Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-965/2023 11.04.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Aslanova Gülnar Faiq qızının sədrliyi, X1 oğlunun katibliyi, İddiaçının nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə, İddiaçı «X2» Bakı filialının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «kredit müqaviləsi üzrə əsas və faiz borcunun ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhər Qaradağ Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı «X2» Bakı filialı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «kredit müqaviləsi üzrə əsas və faiz borcunun ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 6588.69 manat (5000 manat əsas borc və 1588.69 manat faiz borcu) məbləğində 10 fevral 2023-cü il tarixinə olan kredit borcunun və ödənilmiş 85.89 manat dövlət rüsumunun tutularaq «X2» Bakı filialına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, «X2» Bakı filialı ilə Cavabdeh2 arasında imzalanmış «04 avqust 2021-ci il tarixli 760 №li Kredit müqaviləsinə əsasən sonuncuya illik kreditdən istifadə haqqı 19% ödəmək şərti ilə 36 ay müddətinə 5000 manat məbləğində kredit verilmişdir. Həmin tarixdə verilmiş kreditin qaytarılmasının təminatı kimi «X2» Bakı filialı ilə Cavabdeh1 arasında 1000 saylı Zaminlik müqaviləsi imzalanmışdır. Müqavilə şərtlərinə uyğun olaraq «Borcalan» xx.xx.2023-cü il tarixə «Bank»a kredit borcu üzrə 3299.04 manat ödəniş yerinə yetirməli idi. Lakin xx.xx.2023-cü il tarixə kimi «Borcalan» tərəfindən «Banka»a 0 manat ödəniş həyata keçirilmişdir. Bank tərəfindən borcalana kredit müqaviləsi üzrə öhdəliklə yerinə yetirməsi üçün dəfələrlə yazılı və şifahi xəbardarlıqlar olunmuşdur. Lakin borcalan kredit borcunu yerinə yetirməmişdir. Kredit müqaviləsinin 5.1-ci bəndinə əsasən kredit vaxtında ödənilmədikdə gecikdirilmiş hər bir gün üçün, «Borcalan» «Bank»a illik 29% ödəməlidir. xx.xx.2023-cü il tarixə cavabdehin «Bank»a olan borcu müqavilə şərtlərinə əsasən hesablamış faizlərlə birlikdə 6588.69 manat təşkil edir. Bundan 5000 manat əsas borc və 1588.69 manat faiz borcu təşkil edir. Cavabdehə dəfələrlə şifahi və yazılı müraciət edilərək, kredit müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməsi tələb olunsa da, onun tərəfindən bu öhdəliklərin yerinə yetirilməsi üçün heç bir tədbir göstərilməmişdir. Cavabdeh2 ilə bağlanmış «04» avqust 2021-ci il tarixli, 760 saylı Kredit müqaviləsinin təminatı olaraq həmin tarixdə Cavabdeh1 arasında 1000 saylı Zaminlik müqaviləsi imzalanmışdır. Zaminlik müqaviləsinin 1.1-ci bəndinə görə Zamin borcalan bank qarşısında öz öhdəliyini yerinə yetirənədək bank qarşısında borcalanla birlikdə məsuliyyət daşıyır. Zaminlik müqaviləsinin 4.1-ci bəndinə görə «Borcalan» zaminliklə təmin olunmuş öhdəliyi təmin etmədikdə və ya lazımınca icra etmədikdə zamin Bank qarşısında kredit borcu üzrə yaranmış Bankın ilk tələbinə heç bir iddia irəli sürmədən dərhal ödəməyi öz öhdəsinə götürür. Qeyd olunan halların nəzərə alınaraq, iddianın təmin olunması barədə qətnamə çıxarılması xahiş edilir. İddiaçının nümayəndəsi Qanuni nümayəndə məhkəmə iclasında iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa və dəlillərinə uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh2 məhkəməyə xx.xx.2023-cü il tarixli ərizə göndərərək iddia tələbini qəbul etdiyini, «X2» Bakı filialına iddia ərizəsində göstərilən borcunu qəbul etdiyini, borcu hissə-hissə ödəməyə imkanının olduğunu bildirmişdir. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat təqdim etməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş 760 nömrəli, xx.xx.2021-ci il tarixli kredit müqaviləsinin surətindən görünür ki, «X2» Bakı filialı Cavabdeh2 36 ay müddətinə, illik 19% dərəcəsi ilə 5000 manat məbləğində pul vəsaitini kredit verməyi, borcalan Cavabdeh2 isə müqaviləyə əsasən krediti qəbul etməyi, müqavilədə göstərilən müddətdə və qaydada krediti və ona hesablanmış faizləri borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. Kredit müqaviləsinin 4.1–ci maddəsinə əsasən «Borcalan» ssuda hesabında qalıq əmələ gəldiyi gündən 1 ay sonradan başlayaraq hər ayın həmin günü Banka ssuda borcu ssuda hesabının qalığına hesablanmış faizlərdə daxil olmaqla 183.28 manat ödəməli idi. Müqavilənin 2.2-ci bəndinə görə «Borcalan» tərəfindən «Kredit müqaviləsi» nin hər hansı bir şərti pozulduqda bank verilmiş krediti hesablanmış faizlərlə birlikdə vaxtından əvvəl ödənilməsini tələb etmək hüququ vardır. xx.xx.2021-ci il tarixli 1000 saylı zaminlik müqaviləsinin məzmunundan görünür ki, Cavabdeh1 xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliklərin icra edilməsi üçün boclu ilə birgə məsuliyyət daşıması barədə öhdəlik götürmüş, kreditin məbləğinin 5000 manat, kreditin müddəti 36 ay olduğu qeyd olunmuşdur. Qeyd edilən kredit müqaviləsinə əlavə olan ödəniş cədvəlinin məzmunundan görünür ki, «X2» Bakı filialı ilə Cavabdeh2 arasında bağlanılmış kredit müqaviləsi üzrə 36 ay müddətində hər ay 183.28 manat məbləğində ödəniş etməyi öhdəsinə götürmüşdür. xx.xx.2023-cü il tarixli maliyyə arayışının sürətindən görünür ki, xx.xx.2021-ci il tarixli 760 nömrəli kredit müqaviləsinə görə Cavabdeh2 5000 manat əsas borc,1588.69 manat faiz borcu olmaqla cəmi 6588.69 manat borcu olmuşdur. Cavabdehə məxsus xx.xx.2020-xx.xx.2023-cü il dövrünü əhatə edən Az60MELİ******************** nömrəli hesabdan çıxarış məlumatlarından görünür ki, Cavabdeh2 hesabına xx.xx.2021-ci il tarixdə 5000 manat kredit ödənişi daxil edilmiş, həmin tarixdən xx.xx.2023-cü il tarixə kimi sonuncu tərəfindən hər hansı kredit ödənişi həyata keçirilməmişdir. İşə əlavə edilmiş xx.xx.2022-ci il tarixli bildirişlərin məzmunundan görünür ki, sözügedən müqavilə üzrə yaranmış gecikdirilmiş borc barədə əsas borclu Cavabdeh2 və zamin Cavabdeh1 xəbərdarlıq edilmiş və ödəniş yerinə yetirilmədiyi təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. Məhkəmə hazırkı iddia tələbinin qanuni əsası kimi aşağıdakı maddi hüquq normalarını qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 427.4-cü maddəsinə əsasən ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin. Həmin Məcəllənin 428.4-cü maddəsinə əsasən öhdəliyin icrası üçün borclunun xeyrinə hər hansı müddət təyin edildikdə, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor dərhal icranı tələb edə bilər. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar; 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır; 472.3-cü maddəsinə əsasən birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, «X2» Bakı filialı ilə Cavabdeh2 arasında kredit müqaviləsi bağlanılmış və həmin müqaviləyə əsasən iddiaçı cavabdehə 5000 manat məbləğində kredit vermiş cavabdeh isə həmin kredit məbləğini hər ay ödəniş etməklə həmin krediti qaytarmağı öz öhdəsinə götürsə də, Cavabdeh2 isə kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, hesabdan çıxarış məlumatlarından görünüdüyü kimi kredit müqaviləsi bağlandığı vaxtdan bu günə kimi ödəniş etməmişdir. Həmçinin məhkəmədə tədqiq edilmiş sənədlər əsasında müəyyən edilmişdir ki, cavabdehin müqavilə üzrə qalıq borcu yaranmışdır. Eyni zamanda Cavabdeh1 ilə iddiaçı bank arasında həmin öhdəliklərin icrasının təminatı qismində zaminlik müqaviləsi bağlanılmışdır ki, bununla da onun digər cavabdehin öhdəliklərin vaxtında və lazımi qaydada icra olunmamasına görə bank qarşısında birgə məsuliyyəti yaranmışdır. Həmçinin, Cavabdeh2 məhkəməyə iddia tələbinin etiraf olunmasına dair yazılı ərizə təqdim etmişdir. Bu halda, məhkəmə qeyd olunanları nəzərə alaraq, hazırkı mülki iş üzrə kredit borcunu həm əsas, həm faiz borcu hissəsində ayrı-ayrılıqda nəzərdən keçirərək hesab edir ki, iddia tələbi əsaslı olmaqla təmin edilməlidir. İş materiallarına əlavə edilmiş müvafiq qəbzdən görünür ki, iddiaçı tərəfindən 85.89 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edildiyi üçün məhkəmə hesab edir ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 85.89 manat məbləğində dövlət rüsumu da cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir, 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, iddiaçı tərəfindən kredit müqaviləsi üzrə hesablanmış əsas borc və faiz borcunu ayrıayrılıqda nəzərdən keçirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada kredit müqaviləsi üzrə yaranmış 5000 manat məbləğində əsas borc və 1588.69 manat məbləğində faiz borcu olmaqla, cəmi 6588.69 manat məbləğində borc pul vəsaiti və ödənilmiş 85.89 manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı «X2» Bakı filialının xeyrinə ödənilməlidir. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 04 Avqust 2021-ci il tarixli, 760 №li kredit müqaviləsi üzrə yaranmış 5000 manat məbləğində əsas borc və 1588.69 manat məbləğində faiz borcu olmaqla, cəmi 6588.69 manat məbləğində borc pul vəsaiti və ödənilmiş 85.89 manat məbləğində dövlət rüsumunun əvəzi tutularaq iddiaçı «X2» Bakı filialının xeyrinə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində elektron qaydada Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Gülnar Aslanova
Məhkəmə qərarları › İş №e-2(002)-965/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(002)-965/2023
11.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver