Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-716/2022 31.05.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı «borcun tutulması» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı «borcun tutulması» tələbinə dair iddia ərizəsi ilə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında məhkəməyə müraciət edərək, 22.05.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alğı-satqı müqaviləsi üzrə 30.12.2021-ci il tarixə yaranmış 658 manat 80 qəpik əsas borc, 98 manat 80 qəpik cərimə olmaqla, ümumilikdə 757 manat 60 qəpik pul vəsaiti və ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəməyə etiraz ərizəsi ilə müraciət edərək, iddia tələbinə etiraz etdiyini bildirmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 11 fevral 2022-ci il tarixli, e-2(002)- 716/2022 saylı qərardadı ilə mübahisəyə ümumi iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddiaçı "xxxx" MMC iddia ərizəsini onunla əsaslandırmışdır ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 22.05.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alğısatqı müqaviləsinə əsasən, sonuncu, aldığı «Samsung A415» markalı mobil telefona görə 6 ay ödəniş cədvəli üzrə hər ay 110 manat olmaqla, cəmi 658 manat 80 qəpik ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilənin şərtlərini pozaraq, 22.05.2021-ci il tarixli müqavilə üzrə heç ödəniş etməmiş və qalıq qalmış 658 manat 80 qəpik borcu qaytarmamışdır. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, borclu borcu ödəməkdən boyun qaçırır. Nisyə alğı-satqı müqaviləsinin 1 saylı əlavəsinin şərtlərinə uyğun olaraq, gecikdirilən borc məbləğinin 1 % dərəcəsi ilə (minimum 50 qəpik) gündəlik dəbbə hesablanır və alıcı tərəfindən satıcıya ödənilir. Bildirirlər ki, cavabdehin gecikdirdiyi günlərin faktiki cərimə borcu 988 manat təşkil edir. Cavabdehin müqavilə üzrə hər bir günə görə hesablanmış cərimə məbləğinin miqdarı 988 manat təşkil etdiyi halda, humanizm prinsipinə əsaslanaraq həmin cərimə məbləğinin 90 %-i iddiaçı tərəfindən güzəşt edilmişdir və cavabdeh tərəfindən cərimə məbləğinin 10 %-i, yəni 98 manat 80 qəpik "xxxx" MMC-yə ödənilməlidir. Beləliklə, cavabdehin 30.12.2021-ci il tarixədək "xxxx" MMCyə olan borcu 658 manat 80 qəpik əsas borc, 98 manat 80 qəpik cərimə olmaqla, cəmi 757 manat 60 qəpik təşkil etmişdir. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etmədi və izahatında bildirdi ki, iddia ərizəsində məlumatlar tam, dolğun göstərilməmişdir. 22 may 2021-ci il tarixdə "xxxx" MMC-dən 33 manat ilkin ödəniş edərək, 6 aylıq olmaqla kreditə «Samsung A415» (Black) modelli mobil telefon almışdır. Sonradan telefonu bəyənmədiyi üçün 14 gün tamam olmamış mağazaya geri qaytarmışdır. Mağazada isə telefonu geri götürməkdən imtina etmişlər. O isə öz növbəsində telefonu mağazadan götürməmiş, 14 gün ərzində telefonu geri qaytarmaq hüququnun olduğunu bildirmişdir. Telefon hal-hazırda "xxxx" MMC-dədir. Buna baxmayaraq, ondan aylıq ödəniş tələb edirlər. Ona görə də, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, Cavabdeh "xxxx" MMC-dən dəyərini müqavilə şərtlərinə uyğun olaraq hissə-hissə ödəmək şərti ilə 22.05.2021-ci il tarixli ********* saylı nisyə alğı-satqı müqaviləsinə əsasən «Samsung A415» (Black) markalı mobil telefon almışdır. Müqavilə şərtlərinə görə cavabdeh alınmış əşyaya görə 5 ay ərzində hər ay 110 manat, 6-cı ay 108 manat 80 qəpik olmaqla, cəmi 658 manat 80 qəpik ödəniş etməli idi. Maliyyə arayışından görünür ki, 30.12.2021-ci il tarixə cavabdehin iddiaçıya 658 manat 80 qəpik əsas borcunun mövcud olması, həmçinin dəbbə pulu məbləğinin 988 manat təşkil etməsi qeyd olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 328.1-ci maddəsinin tələbinə görə, əgər tərəflər hüquq və vəzifələrin əmələ gəlməsini baş verib-verməyəcəyi məlum olmayan hallardan asılı etmişlərsə, əqd şərtlə bağlanmış sayılır. Həmin Məcəllənin 600.1-ci maddəsinin tələbinə görə, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinin tələbinə görə, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra emədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İş materiallarında olan sənədlərdən göründüyü kimi, Cavabdeh iddiaçı "xxxx" MMCdən yuxarıda qeyd olunan müqaviləyə əsasən dəyərini hissə-hissə ödəmək şərti ilə mobil telefon almış, lakin ödənişləri vaxtı-vaxtında və tam həcmdə yerinə yetirməyərək, öhdəliklərini icra etməmiş, nəticədə iddiaçıya borcu yaranmışdır. İddiaçı əsas borca cərimə məbləği hesablayaraq, əsas borcun və cərimənin cavabdehdən ödənilməsini tələb etmişdir. Xəbərdarlıqdan görünür ki, "xxxx" MMC pretenziya qaydasına riayət edərək, Cavabdeh borcu ödəməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə onu xəbərdar etmişdir. Cavabdeh iddiaya etirazını onunla əsaslandırır ki, aldığı telefonu bəyənməyərək 14 gün bitməmiş mağazaya qaytarmış, lakin mağazada telefonu qəbul etməkdən imtina etmişlər, telefon hələ də iddiaçıdadır, telefonu götürməmişdir. Məhkəmə cavabdehin iddiaya etirazda qeyd etdikləri ilə bağlı vurğulayır ki, iş materiallarına əlavə olunmuş sənədlərdə olan məlumatlara əsasən, cavabdehə nisyə alğısatqı müqaviləsinə əsasən əşya satılarkən, cavabdehə əmtəə görünüşündə qüsur olmayan, saz vəziyyətdə mobil telefon təqdim olunmuşdur. Cavabdeh 02 iyun 2021-ci il tarixdə həmin telefonu – donma olması, məhsulun qane etməməsi, qaytarmaq istəməsi, özünə başqa mobil telefon alması adı ilə Texniki Servis mərkəzinə müraciət etmişdir. Texniki Servis mərkəzində həmin cihaz yoxlanılmış, hər hansı qüsur, maye təsiri, fiziki zədə təsiri aşkar edilməmişdir. Lakin arxa qapaqda, karkasda cızıqlar, ləkələr müşahidə olunmuşdur. Cihazın əmtəə görünüşü pozulduğuna görə cihazın dəyişilməsi və ya qaytarılmasının mümkün olmaması qeyd edilmişdir. Göründüyü kimi, cavabdehin etirazda qeyd etdikləri subyektiv mülahizələri olmaqla, iddianın rədd edilməsi üçün əsas deyil. Ödəniş tapşırığından görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, 22.05.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alğı-satqı müqaviləsi üzrə 30.12.2021-ci il tarixə yaranmış 658 manat 80 qəpik əsas borc, 98 manat 80 qəpik cərimə olmaqla, ümumilikdə 757 manat 60 qəpik pul vəsaiti və ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 22.05.2021-ci il tarixli, ********* saylı müddətli (nisyə) alğı-satqı müqaviləsi üzrə 30.12.2021-ci il tarixə yaranmış 658 manat 80 qəpik əsas borc, 98 manat 80 qəpik cərimə olmaqla, ümumilikdə 757 manat 60 qəpik pul vəsaiti və ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Kamran Əsədov
Məhkəmə qərarları › İş №e-2(002)-716/2022
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(002)-716/2022
31.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver