Məhkəmə qərarları › İş №e-2(002)-702/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(002)-702/2024

30.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-702/2024 30.05.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Aslanova Gülnar Faiq qızının sədrliyi, X2 oğlunun katibliyi ilə, Cavabdeh iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış CP/90778/87/10 nömrəli, xx.xx.2022ci il tarixli kredit müqaviləsinə əsasən, İddiaçı ASC Cavabdeh 59 ay müddətində, 15000 manat məbləğində pul vəsaitini kredit verməyi, borcalan Cavabdeh isə müqaviləyə əsasən krediti qəbul etməyi, müqavilədə göstərilən müddətdə və qaydada krediti və ona hesablanmış faizləri borc verənə qaytarmağı öhdəsinə götürür. Kreditin məqsədi qalıq kredit borcunun ödənilməsi olmuşdur.

2. Həmin kredit müqaviləsi üzrə ödəniş cədvəlinə əsasən, Cavabdeh 59 ay 426.71 manat məbləğində ödəniş etməklə, ümumi 15000 manat məbləğində əsas borcu ödəməyi öhdəsinə götürmüşdür.

3. 29 dekabr 2023-cü il tarixli maliyyə arayışına əsasən, Cavabdeh xx.xx.2022-ci il tarixli CP/90778/87/10 nömrəli kredit müqaviləsinə əsasən, banka 14132.59 manat əsas borc, 2555.49 manat faiz borc, 282.94 manat cərimə borcu vardır.

4. İddiaçı ASC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2023-ci il tarixli bildiriş məktubunda göstərilmişdir ki, müqaviləyə əsasən onun Banka 14132.59 manat əsas borcu, 2049.81 manat faiz borcu və 282.94 manat məbləğində cərimə borcu vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Yuxarıda qeyd olunanlara əsasən onunla bağlanmış kredit müqaviləsi birtərəfli qaydada ləğv edilir və kredit borcunun dərhal ödənilməsi ondan tələb edilir. Əks təqdirdə borc tələbi ilə bağlı məhkəməyə müraciət olunaraq, borcdan əlavə məhkəmə və icra xərcləridə ondan tutulacaqdır. İddia tələbi

5. İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh İddiaçı ASC-nin xeyrinə 14132.59 manat məbləğində əsas borcun, 2555.49 manat məbləğində faiz borcunun, 282.94 manat məbləğində cərimə borcunun, cəmi 16971.02 manat borcun və 142 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddia ərizəsi belə əsaslandırılmışdır ki, Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2022-ci il tarixli Nağd pul layihəsi müqaviləsinə əsasən bank Borcluya 59 ay müddətinə, illik 23% olmaqla 15000 manat məbləğində kredit vermişdir. Hazırda cavabdeh “Ödəniş cədvəli”nə əsasən ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınır və beləliklə kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. Kredit müqaviləsinə əsasən kredit alan pul öhdəliklərinin icrasını gecikdirdikdə bank pul öhdəliyinin vaxtından əvvəl icrasını tələb edə bilər. İddia ərizəsinə tələbimizin sübutu kimi kredit müqaviləsi, ödəniş cədvəli, pulun kredit alana verilməsini təsdiq edən sənəd (kassa məxaric orderi), kredit alanın şəxsiyyətini təsdiq edən sənədin surəti, borc barədə maliyyə arayışı, iddia ərizəsini imzalayan bankın nümayəndəsinin buna səlahiyyəti olması barədə etibarnaməsi, bankın əməkdaşı olması barədə əmək kitabçasından çıxarış, bankın sədrinin həqiqətən hazırda sədri olması barədə Vergilər Nazirliyinin “hüquqi şəxslərin qeydiyyatı barədə reyestr”dən çıxarış əlavə edilmişdir. Bütün bunları nəzərə alaraq, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir.

7. İddiaçı tələbin hüququ əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 443.1, 445.1, 445.2.1, 449.4, 741-ci maddələrinə istinad etmişdir.

8. İddia tələbinə etiraz və qarşılıqlı iddia verilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları

9. İddiaçı ASC məhkəmədə tədqiq olunan sübutlarla razı olduqlarını, məhkəmə iclaslarının bankın nümayəndəsinin iştirakı olmadan keçirilməsi və iddianın təmin edilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir.

10. Cavabdeh məhkəmə iclasında iştirak edərək, iddia tələbini qəbul etmədiyini, sonuncu dəfə banka borcundan 15 mart 2023-cü ildə ödəniş etdiyini, daha sonralar ödəniş etmədiyini bildirmiş, maddi vəziyyəti ilə əlaqədar borcu ödəyə bilmədiyini qeyd etmişdir. Məhkəmənin mövqeyi: a) İddia tələbinin qanuni əsası Azərbaycan Respublikasının Mülki Məcəlləsinin:

11. 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür.

12. 743.1-ci maddəsinə əsasən, kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər.

13. 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.

14. 424.2-ci maddəsinə əsasən, müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir.

15. 424.3-cü maddəsinə əsasən, müqavilə dəyişdirilərkən və ya ləğv edilərkən, əgər tərəflərin razılaşmasından və müqavilənin dəyişdirilməsi xarakterindən ayrı qayda irəli gəlmirsə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında tərəflərin razılaşmasının bağlandığı andan, müqavilə məhkəmə qaydasında dəyişdirildikdə və ya ləğv edildikdə isə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi andan öhdəliklər dəyişdirilmiş və ya xətm edilmiş sayılır.

16. 428.4-cü maddəsinə əsasən öhdəliyin icrası üçün borclunun xeyrinə hər hansı müddət təyin edildikdə, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor dərhal icranı tələb edə bilər.

17. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

18. 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.

19. 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.

20. 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər.

21. 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

22. 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir.

23. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır.

24. 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;

25. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

26. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;

27. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.

28. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

29. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

30. 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli Qərarı:

31. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. b) Əsaslandırma

32. İddia əsaslıdır.

33. Belə ki, işin mübahisəsiz halları bundan ibarətdir ki, İddiaçı ASC ilə Cavabdeh arasında kredit müqaviləsi bağlanmışdır, həmin müqavilə etibarlıdır. İddiaçı bank tərəfindən müqaviləyə əsasən cavabdehə 15000 manat kredit verilmiş, cavabdeh qeyd edilən məbləğdə kredit məbləğini 59 ay müddətində illik 23 faiz dərəcəsi ilə iddiaçı banka hər ay 426.71 manat ödəniş etməklə qaytarmağı öhdəsinə götürmüşdür. İşdə olan sənədlərdən aydın olur ki, cavabdeh öhdəliyi icra etməmiş, iddiaçıya olan qalıq kredit borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Bununla da müqavilənin şərtlərini pozmuşdur. Həmçinin, cavabdeh tərəfindən iddia tələbinə dair heç bir etiraz və etirazın əsaslarına dair heç bir sübut məhkəməyə təqdim edilməmişdir.

34. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, borcluya ünvanlanmış pretenziya məktubunda müqavilənin birtərəfli qaydada xitamı nəzərdə tutulmuşdur. Bu səbəbdən, iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 9/1215 nömrəli ekspert rəyindən görünür ki, Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, hesabdan çıxarış məlumatları və "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, CP/90778/87/10 nömrəli kredit müqaviləsinin qeyd olunan şərtlərini nəzərə almaqla Cavabdeh banka olan borcu aşağıdakı kimi, müəyyən olunur: o cümlədən; xx.xx.2023-cü il tarixli pretenziya məktubu tarixinə yaranmış borc üzrə 14112.63 manat əsas borc, 2046.72 manat faiz borcu, cəmi 16159.35 manat. Məhkəmə ekspert rəyini işdə olan sənədlərlə birlikdə qiymətləndirərək mötəbər sübut kimi qəbul edir.

35. Məhkəmə adı çəkilən Plenum Qərarının tələblərini nəzərə alaraq qeyd edir ki, həmin pretenziya məktubunda kreditor bankın iradə ifadəsi müqavilənin ləğvi barədə olduğundan, pretenziya məktubunun göndərilməsi tarixindən tərəflər arasında bağlanmış müqavilə ləğv edilmiş hesab edilməlidir.

36. Odur ki, məhkəmə qeyd edilən halları eləcə də cavabdeh tərəfindən iddia tələbinə dair heç bir etiraz və etirazın əsaslarına dair heç bir sübutun məhkəməyə təqdim edilməməsini və cavabdehin kredit müqaviləsi üzrə yaranmış borcunun aşkar olduğunu nəzərə alaraq hesab edir ki, tərəflər arasında bağlanmış müqavilə üzrə pretenziya məktubu tarixində olan borc məbləği iddia ərizəsində göstərilən məbləğlərdən az olduğuna, əsas borc üzrə 14112.63 manat, faiz borcu üzrə 2046.72 manat həddində iddia tələbi qismən təmin edilməlidir.

37. Məhkəmə qeyd edilən halları əsas götürərək, cavabdehin kredit müqaviləsi üzrə yaranmış borcunun aşkar olmasını nəzərə alıb hesab edir ki, iddia tələbi əsaslı olduğundan qismən təmin olunmalıdır.

38. İddia tələbinin borca görə hesablanmış cərimə ilə bağlı hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, mülki hüquq məsuliyyəti tədbiri kimi dəbbə pulu borclunun öz öhdəliklərini təqsirli icra etməməsi nəticəsində tətbiq olunur, dəbbə pulu öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi nəticəsində kreditora dəymiş zərərin miqdarından asılı olmayaraq ödənilməli olan müəyyən pul məbləğidir.

39. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.

40. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.

41. Məhkəmə göstərilənləri nəzərə alaraq hesab edir ki, bank tərəfindən borcluya cərimə hesablanması üçün əsaslar yaranmış, lakin iddiaçı tələb irəli sürərkən cərimə borcunun məbləğini (282.94 manat) tənasübsüz surətdə yüksək müəyyən etmişdir. Məhkəmə hesab edir ki, 30 məbləğində cərimə borcunun tutulması ədalətli olmaqla yanaşı, kreditorun həm əmlak mənafelərini, həm də bütün əsaslı mənafelərini pozmur. Ona görə də, iddia tələbi cərimə borcunun tutulması hissəsində qismən təmin edilməlidir. Məhkəmə xərcləri

42. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0-cı maddəsinə görə, işə baxılması ilə əlaqədar məsrəflərə aşağıdakılar daxildir: 115.0.1. şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.

43. İş materiallarından görünür ki, iddiaçı tərəfindən iddianın qiymətinə uyğun olaraq 142 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Bu halda məhkəmə hesab edir ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 142 manat dövlət rüsumunun iddia tələbinin təmin edilmiş hissəsinə uyğun olan 138.57 manat hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qalan hissədə isə iddiaçıya aid edilməli, eyni zamanda iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 manat məsrəfin iddianın təmin edilmiş hissəsinə uyğun olaraq 90 manat hissəsi isə cavabdehdən, 10 manat hissəsi iddiaçıdan tutularaq dövlət büdcəsinə ödənilməlidir. Nəticə

44. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh borclu olduğu 14112.63 manat məbləğində əsas borc, 2046.72 manat faiz borc, 30 manat cərimə borcu olmaqla, cəmi 16189.35 manat pul vəsaiti və 138.57 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməli, ekspertiza tədqiqatının dəyəri olaraq 100 manat məbləğində işə baxılması ilə əlaqədar məsrəfin 10 manat hissəsi İddiaçı ASC, 90 manat hissəsi Cavabdeh tutularaq dövlət büdcəsinə köçürülməlidir.

45. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq

QƏT ETDİ:

İddia qismən təmin edilsin. Cavabdeh 14112.63 manat məbləğində əsas borc, 2046.72 manat faiz borc, 30 manat cərimə borcu olmaqla, cəmi 16189.35 manat pul vəsaiti və 138.57 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan, 100 manat məsrəfin 10 manat hissəsi İddiaçı ASC-dən, 90 manat hissəsi Cavabdeh tutularaq dövlət büdcəsinə (Büdcə təsnifatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3; X1, VÖEN **********; Müxbir hesab: AZ41NABZ********************; SWİFT BİK CTREAZ22; MEM VÖEN **********; Hesab AZ34CTRE********************) köçürülsün. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, elektron qaydada, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Gülnar Aslanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar