Məhkəmə qərarları › İş №e-2(002)-3995/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(002)-3995/2025

07.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-3995/2025 07.11.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Aslanova Gülnar Faiq qızının sədrliyi ilə, İddiaçı BOKT MMC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı BOKT MMC Cavabdeh qarşı sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 300 manat əsas, 40.50 manat faiz, 82.50 manat komissiya və 177 manat cərimə olmaqla, cəmi 600 manat borcun və 30 ödənilmiş dövlət rüsumu məbləğinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2025cü il tarixli **********001 saylı “mikrokredit müqaviləsi”nə (bundan sonra “müqavilə” adlanacaq) əsasən, cavabdehin sorğusu əsasında ona 45 gün müddətinə illik 108 % ödəmək şərtilə 300 manat məbləğində kredit verilmişdir. Müqaviləyə əsasən cavabdeh ona verilmiş həmin mikro kredit məbləği ilə yanaşı, müqavilənin xüsusi şərtlərində qeyd edilən pul məbləğlərini (kreditdən istifadəyə görə haqq və xidmət haqqı) də qaytarmağı öhdəsinə götürmüşdür. İddiaçı müqavilə üzrə üzərinizə düşən öhdəliyi tam və lazımı qaydada icra etsə də, cavabdeh öhdəliyini vaxtında icra etməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Belə ki, cavabdehin əsas məbləğ üzrə 300 manat, faiz borcu üzrə 40.50 manat, xidmət haqqına (komissiyaya) görə isə 82.50 manat borcu yaranmışdır. Borcun ödənilməsi ilə əlaqədar olaraq cavabdehə dəfələrlə şifahi və yazılı qaydada xəbərdar edilsə də, o, borcunu ödəməmişdir. Qeyd olunan halların nəzərə alınaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılması xahiş edilir. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinin tələblərinə uyğun olaraq, cavabdehə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini, habelə dəlillərini təsdiq edən sənədlərin təqdim olunması hüququnun izah edilməsi barədə bildiriş qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə göndərilmiş, cavabdeh etiraz verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinə əsasən, iddia ərizəsinə təqdim edilmiş sənədlər əsasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan qismən təmin edilməlidir. İşdə olan İddiaçı BOKT MMC tərəfindən Cavabdeh (Borcalan) arasında bağlanmış xx.xx.2025-ci il tarixli **********001 nömrəli mikro kredit müqaviləsinin məzmunundan görünür ki, bank 45 gün müddətinə, 108 faiz dərəcəsi ilə, 300 manat məbləğində krediti borcalanın mülkiyyətinə verir və ona bank hesabı (cari, kredit) açır, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə “Bank”a qaytarmağı öhdəsinə götürür. İddiaçı BOKT MMC tərəfindən borcluya ünvanlanmış xx.xx.2025-ci il tarixli pretenziya məktubuna əsasən, mikro kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyə əsasən onun xx.xx.2025-ci il tarixinə borcu aşağıdakı kimidir. Cədvəl üzrə əsas borc qalığı 300 manat, faiz üzrə borc qalığı 123 manat, qaytarılmayan cərimə 177 manat. Öhdəliyin vaxtında ödənilməməsi borc alan üçün əlavə xərclərin yaranması ilə nəticələnir. İddiaçı BOKT MMC tərəfindən borcun məcburi qaytarılması üzrə tədbirlər görüldükdə isə bu tədbirlərlə bağlı əlavə xərclər, o cümlədən onun və onun əmlakının axtarılması üzrə xərclər, dövlət rüsumları, qiymətləndirmə hərrac və digər məhkəmə xərcləri, həmçinin qanunvericilikdə nəzərdə tutulmuş icra ödənişi borcalanın hesabına ödənilməlidir. Cədvəl üzrə ümumi məbləğin 3 gün ərzində ödənilməsi təklif olunur və rəsmi xəbərdarlıq edilir ki, əgər qeyd olunan tarixədək borcun ödənilməsi təmin edilməzsə, onunla İddiaçı BOKT MMC arasında bağlanmış mikro kredit müqaviləsinə xitam verilməsi məqsədilə və ümumi borcun məcburi, o cümlədən təminatın hesabına ödənilməsi üçün qanunvericilikdə nəzərdə tutulan tədbirlər görüləcək. 06 oktyabr 2025-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh xx.xx.2025-ci il tarixli **********001 nömrəli mikro kredit müqaviləsi üzrə əsas məbləğ üzrə borc: 300 AZN əsas, 40.50 AZN faiz, 82.5 manat komissiya, 177 AZN cərimə borcu olmaqla, cəmi 600 AZN məbləğində borcu mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 743.1-ci maddəsinə əsasən, kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 424.3-cü maddəsinə əsasən, müqavilə dəyişdirilərkən və ya ləğv edilərkən, əgər tərəflərin razılaşmasından və müqavilənin dəyişdirilməsi xarakterindən ayrı qayda irəli gəlmirsə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında tərəflərin razılaşmasının bağlandığı andan, müqavilə məhkəmə qaydasında dəyişdirildikdə və ya ləğv edildikdə isə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi andan öhdəliklər dəyişdirilmiş və ya xətm edilmiş sayılır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Göründüyü kimi, məhkəməyə təqdim olunmuş sənədlərlə müəyyən edilmişdir ki, tərəflər arasında xx.xx.2025-ci il tarixli kredit müqaviləsi bağlanılmış, həmin müqaviləyə əsasən iddiaçı 45 gün müddətinə, 108 faiz dərəcəsi ilə, 300 manat məbləğində kredit məbləğini borcalanın mülkiyyətinə verilmiş, borcalan isə həmin krediti müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə Banka qaytarmağı öhdəsinə götürmüşdür. Lakin iddiaçı müqavilə üzrə öz üzərinə götürdüyü öhdəliyi icra etdiyi halda, Cavabdeh isə müqavilə üzrə götürdüyü öhdəliyi lazımınca icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada tam ödəməmişdir. Bununla da müqavilənin şərtlərini pozmuşdur. Məhkəmə yuxarıda adı çəkilən Plenum Qərarının tələblərini nəzərə alaraq qeyd edir ki, bank tərəfindən borcluya ünvanlanmış xx.xx.2025-ci il tarixli pretenziya məktubunda kreditorun iradə ifadəsi müqavilənin ləğvi barədə olmuş və tərəflər arasında bağlanmış xx.xx.2025-ci il tarixli müqavilə üzrə yaranmış 300 manat əsas, 40.5 manat faiz, 82.5 manat komissiya, 177 manat cərimə olmaqla, cəmi 600 manat borcunun ödənilməsi tələb edilmişdir. Göründüyü kimi, həmin pretenziya məktubunda kreditor bankın iradə ifadəsi müqavilə üzrə yaranmış gecikmə məbləğinin deyil, bütün borcun tutulması və müqavilənin ləğvi ilə bağlı olduğundan, məhkəmə hesab edir ki, pretenziya məktubunun göndərilməsi tarixindən tərəflər arasında bağlanmış müqavilə ləğv edilmiş hesab edilməlidir. Odur ki, məhkəmə qeyd edilən halları əsas götürərək, eləcə də cavabdeh tərəfindən iddia tələbinə dair heç bir etiraz və etirazın əsaslarına dair heç bir sübutun məhkəməyə təqdim edilməməsini və cavabdehin kredit müqaviləsi üzrə yaranmış borcunun aşkar olduğunu nəzərə alaraq hesab edir ki, tərəflər arasında bağlanmış müqavilə üzrə pretenziya məktubunda göstərilən məbləğlər, yəni 300 manat əsas, 40.5 manat faiz borcu həddində iddia tələbi təmin edilməlidir. İddia tələbinin borca görə hesablanmış cərimə ilə bağlı hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, mülki hüquq məsuliyyəti tədbiri kimi dəbbə pulu borclunun öz öhdəliklərini təqsirli icra etməməsi nəticəsində tətbiq olunur, dəbbə pulu öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi nəticəsində kreditora dəymiş zərərin miqdarından asılı olmayaraq ödənilməli olan müəyyən pul məbləğidir. Göründüyü kimi, bank tərəfindən borcluya cərimə hesablanması üçün əsaslar yaranmış və pretenziya məktubunda tələb edilən cərimə borcunun məbləği (177 manat) əsas borca münasibətdə ağlabatan məbəğ deyildir. Ona görə də, iddia tələbi cərimə borcunun tutulması hissəsində 30 manat həddində olmaqla qismən təmin edilməlidir. Məhkəmə iddianın tələbini dövlət rüsumunun tutulması hissəsini də əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-230, 227, 212, 360-cı maddələrini rəhbər tutaraq QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 300 manat əsas, 40.5 manat faiz, 30 manat cərimə borcu olmaqla, cəmi 370.5 manat məbləğində pul vəsaiti və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun əvəzi tutularaq İddiaçı BOKT MMC-in xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində elektron məhkəmə informasiya sistemi və Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Gülnar Aslanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar