Məhkəmə qərarları › İş №e-2(003)-1006/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-1006/2022

25.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-1006/2022 25.04.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 3200,0 (üç min iki yüz) manat məbləğində borc, 52,0 (əlli iki) manat məbləğində dövlət rüsumu və 110,0 (bir yüz on) manat nəbləğində hüquqi yardım xərcinin Cavabdeh tutulularaq ona ödənilməsi haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 13 fevral 2019-cu il tarixində cavabdehlə aralarında notarial qaydada kredit müqaviləsi bağlanmışdır. Həmin kredit müqaviləsinə əsasən o, 3200 (üç min iki yüz) manat məbləğində pulu cavabdehə borc vermişdir. Cavabdeh isə 13.10.2020ci il tarixinə qədər hər ay 150 (bir yüz əlli) manat, 13.11.2020-ci il tarixində isə 200 (iki yüz) manat olmaqla geri ödəməyi öhdəsinə götürmüşdür. O, kredit müqaviləsi üzrə öhdəliklərini tam və lazımınca icra etmişdir. Cavabdeh isə bu günə qədər kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyini icra etməmişdir. Dəfələrlə cavabdehə xəbərdarlıq etməyimə baxmayaraq cavabdeh ödəməli olduğu borcunu ödəməmişdir. Hər dəfə borcu ödəyəcəyi ilə bağlı müxtəlif tarixlər təyin etsə də bu günə qədər borcunu ödəməmişdir və belə görünür ki, ödəmək niyyətində də deyil. Bu isə iddiaçının hüquqlarını kobud şəkildə pozur. Buna görə də iddiaçı məcbur qalaraq məhkəməyə müraciət etmişdir. Ona görə də cavabdehdən onun xeyrinə 3200,0 (üç min iki yüz) manat məbləğində borc, 52,0 (əlli iki) manat məbləğində dövlət rüsumu və 110,0 (bir yüz on) manat nəbləğində hüquqi yardım xərcinin tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı vəkili və nümayəndəsi Vəkil iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh məhkəməyə verdiyi izahatında bildirdi ki, qeyd olunan müqavilə onunla iddiaçı arasında formal olaraq bağlanmışdır. Sadəcə onun işlədiyi yerin rəhbərliyi 3200,0 manat dəyərində məhsullar olmadığını ona bildirmiş və ondan həmin məsulların dəyərini istəmişlər. O, həmin vaxt həmin məhsulların yerində olmamasının ona aid olmadığını bildirərək həmin pulu ödəməyəcəyini bildirmişdir. Sonradan ona iddiaçı ilə formal borc müqaviləsini bağlamağı bildirdilər və ona deyildi ki, bu pul ondan tələb edilməyəcək. O da həmin müqaviləni notariusda bağalmış, ona verilən sənədlərədə qol çəkmişdir. İddianın rədd edilməsini xahiş etdi. Məhkəmə, iddiaçının izahatını dinləyərək və iş üzrə toplanmış materialları tədqiq edib, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, iddiaçı S.İddiaçı ilə Cavabdeh arasında 13.02.2019-cu il tarixdə notariat qaydasında təsdiq edilmiş kredit müqaviləsi bağlanmışdır. Qeyd edilən müqaviləyə əsasən Cavabdeh 13.10.2020-ci il tarixinə qədər hər ay 150 (bir yüz əlli) manat, 13.11.2020-ci il tarixində isə 200 (iki yüz) manat olmaqla qaytarmaq şərti ilə cavabdehə 3200 məbləğində borc pul verməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş ödəniş tapşırıqlardan aydın olur ki, iddiaçı hazırkı iddia üzrə 52,0 (əlli iki) manat məbləğində dövlət rüsumu və 110,0 (bir yüz on) manat nəbləğində hüquqi yardıma görə pul ödəmişdir. İş materiallarına əlavə olunmuş 13.02.2019-cu il tarixli xəzinə mədaxil orderindən görünür ki, İddiaçı 12.02.2019-cu il tarixli kredit müqaviləsi üzrə 3200,0 manat məbləğində pulu 14 saylı notariat kontorunun hesabına köçürtmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi ünvan ünvanlanmış 13.02.2019-cu il tarixli 244 saylı məktubunun sürətindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, 7 MKR, ev 5/34, mənzil 23-də qeydiyyatda olan İddiaçı notariat qaydasında təsdiq olunacaq kredit müqaviləsi üzrə ödənilməli olan 3200,0 manat (üç min iki yüz) manat məbləğində pulu kredit müqaviləsi tərəfindən təsdiq edildikdən əsasında Bakı şəhəri, Mərdəkan qəsəbəsi 28 May küçəsi, ev 32 ”A"-da qeydiyyatda olan Cavabdeh verilməsi üçün bankda olan **********00001 AZM38 №-li depozit hesabına qəbul olunmasını xahiş etmişdir. Beləliklə, işin həqiqi halları ilə məhkəmə iclasında müəyyən edilmişdir ki, cavabdeh qeyd edilən kredit müqaviləsi üzrə 13.10.2020-ci il tarixinə qədər hər ay 150 (bir yüz əlli) manat, 13.11.2020-ci il tarixində isə 200 (iki yüz) manat olmaqla krediti qaytarmağı öhdəsinə götürmüş olsa da, hər hansı bir ödəniş etməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə öhdəliklərin cavabdeh tərəfindən icra edilməməsi işin materialları ilə təsdiq olunur. Odur ki, məhkəmə hesab edir ki, iddiaçı verdiyi krediti tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 740.2-ci maddəsinə görə borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Göstərilən Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan borc almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında borc məbləğini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan borc almasına dair hüququndan istifadə etmiş, borc pul vəsaitini ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, cavabdeh borcunu ödəmədiyindən, iddiaçı borcun ödənilməsini tələb etməkdə haqlıdır. Buna görə də iddia tələbi təmin edilməlidir. Məhkəmə eyni zamanda hesab edir ki, iddia tələbinin iddiaçı tərəfindən 110,0 manat məbləğində hüquqi xidmətə çəkilən xərclərin əvəzinin cavabdehdən tutulmasına dair hissəsini araşdıraraq, hesab edir ki, iddia tələbi həmin hissədə də təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.5-ci maddəsinə əsasən, nümayəndələrə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar olan məsrəflərə aiddir. Göstərilən Məcəllənin 121.1.-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, hüquqi xidmət üçün müəyyənləşdirilən məbləğ müqavilə azadlığı prinsipi əsasında həmin müqavilənin iştirakçıları tərəfindən müəyyən olunduğundan, göstərilən məbləğ, yəni 110,0 manat məbləğində cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən qiymətləndirilən iddialar üzrə iddia ərizələrindən iddia qiyməti iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilir. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, 52,0 manat məbləğində dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 3200,0 (üç min iki yüz) manat məbləğində borc, 52,0 (əlli iki) manat məbləğində dövlət rüsumu və 110,0 (bir yüz on) manat məbləğində hüquqi xidmətlərə görə xərc, cəmi 3362,0 (üç min üç yüz altmış iki) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar