Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-909/2023 18.05.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Mirzəliyev Amil Rəfayıl oğlunun katibliyi, iddiaçı “X4” Bakı filialının etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X1 və Cavabdeh2 iştirakı ilə, iddiaçı “X4” Bakı filialının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kreditin və kredit borcuna görə hesablanmış faizlərin ödənilməsi tələbi barədə iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı “X4” Bakı filialı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kreditin və kredit borcuna görə hesablanmış faizlərin ödənilməsi tələbi barədə iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçı “X4” Bakı filialının xeyrinə 7420,32 manat əsas borc, 533,07 manat faiz borcu olmaqla, cəmi 7953,39 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 99,53 manat məbləğində vəsaitin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin həcminin azaldılması barədə ərizə təqdim edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçı “X4” Bakı filialının xeyrinə 7399,15 manat əsas borc, 295,74 manat faiz borcu olmaqla, cəmi 7694,89 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 99,53 manat məbləğində vəsaitin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı iddiaçı “X4” Bakı filialının etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X2 izahatında bildirdi ki, “X4” Bakı filialı ilə Cavabdeh1 arasında imzalanmış xx.xx.2021-ci il tarixli 980 nömrəli kredit müqaviləsinə əsasən sonuncuya illik 19% ödəmək şərti ilə 36 ay müddətinə 10000 manat məbləğində kredit verilmişdir. Həmin tarixdə verilmiş kreditin qaytarılmasının təminatı kimi “X4” Bakı filialı ilə Cavabdeh2 arasında 49 saylı zaminlik müqaviləsi imzalanmışdır. Lakin borclu tərəfindən müqavilə şərtləri pozulmuş və borc ödənilməmişdir. xx.xx.2023-cü il tarixə kimi cavabdehin banka olan borcu müqavilə şərtlərinə əsasən faizlərlə birlikdə 7694,89 manat təşkil edir. Bundan 7399,15 manat əsas borc, 295,74 manat isə hesablanmış faiz borcudur. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar heç bir fayda verməmişdir, bu səbəbdən iddiaçı təşkilat məcburiyyət qarşısında qalaraq iddia tələbi ilə məhkəməyə müraciət etmişdir və hazırda iddia tələbinin təmin olunmasını xahiş edir. Məhkəmə baxışı zamanı Cavabdeh2 izahat verərək bildirdi ki, həqiqətən “X4” Bakı filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli 980 saylı kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı olaraq “X4” Bakı filialı ilə onun arasında xx.xx.2021-ci il tarixli 49 saylı zaminlik müqaviləsi bağlanmışdır. O, borclu olan cavabdehə borcu ödəməsi ilə bağlı dəfələrlə xəbərdarlıq etmişdir. Bildirir ki, borclu olan cavabdeh hərbçi olmaqla kifayət qədər aylıq qazanca malikdir, ona görə də tələb edilən məbləğin həmin borcludan tutulmasını xahiş edir. Onun zamin kimi hazırda göstərilən məbləği ödəməyə imkanı yoxdur. İddia tələbinin ona münasibətdə rədd edilməsini, tələb edilən məbləğin digər cavabdehdən tutulmasını xahiş edir. Digər Cavabdeh1 məhkəmə iclaslarının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclaslarına gəlməmiş, bunun səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının MPM-nin 135.7, 185.5-ci maddələrinin tələblərinə istinad edərək, mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə, izahatları dinləyib, iş materiallarında olan sənədləri tədqiq edərək belə qənaətə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2021-ci il tarixli 980 saylı kredit müqaviləsindən görünür ki, “X4” Bakı filialı ilə Cavabdeh1 arasında bağlanmış həmin müqavilə əsasında “X4” Bakı filialı Cavabdeh1 36 ay müddətinə illik 19% ödəmək şərti ilə 10000 manat məbləğində kredit vermişdir. İş materiallarında olan 02 may 2023-cü il tarixli maliyyə arayışından və hesabdan çıxarışdan görünür ki, kredit müqaviləsi üzrə borclu Cavabdeh1 banka 7399,15 manat məbləğində əsas borcu, 295,74 manat məbləğində faiz borcu olmaqla, cəmi 7694,89 manat məbləğində borcu vardır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli 49 saylı zaminlik müqaviləsindən görünür ki, “X4” Bakı filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli 980 saylı kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı olaraq “X4” Bakı filialı ilə Cavabdeh2 arasında xx.xx.2021-ci il tarixli 49 saylı zaminlik müqaviləsi bağlanmışdır. Məhkəmə mülki iş üzrə sübutlara məcmu halında hüquqi qiymət verərək müəyyən edir ki, iddia əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Sadalanan hüquq normalarının tələblərinə əsasən məhkəmə müəyyən edir ki, cavabdeh borclu iddiaçı təşkilatdan aldığı kredit üzrə əsas borcu və faiz borcunu iddiaçıya ödəmək öhdəliyinin daşıyıcısı olmuşdur. Lakin cavabdeh borclu müqavilə öhdəliklərini icra etməyərək, iddiaçı təşkilat qarşısında həmin pul öhdəliyini yerinə yetirməmişdir. Buna görə də iddiaçı təşkilatın kredit müqaviləsi üzrə əsas borc və faiz borcu ilə bağlı tələbləri tam əsaslıdır. Məhkəmə, iddia tələbinin əsas borclu ilə birgə zaminə yönəldilməsi hissəsinə hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia tələbi bu hissədə də əsaslıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borcun tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə birgə məsuliyyət daşıyırlar. Məhkəmə iddianın dövlət rüsumunun cavabdehlərdən tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, dövlət rüsumu ilə bağlı tələb də təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə mülki iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək və sadalanan hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 7399,15 manat məbləğində əsas borc, 295,74 manat məbləğində faiz borcu olmaqla, cəmi 7694,89 manat (yeddi min altı yüz doxsan dörd manat səksən doqquz qəpik) məbləğində borc pul vəsaiti və 99,53 manat dövlət rüsumu tutularaq iddiaçı “X4” Bakı filialının xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Hüseynov
Məhkəmə qərarları › İş №e-2(002)-909/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(002)-909/2023
18.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver