Məhkəmə qərarları › İş №e-2(002)-574/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(002)-574/2025

30.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-574/2025 30.01.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Bağırova Mehriban Yaşar qızının katibliyi ilə, iddiaçı "xxxx" X5 Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbi barədə iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" KB Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı borcun tutulması tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh vərəsədən iddiaçı "xxxx" KB ASC-nin xeyrinə 408,23 manat əsas, 5,59 manat faiz borcu olmaqla, cəmi 413,82 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 30 manat məbləğində vəsaitin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" KB ASC ilə X4 arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən ona istehlak məqsədləri üçün 35 ay müddətinə illik 29 % ödəmək şərtilə 900 manat məbləğində kredit verilmişdir. X1 vəfat etdiyi müəyyən olduğundan tərəflərindən ondan miras qalmış əmlaka dair vərəsəlik işinin açılıb-açılmaması haqqında məlumatın verilməsi ilə bağlı Bakı şəhəri 14 saylı notariat ofisinə müraciət olunmuşdur. Bununla bağlı Bakı şəhəri 14 saylı notariat ofisinin məktubu ilə X2 vəfat etməsi ilə əlaqədar Cavabdeh ərizəsi əsasında vərəsəlik işinin açıldığı və ona qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verildiyi müəyyən edilmişdir. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə "xxxx" KB ASC-nə 408,23 manat əsas, 5,59 manat faiz, cəmi 413,82 manat məbləğində borcu yaranmışdır. Cavabdeh borclunun vərəsəlik hüququ əsasında hüquqlarına sahib olduğu kimi, onun öhdəliklərini də yerinə yetirməyə borcludur. Bu hal bankın cavabdehdən borclunun kreditor qarşısında olan öhdəliklərini tələb etmək hüququnu yaradır. Bu səbəbdən də iddiaçı təşkilat məcburiyyət qarşısında qalaraq iddia tələbi ilə məhkəməyə müraciət etmişdir və iddia tələbinin təmin olunmasını xahiş edir. Cavabdeh Azərbaycan Respublikası MPM-nin 284-5.1 və 284-5.2-ci maddələrinə əsasən ona göndərilmiş rəsmi bildirişlə bağlı müəyyən edilmiş qaydada iddiaya qarşı hər hansı əsaslandırılmış yazılı etiraz bildirməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 284-5-ci maddəsinə əsasən, iddia ərizəsinə təqdim edilmiş sənədlər əsasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab edir. Məhkəmə, iş materiallarında olan sübutları tədqiq edərək belə qənaətə gəlir ki, aşağıdakı əsaslara görə iddia əsaslı hesab edilərək təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2022-ci il tarixli, 12577sİNSH/21 saylı kredit müqaviləsindən və ödəniş cədvəlindən görünür ki, "xxxx" KB ASC ilə X4 arasında bağlanmış həmin kredit müqaviləsinə əsasən iddiaçı təşkilat tərəfindən X3 illik 29% olmaqla 35 ay müddətinə 900 manat kredit verilmişdir. İş materiallarında olan X2 "xxxx" KB ASC-nə olan borcu ilə əlaqədar xx.xx.2024-cü il tarixli maliyyə arayışından və hesabdan çıxarışdan görünür ki, "xxxx" KB ASC ilə X4 arasında bağlanmış 12577sİNSH/21 saylı kredit müqaviləsi üzrə X2 xx.xx.2024-cü il tarixinə 408,23 manat əsas, 5,59 manat faiz borcu olmaqla, cəmi 413,82 manat məbləğində borcu vardır. İş materiallarında olan AZ-İ No 347337 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 30 mart 2023-cü il tarixdə Bakı şəhərində vəfat etmişdir. Bu barədə 3 saylı Bakı Asan Xidmət Mərkəzi Qeydiyyat şöbəsində ölüm haqqında akt qeydləri kitabında qeydiyyat aparılmışdır. İş materiallarında olan Bakı şəhəri 14 saylı notariat ofisi tərəfindən "xxxx" X5 Səhmdar Cəmiyyətinə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubun surətindən görünür ki, xx.xx.2023-cü il tarixdə ölmüş X2 vərəsəsi Bakı şəhəri, Müşfiqabad qəsəbəsi, ünvan 1 ünvanında qeydiyyatda olan xx.xx.1950-ci il təvəllüdlü Cavabdeh adına Bakı şəhəri 14 saylı notariat ofisində xx.xx.2023cü il tarixdə, 2V-271 reyestr nömrəsi və xx.xx.2023-cü il tarixdə 2V-290 reyestr nömrəsi ilə qeydiyyata alınaraq qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Miras əmlak DAEWOO MATİZ minik markalı **-RV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsindən və X2 adına dəfn üçün hesablanmış 1284.81 manatdan ibarət olmuşdur. Məhkəmə mülki iş üzrə sübutlara məcmu halında hüquqi qiymət verərək müəyyən edir ki, iddia əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 743.1-ci maddəsinə əsasən, kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Sadalanan hüquq normalarının tələblərinə əsasən məhkəmə müəyyən edir ki, borclu iddiaçı təşkilatdan aldığı kredit üzrə əsas borcu və faiz borcunu iddiaçıya ödəmək öhdəliyinin daşıyıcısı olmuş, lakin həmin borcu tam ödəmədən vəfat etmişdir. Cavabdeh isə borclunun vərəsəsi kimi miras əmlakı qəbul etmiş, lakin borclunun bank qarşısında olan öhdəliyini yerinə yetirməmişdir, həmçinin qəbul edilmiş miras payının həcmi borc məbləğindən daha çoxdur. Buna görə də əsas borc, faiz borcu tələbləri barədə iddia əsaslı hesab olunmalıdır. Məhkəmə iddianın dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, dövlət rüsumu ilə bağlı tələb də təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək və sadalanan hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220, 284-1 - 284-6, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh 408,23 manat əsas borc, 5,59 manat faiz borcu olmaqla, cəmi 413,82 manat borc pul vəsaiti və dövlət rüsumu olaraq ödənilmiş 30 manat tutularaq iddiaçı "xxxx" KB ASC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar