Məhkəmə qərarları › İş №e-2(002)-420/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(002)-420/2024

13.03.2024 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-420/2024 13.03.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, İddiaçıın, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «qanunsuz müdaxilənin qarşısının alınması» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «qanunsuz müdaxilənin qarşısının alınması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh özbaşına hərəkətlərinə son qoyulmaqla elektrik enerjisinin kəsilməsi və digər kommunal xətlərə müdaxilə etməsinin qanunsuz hesab edilməklə qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan, İddiaçı Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən onun Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi 8-ci massiv 56A saylı fərdi yaşayış evində yaşamasına yaratdığı maneələrin aradan qaldırılması, özbaşına hərəkətlərinə son qoyulması, elektrik enerjisinin kəsilməsi və digər kommunal xətlərə müdaxilə etməsinin qanunsuz hesab edilməklə qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 21 oktyabr 2002-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. Birgə nikahdan uşaqları olmamışdır. Aralarında olan narazılığa görə Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə nikahları ləğv edilmişdir. Daha sonra Cavabdeh ona qarşı «mənzilə köçürülmə» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun birgə nikah dövründə inşa etdiyi Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi 8-ci massiv 56A saylı fərdi yaşayış evinə köçürülməsi və mediasiya və dövlət rüsumu üçün ödənilmiş 100 manat rüsumların ondan Cavabdeh xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. O, Cavabdeh qarşı «evə köçürülmə» tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilk iddianın rədd edilməsi, onun həmin ünvanda - Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi 8-ci massiv 56A ünvanda yerləşən, sahəsi 120 m2 olan 4 otaqlı ikinci evə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(002)-172/2023 saylı qətnaməsi ilə ilk və qarşılıqlı iddialar rədd edilmişdir. Məhkəmə öz qətnaməsini onunla əsaslandırmışdır ki, «məhkəmə iclasında tədqiq edilmiş sübutları nəzərə alaraq hesab edir ki, ilk iddia və qarşılıqlı iddia rədd edilməlidir. Belə ki, iş materiallarından, tərəflərin izahatlarından göründüyü kimi, tərəflər xx.xx.2002-ci il tarixdə rəsmi nikah bağlamış və xx.xx.2022-ci il tarixdə isə həmin nikah məhkəmə qətnaməsi ilə pozulmuşdur. Birgə nikahdan övladları olmamışdır. Hal hazırki iş üzrə mübahisəli mənzillər tərəflərin birgə nikahları dövründə tikilmişdir. Bunu tərəflərin hər ikisi məhkəmə proseslərində izahatları ilə təsdiq etmişlər. Lakin ilk iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia ərizəsində mübahisələndirilən mənzilin tikintisi onun tərəfindən deyil, anası və qardaşı tərəfindən tikildiyini və yaxud həmin mənzilin tikintisində qardaşının köməklik göstərilməsini, hətta mənzili qardaşına satdığını və orada anasının yaşadığını bildirsə də, məhkəməyə qeyd edilən halları təsdiqləyən yetərli sübutlar təqdim edə bilməmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş AR-İ seriyalı 137588 nömrəli xx.xx.2011-ci il tarixli etibarnamədən görünür ki, X4 Azərbaycan Respublikası Qaradağ rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1999-cu il tarixli 495 nömrəli sərəncamına əsasən ona ayrılmış Lökbatan qəsəbəsində 600 m2 sahəli torpaq sahəsini özəlləşdirməyi, orda tikinti işlərinin aparılmasını, həmin torpaq sahəsinə dair müqavilələr imzalamaq, əmlaka dair Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-dən çıxarış almağı, satmağı, girov (ipoteka) qoymağı, məhkəmə orqanlarında onun nümayəndəsi olmağı və müstəqil məzmununda ərizə verməyi X6 etibar etmişdir. Eyni zamanda iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş kommunal bildirişlərdən və "xxxx" ASC tərəfində təqdim edilmiş abunə haqqında məlumatlardan görünür ki, mübahisəli hər iki ev üzrə - Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi 8-ci massiv ərazısındə yerləşən 3 və 6 saylı fərdi yaşayış evlərində müvafiq olaraq **********00003 və **********A0006 nömrəli abunə kodları X2 adınadır. Bütün bunlar sübut edir ki, qarşılıqlı iddia ərizəsində mübahisələndirilən mənzil tərəflərin birgə nikah dövründə onların birgə təsərrüfatı hesabına tikilmişdir. Eyni zamanda iş materiallarına əlavə edilmiş Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 1(002)- 249/2022-ci il tarixli xx.xx.2022-ci il tarixli hökmündən görünür ki, tərəflərin eyni mənzildə yaşamaları qeyri-mümkündür. Bu səbəbdən məhkəmə hesab edir ki, tərəflərin hər ikisinin ha-hazırda yaşayış sahəsi ilə (mənzillə) təmin olunduğunu və onların birlikdə eyni ünvanda yaşamalarının mümkünsüzlüyünü, həmçinin tərəflərin hər iki mübahisəli tikililərə eyni dərəcəli hüquqlarının olmasını nəzərə alaraq, ilk və qarşılıqlı iddia rədd edilməlidir. Məhkəmə qeyd edir ki, mübahisəli evlər özbaşına tikili olduğundan, tərəflərin hər hansı birinin həmin evə münasibətdə əşya hüququ yoxdur. Lakin həmin ev daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməsə də, bir iqtisadi dəyər kimi faktiki mövcuddur və tərəflərin birgə nikahı dövründə tikilərək, mənzilə olan ehtiyacını qarşılayan tikililər olmaqla, onların birgə nikah dövründə şəxsi vəsaitləri hesabına inşa edilmiş və onlar hər ikisi hər iki evə eyni hüquqlara malikdirlər. Cavabdeh hazırda onun yaşadığı 2012-ci ildə tikilən evin anasına məxsus olmasını bildirsə də, buna dair heç bir sübut məhkəməyə tədqim etməmişdir, həmçinin məhkəmə iclasında tədqiq edilən sübutlarla hər iki mübahisəli özbaşına evin tərəflərin birgə nikahları dövründə onların birgə vəsaiti hesabına tikilməsi müəyyən olunur. Məhkəmə hesab edir ki, tərəflərin hər ikisinin mübahisəli tikililərə gözlənilən hüququ mövcud olmuşdur. Hazırki halda tərəflərin birgə nikah dövründə əldə olunan vəsait hesabına tikilən iki ev (özbaşına tikili) olmasını, tərəflərin hərəsinin həmin evlərdən birində hal-hazırda yaşamasını, bu səbəbdən hər birinin yaşayış yeri ilə təmin olunduğundan, başqa yaşayış yeri ehtiyacları olmamasını, tərəflərin birgə evdə yaşamalarının qarşılıqlı gərgin münasibət səbəbilə mümkünsüz olmasını nəzərə alaraq məhkəmə hesab edir ki, ilkin iddia və qarşılıqlı iddia rədd edilməlidir.» Hazırda məhkəmə qətnaməsində qeyd edildiyi kimi hərə ayrıca evdə yaşamasına baxmayaraq cavbdeh Cavabdeh yaşadıqları evi elektrik enerjisi ilə təmin edən elektrik müqaviləsinin (birgə nikah dövründə tikdikləri evin kommunal müqavilələri evin kişi olduğundan onun adına rəsmiləşmişdir) onun adına olmasından istifadə edərək həmin xətti qanunsuz olaraq kəsmişdir. Hazırda qış olduğundan istilik olmadığından həmin evdə yaşmaqda çətinlik çəkirlər. Qaradağ RPİ 10-cu PŞ-nin təhqiqatşısı, polis baş leytenantı H.Dadaşzadənin qəbul etdiyi «Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında» 23 sentyabr 20203cü il tarixli qərarında qeyd edilmişdir ki, Cavabdeh izahatında elektrik naqillərini kəsməsi ilə bağlı keçmiş həyat yoldaşı X3 tərəfindən qeyd olunanları təsdiqləyərək həmin evin rəsmi evli olduqları dövrdə tikildiyi və evin elektrik sayğacının onun adına rəsmiləşdirildiyini qeyd etmişdir. Beləliklə, hazırda mənzilə elektrik enerjisi və digər kommunal xətlərə cavabdeh tərəfindən qanunsuz müdaxilə iddiaçının hüquqlarını pozduğundan, cavabdehin özbaşına hərəkətlərinə son qoyulmaqla elektrik enerjisinin kəsilməsi və digər kommunal xətlərə müdaxilə cavabdehə qadağan edilməlidir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddiaçının izahatına əlavəsinin olmadığını bildirdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etmədi və məhkəmədən iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasında iddia tələbini qəbul etmədi və izahatında bildirdi ki, İddiaçı Cavabdeh qarşı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməyə subyektiv hüququ olmamışdır. Belə ki, iddiaçıya məxsus tikilinin yerləşdiyi torpaq sahəsi nə iddiaçıya, nə də cavabdehə məxsus deyildir, həmin torpaq sahəsi üçüncü şəxsə məxsusdur. Bundan başqa, iddiaçının yaşadığı yaşayış evi özbaşına tikili olmaqla, onun həmin yaşayış evi ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş sahiblik, istifadə və sərəncam hüquqları mövcud deyildir. Məhkəmədən iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə tərəflərin və onların nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 14 fevral 2023-cü il tarixli, 2(002)-172/2023 saylı qanuni qüvvəyə minmiş qətnaməsindən görünür ki, X5 İddiaçı qarşı «mənzilə köçürülmə» tələbinə dair ilk iddiası və İddiaçı X6 qarşı «evə köçürülmə» tələbinə dair qarşılıqlı iddiası rədd edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Tərəflərin əvvəllər rəsmi nikahda olmaları, həmin nikahdan övladlarının olmaması, tərəflərin nikahlarının pozulması, tərəflərin birgə nikahda olarkən iki ev inşa etmələri, iddiaçının həmin evlərdən birində, cavabdehin isə digərində yaşaması və təyinatı üzrə istifadə etmələrinə dair hallar aşkar olmaqla, həmin faktların yenidən mübahisələndirilməsinə və sübut edilməsinə yol verilmir. İşin faktiki hallarından görünür ki, iddiaçı iddia ərizəsində qeyd etdiyi evdə yaşayır, həmin ev tərəflər birgə nikahda olduqları dövrdə inşa edilmişdir (işin qeyd edilən halı qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə sübut edilir), iddiaçının yaşadığı evdə elektrik enerjisindən və s. istifadəyə maneələr cavabdeh tərəfindən yaradılır və bunun nəticəsində məhz iddiaçının qanunla qorunan hüquqları pozulur. Bu səbəbdən, iddiaçının hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməyə subyektiv hüququ vardır. Yuxarıda qeyd edilən evin iddiaçıya məxsus olmayan torpaq sahəsində inşa edilməsi, həmin evin birgə nikah dövründə tərəflərin ümumi birgə vəsaitləri hesabına inşa edilməsi faktını aradan qaldırmır, eləcə də, bu cavabdehə iddiaçını yaşadığı evdə elektrik enerjisindən və s. kommunal vasitələrdən/xətlərdən istifadə etməsinə maneə yaratması üçün qanuni əsas vermir. İş materiallarına əlavə olunmuş sənədlərdən göründüyü kimi, Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi 8-ci massiv ərazisində yerləşən 3 və 6 saylı fərdi yaşayış evlərində istifadə olunan elektrik enerjisinin həcminin hesabatını aparmaq üçün Cavabdeh adına iki abonent kodu verilmişdir. Həmin abonent kodları **********00003 və **********A0006-dır. Hər iki abonent kodu Cavabdeh razılıq ərizələrinə əsasən X1 adına dəyişdirilmişdir. Əhali istehlakçısının ad dəyişdirilməsi xidməti 27 dekabr 2023-cü il tarixdə həyata keçirilmişdir. HK-1-4010/2023 və HK-1-10/2024 saylı materiallar üzrə «Cinayət işi başlanmasının rədd edilməsi haqqında» 12 yanvar 2024-cü il tarixli qərardan göründüyü kimi, Cavabdeh İddiaçı ilə aralarında olan mübahisə ilə bağlı kombini sökdüyünü bildirmişdir. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş bildiriş xəbərdarlıqlardan və ödəniş qəbzlərindən görünür ki, ünvan 2 ünvanı üzrə istifadə olunan elektrik enerjisinə görə bildiriş xəbərdarlıqlar iddiaçının yaşadığı ünvana gəlir və həmin bildirişlər üzrə ödənişlər iddiaçı tərəfindən həyata keçirilir. İş materiallarından göründüyü kimi, iddiaçının yaşadığı evə gələn elektrik və ya digər xətlərin (su, təbii qaz) kəsilməsi, bu və ya digər şəkildə həmin xidmətlərdən istifadə edilməsinin qarşısının alınması, buna maneələr yaradılması və sair hərəkətlərin edilməsi qanuna zidd əməllərdir və həmin əməllər nəticəsində iddiaçının qanunla qorunan hüquqları pozulur. Qeyd olunan hərəkətlər qanunvericiliyə əsasən özbaşınalıq hesab edilir və bu cür hərəkətlərin qarşısı alınmalıdır. Ödəniş qəbzindən görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı yaşadığı ünvan 3 ünvanda yerləşən yaşayış evinin elektrik enerjisinin kəsilməsi və digər kommunal xətlərə Cavabdeh tərəfindən yaradılan maneələr qanunsuz hesab edilməli, həmin özbaşına hərəkətlər Cavabdeh qadağan edilməlidir. Ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı yaşadığı ünvan 3 ünvanda yerləşən yaşayış evinin elektrik enerjisinin kəsilməsi və digər kommunal xətlərə Cavabdeh tərəfindən yaradılan maneələr qanunsuz hesab edilsin. Həmin özbaşına hərəkətlər Cavabdeh qadağan edilsin. Ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Kamran Əsədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar