Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-719/2024 13.03.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Aslanova Gülnar Faiq qızının sədrliyi, X1 oğlunun katibliyi, İddiaçı ASC-Nin Cavabdeh qarşı kreditin, ona hesablanmış faiz və cərimənin qaytarılması tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış CC/89552/85 nömrəli, xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən, İddiaçı ASC Cavabdeh 36 ay müddətində, 10000 manat məbləğində pul vəsaitini kredit verməyi, borcalan Cavabdeh isə müqaviləyə əsasən krediti qəbul etməyi, müqavilədə göstərilən müddətdə və qaydada krediti və ona hesablanmış faizləri borc verənə qaytarmağı öhdəsinə götürür. Kreditin məqsədi qalıq kredit borcunun ödənilməsi olmuşdur.
2. Həmin kredit müqaviləsi üzrə ödəniş cədvəlinə əsasən, Cavabdeh 36 ay 381.90 manat məbləğində ödəniş etməklə, ümumi 10000 manat məbləğində əsas borcu ödəməyi öhdəsinə götürmüşdür.
3. 29 dekabr 2023-cü il tarixli maliyyə arayışına əsasən, Cavabdeh xx.xx.2022-ci il tarixli CC/89552/85 nömrəli kredit müqaviləsinə əsasən, banka 7745.49 manat əsas borc, 1469.4 manat faiz borc, 344.19 manat cərimə borcu vardır.
4. İddiaçı ASC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2023-ci il tarixli bildiriş məktubunda göstərilmişdir ki, müqaviləyə əsasən onun Banka 7745.49 manat əsas borcu, 1203.96 manat faiz borcu və 344.19 manat məbləğində cərimə borcu vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Yuxarıda qeyd olunanlara əsasən onunla bağlanmış kredit müqaviləsi birtərəfli qaydada ləğv edilir və kredit borcunun dərhal ödənilməsi ondan tələb edilir. Əks təqdirdə borc tələbi ilə bağlı məhkəməyə müraciət olunaraq, borcdan əlavə məhkəmə və icra xərcləridə ondan tutulacaqdır. İddia tələbi
5. İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh İddiaçı ASC-nin xeyrinə 7745.49 manat məbləğində əsas borcun, 1469.4 manat məbləğində faiz borcunun, 344.19 manat məbləğində cərimə borcunun, cəmi 9559.08 manat borcun və 117 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddia ərizəsi belə əsaslandırılmışdır ki, Borcluya 36 ay müddətinə, illik 22% olmaqla 10000 manat məbləğində kredit vermişdir. Hazırda cavabdeh “Ödəniş cədvəli”nə əsasən ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınır və beləliklə kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. Kredit müqaviləsinə əsasən kredit alan pul öhdəliklərinin icrasını gecikdirdikdə bank pul öhdəliyinin vaxtından əvvəl icrasını tələb edə bilər. İddia ərizəsinə tələbimizin sübutu kimi kredit müqaviləsi, ödəniş cədvəli, pulun kredit alana verilməsini təsdiq edən sənəd (kassa məxaric orderi), kredit alanın şəxsiyyətini təsdiq edən sənədin surəti, borc barədə maliyyə arayışı, iddia ərizəsini imzalayan bankın nümayəndəsinin buna səlahiyyəti olması barədə etibarnaməsi, bankın əməkdaşı olması barədə əmək kitabçasından çıxarış, bankın sədrinin həqiqətən hazırda sədri olması barədə Vergilər Nazirliyinin “hüquqi şəxslərin qeydiyyatı barədə reyestr”dən çıxarış əlavə edilmişdir.
7. İddiaçı tələbin hüququ əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.2.1, 442, 385, 448, 428.4, 449.4, 465.2, 119.1-ci maddələrinə istinad etmişdir.
8. İddia tələbinə etiraz və qarşılıqlı iddia verilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları
9. İddiaçı ASC tərəfindən məhkəməyə elektron ərizə ünvanlanaraq məhkəmə iclaslarının bankın nümayəndəsinin iştirakı olmadan keçirilməsi xahiş edilmişdir.
10. Cavabdehə məhkəmə baxış iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tələbin qanuni əsası Azərbaycan Respublikasının Mülki Məcəlləsi
11. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
12. 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
13. 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.
14. 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.
15. 424.2-ci maddəsinə əsasən, müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir.
17. 424.3-cü maddəsinə əsasən, müqavilə dəyişdirilərkən və ya ləğv edilərkən, əgər tərəflərin razılaşmasından və müqavilənin dəyişdirilməsi xarakterindən ayrı qayda irəli gəlmirsə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında tərəflərin razılaşmasının bağlandığı andan, müqavilə məhkəmə qaydasında dəyişdirildikdə və ya ləğv edildikdə isə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi andan öhdəliklər dəyişdirilmiş və ya xətm edilmiş sayılır.
18. 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
19. 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.
20. 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
21. 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər.
22. 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
23. 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir.
24. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır.
25. 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;
26. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
27. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;
28. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
29. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
30. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
31. 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. b) Əsaslandırma
32. İddia qismən əsaslıdır.
33. İşin mübahisəsiz halları bundan ibarətdir ki, İddiaçı ASC ilə Cavabdeh arasında kredit müqaviləsi bağlanmışdır, həmin müqavilə etibarlıdır. İddiaçı bank tərəfindən müqaviləyə əsasən cavabdehə 6100 manat kredit verilmiş, cavabdeh qeyd edilən məbləğdə kredit məbləğini 36 ay müddətində illik 22 faiz dərəcəsi ilə iddiaçı banka hər ay 381.90 manat ödəniş etməklə qaytarmağı öhdəsinə götürmüşdür. Lakin cavabdeh öhdəliyi icra etməmiş, iddiaçıya olan qalıq kredit borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Bununla da müqavilənin şərtlərini pozmuşdur. Cavabdeh tərəfindən müqavilə öhdəliklərinin pozulmamasına dair sübutlar məhkəməyə təqdim edilməmişdir.
34. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli Qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır.
35. Məhkəmə yuxarıda adı çəkilən Plenum Qərarının tələblərini nəzərə alaraq qeyd edir ki, bank tərəfindən borcluya ünvanlanmış xx.xx.2023-cü il tarixli pretenziya məktubunda kreditorun iradə ifadəsi müqavilənin ləğvi barədə olmuş və tərəflər arasında bağlanmış xx.xx.2022-cü il tarixli müqavilə üzrə yaranmış 7745.49 manat əsas, 1203.96 manat faiz, 344.19 manat cərimə olmaqla, cəmi 9293.64 manat borcunun ödənilməsi tələb edilmişdir. Göründüyü kimi həmin pretenziya məktubunda kreditor bankın iradə ifadəsi müqavilə üzrə yaranmış gecikmə məbləğinin deyil, bütün borcun tutulması və müqavilənin ləğvi ilə bağlı olduğundan, məhkəmə hesab edir ki, pretenziya məktubunun göndərilməsi tarixindən tərəflər arasında bağlanmış müqavilə ləğv edilmiş hesab edilməlidir.
36. Odur ki, məhkəmə qeyd edilən halları və Mülki Məcəllənin 424.3-cü maddəsinə əsasən müqavilənin ləğv edilməsi haqqında tərəflərin razılaşmasının bağlandığı andan öhdəliklər xətm edilmiş sayılmasını əsas götürərək, eləcə də cavabdeh tərəfindən iddia tələbinə dair heç bir etiraz və etirazın əsaslarına dair heç bir sübutun məhkəməyə təqdim edilməməsini və cavabdehin kredit müqaviləsi üzrə yaranmış borcunun aşkar olduğunu nəzərə alaraq hesab edir ki, tərəflər arasında bağlanmış müqavilə üzrə pretenziya məktubunda göstərilən məbləğlər, yəni 7745.49 manat əsas, 1203.96 manat faiz borcu həddində iddia tələbi qismən təmin edilməlidir.
37. İddia tələbinin borca görə hesablanmış cərimə ilə bağlı hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, mülki hüquq məsuliyyəti tədbiri kimi dəbbə pulu borclunun öz öhdəliklərini təqsirli icra etməməsi nəticəsində tətbiq olunur, dəbbə pulu öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi nəticəsində kreditora dəymiş zərərin miqdarından asılı olmayaraq ödənilməli olan müəyyən pul məbləğidir.
38. İddia tələbinin borca görə hesablanmış cərimə ilə bağlı hissəsinə münasibətdə qeyd edir ki, mülki hüquq məsuliyyəti tədbiri kimi dəbbə pulu borclunun öz öhdəliklərini təqsirli icra etməməsi nəticəsində tətbiq olunur, dəbbə pulu öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi nəticəsində kreditora dəymiş zərərin miqdarından asılı olmayaraq ödənilməli olan müəyyən pul məbləğidir.
39. Məhkəmə göstərilənləri nəzərə alaraq hesab edir ki, bank tərəfindən borcluya cərimə hesablanması üçün əsaslar yaranmış, lakin iddiaçı tələb irəli sürərkən cərimə borcunun məbləğini (344.19 manat) tənasübsüz surətdə yüksək müəyyən etmişdir. Məhkəmə hesab edir ki, 100 manat məbləğində cərimə borcunun tutulması ədalətli olmaqla yanaşı, kreditorun həm əmlak və əsaslı mənafelərini pozmur. Ona görə də, məhkəmə Mülki Məcəllənin 467-ci maddəsinə əsasən hesab edir ki, iddia tələbi cərimə borcunun tutulması hissəsində qismən təmin edilməlidir.
40. Bundan əlavə, iş materiallarından görünür ki, iddiaçı tərəfindən 117 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Bu halda məhkəmə hesab edir ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 117 manat dövlət rüsumunun iddia tələbinin təmin edilmiş hissəsinə uyğun olan 110.5 manat hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qalan hissədə isə iddiaçıya aid edilməlidir.
41. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, iddia qismən təmin edilməli, Cavabdeh 7745.49 manat məbləğində əsas borc, 1203.96 manat məbləğində faiz borcu, 100 manat məbləğində cərimə borcu olmaqla, cəmi 9049.45 manat məbləğində borc və ödənilmiş 110.5 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.
42. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq
QƏT ETDİ:
İddia qismən təmin edilsin. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə Cavabdeh 7745.49 manat məbləğində əsas borc, 1203.96 manat məbləğində faiz borcu, 100 manat məbləğində cərimə borcu olmaqla, cəmi 9049.45 manat məbləğində pul vəsaiti və ödənilmiş 110.5 manat məbləğində dövlət rüsumunun əvəzi tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində elektron qaydada, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim Gülnar Aslanova