Məhkəmə qərarları › İş №e-2(002)-3808/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(002)-3808/2025

24.11.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-3808/2025 24.11.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məcidli Aysel Əli qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" QSC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə yaranmış borc nəticəsində vurulmuş zərərin əvəzinin tutulması” tələbinə dair iddiası üzrə mülki işə Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" QSC Cavabdeh vərəsə-Cavabdeh 9775,75 manat əsas borcun ödənilməsinin gecikdirilməsi nəticəsində dəymiş zərərin əvəzi kimi ümumilikdə cəmi 3483,97 manat borcun və 54,83 manat məbləğində ödənilmiş dövlət rüsumunun iddiaçı “X5 Azərbaycan” QSC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. xx.xx.2013-cü il tarixdə "xxxx" QSC və X3 arasında Bank hesabı, debet kartı, kredit kartı və zaminlik haqqında qarışıq (Worldcard kredit kartı) müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin şərtlərinə görə, Bank tərəfindən borcalan X2 istehlak yönümlü 10000 (on min) manat məbləğində, 5 (beş) il müddətinə kredit kart limiti (kredit xətti) açılmışdır. “Kart/əlavə kart sahibi” həmin kredit kart limiti (kredit xətti) üzrə istifadə etmiş olduğu vəsaiti (krediti) və ona hesablanmış faizləri, komisyonları və həmçinin nəzərdə tutulmuş digər ödənişləri (bütün borcları) bu müqavilə ilə müəyyən edilmiş şərtlərlə “Bank”a qaytarmağı (ödəməyi) öhdəsinə götürmüşdür. AR DİN BPQMİ-nin MAPS Şöbəsinin xx.xx.2024-cü il tarixli Arayışından məlum olmuşdur ki, X3 xx.xx.2024-cü il tarixində vəfat etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi, ünvan ünvanlanan vəkil sorğusuna cavab olaraq Banka təqdim edilmiş xx.xx.2022-ci il tarixli, 1321 saylı məktubundan müəyyən olunmuşdur ki, vərəsəlik işi açılmış və onun vərəsəsi – arvadı – Cavabdehdır. O mirası qəbul etmiş vərəsədir. Vərəsəyə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Vərəsə Cavabdeh rəhmətə getmiş X1 banka olan borcu barədə məlumatlı olmuşdur. Lakin üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. X1 vərəsəsi (ləri) Cavabdeh tərəfindən Bank ilə X3 arasında imzalanmış Kredit Kartı (Worldcard kredit kartı) müqaviləsi üzrə Bank qarşısında olan öhdəlikləri lazımınca icra edilməmişdir, kredit üzrə borcu qalmışdır. «X5 Azərbaycan» QSC müqavilə ilə üzərinə götürdüyü öhdəliklərini tam icra etsə də, bоrcalanın vərəsəsi Cavabdeh kredit müqaviləsi üzrə tam ödəməyə borclu olduğu halda, müqavilə şərtlərini pоzaraq kreditin əsas məbləğini və оna hesablanmış faizlərin ödənilməsini kredit ayrılan vaхtdan mütəmadi оlaraq gecikdirmişdir. Borcalana dəfələrlə bu barədə şifahi və yazılı хəbərdarlıq edilməsinə baхmayaraq, öhdəliyi icra etməmiş və bu günədək bоrcu ödəməmişdir. Cavabdehin kredit kart müqaviləsinə əsasən "xxxx" QSC-yə əsas məbləğ üzrə borcu 9,775.75 (doqquz min yeddi yüz yetmiş beş manat yetmiş beş qəpik) manat, hesablanmış və ödənilməmiş faiz borcu 874.99 (səkkiz yüz yetmiş dörd manat doxsan doqquz qəpik) manat,cərimə borcu 2,018.85 (iki min on səkkiz manat səksən beş qəpik ) manat, müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə borc 236.56 (iki yüz otuz altı manat əlli altı qəpik) manat, bildirişlərin (pretenziyaların) göndərilməsi üzrə poçt xərcləri 2.50 (iki manat əlli qəpik) manat olmaqla cəmi borc 12,908.65 (on iki min doqquz yüz səkkiz manat altmış beş qəpik) manatdır. Lakin, öhdəliklər cavabdeh(lər) tərəfindən tam, vaxtında və lazımi qaydada icra edilmədiyindən banka külli miqdarda maddi zərər dəymişdir. Nəticədə bank məhkəməyə müraciət etmiş, lakin hazırki borcalanın kredit borcu üzrə iddia məhkəmə tərəfindən yalnız prosessual səbəbdən – iddia müddətinin ötürülməsi ilə əlaqədar təmin edilməmişdir. Lakin, məhkəmə qətnaməsi ilə kredit borcunun mövcudluğu təsdiqlənmiş, sadəcə kreditorun bu borcu məcburi qaydada tələb etmək imkanı istisna edilmişdir. İddiaçı "xxxx" QSC-nin nümayəndəsi Nümayəndə məhkəməyə ərizə göndərərək işə onların iştirakı olmadan baxılmasını və iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında qeyd etdi ki, iddiaya etiraz edir.Onun heç bir borcu yoxdur. Əsas məbləğ üzrə idia rədd olunmuş, indiki tələb isə təmin oluna bilməz. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi rədd olunmalıdır. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş maliyyə arayışından görünür ki, vərəsə-Cavabdeh 10 sentyabr 2013-cü il tarixli kredit kart (Worldcard kredit kartı) müqaviləsi üzrə ödənilməli olan borclardan qalan pul vəsaitinin gecikdirilməsinə görə xx.xx.2025-ci il tarixə illik 5 faizlə hesablanmış ümumilikdə cəmi 3483,97 manat məbləğində borcu yaranmışdır. Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 17 fevral 2025-ci il tarixli 2(002)-286/2025 saylı qətnaməsindən görünür ki, xx.xx.2013-cü il tarıxli saylı kredit müqaviləsinin surətindən görünür ki, iddiaçı "xxxx" QSC tərəfindən cavabdeh X2 60 ay müddətinə 10000 manat məbləğində kredit verilmiş, “Kredit alan” isə verilmiş krediti qəbul edərək, krediti və ona hesablanmış faizləri müqavilədə nəzərdə tutulan qaydada ödənişlər edilməsini öhdələrinə götürmüşdür. İş materiallarına əlavə olunmuş AZ-İ seriyalı 717298 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X3 xx.xx.2014-cü il tarixdə vəfat etmişdir. Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 17 fevral 2025-ci il tarixli 2(002)-286/2025 saylı qətnaməsindən görünür ki, iddiaçı "xxxx" QSC -nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun vərəsədən tutulması” tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir (müqavilə üzrə iddia müddət ötürüldüyündən). Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2373/25 saylı qətnaməsi ilə Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 17 fevral 2025-ci il tarixli 2(002)-286/2025 saylı qətnaməsi iddiaçı "xxxx" QSC –nin şikayətinə əsasə dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə işin faktiki hallarına münasibətdə aşağıdakılar qeyd etməyi zəruri bilir. Beləliklə məhkəmə tərəfindən müəyyən olundu ki, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 17 fevral 2025-ci il tarixli 2(002)-286/2025 saylı qətnaməsindən görünür ki, iddiaçı "xxxx" QSC -nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun vərəsədən tutulması” tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir (müqavilə üzrə iddia müddət ötürüldüyündən). Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2373/25 saylı qətnaməsi ilə Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 17 fevral 2025-ci il tarixli 2(002)-286/2025 saylı qətnaməsi iddiaçı "xxxx" QSC –nin şikayətinə əsasə dəyişdirilmədən saxlanılmışdır. Hazırda iddiaçı təmin olunmayan tələbin ödənilməsinin gecikdirilməsi nəticəsində dəymiş zərərin əvəzi kimi ümumilikdə cəmi 3483,97 manat borcun tutulmasını xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 328.1-ci maddəsinin tələbinə görə, əgər tərəflər hüquq və vəzifələrin əmələ gəlməsini baş verib-verməyəcəyi məlum olmayan hallardan asılı etmişlərsə, əqd şərtlə bağlanmış sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən bir şəxsdən hər hansı bir hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 373.2-ci maddsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır Həmin Məcəllənin 376-cı maddəsinə əsasən əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər üzrə də iddia müddəti keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2001-ci il tarixli Qərarından görünür ki, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 48.1.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarından görünür ki, Konstitusiya Məhkəməsi Plenumunun L.İ.Binnətovanın şikayəti üzrə 2008-ci il 8 may tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, iddia etmək hüququ iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarından ibarətdir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. Bu hüququn həyata keçirilməsi hər hansı iddia müddətinin keçməsindən asılı deyil. Buna görə də, iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəməyə iddianı təqdim etmək mümkündür. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. İddia müddətinin keçməsi məhz bu mümkünlüyün qarşısını alır və məhkəmə tərəfindən iddiadan imtina edilməsinə əsas kimi götürülür. İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulubpozulmadığını araşdırmalıdır. Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən, bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. Məhkəmə qeyd edir ki, əvvəla əsas tələb üzrə iddia müddəti keçib deyə, əlavə tələb üzrə də iddia müddəti keçmiş olur. Digər tərəfdən iddiaçı iddia ərizəsində qeyd edir ki, illk 5 faiz tələbi qanuni qüvvəyə minmiş qətnamədən, deyil, müqavilədən yaranır. Buna münasibətdə məhkəmə qeyd edir ki, hazırkı iş üzrə qanuni qüvvəyə minmiş qətnamə ilə müddət keçdiyindən iddia təmin olunmamış, olmayan borca görə illk 5 faizin tutulması düzgün deyil. Digər tərəfdən məhkəmə qeyd edir ki, illik 5 faiz tələbini əvvəlki iddia ilə bir vaxta verilməmişdir Əgər verilsə idi, əsas borc tutulmayacağı təqdirdə həmin qətnamə ilə illk 5 faizin tutulması da yol verilən olmayacaqdır İddiaçı hazırkı iddianı irəli sürməklə hesab edir ki, MM-nin 21-ci maddəsi baxımından ziyan çəkmişdir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Eyni Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi rədd olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı "xxxx" QSC -nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borc nəticəsində yaranmış zərərin əvəzinin tutulması” tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar