Məhkəmə qərarları › İş №e-2(002)-806/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(002)-806/2023

03.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-806/2023 03.05.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həşimova Günay Rövşən qızının sədrliyi, Məhkəmə iclasının Məcidli Aysel Əli qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə1 iştirakı ilə İddiaçı “AGBANK“ ASC (ləğv prosesindədir) Cavabdeh qarşı kredit borcunun qaytarılması tələbinə dair iddiası üzrə mülki işə Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı «AGBANK” ASC (ləğv prosesindədir) Cavabdeh qarşı kredit borcunun qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cəmi 9.221,17 (doqquz min iki yüz iyirmi bir manat, on yeddi qəpik) manat olmaqla, 9.046,35 (doqquz min qırx altı manat, otuz beş qəpik) manat əsas, 174,82 (bir yüz yetmiş dörd manat, səksən iki qəpik) manat faiz və iş üzrə ödənilmiş 112,78 (bir yüz on iki manat, yetmiş səkkiz qəpik) manat dövlət rüsumunun Cavabdeh tutularaq, ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. AGBank” Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Qaradağ filialı ilə Cavabdeh arasında bağlanmış 30 avqust 2019-cu il tarixli, 104.LN.1675.300819.00001 nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 60 (altmış) ay müddətinə, illik 1 (bir) faiz dərəcəsi ilə 9.046,35 (doqquz min qırx altı manat, otuz beş qəpik) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 4.2-ci bəndinə əsasən, Cavabdeh müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, o, bu öhdəliyi yerinə yetirməmişdir. xx.xx.2022-ci il tarixə Cavabdeh kredit üzrə cəmi borcu 9.221,17 (doqquz min iki yüz iyirmi bir manat, on yeddi qəpik) manat təşkil edir. Bundan 9.046,35 (doqquz min qırx altı manat, otuz beş qəpik) manat əsas, 174,82 (bir yüz yetmiş dörd manat, səksən iki qəpik) manat faiz borcu təşkil edir. Kredit müqaviləsinin 8.1.5-ci bəndinə əsasən, borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və ya yerinə yetirə bilmədikdə, kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Kredit müqaviləsinin şərtlərinin kobud şəkildə pozulması ilə əlaqədar Bank tərəfindən Cavabdeh borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına, habelə xx.xx.2021-ci il tarixli, **********386 nömrəli xəbərdarlıq məktubunun göndərilməsinə baxmayaraq, cavabdeh Banka heç bir cavab verməmiş və kredit borcunun Banka qaytarılmasını təmin etməmişdir. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, Cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi Cavabdeh tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdeh ona verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. İddiaçının nümayəndəsi Nümayəndə1 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi : Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş tərəflər arasından bağlanmış 30 avqust 2019-cu il tarixli, 104.LN.1675.300819.00001 nömrəli kredit müqaviləsinin sürətindən və 30 avqust 2019-cu il tarixli 1 saylı Əlavədən görünür ki İddiaçı ASC (ləğv prosesindədir) Cavabdeh 60 ay müddətinə illik 1 faiz ödəmək şərti ilə 9046,35 manat məbləğində kredit vermışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş 30 avqust 2019-cu il tarixli 1 saylı Əlavədən görünür ki, cavabdeh 30 avqust 2019-cu il tarixli, 104.LN.1675.300819.00001 nömrəli kredit müqaviləsinə görə 9046,35 manat məbləğində krediti 60 ay müddətinə (ilk bir ili güzəştli olaraq) illik 1% ilə ödəməyi öhdəsinəv götürmüşdür . İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixə borcu aşağıdakı kimidir: - 9.046,35 manat əsas, 174,82 manat faiz borcu olmaqla, cəmi 9.221,17 manat borcu təşkil edir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 3(103)-132/2020 saylı qərarından görünür ki, Azərbaycan Respublikası Mərkəzi Bankının ərizəsi təmin edilərək İddiaçı ASC müflis elan edilmiş, Əmanətlərin sığortalanması Fondu İddiaçı ASC-nin ləğvedicisi təyin edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş bildiriş məktubundan görünür ki, İddiaçı ASC (ləğv prosesindədir) pretenziya qaydasına riayət edərək, cavabdehdən borcu ödəməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə onu xəbərdar etmişdi. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, cavabdeh iddiaçı ilə bağladığı 30 avqust 2019-cu il tarixli, 104.LN.1675.300819.00001 saylı kredit müqaviləsinin irəli gələn öhdəliklərini lazımınca icra etməyərək, krediti və ona hesablanmış faizləri müqavilədə nəzərdə tutulan qaydada ödəməmiş və nəticədə onun banka həmin müqaviləyə görə 9.046,35 manat əsas, 174,82 manat faiz borcu olmaqla, cəmi 9.221,17 manat borcu yaranmışdır. Sadalananan xüsusatlara və qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh müqavilənin şərtlərini pozaraq müqavilə üzrə öhdəliklərini lazımınca icra etmədiyindən iddiaçının həmin müqaviləni lazımınca icra edilməməsi ilə əlaqədar tələbi əsaslıdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Ödəniş qəbzinin surətindən görünür ki,iddiaçı məhkəmədə iddia qaldırılması üçün 112.38 manat məbləğində dövlət rüsumu və 40 qəpik xidmət haqqı ödəmiş və həmin məbləği də cavabdehdən tələb edir.İddia təmin edildiyindən cavabdehdən iddiaçının xeyrinə 112,38 manat məbləğində dövlət rüsumu və 40 qəpik xidmət haqqı tutlmalıdır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 9.046,35 manat əsas, 174,82 manat faiz borcu olmaqla, cəmi 9.221,17 manat borcu və iş üzrə ödənilmiş 112,38 manat dövlət rüsumu və onun ödənilməsi 40 qəpik xidmət haqqı ləğv etmə prosesində olan İddiaçı ASC- nin xeyrinə tutulmalıdır. Tətbiq edilən hüquq normaları: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 328.1-ci maddəsinin tələbinə görə, əgər tərəflər hüquq və vəzifələrin əmələ gəlməsini baş verib-verməyəcəyi məlum olmayan hallardan asılı etmişlərsə, əqd şərtlə bağlanmış sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 30 avqust 2019-cu il tarixli, 104.LN.1675.300819.00001 saylı kredit müqaviləsi üzrə 9046(doqquz min qırx altı) manat, 35(otuz beş) qəpik əsas, 174(yüz yetmiş dörd) manat, 82(səksən iki) qəpik faiz borcu olmaqla, cəmi 9221(doqquz min iki yüz iyirmi bir) manat, 17(on yeddi) qəpik borcu və iş üzrə ödənilmiş 112(yüz on iki) manat, 38(otuz səkkiz) qəpik dövlət rüsumu və onun ödənilməsi 40(qırx) qəpik xidmət haqqı ləğv etmə prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Həşimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar