Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-76/2023 21.08.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh Əminağa oğluna qarşı «hərəkətlərin qadağan edilməsi və qanunsuz maneələrin aradan qaldırılması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Əminağa oğluna qarşı «hərəkətlərin qadağan edilməsi və qanunsuz maneələrin aradan qaldırılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Əminağa oğlunun hərəkətlərinin etibarsız hesab edilməsi; Cavabdeh Əminağa oğluna Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsinin şimal-qərb hissəsində (2-ci massiv 1-ci məhəllə) yerləşən 1 ha torpaq sahəsinə və həmin torpaq sahəsinin üzərində olan fərdi yaşayış evindən onun istifadəsinə yaradılmış maneələrin qadağan edilməsi; Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsinin şimal-qərb hissəsində (2-ci massiv 1-ci məhəllə) yerləşən 1 ha torpaq sahəsi ilə ünvan 1 ünvanda yerləşən torpaq sahəsi və fərdi yaşayış evi arasında inşa edilmiş daş hasarın Cavabdeh Əminağa oğlunun vəsaiti hesabına sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanda yerləşən torpaq sahəsi və fərdi yaşayış evi ona məxsusdur. Həmin torpaq sahəsinə bitişik Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsinin şimal-qərb hissəsində (2-ci massiv 1-ci məhəllə) yerləşən 1 ha torpaq sahəsini ilkin alğı-satqı müqaviləsinə əsasən X1 xx.xx.2021-ci il tarixdə dəyərini ödəməklə əldə etmişdir. Eyni zamanda, həmin torpaq sahəsi üzərində fərdi yaşayış evi də mövcud idi ki, torpaq sahəsini eldə etdiyi zaman fərdi yaşayış evini də dəyərini ödəməklə əldə etmişdir. Cavabdeh onun qardaşıdır və həmin vaxtlar maddi durumu zəif olduğundan o, qeyd etdiyi, özünə məxsus torpaq sahəsində olan fərdi yaşayış evində bir müddət yaşamasına razılıq vermişdir. Bir müddət sonra cavabdeh özünə şəxsi mənzil almışdır və onun mülkiyyətində olan evdən çıxmışdır. Lakin bir müddət sonra cavabdeh ona həmin evin ona məxsus olduğunu, həmin torpaq sahəsini və fərdi yaşayış evini icarəyə vermək istədiyini, oradan gələn gəlirlə isə özünün şəxsi ehtiyaclarını həll edəcəyini bildirmişdir. Buna etiraz etmiş və cavabdehi torpaq sahəsindən və üzərindəki yaşayış evindən çıxarmışdır. Lakin 2022-ci ilin iyul ayının 24-dən 26-dək olan müddət ərzində ailəsi ilə birlikdə səfərdə olduğu bölgələrdən Bakı şəhərinə geri qayıtdığı zaman cavabdeh tərəfindən ona məxsus 1 ha torpaq sahəsi ilə hal-hazırda mülkiyyətində olan fərdi yaşayış evinin arasından daş hasar hörüldüyü, eyni zamanda digər tərəfdən etdiyi həyətyanı sahəyə və fərdi yaşayış evinə giriş qapısının açılaraq, onun hüquqlarının pozulduğu, eləcə də, torpaq sahəsi və üzərindəki fərdi yaşayış evindən istifadəsinə qanunsuz maneənin yaradılmasının şahidi olmuşdur. Buna etiraz edərək, qanunsuz hasarın sökülməsini və torpaq sahəsindən onun şəxsi istifadəsinə yaradılmış maneənin aradan qaldırılmasını tələb etsə də, cavabdeh tərəfindən qanunsuz hərəkətlər dayandırılmamış və davam etdirilmişdir. Bu səbəbdən, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh Əminağa oğluna məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə Cavabdeh Əminağa oğlunun iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: - xx.xx.2021-ci il tarixli, notarial qaydada bağlanmış ilkin alğı-satqı müqaviləsindən görünür ki, alıcı İddiaçı ilə satıcı X2 arasında özəlləşdirildikdən sonra Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsinin şimal-qərb hissəsi ünvanında yerləşən 600 m2 torpaq sahəsindən və üzərindəki fərdi yaşayış evindən 100 m2 (0,01 ha) torpaq sahəsini və üzərindəki fərdi yaşayış evinin alğı-satqısına dair müqavilə imzalanmışdır. - DƏDK və Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsində (yeni qaydalarla ünvan 3 ünvanında yerləşən 0,0080 ha torpaq sahəsi İddiaçı adına tam mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 13 iyul 2023-cü il tarixli 10/1743 saylı ekspert rəyindən görünür ki, Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi ərazisində yerləşən, mübahisə predmeti olan hasar tikilisinin hündürlüyü 2,40 metr təşkil edən hissələrinin Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 73-cü maddəsinin tələbinə uyğun inşa edilmədiyi müəyyən olunur. Aparılmış tədqiqatın dəyəri 50 manat təşkil etmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçının mülkiyyət hüquqlarına Dövlət tərəfindən təminat verilməklə, qorunur. Həmin hüququn həyata keçirilməsinə, o cümlədən mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüququna maneə törədilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ hissəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİ hissəsinə əsasən mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına dair 1 saylı Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «F.Ə.Hüseynov və A.Ə.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azəbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 19 noyabr 2004-cü il tarixli qərarında göstərmişdir ki, mülkiyyət hüququnun tam həcmdə müdafiəsi hüquqi dövlətə xas olan ali dəyərlərdən biri kimi qiymətləndirilir. Azərbaycan Respublikası Konstitusiyası bu hüququ təsbit etməklə onun effektiv vasitələrlə təmin olunmasına zəmanət verir. Məhz buna görə də, mülkiyyət hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında göstərilmişdir. İddiaçı iddia ərizəsində qeyd edir ki, ona məxsus torpaq sahəsini və üzərindəki fərdi yaşayış evini qanuni şəkildə əldə etsə də, mülkiyyət hüquqlarının sərbəst şəkildə həyata keçirilməsinə cavabdeh tərəfindən maneələr yaradılmış, bununla da onun mülkiyyət hüquqları pozulmuşdur. Məhkəmə iclasında tədqiq olunmuş sübutların məcmusu ilə təsdiq olundu ki, iddia ərizəsində qeyd olunan hallar həqiqətən mövcuddur, cavabdeh tərəfindən iddiaçının mülkiyyətində olan torpaq sahəsi, həmçinin fərdi yaşayış evinin üzərində mülkiyyət hüquqlarının sərbəst şəkildə həyata keçirilməsinə maneələr yaradılmışdır. Bu səbəbdən, iddia əsaslıdır və təmin edilməlidir. Ödəniş qəbzindən göründüyü kimi məhkəməyə iddia ərizəsi təqdim olunması üçün iddiaçı tərəfindən 100 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsində yerləşən, mübahisə predmeti olan hasar tikilisi (ekspert rəyində göstərilən) Cavabdeh Əminağa oğlunun vəsaiti hesabına sökülməli; Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsinin şimal-qərb hissəsi ünvanında yerləşən 100 m2 (0,01 ha) torpaq sahəsindən və üzərindəki fərdi yaşayış evindən İddiaçı istifadə və sahibliyinə Cavabdeh Əminağa oğlu tərəfindən yaradılmış süni maneələr aradan qaldırılmalıdır. İş üzrə 50 manat ekspertiza xərci Cavabdeh Əminağa oğlundan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba ödənilməlidir. Ödənilmiş 100 manat dövlət rüsumu tələb edilmədiyindən iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsində yerləşən, mübahisə predmeti olan hasar tikilisi (ekspert rəyində göstərilən) Cavabdeh Əminağa oğlunun vəsaiti hesabına sökülsün. Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsinin şimal-qərb hissəsi ünvanında yerləşən 100 m2 (0,01 ha) torpaq sahəsindən və üzərindəki fərdi yaşayış evindən İddiaçı istifadə və sahibliyinə Cavabdeh Əminağa oğlu tərəfindən yaradılmış süni maneələr aradan qaldırılsın. İş üzrə 50 manat ekspertiza xərci Cavabdeh Əminağa oğlundan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba ödənilsin. Ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Kamran Əsədov
Məhkəmə qərarları › İş №e-2(002)-76/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(002)-76/2023
21.08.2023 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver