Məhkəmə qərarları › İş №e-2(002)-72/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(002)-72/2025

27.01.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-72/2025 27.01.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Aslanova Gülnar Faiq qızının sədrliyi, X7 oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı vurulmuş icarə müqaviləsi üzrə öhdəliyin icra edilməsi və vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Azərbaycan Respublikasının İqtisadiyyat Naziriyi yanında Dövlət Vergi Xidmətinin 3-21-2-1/2-3967/2024 nömrəli 30 sentyabr 2024-cü il tarixli məktubuna əsasən, vergi ödəyicilərinin dövlət reyestrində xx.xx.1985-ci il təvəllüdlü Cavabdeh hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs qismində uçotda olması barədə məlumat mövcud deyildir.

2. “X10” ilə Cavabdeh arasında bağlanmış 09 iyun 2023-cü il tarixli 29 №-li “X8” X2 müqaviləyə əsasən, icarəyə verən “X8” Lazer Aparatını bu müqavilənin şərtləri çərçivəsində “İcarəçi”yə icarəyə verməyi, “İcarəçi” isə icarə obyektini öz istifadəsi üçün qəbul etməklə bu Müqavilənin şərtlərinə uyğun olaraq müəyyənləşdirmişdir, il ərzində 2000 Manat (qış aylarında 1500 manat) məbləğində icarə haqqını “İcarəyə verən”ə ödəməyi öhdəsinə götürür.

3. “X10” ilə Cavabdeh arasında bağlanmış 09 iyun 2023-cü il tarixli təhvil-təslim aktına əsasən, Cavabdeh tərəfindən müqavilənin şərtlərinə uyğun olaraq dəyəri 63000 manat məbləğində olan “X8” lazer aparatını təhvil alınmışdır.

4. Aparatın təhvil-təslimi haqqında xx.xx.2023-cü il tarixli AKTa əsasən, MGL markalı, 3569 seriya nömrəli, istehsal ili 2013-cü il olan Alexandrite ROD Lazer aparatı Cavabdeh tərəfindən təhvil verilmiş, Fərrux Xəlilov tərəfindən təhvil alınmışdır. HVPS Block (təxmini 3000 ABŞ dolları) yoxdur.

5. Binəqədi RPİ-in 7-ci PB-in təhqiqatçısı, polis mayoru Rəşad İsmayılov tərəfindən qəbul edilmiş, xx.xx.2023-cü il tarixdə HK-1/-1249 sayda qeydiyyata alınmış vət. X1 DİN-in 102 xidmətinə verdiyi məlumat əsasında toplanmış materiallar üzrə xx.xx.2023-cü il tarixli materialın aidiyyəti üzrə göndərilməsi barədə Qərardan görünür ki, ünvan 1 ünvanında işləyən X4 xx.xx.2023-cü il tarixdə saat 12:33 radələrində DİN-nin 102 xidmətinə zəng edərək, Cavabdeh 65000 manat dəyərində lazer aparatını icarəyə götürməsi, aparatı yarasız hala salaraq təmir etdirməməsi və dəymiş ziyanı ödəməmələrini qeyd etmişdir. Təhqiqat araşdırması zamanı Bakı şəhəri Binəqədi rayonu, Sulutəpə qəsəbəsi YYM-də yaşayan vət. X1 izahatı alınmış, izahatında bildirmiş ki, 1 il yarımdır ünvan 2 ünvanında yerləşən "Moderin Estetik" mərkəzində təhsisçisi vəzifəsində faliyyət göstərir. Onların mərkəzi həm lazer epilasiya ilə məşqul olur, həmdə lazer aparatlarını icarəyə verir. xx.xx.2023-cü il tarixdə onların mərkəzinə bir nəfər yaxınlaşaraq özünü Cavabdeh kimi təqdim edərək yanında bir nəfər Ləman adlı qadınla yaxınlaşaraq icarəyə "Candela mini Genrlelase" lazer aparatı götürməyini bildirdi. Manaf Səmədzadə onunla şərtlər danışıb izah etmiş sonra onunla razılaşaraq icarə müqaviləsi bağlamışdır. Müqavilədən sonra usta ilə birlikdə aparatı onların, yəni Bəhruzun icarəyə götürdüyü Abşeron rayonu, Xırdalan şəhəri Kristal Abşeron şəhərciyində olan salona göndərmiş və quraşdırılaraq icarəyə başlamışdır. İki ay icarə haqqı 2000 manat pulu ödəmiş, üçüncü ay avqust ayının 10-da icarəni ödəməmişdir. Ona zəng edib əlaqə saxladıqda bildirmiş ki, aparat xarab olub ona görə ödəmir. M.Səmədzadə ona bildirmiş ki, müqavilə bağlamısan müqavilənin şərtlərinə görə xarab olubsa temir edib düzəldib qaytarmalısan, yerdə qalan icarə haqqını da ödəməlisən bundan sonra Bəhruz ona bildirmiş ki, nə aparatı düzəltmir nədə icarə haqqı vermir aparatın bulokunu sökərək təmirə aparıb hal-hazırda ustadadı. Hadisə ilə bağlı Bəhruz ona 3700 manat maddi ziyan vurduğunu bildirmişdir. Təhqiqat zamanı hadisə yerinə baxış keçirilmiş hadisə yerinin foto şəkilləri çəkilərək protokola əlavə edilmişdir. Arşdırma zamanı vətəndaş X3 izahatı alınmış izahatında bildirmişdir ki, ünvan 3 ünvanında yerləşən "xxxx" MMC-den xx.xx.2023-cü il tarixdə X8 markalı aparatını icarəsi haqqında müqavilə bağlayaraq ayı 2000 manat ödəmək şərtilə icarəyə götürərək ilk ünvan 4 ünvanında yerləşən obyektinə qoymuşdur. Orada onun şəriki Ləman Bayramovanın qadının tapdığı Lazeroloq yaxşı işləmədiyinə görə icarəyə götürdüyü aparatı, Moderin Estetik servizin rəhbəri İddiaçı Mirkamil qızının ona göndərdiyi Azadə adlı xanıma yönəltmişdir. Ondan sonra aparatı ünvan 5 ünvanında "Madam" gözəllik salonuna aparmışdır. Orada Azadə adlı Lazeroloq işləməyǝ başlamış xx.xx.2023-cü il tarixdə lazer aparatının bloku yanmışdır. Bu barədə Maderin Estetik şirketinin rəhbəri İddiaçı məlumat vermişdir. Məlumatdan 2 gün sonra şirkət tərəfindən usta göndərilmiş, ona bildirmiş ki, aparatın bloku yanmışdır. Təmir üçün ondan 1000 manat pul istəmişdir. ....

6. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Xüsusi Riskli Xilasetmə Xidmətinin Çevik Xilasetmə İdarəsinin 3-18-16-325/2-425/2024 saylı xx.xx.2024-cü il tarixli arayışa əsasən, Cavabdeh həqiqətən 23 sentyabr 2013-cü il tarixində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin Çevik Xilasetmə İdarəsinə işə qəbul edilmiş və hal-hazırda Çevik Xilasetmə İdarəsinin Xilasetmə bölməsinin rəisi vəzifəsində xidmət edir. "xxxx" MMC ilə “X8” X2 bağlanmış 9 iyun 2023-cü il tarixli 29 nömrəli müqavilənin şərtlərini yerinə yetirmədiyinə görə Fövqəladə Hallar Nazirliyinin 26 sentyabr 2023-cü il tarixli 1906/ş nömrəli əmri ilə Cavabdeh töhmət verilmişdir. Bununla əlaqədar olaraq Cavabdeh 2024-cü ildə “usta” məharət dərəcəsindən və 2023-cü ilin Fövqəladə Hallar Nazirliyinin işçilərinin peşə bayramının, 2024-cü ildə Novruz bayramının və 2024-cü ilin Qurban bayramının 1202 (bir min iki yüz manat) 70 qəpik məbləğində verilən mükafatlardan məhrum olmuşdur.

7. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Binəqədi RPİ-in 7-ci Polis Bölməsinin təhqiqatçısı polis mayoru Rəşad İsmayılovun tərtib etdiyi xx.xx.2023-cü il tarixli X1 izahatına əsasən, təxminən bir il yarımdır Binəqədi rayonu, 9-cu mik. 31 ünvanında yerləşən Modern Estetik mərkəzində təhsisçi vəzifəsində fəaliyyət göstərir. Onların mərkəz həm lazer epilasiya ilə məşğul olur və lazer aparatlarını icarəyə verir. xx.xx.2023-cü il tarixdə onların mərkəzə bir nəfər yaxınlaşaraq özünü Cavabdeh kimi təqdim edərək yanında bir nəfər qadın Ləman adlı qadınla yaxınlaşaraq icarəyə “Candela mini Genrlelase” lazer aparatı götürməyi bildirdi. O onunla şərtləri danışıb izah etdi, sonra onunla razılaşaraq icarə müqaviləsi bağladılar. Müqavilədən sonra usta ilə birlikdə aparatı göndərdi, Bəhruzun işlədiyi Abşeron rayonu, Xırdalan şəhəri, Kristal Abşeron şəhərciyinə orada q/salona quraşdırılaraq icarəyə başlamışdır. İki ay icarə haqqı 2000 manat pulu ödədi, üçüncü ay avqust ayının 10-da icani ödəmədi. O zəng edib əlaqə saxladı bildirdi ki, aparat xarab olubsa təmir edib, düzəldib qaytarmalısan, yerdə qalan icarə haqqını da ödəməlisən. Bundan sonra Bəhruz bildirdi ki, nə aparatı düzəltmir nə də icarə haqqı vermir aparatın blounu sökərək təmirə aparıb hal-hazırda ustadadır. Bəhruz tərəfindən lazer aparatını icarəyə götürdükdən sonra aparatın xarab olması nəticəsində, aparatın enerji blok, lampa və icarə haqqını ödəməklə ümumilikdə 3700 manat ziyan vurub.

8. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Binəqədi RPİ-in 7-ci Polis Bölməsinin təhqiqatçısı polis mayoru Rəşad İsmayılovun tərtib etdiyi xx.xx.2023-cü il tarixli Cavabdeh izahatına əsasən, X1 etmiş olduğu müraciətlə tanış oldu. Bu barədə onu deyə bilərki, ünvan 7 ünvanında yerləşən “X10” MMC-dən xx.xx.2023-cü il tarixdə X8 X2 müqavilə bağlayıb aylıq 2000 manat ödəniş qarşılığında icarəyə götürüb ünvan 8 ünvanında yerləşən obyektə aparıb qoydu. Orada onun şəriki Ləman Bayramovanın tapdığı Lazeroloq yaxşı işləyə bilmədiyi üçün aparatı icarəyə götürdüyü X10in rəhbəri İddiaçı Mirkamil qızı ona Azadə adlı xanıma yönləndirdi. Bundan sonra o aparatı servizin maşını ilə ünvan 9 ünvanında “Madam” gözəllik salonuna apardı. X11 (***-***-**-**) aparatdan istifadə etməyə başladı. xx.xx.2023-cü il tarixdə Azadə işləyən zaman aparatın bloku yandı. Aparat işləmədi. Bu barədə İddiaçı təmir üçün başqa usta lazımdı. Təxmini təmir xərcini soruşan zaman 1000 manat olduğunu dedilər. O da hazırda pulu olmadığını, onların düzəltməsini daha sonra işləyib pulu verəcəyini dedi. Onlarda razılaşmadı. Daha sonra usta gəlib bloku aparıb düzəltdi, lakin pulu verməyəcəyi halda bloku qoşmayacağını dedi. O da aparatı geri qaytarmaq istəsə də, onlar aparatı təmir olunmuş halda təhvil alacaqlarını dedi. Bundan sonra aralarında narazılıq olmuşdur. Həmin fəaliyyətlə məşğul olmaq üçün lisenziyası yoxdur. Xanımla işçi müqaviləsi bağlanması barədə məlumatı yoxdur. Xanımın sertifikatı vardır. İddia tələbi

9. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh icarə haqqına görə 22500 manat və aparatı yararsız vəziyyətə saldığı üçün 3000 ABŞ dolları (ödəniş gününə manatla məzənnəsi hesablanmaqla) məbləğində pulun tutulub ona verilməsi, həmçinin tərəfindən ödənilmiş 173 manat dövlət rüsumunun cavabdehə aid edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

10. İddia ərizəsi belə əsaslandırılmışdır ki, 09 iyun 2023-cü ildə cavabdehlə aralarında “X5” X2 29 saylı müqavilə bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə görə - Bu müqaviləyə əsasən “icarəyə verən” bu Müqavilənin ayrılmaz tərkib hissəsi sayılan “Təhviltəslim Aktı”nda göstərilmiş “X6” Lazer aparatını bu Müqavilənin şərtləri çərçivəsində “İcarəçi”yə icarəyə verməyi, “İcarəçi” isə icarə obyektini öz istifadəsi üçün qəbul etməklə bu Müqavilənin şərtlərinə uyğun olaraq il ərzində 2000 manat (qış aylarında 1500 manat) icarə haqqını “İcarəyə verən”ə ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 1.2-ci bəndinə görə icarəyə verən icarə obyektini üçüncü şəxslərin hüquqlarında və iddialarından azad şəkildə icarəçiyə icarəyə verməyi, icarəçi isə icarə obyektini icarəyə verənin razılığı olmadan üçüncü şəxslərin istifadəsinə verməmək şərti ilə X12 Neymətulla 70A ünvanında istifadə etməyi öhdəsinə götürmüşdür. Qeyd olunan “X6” Lazer aparatı cavabdehə təhvil verilmişdir. Cavabeh həmin “X6” Lazer aparatını yarasız vəziyyətə salmış və bunun nəticəsində mənə 3000 ABŞ dolları məbləğində ziyan vurmuşdur. Bundan əlavə icarə müqaviləsi 1 il müddəKtinə bağlanmışdır. Cavabdeh 2 ay olmaqla cəmi 4000 manat icarə haqqı ödəyib. Hazırda icarə haqqına görə cavabdehin 22500 manat borcu var. Onagörə də hesab edir ki, həmin pul vəsaiti cavabdehdən alınıb ona verilməlidir. Bütün bunları nəzərə alaraq, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir.

11. İddia tələbinə etiraz və qarşılıqlı iddia verilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları

12. İddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında izahat verərək bildirdi ki, iddia tələbini müdafiə edir. Cavabdeh aparatı ididaçıdan alıb, ondan istifadə edib və yararsız vəziyyətə salıb. Tərəflər arasında icarə müqaviləsi bir il müddətinə bağlanıb. Müqaviləyə əsasən əgər müştəri aparatda nasazlıq olduğunu görərsə o, 5 gün müddətində bu barədə satıcıya məlumat verməli idi, bununla da yanaşə o, nasazlığı öz pul vəsaiti hesabına aradan qaldırmalı idi. Lakin cavabdeh aparatdakı nasazlığı aradan qaldırmır, bu halda isə nasazlığı aradan qaldırmaq iddiaçıya düşür. İddiaçı tərəf cavabdeh obyektin qapısını bağladığına görə aparatı oradan götürə bilmir. Əgər cavabdeh obyektin qapısını bağlamasa idi, iddiaçı tərəf aparatı vaxtı götürüb, onu təmir etdirib, yenidən icarəyə verə bilərdi. Avqust ayında iddiaçı tərəf aparatın blokunu götürüb. İddiaçının müddəti ötürməsinin iki səbəbi var. Birincisi iddiaçı hüquqi savadsızlığına görə müddəti ötürüb, ikincisi isə həmin müddət ərzində tərəflər arasında razılıq əldə olunmaq üçün telefon danışıqları aparılıb, cavabdeh də müddəti yubadıb. İddiaçı polis vasitəsilə aparatı cavabdehdən alıb. Təhvil-təslim aktında aparatın bloku yerində deyildi. Cavabdeh həmin aktı imzalayıb. Həmin aktda aparatın qiyməti 3000 dollar qeyd edilib. Cavabdeh iyun və iyul aylarının ödənişini edib. İyun ayının ödənişini iyun ayında, iyul ayının ödənişini isə iyul ayında edib. İddiaçı aparatı 22 sentyabr 2023-cü ildə polis vasitəsilə cavabdehdən geri alıb. İddiaçı bundan öncə cavabdehdən icarənin pulunu istəyən zaman cavabdeh aparatın xarab olduğunu dedi. Cavabdeh müqavilə öhdəliklərini pozub. Aparatın bloku yanmışdı. Müqavilədə həmçinin cavabdehin aparatı Nərimanov Nərimanov, Ağa Neymətulla 70 A ünvanında istifadə etməsi qeyd edilsə də o, aparatı başqa ünvanda istifadə edib. İddiaçının nümayəndəsi və vəkili iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

13. Cavabdeh məhkəmə iclasında izahat verərək bildirdi ki, iddia tələbini qəbul etmir. İddiaçıdan lazer aparatı almışdı, aparata görə 2000 manat ödəniş etmişdi, lakin aparat qüsurlu olduğuna görə daha sonra işləmədi. Aparatın iki aylıq icarə haqqını ödəyib. O, iyun və iyul aylarının icarə haqqını ödəyib, avqust ayının icarə haqqını ödəməyib. Aparatın xarab olması onun səhvi deyil. Ona istifadə olunmuş aparat verilmişdi. Aparat xarab olan kimi bu barədə iddiaçı tərəfə məlumat verib. İddiaçı ona müqavilənin ləğv olunması barədə heç nə deməyib və ya ona pretenziya məktubu göndərməyib. Aparatın bloku o istifadə edən zaman xarab olub. Aparatın blokunu özü xarab eləyib, aparat alan zaman bloku işləyirdi, lakin ona dedilər ki, blok təzədir. Amma sonradan öyrənib ki, blok istifadə edilmiş blokdur. Blok xarab olan zaman iddiaçı tərəfin ustasını çağırıb. Usta avqust ayında obyektə gəldi, tarix dəqiq yadında deyil. Usta aparatın blokunun işlənmiş olduğunu bildirib. Usta ona blokun təmiri üçün 800 manat pul istədi. O isə bundan bir gün öncə 2000 manat aparatın iyul ayı üzrə icarə haqqını ödəmişdi. Buna görə də ustaya dedi ki, “indi 800 manat ödəməyə imkanı yoxdur, ödəniş sonra edərəm”. Usta da aparatın blokunu apardı, bir daha qaytarmadı. Avqust ayında aparat xarab olub işləmədiyinə görə aparatın pulunu ödəyə bilməyib. O, aparat xarab olduqdan sonra hər gün iddiaçıdan aparatı aparmağını istəsə də, iddiaçı aparatı geri almırdı. İddiaçının nümayəndəsi və vəkili bildirir ki, guya obyektin qapısı bağlı olub, buna görə də aparatı götürə bilməyiblər. Lazer aparatı ondan götürülən zaman şirkət ona dedi ki, “səninlə bağladığımız müqaviləni ləğv edəcəyik. İddiaçının tələb etdiyi 3000 dolları qəbul etmir. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmənin mövqeyi: a) Tətbiq edilən hüquq

14. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Maddə 424.2. Müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. Maddə 677.1.4. Əgər kirayəçi kirayəyə götürdüyü əşyanı tamamilə və ya qismən müqavilə üzrə istifadəyə müəyyənləşdirilmiş müddətdə almırsa və ya əşya ondan götürülürsə və ya əhəmiyyətli dərəcədə pisləşirsə, kirayəyə verən isə gecikdirməyə yol verirsə, kirayəçi xəbərdarlıq müddətini gözləmədən müqaviləni ləğv edə bilər. İstifadəyə əhəmiyyətsiz maneə və ya istifadədən məhrumetmə nəticəsində müqavilənin ləğvinə yalnız o halda yol verilir ki, kirayəçinin xüsusi mənafeləri buna haqq qazandırsın. Əgər kirayəyə verən əşyanı vaxtında istifadəyə verdiyinə və ya qüsuru müəyyənləşdirilmiş müddət bitənədək aradan qaldırdığına əsaslanaraq müqavilənin ləğvinə yol verilə bilməsi barədə mübahisə edirsə, o bunları sübut etməlidir. .. Maddə 697.4. Kirayəyə verənin kirayəyə verilmiş əşyanın dəyişməsi və ya pisləşməsi nəticəsində zərərin əvəzinin ödənilməsi barədə iddiaları, habelə kirayəçinin xərclərin əvəzinin ödənilməsi və ya hər hansı qurğunun götürülməsinə icazə verilməsi barədə iddiaları altı aydan sonra müddətin keçməsinə görə qüvvədən düşür. Kirayəyə verənin zərərin əvəzinin ödənilməsi barədə iddialarının müddəti onun əşyanı geri aldığı andan başlanır. Kirayəçinin iddialarının müddəti kirayə hüquq münasibətlərinə xitam verildiyi andan başlanır. Kirayəyə verən əşyanın qaytarılması hüququnu müddətin keçməsinə görə itirdikdə onun zərərin əvəzinin ödənilməsi barədə iddiaları da qüvvədən düşür. Maddə 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Maddə 700.2. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Maddə 700.3. Əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir.

15. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “B.Mürsəlovun şikayəti üzrə” qəbul etdiyi 12 mart 2020-ci il tarixli Qərarı: Kəsici müddət - şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. Kəsici müddətlər hüququn özünün xitamı ilə nəticələnir... Kəsici müddət məhkəmənin öz təşəbbüsü ilə nəzərə alınır... Kəsici müddətlər isə qanunda birbaşa nəzərdə tutulan hallar istisna olmaqla, dayandırıla və kəsilə bilməz.

16. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli Qərarı: Mülki Məcəllənin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır;

17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 9.1 Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Maddə 9.3. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 76.1 Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Maddə 77.1 Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 106.1 İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 217.2 Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. b) Əsaslandırma

18. İddia təmin edilməməlidir.

19. Belə ki, “X10” ilə Cavabdeh arasında 09 iyun 2023-cü il tarixli 29 №-li “X8” X2 müqavilə bağlanmışdır.

20. İşin faktiki hallarına görə, İcarəçi 2023-cü ilin avust ayında lazer aparatının HVPS Blockunun işləməməsi barədə icarəyə verənə məlumat vermiş (X1 Binəqədi rayon 7-ci PB-nə verdiyi izahat), sonrada həmin block icarəyə verənin nümayəndəsi tərəfindən sökülərək təmir edilməsi məqsədilə aparılmışdır. xx.xx.2023-cü il tarixdə isə (aparatın təhvil-təslimi haqqında xx.xx.2023-cü il tarixli akta əsasən) MGL markalı, 3569 seriya nömrəli, istehsal ili 2013-cü il olan Alexandrite ROD Lazer aparatı (HVPS Block olmadan) iddiaçı tərəfindən təhvil alınmışdır. Bundan sonra lazer aparatı icarəçiyə qaytarılmamışdır.

21. İddiaçı müqavilənin bir illik bağlandığını və icarəçinin yalnız 2 ayın icarə haqqını ödədiyini, eləcə də lazer aparatının blokunu yararsız hala saldığını bildirərək vurulmuş ziyanı və ödənilməmiş ayların icarə haqqını tələb edir.

22. Məhkəmə əvvəlcə, iddia təlbinin icarə obyektinin yararsız hala salınmasına görə ziyanın ödənilməsi ilə bağlı hissəsinə münasibətdə qeyd edir ki, Mülki Məcəllənin 697.4-cü maddəsində müəyyən edilmiş 6 aylıq müddət kəsici müddətdir, bu baxımdan həmin müddətin tətbiqi üçün tərəflərin ərizə verməsi tələb olunmur, bu müddət qanunda birbaşa nəzərdə tutulan hallar istisna olmaqla, dayandırılmır və kəsilmir. Məhkəmədə kəsici müddətin keçməsi səbəbilə aradan qalxmış olan bir haqqın (hüququn) təmin olunmasına dair qərar çıxara bilməz. Belə ki, kəsici müddətin ötürülməsi nəticəsində haqqın (hüququn) mövcudiyyəti də aradan qalxdığına görə, artıq məhkəmə tərəfindən təmin edilməli olan bir haqq da olmur.

23. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “B.Mürsəlovun şikayəti üzrə” qəbul etdiyi 12 mart 2020-ci il tarixli Qərarında qeyd etmişdir ki, kəsici müddət-şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. Kəsici müddətlər hüququn özünün xitamı ilə nəticələnir... Kəsici müddət məhkəmənin öz təşəbbüsü ilə nəzərə alınır... Kəsici müddətlər isə qanunda birbaşa nəzərdə tutulan hallar istisna olmaqla, dayandırıla və kəsilə bilməz.

24. Hazırkı iş üzrə iddiaçının cavabdehin istifadəsinə verilmiş icarə obyektinin pisləşməsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsinə dair iddiası üçün kəsici müddətin başlanğıc anı iddiaçının icarə obyektini geri aldığı andan, yəni xx.xx.2023-cü ildə təhvil aldığı andan başlamışdır. Lakin iddiaçı icarə obyektini geri aldığı andan təxminən 9 ay keçdikdən sonra məhkəməyə müraciət etmişdir. Bu səbəbdən kəsici müddəti ötürmüş iddiaçının hüququ artıq mövcud deyil və iddia bu hissədə əsassız olduğundan təmin edilə bilməz.

25. İddia tələbinin icarə müqaviləsi üzrə icarə haqqının ödənilməsi ilə bağlı hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış icarə müqaviləsinə əsasən: 2.2.3. İcarə obyektinin təmizlənməsi, texniki xidmət, təmir-bərpa və s. xidmətlərin müstəsna olaraq “X13” tərəfindən həyata keçirilməsini təmin etmək, icarə obyektinə üçüncü şəxslərin müdaxilə etməməsini təmin etmək, əks təqdirdə dəymiş bütün zərərləri ödəmək icarəçinin hüquq və öhdəlikləridir. 5.10. “İcarəçi”in təqsiri olmayan və ya iradəsindən asılı olmayan hallar ucbatından icarə obyektinin istismar vəziyyəti pisləşdikdə və ya icarə obyektinin istifadəsi üzrə hər hansı müvəqqəti məhdudiyyətlər yarandıqda, həmin halların “İcarəyə verən” tərəfindən aradan qaldırılması 5 gün müddətdən artıq davam edərsə, artıq olan müddət ərzində “İcarəçi”nin tələbi ilə icarə haqqları üzrə ödənişlər mütənasib qaydada dayandırılır.

26. Hazırkı işdə lazer aparatı yararsız hala düşdükdən sonra icarəçi bu barədə ən geci 2023-cü ilin avqust ayının 10-da (X1 Binəqədi rayon 7-ci PB-nə verdiyi izahat) icarəyə verənə məlumat vermiş, bundan sonra aparatın bloku və sonra isə aparatın özü icarəyə verən tərəfindən götürülmüş və qaytarılmamışdır.

27. Mülki Məcəllənin 677.1.4-cü maddəsinin tələblərinə əsasən, icarəyə götürülən əşya icarəçidən alınıb qaytarılmaması səbəbindən müqavilənin xəbərdarlıq müddəti gözləmədən ləğv edilməsi kirayəçinin hüquqi müdafiə vasitəsidir.

28. Ləğvetmə - etibarlı əqd üzrə əmələ gələn hüquqi münasibətlərə, müqavilələr baxımından isə öhdəliklərə birtərəfli qaydada xitam verilməsi hallarını ifadə edir.

29. Mülki Məcəllənin müqavilənin ləğvi və dəyişdirilməsi ilə bağlı ümumi normalarından, eləcə də, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli Qərarındakı mövqedən aydındır ki, Mülki Məcəllənin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir.

30. Məhkəmə qanunvericiliyin qeyd edilən tələblərini işin faktiki hallarına tətbiq edərək bu qənaətə gəlir ki, icarəçi tərəfindən icarəyə götürülmüş əşyanın yararsız hala düşməsi barədə icarəyə verənə məlumat verilməsi ilə (daha sonra icarəyə verilən əşya icarəyə verən tərəfindən götürülüb qaytarılmadığı üçün) artıq kirayəçi tərəfindən müqavilənin ləğvi ilə bağlı iradə ifadəsi qarşı tərəfə bildirilmiş hesab edilməlidir.

31. İradə ifadəsinin qarşı tərəfə bildirilməsilə isə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Mülki Məcəllənin 424.2-ci maddəsinə əsasən, müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir.

32. İcarəçi tərəfindən icarəyə götürülən əşya onda olduğu müddətin (2 ay: 09 iyun- 09 iyul, 09 iyul-09 avqust) icarə haqlarının ödənilməsi işin mübahisəsiz halı olduğundan və icarə müqaviləsi 2023-cü ilin avqust ayında birtərəfli qaydada ləğv edildiyindən sonrakı müddət üzrə hər hansı icarə haqqının ödənilməsi tələbi əsassızdır. Nəticə

33. Beləliklə məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir.

34. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq

QƏT ETDİ:

İddiaçı Cavabdeh qarşı Cavabdeh icarə haqqına görə 22500 manat və aparatı yararsız vəziyyətə saldığı üçün 3000 ABŞ dolları (ödəniş gününə manatla məzənnəsi hesablanmaqla) məbləğində pulun tutulub ona verilməsi, həmçinin tərəfindən ödənilmiş 173 manat dövlət rüsumunun cavabdehə aid edilməsi barədə iddia tələbi təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi verildiyi gündən 1 (bir) ay müddətində, elektron qaydada, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Gülnar Aslanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar