləsinə əsasən 16.000 manat borc almışdır. Maddi imkanı qeyri-qənaətbəxş olduğundan borcu vaxtında ödəyə bilməmişdir. İddianın qismən – əsas borca dair hissədə təmin, qalan hissədə rədd edilməsini xahiş etdi. Məhkəmə, iddiaçının nümayəndəsinin və cavabdehin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəməyə təqdim olunmuş sənədlərdən görünür ki, tərəflər xx.xx.2023-cü il tarixdə Bakı şəhəri 6 saylı Notariat Ofisində 3M-71 reyestr saylı borc müqaviləsi bağlamışlar. Borc müqaviləsinin şərtlərinə əsasən İddiaçı Cavabdeh xx.xx.2023-cü il tarixədək qaytarmaq şərti ilə, faizsiz olaraq 16.000 manat borc vermişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Mülki Məcəllənin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Mülki Məcəllənin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Mərkəzi Bankın uçot dərəcəsi iddia ərizəsi məhkəməyə təqdim olunan dövrdə illik 9 % təşkil etmişdir. Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. İş materiallarında olan sənədlərdən göründüyü kimi, Cavabdeh yuxarıda qeyd olunan müqavilə üzrə İddiaçı kredit almış, ayrılmış kredit məbləğinin qaytarılmasını təmin etməsinə dair iddiaçı qarşısında öhdəlik götürmüş, lakin ödənişləri vaxtı-vaxtında və tam həcmdə yerinə yetirməyərək, öhdəliklərini icra etməmişdir. Xəbərdarlıq məktubundan görünür ki, İddiaçı pretenziya qaydasına riayət edərək, Cavabdeh borcu ödəməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə onu xəbərdar etmişdir. Ödəniş qəbzindən görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 150 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Hüquqi yardımın göstərilməsinə dair 18 sentyabr 2023-cü il tarixli 821 saylı müqavilədən görünür ki, Bakı şəhəri «Mərkəz» vəkil bürosu ilə iddiaçı arasında hüquqi yardımın göstərilməsinə dair müqavilə bağlanmışdır. Həmin müqavilədə göstəriləcək hüquqi xidmətlərə görə ödəniləcək məbləğin 790 manat, əlavə olaraq marka və s. pulunun 20 manat təkil etdiyi qeyd olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, 16.000 manat məbləğində əsas borc, Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən xx.xx.2023-cü il tarixdə müəyyən edilmiş 9 % bank uçot dərəcəsinə uyğun əsas borca hesablanmış 1.440 manat faiz, ödənilmiş 150 manat dövlət rüsumu və vəkilə ödənilmiş 810 manat məbləğində xidmət haqqı Cavabdeh İddiaçı xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 16.000 manat məbləğində əsas borc, Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən xx.xx.2023-cü il tarixdə müəyyən edilmiş 9 % bank uçot dərəcəsinə uyğun əsas borca hesablanmış 1.440 manat faiz, ödənilmiş 150 manat dövlət rüsumu və vəkilə ödənilmiş 810 manat məbləğində xidmət haqqı Cavabdeh İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Kamran Əsədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar