Məhkəmə qərarları › İş №e-2(002)-542/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(002)-542/2023

18.04.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-542/2023 18.04.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «dəymiş maddi ziyanın ödənilməsi» tələbinə dair ilk iddiası; Cavabdeh1 İddiaçınə qarşı «aktın ləğv olunması və borcun silinməsi» tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 qarşı «dəymiş maddi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 tərəfindən İddiaçınə 3.525,12 manat məbləğində zərər və ödənilmiş 55,26 manat dövlət rüsumu, ümumilikdə 3.580,38 manat pulun Cavabdeh1 məcburi qaydada tutularaq İddiaçı İB-nin iddia ərizəsində qeyd olunan bank hesabına köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan, İddiaçı nümayəndəsinin vəsatətinə əsasən Cavabdeh2 ikinci cavabdeh qismində cəlb edilmişdir. İddiaçı İB iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı İB ilə abonent Cavabdeh1 arasında xx.xx.2019-cu il tarixdə AKX-00984xx/xx-2019 nömrəli «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alğı-satqısı barədə müqavilə» imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında İddiaçı İB abonent Cavabdeh1 yaşadığı fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana İddiaçı İB-nin Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********10300 nömrəli abonent kodu verilmişdir. Həmçinin fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində G-4 markalı qaz sayğacı quraşdırılmışdır. Cavabdeh yuxarıda bəhs edilən müqavilənin 2.3.2-ci yarımbəndinin (Müqavilənin və «X2»nın tələblərinə əməl etmək) və «X2»nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, istifadəsinə verilmiş qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. Belə ki, İddiaçı İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə abonentin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən abonent tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Həmçinin, qeyd olunan həmin faktlar bağlı Birliyin əməkdaşları tərəfindən «Təbii X2nın pozulması haqqında» müvafiq aktlar tərtib edilmişdir. Cavabdehin yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 3.525,12 manat məbləğində İddiaçı İB-yə maddi zərərin dəydiyi müəyyən olunmuşdur. Cavabdehin İddiaçı İB-yə ödənməli borc məbləği abonent saldosu üzrə hazırda 3.525,12 manat təşkil edir. Müqavilə öhdəliklərinin abonent tərəfindən kobud şəkildə pozulması, habelə təqsirli hərəkətləri nəticəsində İddiaçı İB-yə vurulmuş maddi zərərlə bağlı cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilmədiyi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Cavabdeh1 İddiaçınə qarşı «aktın ləğv olunması və borcun silinməsi» tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilk iddianın rədd edilməsi, qarşılıqlı iddianın təmin edilərək, ******* saylı aktın ləğv olunması və həmin akta əsasən ona hesablanmış ziyan məbləğinin silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh1 qarşılıqlı iddia ərizəsini onunla əsaslandırmışdır ki, "xxxx" MMC tərəfindən Bakı şəhəri Yeni Yasamal massivində inşa edilmiş çoxmənzilli yaşayış binasının 1-ci blok, 6-cı mərtəbəsindəki 2 otaqlı 30 saylı mənzil müqavilə əsasında ona məxsusdur. Bununla bağlı cavabdehlə aralarında müqavilə bağlanmış və həmin müqaviləyə əsasən mənzili təbii qazla təchiz olunmuşdur. Həmin mənzil Cavabdeh2 tərəfindən zəbt olunmuş və könüllü olaraq mənzilini tərk etmədiyi üçün onun tərəfindən Cavabdeh2 çıxarılması ilə bağlı Yasamal rayon Məhkəməsində iddia qaldırılmışdır. Həmin iddia tələbi ilk olaraq Yasamal rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(004)-947/2022 saylı qətnaməsi ilə təmin olunmuşdur. Lakin, Cavabdeh2 əsassız da olsa onun mənzilində daha çox qala bilmək üçün həmin qətnamədən apellyasiya şikayəti vermiş və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(103)-5035/2022 saylı qətnaməsi ilə şikayəti təmin olunmamışdır. Daha sonra Ali Məhkəməyə kassasiya şikayəti verilmiş və Ali Məhkəmənin xx.xx.2022-ci il tarixli qərarı ilə də şikayət təmin olunmayaraq, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmışdır. Hazırda icra mərhələsini gözləyir. Qarşılıqlı iddia ərizəsinə əlavə etdiyi hər üç məhkəmə qərarından görünür ki, Cavabdeh2 mübahisəsiz şəkildə artıq 2021-ci ilin yanvar ayından onun evini qanunsuz olaraq zəbt edib yaşamaqdadır. Xüsusi olaraq qeyd edir ki, o, Cavabdeh2 onun evindəki qaz sayğacından qanunsuz olaraq istifadə etdiyi barədə məlumat aldıqdan sonra (mənzilə daxil ola bilmədiyi üçün bunu birbaşa müəyyən etməsi mümkün deyildi) onun tərəfindən həm İddiaçı İB-nin rəhbərinə, həm də Yasamal rayon Qaz İstismar sahəsinə müraciət olunmuşdur. Göründüyü kimi, həmin müraciətində onun tərəfindən bildirilmişdir ki, «Yasamal rayonu Yeni Yasamal yaşayış massivi 7-ci Alatava bina 80, 1-ci blok 6-cı mərtəbəsində yerləşən 30 saylı mənzil müqavilə əsasında mənə məxsusdur. Lakin, artıq bir ildən çoxdur ki, həmin mənzildə mənim iradəm ziddinə Cavabdeh2 ailəsi ilə birlikdə yaşamaqdadır. Həmin mənzildən çıxarılması ilə bağlı iddia tələbim Yasamal rayon Məhkəməsi tərəfindən təmin olunsa da, Cavabdeh2 əsassız şəkildə uzatmaq mənzildə daha çox qalmaq məqsədilə ondan şikayət verməkdə davam edir. Bakı Apellyasiya Məhkəməsi tərəfindən onun apellyasiya şikayəti təmin olunmamış və hazırda iş Ali Məhkəməyə kassasiya şikayəti vermişdir. Aldığı məlumata əsasən Cavabdeh2 mənə məxsus olan həmin mənzildə qazdan qanunsuz şəkildə, kartsız istifadə edir. Sizdən mənə məxsus olan Yasamal rayonu Yeni Yasamal yaşayış massivi 7-ci Alatava bina 80, 1-ci blok 6-cı mərtəbəsində yerləşən 30 saylı mənzilə baxış keçirərək həmin mənzildə qazdan qanunsuz istifadə edilib-edilməməsi məsələsini aydınlaşdırmağınızı, əgər bu cür istifadə varsa qarşısını almağınızı xahiş edirəm». Bundan sonra cavabdeh tərəfin nümayəndələri mənzilə baxış keçirmiş və sayğacın giriş xətti açılaraq rezin boru vasitəsi ilə birbaşa qeyriqanuni olaraq qazdan istifadə halı aşkarlanmışdır. İşin hallarından mübahisəsiz şəkildə göründüyü kimi, onun tərəfindən verilmiş məlumatdan sonra cavabdeh bu pozuntunu aşkarlamışdır. Yənin bunun aşkara çıxarılıb qarşısının alınmasını istəyən onun özü olmuşdur. O, bu cür müraciət etməsə idi bu pozuntu davam edəcəkdi. Hətta, hal-hazırda da davam etməkdədir. Mənzil icra qurumu tərəfindən ona təhvil verilənədək də bu hal davam edəcəkdir və bunun qarşısının alınması onun istəyi, eyni zamanda iradəsi ilə həll olunacaq deyil. Bu, birbaşa cavabdehin səlahiyyətindədir. Cavabdeh tərəfindən həmin mənzildə pozuntu aşkar edilən zaman qarını açan və evi istifadə edən şəxsin kimliyi məlum olsa da, cavabdeh bunu ertməmiş, qanunsuz olaraq onun adına cərimə yazmışdır. Cavabdehin tərtib etdiyi aktdan da göründüyü kimi həmin aktı o deyil, Cavabdeh2 imzalamışdır. Bütün bunlar onu göstərir ki, akt düzgün tərtib olunmamışdır. İddia ərizəsinə əlavə olunan məhkəmə qərarlarından da görünür ki, mənzil onda deyil, Cavabdeh2 istifadəsindədir və o da bu barədə hazırki pozuntu aşkarlanmamışdan əvvəl cavabdehi xəbərdar etmişdir. Cavabdeh bundan məlumatlı olmuş, hətta məktubuna cavab belə vermişdir. Bütün bunlar onu göstərir ki, cavabdehin ondan xx.xx.2022-ci il tarixli akt üzrə tələb etdiyi maddi zərər cavabdehə onun tərəfindən vurulmamış, əksinə o bu cür pozuntu barədə cavabdehi xəbərdar etmişdir. Hesab edir ki, göstərilənlər sübut edir ki, onun ilkin iddiaçıya vurduğu heç bir ziyan məbləği yoxdur, aktda göstərilən pozuntunu edən şəxs də o deyil. Tam əksinə, iş materialları onu deməyə əsas verir ki, iddiaçı bu iddianı ona qarşı qaldırmaqda haqlı olmamış və tərtib etdikləri mübahisəli aktı, eyni zamanda ziyan məbləğini düzgün tərtib etməmişdir. Bu səbəbdən hesab edir ki, cavabdeh tərəfindən tərtib olunmuş ******* saylı akt ləğv olunmalı, cavabdehin istəyinə bağlı olaraq əgər belə bir pozuntu və talama varsa, o da talayan və pozuntunu edən şəxsdən tələb olunmalıdır. İddiaçının nümayəndəsi X3 məhkəmə iclasında ilk iddia tələbini müdafiə etdi, qarşılıqlı iddianı qəbul etmədi, ilk iddia ərizəsinin məzmununa uyğun izahat verdi, məhkəmədən ilk iddianın təmin, qarşılıqlı iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında ilk iddianı qəbul etmədi, qarşılıqlı iddianı müdafiə etdi, qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən ilk iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İlk iddia üzrə Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə Cavabdeh2 iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin və Cavabdeh1 izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, ilk iddia rədd, qarşılıqlı iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Paylayıcı İddiaçı ilə istehlakçı Cavabdeh1 arasında xx.xx.2019-cu il tarixdə bağlanmış qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alğı-satqısı barədə AKX-00984xx/xx-2019 saylı müqavilənin təsdiq edilmiş surətindən görünür ki, paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin etməyi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməyi öhdəsinə götürmüşdür. Abonent Cavabdeh1 paylayıcı İddiaçınə xx.xx.2022-ci il tarixdə ərizə ilə müraciət edərək, özünə məxsus mənzilin başqa şəxs Cavabdeh2 tərəfindən zəbt edildiyini, aralarında məhkəmə çəkişməsi olduğunu, Cavabdeh2 mənzildən çıxmamaq üçün apellyasiya və kassasiya şikayətləri verdiyini, mənzildə qaldığı dövrdə təbii qazdan kartsız, qanunsuz şəkildə istifadə etdiyini bildirmiş və məsələnin araşdırılaraq müvafiq tədbir görülməsini xahiş etmişdir. İddiaçı İB-nin 22 dekabr 2022-ci il tarixli cavab məktubundan görünür ki, Cavabdeh1 müraciəti araşdırılmışdır. Araşdırma zamanı müəyyən olunmuşdur ki, İB-nin nümayəndələri tərəfindən sözügedən ünvana baxış keçirilmiş, baxış zamanı sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadə halı aşkar edilmiş, xx.xx.2022-ci il tarixdə ******* saylı Təbii X2nın pozulması haqqında akt tərtib olunmuş və 29376 m3 həcmində itirilmiş təbii qaza görə 3.525,12 manat məbləğində dəymiş zərər müəyyən edilmişdir. Bakı Regional Qazın Satışı Departamentinə tapşırılmışdır ki, qeyd olunan məsələyə dair istehlakçı ilə qarşılıqlı anlaşmanın əldə edilməsi mümkün olmadığı halda müqavilənin 5.2ci bəndinə əsasən, müvafiq qaydada məhkəməyə müraciət olunması təmin edilsin. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 05 may 2022-ci il tarixli 2(004)-947/2022 saylı qətnaməsindən görünür ki, Cavabdeh1 Cavabdeh2 qarşı «mənzildən çıxarılma və mənzilin təhvil verilməsi» tələbinə dair iddiası qismən təmin edilmiş, Cavabdeh2 azyaşlı övladı X4 ilə birlikdə özlərinə məxsus əşyalarla Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal yaşayış massivi 7-ci Alatava, bina 80, 1-ci blok, 6-cı mərtəbədə yerləşən 30 saylı mənzildən çıxarılması, həmin mənzilin boşaldılaraq Cavabdeh1 təhvil verilməsi qət edilmiş, iddia qalan hissədə rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(103)- 5035/2022 saylı qətnaməsindən görünür ki, Cavabdeh2 apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 05 may 2022-ci il tarixli 2(004)-947/2022 saylı qətnaməsi apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişiklik edilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(102)-6109/2022 saylı qərarından görünür ki, Cavabdeh2 kassasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(103)-5035/2022 saylı qətnaməsi dəyişiklik edilmədən saxlanılmışdır. Yuxarıda sadalanan məhkəmə aktları ilə mübahisəsiz qaydada təsdiq olunur ki, iddiaçının mənzili digər şəxs tərəfindən zəbt olunmuş, qətnamələrdə qeyd olunan vaxtdan başlayaraq iddiaçı deyil, həmin şəxs qanunsuz olaraq istifadə etmişdir. Həmin faktların yenidən mübahisələndirilməsinə yol verilmir. 04 noyabr 2022-ci il tarixli ******* saylı (08 noyabr 2022-ci il tarixdə təsdiq edilmiş) aktdan görünür ki, İddiaçı nümayəndələri abonent Cavabdeh1 məxsus olan, Cavabdeh2 qanunsuz olaraq yaşadığı ünvanda təbii qazın uçotu və TQİQ-ya riayət olunması yoxlanılmışdır. Sayğacın giriş xəttinin açılaraq rezin boru vasitəsi ilə birbaşa qeyri-qanuni olaraq qazdan istifadə halı müəyyən edilmişdir. Dəymiş ziyanın hesablanması barədə tələb göstərilmişdir. «Abonent»in özünü təqdim etmədiyi, aktı imzalamqdan imtina etdiyi qeyd edilmişdir. Dəymiş ziyanın bərpasına dair tələbnamədən və abonentin saldosundan göründüyü kimi, qarşılıqlı iddia üzrə iddiaçıya (istehlakçıya) 3.525,12 manat məbləğində əlavə sərfiyyat hesablanmışdır. Qeyd etmək lazımdır ki, «İstehlakçıların müdafiəsi haqqında» 19 sentyabr 1995-ci il tarixli Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinin tələbinə əsasən dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır. «İstehlakçıların müdafiəsi haqqında» 19 sentyabr 1995-ci il tarixli Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. İşin faktiki hallarından görünür ki, sayğaca müdaxilə edilməsinin və bunun nəticəsində zərər vurulmasının Cavabdeh1 qanunsuz hərəkəti və ya hərəkətsizliyinin nəticəsi olması, zərərin məhz onun təqsiri üzündən baş verməsi, qanunsuz əməllə zərər arasında səbəbli əlaqə müəyyən edilməmişdir. Əksinə, təqdim olunmuş mötəbər sübutlardan görünür ki, sayğaca müdaxilə edilən dövrdə qarşılıqlı iddia üzrə iddiaçı, yəni istehlakçı həmin mənzildə yaşamamış, mənzil digər şəxs tərəfindən zəbt edilmişdir. İşin qeyd edilən halını ilk iddia üzrə iddiaçı müəyyən etməmiş, ilk iddia üzrə iddiaçıya bu barədə zəruri məlumatı mənzili zəbt edilmiş istehlakçı olan ilk iddia üzrə cavabdeh vermişdir. Yoxlama da bundan sonra, məhz abonentin ərizəsinə əsasən aparılmışdır. Bütün bunlara baxmayaraq, İddiaçı vurulması qeyd edilən zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə mənzili zəbt etmiş şəxsə qarşı deyil, heç bir təqsirli hərəkət və ya hərəkətsizliyə yol verməyən ilk iddia üzrə cavabdehə qarşı məhkəməyə müraciət etmişdir. Göründüyü kimi, ilk iddia əsassız olduğundan rədd edilməli, qarşılıqlı iddia əsaslı olmaqla təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «dəymiş maddi ziyanın ödənilməsi» tələbinə dair ilk iddiası rədd edilməli; ilk iddia üzrə ödənilmiş 55,26 manat dövlət rüsumu ilk iddia üzrə iddiaçıya aid edilməli; Cavabdeh1 İddiaçınə qarşı «aktın ləğv olunması və borcun silinməsi» tələbinə dair qarşılıqlı iddiası təmin edilməli; İddiaçı əməkdaşları tərəfindən tərtib edilmiş 04 noyabr 2022-ci il tarixli ******* saylı (08 noyabr 2022-ci il tarixdə təsdiq edilmiş) akt ləğv edilməli, Cavabdeh1 abunə koduna hesablanmış 3.525,12 manat məbləğində əlavə sərfiyyat silinməlidir. İlk iddia üzrə iddiaçıya izah edilməlidir ki, mübahisələndirilən akt mənzili zəbt edərək təbii qazdan qeyri-qanuni istifadə edən şəxs Cavabdeh2 adına tərtib edilmədiyindən, hazırkı mülki iş üzrə ilk iddia tələbinin Cavabdeh2 münasibətdə təmin edilməsi mümkün deyil. İlk iddia üzrə İddiaçı əməkdaşları tərəfindən Cavabdeh2 barədə müvafiq akt tərtib etməklə, bu məhkəmə aktı qanuni qüvvəyə mindikdən sonra hazırki məhkəmə aktına, eləcə də bu iş üzrə preyudisial əhəmiyyət kəsb edən Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(102)-6109/2022 saylı qərarına istinad edərək, dəymiş zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə müvafiq birinci instansiya məhkəməsinə müraciət edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «dəymiş maddi ziyanın ödənilməsi» tələbinə dair ilk iddiası rədd edilsin. İlk iddia üzrə ödənilmiş 55,26 manat dövlət rüsumu ilk iddia üzrə iddiaçıya aid edilsin. Cavabdeh1 İddiaçınə qarşı «aktın ləğv olunması və borcun silinməsi» tələbinə dair qarşılıqlı iddiası təmin edilsin. İddiaçı əməkdaşları tərəfindən tərtib edilmiş 04 noyabr 2022-ci il tarixli ******* saylı (08 noyabr 2022-ci il tarixdə təsdiq edilmiş) akt ləğv edilsin. Cavabdeh1 abunə koduna hesablanmış 3.525,12 manat məbləğində əlavə sərfiyyat silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Kamran Əsədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar