Məhkəmə qərarları › İş №e-2(002)-71/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(002)-71/2024

17.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-71/2024 17.12.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı «kreditin, ona hesablanmış faiz və cərimənin qaytarılması» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı «kreditin, ona hesablanmış faiz və cərimənin qaytarılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 498 manat məbləğində əsas borc, 423,3 manat məbləğində faiz-komisyon haqqı, 9,2 manat məbləğində cərimə olmaqla, cəmi 930,5 manat pul vəsaiti və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun Cavabdeh İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC iddia ərizəsini onunla əsaslandırmışlar ki, Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2012-ci il tarixli BAL013961/12 saylı kredit kartı üzrə bank hesabı müqaviləsinə əsasən bank cavabdehə xx.xx.2020-ci il tarixə kimi istifadə edilmək şərtilə 800 manat məbləğində kredit (kart) vermişdir. Hazırda cavabdeh istifadə edilmiş müvafiq məbləğ(lər)i istifadə zamanı seçilmiş ödəniş növünə uyğun olaraq 1, 6 və ya 12 ay ərzində kredit xəttindən istifadə edilmə tarixindən sonrakı növbəti təqvim ayının ilk 10 günü müddətində bərabər hissələrlə olmaqla ödəməli olduğu krediti banka ödəməkdən yayınır və beləliklə kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir və istifadə edilmiş məbləğin qalıq hissəsinə aylıq 2.5 faiz hesabı ilə komisyon haqq hesablanır. Hesablanmış komisyon haqq hər növbəti təqvim ayının 10-dək ödənilmədikdə gecikdirilmiş kredit yaranır. Borclunun banka olan borcu hələ də ödənilməmiş qalır. Müqaviləyə əsasən müəyyən edilən müddətlər kredit alan tərəfindən gecikdirildikdə, habelə icra edilmədikdə və ya lazımınca icra edilmədikdə bank pul öhdəliyinin vaxtından əvvəl icrasını tələb edə bilər. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etmədi və izahatında bildirdi ki, iddiaçı tərəfindən iddia müddəti ötürülüb. Bu səbəbdən, iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddianı qəbul etmədi, iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim etdi və izahatında bildirdi ki, iddiaçı tərəfindən iddia müddəti ötürülmüşdür. Bu səbəbdən, iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsinin, cavabdehin və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2012-ci il tarixli BAL013961/12 saylı kredit kartı üzrə bank hesabı müqaviləsinə əsasən bank tərəfindən borcluya müqavilə şərtlərinə əsasən 800 manat məbləğində kredit (kart) verilmişdir. xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, tərəflər arasında bağlanmış xx.xx.2012-ci il tarixli, BAL013961/12 saylı kredit kartı üzrə bank hesabı müqaviləsi üzrə Cavabdeh 498 manat məbləğində əsas borc, 423,3 manat məbləğində faiz-komisyon haqqı, 9,2 manat məbləğində cərimə olmaqla, cəmi 930,5 manat borcunun olduğu qeyd edilmişdir. İddiaçı həmin kredit müqaviləsinə və maliyyə arayışına istinad edərək, «kreditin, ona hesablanmış faiz və cərimənin qaytarılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə xx.xx.2023cü il tarixdə müraciət etmişdir. Məhkəmə tərəfindən işə obyektiv şəkildə baxılması üçün məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, ekspert qarşısında cavablandırılması zəruri olan suallar qoyulmuşdur. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 9/6842 saylı ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan hesabdan çıxarış məlumatları və tərəflər arasında bağlanmış 24 iyul 2012-ci il tarixli BAL013961/12 saylı kredit kartı üzrə bank hesabı müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh İddiaçı ASC-yə iddia ərizəsinin tarixinə, yəni xx.xx.2023-cü il tarixə olan borcu 571,85 manat məbləğində müəyyən, o cümlədən: əsas borc üzrə – 492,44 manat, komisyon haqqı üzrə – 79,41 manat. Qeyd: Hazırki ekspertiza tədqiqatı zamanı tərəflər arasında imzalanmış 24 iyul 2012-ci il tarixli BAL013961/12 saylı kredit kartı üzrə bank hesabı müqaviləsinin 6.2-ci bəndində cərimə nəzərdə tutulsa da, bank tərəfindən təqdim edilən sənədlərdə cərimənin hesablanması ilə əlaqədar məlumat (cərimə hesabı üzrə çıxarış) olmadığı üçün Cavabdeh cərimə borcu hesablanmadı. Aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən bir şəxsdən hər hansı bir hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Mülki Məcəllənin 373.1-ci maddəsinə əsasən ümumi iddia müddəti on ildir. Mülki Məcəllənin 373.2-ci maddsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Mülki Məcəllənin 376-cı maddəsinə əsasən əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər üzrə də iddia müddəti keçir. Mülki Məcəllənin 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Təqdim olunmuş sənədlərdən göründüyü kimi, iddiaçı tərəfindən iddia müddəti ötürülmüşdür. Belə ki, xx.xx.2012-ci il tarixli kredit kartı üzrə bank hesabı müqaviləsindən göründüyü kimi, kartın istifadə müddəti bu müqavilə imzalandığı vaxtdan 30 aprel 2015-ci il tarixədək müəyyən edilmişdir. Hesabdan çıxarış məlumatlarından isə görünür ki, cavabdeh tərəfindən kredit müqaviləsi üzrə son ödəniş 19 yanvar 2018-ci il tarixdə icra edilmişdir. İddiaçının məhkəməyə təqdim etdiyi iddia ərizəsində də qeyd olunmuşdur ki, BAL013961/12 saylı kredit kartı üzrə bank hesabı müqaviləsinə əsasən bank cavabdehə xx.xx.2020-ci il tarixə kimi istifadə edilmək şərtilə 800 manat məbləğində kredit (kart) vermişdir. İddia müddətinin axımını müəyyən edən işin yuxarıda sadalanan faktiki hallarından görünür ki, iddiaçı vaxtında iddia ərizəsi ilə məhkəməyə müraciət etməmiş, qanunla müəyyən olunmuş iddia müddətini üzürsüz səbəbdən ötürmüş, iddia müddəti başa çatdıqdan xeyli sonra iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, iddia müddətinin tətbiq edilməsi barədə məhkəməyə yazılı müraciət təqdim edildiyindən, hazırkı iş üzrə iddia müddəti keçdiyindən, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməlidir. Ödəniş qəbzindən görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı ASC-nin Cavabdeh qarşı «kreditin, ona hesablanmış faiz və cərimənin qaytarılması» tələbinə dair iddiası iddia müddəti tətbiq edilməklə rədd edilməlidir. Ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Aparılmış tədqiqatın dəyəri olan 100 manat pul vəsaiti İddiaçı ASC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı ASC-nin Cavabdeh qarşı «kreditin, ona hesablanmış faiz və cərimənin qaytarılması» tələbinə dair iddiası iddia müddəti tətbiq edilməklə rədd edilsin. Ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Aparılmış tədqiqatın dəyəri olan 100 manat pul vəsaiti İddiaçı ASC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə («Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Kamran Əsədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar