Məhkəmə qərarları › İş №e-2(003)-1016/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-1016/2023

24.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-1016/2023 24.05.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi, Şükürlü Murad Şahin oğlunun katibliyi, İddiaçı "xxxx" QSC-nin nümayəndəsi X1, Cavabdehlər Cavabdeh1, Cavabdeh2 iştirakları ilə, İddiaçı QSC-nin Cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Əzimov Əzimağa Əsəd oğluna qarşı “kredit müqaviləsinin ləğv edilməsi və sair” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ İddiaçı QSC cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsinin ləğv edilməsi və sair” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı QSC-nin nümayəndəsi G.Ə.Hüseynova iddia ərizəsini müdafiə edərək təmin edilməsini xahiş etdi və izahatında göstərdi ki, Cavabdeh3 İddiaçı QSC ilə xx.xx.2019-cu il tarixdə bağladığı 021A********** saylı kredit müqaviləsi əsasında aylıq faiz dərəcəsi 0.0833 faiz olmaqla 60 ay müddətinə hissə hissə qaytarmaq şərti ilə 4324,38 manat məbləğində kredit verilmişdir. O, dəfələrlə ödənişləri yubatmış, xx.xx.2021ci il tarixdən ödənilməsi nəzərdə tutulmuş aylıq kredit və faiz borcunu qaytarmamışdır. O, borcundan ödənişlər etmişdir və hal-hazırda 4224,67 manat məbləğində borcu qalmışdır. Cavabdeh müqavilə üzrə müəyyən edilmiş faiz borcunu qaytarmadığından xx.xx.2023-cü il tarixə faiz borcu 62,41 manat təşkil edir. Cavabdehin xx.xx.2023-cü il tarixə cərimə borcu 2075,97 manat təşkil edir. Kredit müqaviləsi üzrə Cavabdeh3 öhdəliklərinin icrasının təmini məqsədi ilə Cavabdeh1 və Cavabdeh2 ilə zaminlik müqavilələri bağlanmışdır və sonuncular bank qarşısında Cavabdeh3-la birgə məsuliyyət daşıyacaqları barədə öhdəlik götürmüşlər. Kredit müqaviləsinin müddəti xx.xx.2024-cü il tarixdə başa çatdığından həmin müqavilənin ləğv edilməsi də iddia tələbində qeyd edilmişdir. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qəbul edərək izahatında göstərmişdir ki, o, Cavabdeh3 İddiaçı QSC ilə xx.xx.2019-cu il tarixdə bağladığı 021A********** saylı kredit müqaviləsinin təmini məqsədi ilə bankla zaminlik müqaviləsi bağlayaraq əsas borclu ilə birgə məsuliyyət daşıması öhdəliyini qəbul etmişdir. Əsas borclu ilə əlaqə saxlaya bilməmişdir. Öz məsuliyyətindən xəbərdardır və iddia ərizəsinin təmin edilməsinə etiraz etmir. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbini qəbul edərək izahatında göstərmişdir ki, əsas borclu olan Cavabdeh3la bir idarədə işləmişlər. İş yoldaşı olmalarını nəzərə alaraq Cavabdeh3 İddiaçı QSC ilə xx.xx.2019-cu il tarixdə bağladığı 021A********** saylı kredit müqaviləsinin təmini məqsədi ilə bankla zaminlik müqaviləsi bağlayaraq əsas borclu ilə birgə məsuliyyət daşıması öhdəliyini qəbul etmişdir. Sonradan Əlibabanın maddi problemlərlə bağlı öhdəliyini icra etmədiyini bilmişdir. Öz məsuliyyətindən xəbərdardır və iddia ərizəsinin təmin edilməsinə etiraz etmir. Məhkəmə iclasının yeri və vaxtı barəsində lazımi qaydada məlumat göndərilməsinə, iddia tələbinə dair mülahizə və etirazının məhkəməyə təqdim edilməsinin təklif olunmasına baxmayaraq iş üzrə Cavabdeh3 məhkəmə iclasına gəlməmiş, iddia tələbinə dair etiraz və mülahizəsini məhkəməyə təqdim etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, məhkəməyə təqdim edilmiş sübutları tədqiq edib hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.1.-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. İddiaçı QSC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 021A********** saylı kredit müqaviləsindən müəyyən olunur ki, bank borcalana restrukturizasiya olunmuş borc üzrə kredit borcunun qalıq məbləğinin ödənilməsi məqsədi ilə 4324,38 manatı illik 1 faiz olmaqla 60 ay müddətinə 1 il güzəşt müddəti ilə kredit alana verməyi, kredit alan isə krediti və faizi ödəniş planına uyğun olaraq banka qaytarmağı öhdəsinə götürmüşdür. Kredit müqaviləsinin 1.2-ci bəndindən müəyyən olunur ki, bu müqavilə üzrə borcalan banka qarşı öhdəliyini xx.xx.2024-cü il tarixdən gec olmayaraq ödəməlidir. Kredit müqaviləsinin 4.1.2-ci bəndinin əsasən borcalan bu müqavilə əsasında verilmiş hər hansı bir kredit üzrə kredit borcunu, faizi və digər ödənişləri qaytarma planına uyğun olaraq qaytara bilmədikdə bank müqaviləyə vaxtından əvvəl xitam vermək və xitam gününə qədər hesablanmış faizi və başqa ödənişləri kredit alandan qaytarmağı tələb etmək hüququna malikdir. Kredit müqaviləsinin 4.2.2-ci bəndinə əsasən, borclu öhdəliyini icra etmədiyi və ya lazımınca icra etmədiyi , o cümlədən icranı gecikdirdiyi halda gecikdirilən gün üçün kredit qalığının illik 0,02 faiz məbləğində, lakin ümumi məbləği 5 il ərzində 0.1 faizdən artıq olmaması şərtilə cərimə ödəməyə borcludur. İddiaçı QSC-nin xx.xx.2019-cu il tarixli qəbzin surətindən müəyyən olunur ki, bank ayırdığı kreditə görə 4324,38 manatı Cavabdeh3 hesabına köçürmüşdür. İddiaçı QSC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 021A********** saylı kredit müqaviləsi üzrə ödəniş planından müəyyən olunur ki, borcalan xx.xx.2020-ci il tarixdən xx.xx.2024-cü il tarixədək olan dövr ərzində əsas borca görə 4324,38 manat, faiz borcuna görə 134,09 manat olmaqla cəmi 4458,47 manat borcu hissə-hissə qaytarmağı öhdəsinə götürmüşdür. Kredit verən İddiaçı QSC ilə zamin Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 021G**********01 saylı zaminlik müqaviləsindən müəyyən olunur ki, zamin Cavabdeh1 borcalan Cavabdeh3 məbləği 4324,38 manat, müddəti 60 ay olan xx.xx.2019cu il tarixli 021A********** saylı kredit müqaviləsindən irəli gələn öhdəlikləri ilə bağlı bank qarşısında birgə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. Zaminlik müqaviləsinin 3.1.2-ci bəndindən müəyyən olunur ki, kredit müqaviləsi üzrə ödənməli olan məbləğ gecikdirilərkən zamin hər gecikdirilən gün üçün kredit qalığının 0.1 faizi məbləğində cərimə ödəyir. Zaminlik müqaviləsinin 4.1-ci bəndindən görünür ki, bu müqavilə imzalandığı tarixdən qüvvəyə minir və kredit müqaviləsinin müddəti bitdikdən sonra 3 il müddətinə qüvvədədir. Kredit verən İddiaçı QSC ilə zamin Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 021G**********02 saylı zaminlik müqaviləsindən müəyyən olunur ki, zamin Cavabdeh2 borcalan Cavabdeh3 məbləği 4324,38 manat, müddəti 60 ay olan xx.xx.2019cu il tarixli 021A********** saylı kredit müqaviləsindən irəli gələn öhdəlikləri ilə bağlı bank qarşısında birgə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. Zaminlik müqaviləsinin 3.1.2-ci bəndindən müəyyən olunur ki, kredit müqaviləsi üzrə ödənməli olan məbləğ gecikdirilərkən zamin hər gecikdirilən gün üçün kredit qalığının 0.1 faizi məbləğində cərimə ödəyir. Zaminlik müqaviləsinin 4.1-ci bəndindən görünür ki, bu müqavilə imzalandığı tarixdən qüvvəyə minir və kredit müqaviləsinin müddəti bitdikdən sonra 3 il müddətinə qüvvədədir. İddiaçı QSC-nin xx.xx.2023-cü il tarixli maliyyə arayışından müəyyən olunur ki, borcalan Cavabdeh3 xx.xx.2019-cu il tarixli 021A********** saylı kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixə əsas borca görə 4224,67 manat, faiz borcuna görə 62,41 manat, cərimə borcuna görə 2075,97 manat olmaqla cəmi 6363,05 manat borcu vardır. Gecikmə günlərinin sayı 689 gün təşkil edir. İddiaçı QSC-nin Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 ünvanladığı xəbərdarlıqlardan müəyyən olunur ki, bank birgə borclulara borc qaytarılmadığı halda kredit müqaviləsinə vaxtından əvvəl xitam veriləcəyi, borcun tam həcmdə tələb edilməsi üçün məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Məhkəmə qeyd edir ki, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər Mülki Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Əgər tərəflər müqavilənin əhəmiyyətli dərəcədə dəyişmiş şəraitə uyğunlaşdırılması və ya ləğv edilməsi barədə razılığa gəlməsələr müqavilə maraqlı tərəfin tələbi ilə məhkəmə tərəfindən ləğv edilə bilər. (MM-nin 421.1.,421.2.,422.2.-ci mad.) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla birgə borclular olan cavabdehlərin müqavilə öhdəliklərini icra etməmələri nəticəsində borc verənə əsas borca görə 4224,67 manat, faiz borcuna görə 62,41 manat borclarının yaranması öz təsdiqini tapdığından məhkəmə iddiaçının kredit müqaviləsinin ləğv edilməsinə, birgə borclulardan müştərək qaydada əsas borca görə 4224,67 manat, faiz borcuna görə 62,41 manat tələbini əsaslı hesab edib təmin edir. Məhkəmə iddiaçı tərəfindən hesablanan cərimənin birgə borcluların borcuna görə tənasübsüz surətdə yüksək hesablanması qənaətinə gələrək qeyd edir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidirlər. Əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikdə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. (MM-nin 458.1-ci mad.) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının xeyrinə cəriməyə görə cavabdehlərdən 400 manat tutulmalı, iddia tələbi cərimə ilə bağlı qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, iş üzrə məhkəmə xərcləri iddianın təmin edilən hissəsində cavabdehlərə aid edilməlidir. Məhkəmə hesab edir ki, iddia ərizəsi qismən təmin edildiyindən, cavabdehlərdən dövlət rüsumuna görə 66,87 manat tutulmalı, qalan 16,76 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia ərizəsi qismən təmin edilsin. İddiaçı QSC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 021A********** saylı kredit müqaviləsi ləğv edilsin. Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 xx.xx.2019-cu il tarixli 021A********** saylı kredit müqaviləsi üzrə müştərək qaydada əsas borca görə 4224,67 manat, faiz borcuna görə 62,41 manat, cəriməyə görə 400 manat və ödənilmiş dövlət rüsumuna görə 66,87 manat olmaqla, ümumilikdə cəmi 4753,95 (dörd min yeddi yüz əlli üç manat, doxsan beş qəpik) İddiaçı QSC-nin xeyrinə tutulsun. Ödənilmiş dövlət rüsumunun 16,76 manat hissəsi İddiaçı QSC-nin özünə aid edilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Emin Rüstəmov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar