Məhkəmə qərarları › İş №e-2(002)-868/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(002)-868/2023

06.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-868/2023 06.04.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Mirzəliyev Amil Rəfayıl oğlunun katibliyi ilə, iddiaçı Bank VTB (Azərbaycan) ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Bank VTB (Azərbaycan) Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, Bank VTB (Azərbaycan) Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli 331246-1-26552 №-li kredit müqaviləsinə əsasən xx.xx.2022-ci il tarixə banka borclu olduğu 12183,53 manat məbləğində əsas borc, 583,82 manat məbləğində faiz borcu və 157,85 məbləğində cərimə üzrə borc olmaqla, ümumilikdə 12925,20 manat (on iki min doqquz yüz iyirmi beş manat 20 qəpik) borc pul məbləğinin, məhkəməyə müraciət etmək üçün ödənilmiş 128,78 manat dövlət rüsumunun və onun ödənilməsi üçün 0,40 manat (qırx qəpik) məbləğində bank xidməti haqqının Cavabdeh tutularaq Bank VTB (Azərbaycan) Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Bank VTB (Azərbaycan) Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli 331246-1- 26552 №-li “Kredit təşkilatlarında olan öhdəliklərin yenidən maliyyələşdirilməsi üzrə kredit müqaviləsi”nə əsasən Cavabdeh istehlak məqsədləri üçün illik 21,9 % hesablanması şərti ilə 60 ay müddətinə 13585 manat məbləğində kredit verilmişdir. Yuxarıda qeyd olunan kredit müqaviləsinə əsasən verilmiş kredit vəsaitinin bir hissəsi digər kredit təşkilatlarında olan kredit borclarının ödənilməsinə yönəlmiş, digər hissəsi isə tərəflər arasında bağlanmış kredit müqaviləsinin 2.11-ci və 3.8-ci bəndlərinə əsasən cavabdehin kart hesabına köçürülmüş və digər bir hissəsi cavabdeh tərəfindən məxaric edilmişdir. Cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliklərini xx.xx.2022-ci il tarixdən lazımınca icra etməmiş və bunun nəticəsində cavabdehin Banka 15 dekabr 2022-ci il tarixə 12183,53 manat məbləğində əsas borc, 583,82 manat məbləğində faiz borcu və 157,85 manat məbləğində cərimə üzrə borc olmaqla, ümumilikdə 12925,20 manat məbləğində borcu qalmışdır. Cavabdehə edilmiş xəbərdarlıqlar nəticə verməmiş, iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır və məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş edir. İddiaçı Bank VTB (Azərbaycan) Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi məhkəməyə elektron qaydada ərizə ünvanlayaraq mülki işə iddiaçı təşkilatın səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinin tələblərinə istinad edərək, mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2021-ci il tarixli 331246-1-26552 №-li “Kredit təşkilatlarında olan öhdəliklərin yenidən maliyyələşdirilməsi üzrə kredit müqaviləsi”nin surətlərindən görünür ki, Bank VTB (Azərbaycan) Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış həmin müqavilə əsasında Bank VTB (Azərbaycan) ASC Cavabdeh 60 ay müddətinə illik 21,9% ödəmək şərti ilə 13585 manat məbləğində kredit vermişdir. İş materiallarında olan 15 dekabr 2022-ci il tarixli maliyyə arayışından və hesabdan çıxarışdan görünür ki, kredit müqaviləsi üzrə borclu Cavabdeh banka 12183,53 manat məbləğində əsas borc, 583,82 manat məbləğində faiz borcu, 157,85 manat məbləğində cərimə olmaqla, ümumilikdə 12925,20 məbləğində borcu vardır. Məhkəmə iş üzrə sübutlara məcmu halında hüquqi qiymət verərək müəyyən edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən, icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Sadalanan hüquq normalarının tələblərinə əsasən məhkəmə müəyyən edir ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən cavabdeh borclu iddiaçı təşkilatdan aldığı kredit üzrə əsas borcu və faiz borcunu iddiaçıya qaytarmalı olmasına dair öhdəliklərin daşıyıcısı olmuşdur. Lakin cavabdeh borclu müqavilə öhdəliklərini icra etməyərək, iddiaçı təşkilat qarşısında həmin pul öhdəliyini yerinə yetirməmişdir. Ona görə də iddiaçı bank əsas borcun, faiz borcunun ödənilməsi barədə iddia tələbi irəli sürməkdə haqlıdır. Beləliklə, məhkəmə müəyyən edir ki, iddia tələbi əsas borc və faiz borcu hissəsində əsaslı olduğundan təmin edilməlidir. Bununla yanaşı, məhkəmə hesab edir ki, iddia tələbi cərimə hissəsində qismən əsassızdır. Belə ki, müqavilədə cərimənin hesablanması qaydası yüksək həddə müəyyən edilmiş və cavabdehin maddi vəziyyəti nəzərə alınmamışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə müəyyən edilmiş yüksək dəbbə pulunu azalda bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Odur ki, məhkəmə tərəflərin əmlak mənafelərini, ümumi borc məbləğini nəzərə alaraq, cərimə tələbinin azaldılmasını və 100 manat həddində təmin olunmasını ağlabatan və ədalətli hesab edir. Məhkəmə iddianın dövlət rüsumunun cavabdehdən tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, dövlət rüsumu ilə bağlı tələb də qismən təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək və sadalanan hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli 331246-1-26552 №-li kredit müqaviləsi üzrə 12183,53 manat məbləğində əsas borc, 583,82 manat məbləğində faiz borcu, 100 manat cərimə olmaqla, ümumilikdə 12867,35 manat (on iki min səkkiz yüz altmış yeddi manat otuz beş qəpik) məbləğində borc pul vəsaiti, 128,20 manat dövlət rüsumu və 0,40 manat bank xidməti haqqı tutularaq iddiaçı Bank VTB (Azərbaycan) ASC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar