Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-414/2023 25.04.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həşimova Günay Rövşən qızının sədrliyi, Məcidli Aysel Əli qızının katibliyi, Cavabdeh nümayəndəsi və vəkili X7 Cavabdeh nümayəndəsi X3 iştirakı ilə İddiaçı QSC-nin Cavabdeh qarşı müqavilə üzrə borcun tutulması barədə tələbinə dair iddiası üzrə mülki işə Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı QSC Cavabdeh qarşı “müqavilə üzrə borcun tutulması” barədə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı QSC ilə X5 arasında bağlanmış xx.xx.2021-ci il tarixli ərizənin (müqavilənin) ləğv edilməsi; Cavabdeh İddiaçı QSC-nin xeyrinə 7394.04 manat məbləğində kredit bоrcu, 855.98 manat məbləğində faiz bоrcu və 899.11 manat məbləğində cərimə olmaqla, ümumilikdə cəmi 9149 (doqquz min yüz qırx doqquz) manat 13 (on üç) qəpik məbləğində bоrc və ödənilmiş 111.49 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı QSC iddia ərizəsini onunla əsaslandırmışdır ki, X4 İddiaçı QSC ilə xx.xx.2021-ci il tarixdə ərizəyə əsasən, Bankın internet səhifəsində yerləşdirilmiş “Bank Xidmətlərinin göstərilməsi haqqında Müqavilənin ümumi şərtləri”, Tariflər və Valyuta Məzənnəsi ilə tanış olmuş və ərizə ilə eyni məna daşıdığını öz imzası ilə təsdiq etmişdir. Həmin ərizəyə əsasən, X4 aylıq faiz dərəcəsi 1.5417% оlmaqla 26 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi оlan 1 saylı əlavədə müəyyən оlunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 8500 (səkkiz min beş yüz) manat məbləğində kredit götürmüşdür. O, ödənişləri yubatmış, kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit bоrcu və faiz bоrcundan ibarət vəsaiti qaytarmamışdır. O, götürdüyü kredit bоrcundan 1105.96 manat ödəniş etmiş və оnun iddiaçıya 7394.04 manat məbləğində kredit bоrcu qalmışdır. Müqavilənin 7.6-cı bəndinə əsasən kreditin ərizədə razılaşdırılmış kart hesabına və ya cari hesaba köçürüldüyü tarix nağd kredit barədə müqavilə üzrə kreditin verilmə tarixi hesab edilir və həmin gündən etibarən bu şərtlərin 7.9-cu bəndi ilə razılaşdırılmış qaydada kredit faizlərinin hesablanması başlayır. Faizlərin hesablanması müqavilənin 7.9-cu bəndində göstərilmiş düstur əsasında aparılır. Müqavilənin 7.11-cı maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün kredit faizi kreditin faiz dərəcəsinin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildiririk ki, o, kredit bоrcunu və faiz borcunu Kreditora qaytarmadığı üçün xx.xx.2022-ci il tarixə 244 gün üçün hesablanmış faiz borcu 855.98 manat təşkil edir. Müqavilənin 7.20-ci bəndinə uyğun оlaraq bоrclu krediti və kredit faizini vaxtında banka qaytarmadıqda, hər gecikdiriln gün üçün kredit qalığının 0,1 % məbləğində cərimə ödəməlidir. xx.xx.2022-ci il tarixə 244 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 899.11 manat təşkil edir. Müqavilənin 7.32-ci bəndinə əsasən bank müqaviləni vaxtından əvvəl ləğv etmək və qalan kredit məbləğini, kredit faizini və bank tərəfindən hesablanmış başqa ödənişləri qaytarmağı müştəridən tələb etmək hüququna malikdir. Ölüm haqqında şəhadətnaməyə əsasən, X2 öldüyü Banka məlum olmuşdur. Qanun üzrə şəhadətnamənin surətindən məlum olur ki, Cavabdeh xx.xx.2022-ci il tarixində vəfat etmiş X2 vərəsəsidir və ona qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Cavabdeh miras əmlakdan bərabər hissədə pay almışdır. Belə olan halda Cavabdeh X2 hüquq və vəzifələri də keçmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbuledilmiş sayılır. Həmçinin onu da bildirir ki,Mülki Məcəllənin tələblərinə görə kreditin qaytarılması öhdəliyi şəxsi xarakter daşıyan və yalnız miras qoyana mənsub ola bilən əmlak vəzifələri, habelə qanunda və ya müqavilədə nəzərdə tutulan, yalnız kreditorun və borclunun sağlığında qüvvədə olan və onların ölümü ilə xitam verilən vəzifələr sırasına aid edilmir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 558.1-ci maddəsinin tələbinə əsasən əgər borclunun şəxsi iştirakı olmadan icra mümkün deyilsə, onun ölümü öhdəliyin xitamına səbəb olur. Həmin məcəllənin 1153-cü maddəsinə əsasən isə şəxsi xarakter daşıyan və yalnız miras qoyana mənsub ola bilən əmlak hüquqları və vəzifələr, habelə qanunda və ya müqavilədə nəzərdə tutulan, yalnız kreditorun və borclunun sağlığında qüvvədə olan və onların ölümü ilə xitam verilən hüquq və vəzifələr mirasın tərkibinə daxil deyildir. Lakin kredit müqaviləsi üzrə icra borclunun şəxsi iştirakı olmadan mümkün olduğu üçün kredit müqaviləsi üzrə onun borcu vərəsəsinə (vərəsələrinə) keçir. Belə ki, həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin məcəllənin 1306-cı maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar; əgər miras qoyan vərəsələrə keçmiş borclar üzrə birgə borclu olmuşdursa, vərəsələr birgə məsuliyyət daşıyırlar. Göründüyü kimi, X2 ölümü onun kredit öhdəliklərinin xitam olunması ilə nəticələnmir və kredit öhdəliyi icra edilmədikdə kreditorun onun vərəsələrinə qarşı tələb hüququ yaranması üçün əsasdır. . İddiaçı QSC-nin nümayəndəsi ərizə göndərək,mülki iş üzrə məhkəmə baxışının onun iştirakı olmadan keçirilməsini və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh nümayəndəsi X6 və cavabdehin vəkili və nümayəndəsi X10 məhkəmə iclasında etiraz ərizəsinin məzmununa uyğun izahat verərək, iddianı qəbul etmədiyini bildirərək, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Cavabdeh İddia ərizəsində İddiaçı Accessbank QSC ilə X5 arasında bağlanmış xx.xx.2021-ci il tarixli ərizənin ləğv edilməsi, Cavabdeh kredit müqaviləsi üzrə Accessbank QSC-nin xeyrine 7394,04 manat məbləğində kredit borcu, 855,98 manat məbləğində faiz borcu və 899,11 manat məbləğində cərimə olmaqla, ümumilikdə cəmi 9149 manat, 13 qəpik məbləğində borcun və 111,49 manat məbləğində dövlət rüsumunun tutulması xahiş olunmuşdur. O, bu İddiaya etiraz edir ve iddia tələbini qəbul etmir.Belə ki, onlar X5 ile rəsmi olaraq ər-arvad kimi qalsa da, faktiki olaraq 15 ilden coxdur ki, ailə münasibətində deyildi, birlikdə yaşamırdılar və X5 vəfat edən günə kimi qeyri-rəsmi nikahda olan ailəsi ilə birlikdə yaşamışdır. Onların münasibətləri pis olmuş və onun işlərindən, Accessbank QSC ilə X5 arasında bağlanmış kredit müqaviləsindən o, xəbərsiz olmuş, bu məsələdən isə onun ölümündən sonra xəbərdar olmuşdur. Həmin məbləği hansı məqsədlə götürdüyünü isə bilmir. O, səhhəti İlə bağlı uzun müddətdir ki, müalicə alır,həkim nəzarətindədir, himayəsində əri vəfat etmiş qızı və nəvələri vardır, onun başqa əmlakı və əlavə gəlir mənbəyi də yoxdur. Bank tərəfindən əsassız olaraq ona qarşı sürülümüş bu iddia tələbi tam əsassızdır və onu və himayəsində olan ailəsinı əlverişsiz vəziyyətə sala bilər.Odur ki, bu iddianı qəbul etmir və xahiş edir ki, onun iş üzrə cavabdeh kimi iştirakına xitam verilsin. Əsaslandırıcı hissə: Məhkəmə iş materiallarında olan sənədləri araşdıraraq, tərəflərin izahatlarını dinləyərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş oğlu xx.xx.2021-ci il tarixli Kredit müqaviləsinin surətindən görünür ki, İddiaçı QSC -tərəfindən X4 aylıq faiz dərəcəsi 1.5417% оlmaqla 26 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi оlan 1 saylı əlavədə müəyyən оlunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 8500 (səkkiz min beş yüz) manat məbləğində kredit verilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli maliyyə arayışın surətindən görünür ki X2 7394.04 manat məbləğində kredit bоrcu, 855.98 manat məbləğində faiz bоrcu və 899.11 manat məbləğində cərimə olmaqla, ümumilikdə cəmi 9149,13 manat məbləğində bоrcu vardır. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2021-cu il tarixli Kredit müqaviləsinin ödəniş cədvəlindən görünür ki, X5 8500 manat krediti 26 ay müddətində aylıq 400 manat olmaqla iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş AZ-İİ seriyalı 235863 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2022-ci il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2022-ci il tarixdə 121 nömrəsi ilə qeyd edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş Baş Dövlət Yol Polis İdarəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, X2 adına nəqliyyat vasitəsi qeydiyyatda keçmir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş Bakı şəhəri 45 saylı notariat ofisinin xx.xx.2022-ci il tarixli məktubunun surətindən görünür ki, xx.xx.2022-ci il tarixdə ölmüş X2 ölümünüdən sonra Bakı şəhəri 45 saylı notariat ofisinə müraciət daxil olmuş,V-52/2022 saylı vərəsəlik işi açılmış və vərəsələrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli, V-52/2022 saylı vərəsəlik işi 2V-148 nömrəli vərəsəlik şəhadətnaməsindən görünür ki, xx.xx.2022-ci il tarixdə ölmüş X2 vərəsəsi Cavabdeh miras qalmış əmlak- SOCAR "Azneft" İB Texniki Təchizat İdarəsi tərəfindən verilmiş SOCAR**********30380024X00001 nömrəli, xx.xx.2022-ci il tarixli məktuba əsasən istifadə edilməmiş məzuniyyət üçün kompensasiya - 1109,89 manat, Xəstəlik vərəqəsinə görə ödəniş - 335,46 manat, əmək haqqının üç misli 3221,01 manat, ümumilikdə 4666,36 (dörd min altı yüz altmış altı manat otuz altı qəpik) manat müavinətə tam hissədə pay almışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli, V-52/2022 saylı vərəsəlik işi 2V-147 nömrəli vərəsəlik şəhadətnaməsindən görünür ki, xx.xx.2022-ci il tarixdə ölmüş X2 vərəsəsi Cavabdeh miras qalmış əmlak- ARDİN BDYPİ QİŞ tərəfindən verilmiş xx.xx.2008-ci il tarixli AB098955 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən ban nömrəsi JTEBU25J085145723, mühərrikin nömrəsi və buraxılış ili 2008-ci il olan TOYOTA PRADO MİNİK markalı 90DK955 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinıə tam hissədə pay almışdır. Tətbiq edilmiş hüquq normaları: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, borcun tutulması ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı borcun tutulması məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində borcun tutulması borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə tam ödəməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 iyun 2018-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Borclunun ölümü zaminliyin xitamına səbəb olmur. Zaminin ölmüş borclunun kreditorları qarşısında məsuliyyətinin həddi miras əmlakın həcmi ilə məhdudlaşmır. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, vərəsələr öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, eləcə də miras əmlakın həcmi vərəsələrə öhdəliyi icra etməyə imkan vermədikdə, zamin kreditor qarşısında tam məsuliyyət daşıyır. Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. Borclunun təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi halda hesablanmış dəbbə pulunun ödənilməsi ilə bağlı tələb kreditor tərəfindən bu Qərarın təsviriəsaslandırıcı hissəsində əks olunmuş qaydada vərəsələr və ya zaminə qarşı irəli sürülə bilər. Vərəsələr və ya zaminin təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə kreditor dəbbə pulunun ödənilməsini bu hərəkətləri törətmiş şəxsdən tələb edə bilər. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin məcəllənin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Həmçinin həmin məcəllənin 424.3. maddəsinə əsasən müqavilə dəyişdirilərkən və ya ləğv edilərkən, əgər tərəflərin razılaşmasından və müqavilənin dəyişdirilməsi xarakterindən ayrı qayda irəli gəlmirsə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında tərəflərin razılaşmasının bağlandığı andan, müqavilə məhkəmə qaydasında dəyişdirildikdə və ya ləğv edildikdə isə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi andan öhdəliklər dəyişdirilmiş və ya xətm edilmiş sayılır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Eyni Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı QSCi lə X5 arasında kredit müqaviləsi bağlanmış, X5 müqavilə üzrə öhdəlikləri yerinə yetirməyi öz öhdəsinə götürmüşdür. X5 xx.xx.2022-ci il tarixdə vəfat etmiş, X2 adına vərəsəlik işi açılmış və qanun üzrə vərəsəsi Cavabdeh (arvadı) qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Cavabdeh mərhum X1 qalmış mirası qəbul etməsinə baxmayaraq onlara çatan miras payı həcmində miras qoyanın iddiaçı qarşısında olan öhdəlikləri icra etməmişdir. İş materiallarına əlavə edilmiş vərəsəlik şəhadətnamələrindən göründüyü kimi, cavabdehə miras qalmış əmlakın həcmi kreditora olan borcdan daha çox olmasına baxmayaraq, həmin borc cavabdeh tərəfindən ödənilməmişdir. Bu səbəbdən, məhkəmə hesab edir ki, iddiaçı bank kredit müqaviləsi üzrə borc tələbini mərhumun vərəsəsindən tələb etməkdə haqlıdır. Həmçinin, məhkəmə iddia tələbinin tərəflər arasında bağlanılmış müqavilənin ləğv edilməsi hissəsində də hesab edir ki, iddia tələbi bu hissədə də əsaslı olmaqla, təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, iddiaçı tərəf müqavilənin ləğv edilməsi ilə bağlı mülki qanunvericiliyin tələblərinə əməl edərək, cavabdehin müqavilə üzrə öhdəliklərini vaxtında və lazımi qaydada əməl etmədiyi təqdirdə, müqavilənin ləğv edilməsi ilə bağlı ona xəbərdarlıq etmiş və buna dair heç bir cavab almamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467.1-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Həmçinin məhkəmə dəbbə pulunun tutulmasına dair iddia tələbini araşdıraraq hesab edir ki, həmin hissədə iddia tələbi qismən təmin edilməlidir. Belə ki, həmin tələb tərəflər arasında bağlanmış müqavilədən irəli gəlir. Bununla belə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilməsi imkanlarını, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq məhkəmə hesab edir ki, müqavilə üzrə 5(beş) manat məbləğində dəbbə pulunun tutulması ədalətli olmaqla yanaşı, kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri qorunmuş olur, həmçinin əsas pul ilə yanaşı, müvafiq olaraq müqaviləyə görə 5 manat məbləğində dəbbə pulunun tutulması iddiaçıya dəymiş real zərəri kompensasiya edir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 111,49 manat məbləğində dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 102,55 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək, iddia qismən təmin edilməli, İddiaçı QSC ilə X5 arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqavilə ləğv edilməli, xx.xx.2022-ci il tarixdə vəfat etmiş X2 vərəsəsi-Cavabdeh İddiaçı QSC-nin xeyrinə 7394.04 manat məbləğində kredit bоrcu, 855.98 manat məbləğində faiz bоrcu və 5 manat məbləğində cərimə olmaqla, ümumilikdə cəmi 8255,02 manat məbləğində bоrc və iddianın ödənilmiş hissəinə mütənasib olaraq 102,55 manat ödənilmiş dövlət rüsumu tutulmalıdır. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı QSC ilə X5 arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqavilə ləğv edilsin. Cavabdeh İddiaçı QSC-nin xeyrinə 7394(yeddi min üç yüz doxsan dörd) manat 04(dörd) qəpik məbləğində əsas bоrc, 855(səkkiz yüz əlli beş) manat 98(doxsan səkkiz) qəpik məbləğində faiz bоrcu və 5(beş) manat məbləğində cərimə olmaqla, ümumilikdə cəmi 8255(səkkiz min iki yüz əlli beş) manat, 02(iki) qəpik məbləğində bоrc və iddianın ödənilmiş hissəsinə mütənasib olaraq 102(yüz iki) manat,55(əlli beş) qəpik ödənilmiş dövlət rüsumu tutulsun. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Həşimova
Məhkəmə qərarları › İş №e-2(002)-414/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(002)-414/2023
25.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver