Məhkəmə qərarları › İş №e-2(003)-1038/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-1038/2023

06.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-1038/2023 06.04.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi Şükürlü Murad Şahin oğlunun katibliyi, İddiaçı "xxxx" QSC-nin nümayəndəsi X1, Cavabdeh2 iştirakları ilə, İddiaçı QSC-nin Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “kredit müqaviləsinin ləğv edilməsinə və sair” tələblərə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ İddiaçı QSC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “kredit müqaviləsi üzrə borc” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh2 ilə İddiaçı QSC arasında imzalanmış 021A********** saylı kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 2267,02 manat məbləğində kredit borcu, 23,07 manat məbləğində faiz borcu və 559,5 manat məbləğində cərimə olmaqla, ümumilikdə cəmi 2849,59 manat məbləğində borcun və ödənilmiş 41,39 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı QSC-nin nümayəndəsi X2 iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək kredit müqaviləsi üzrə cavabdeh tərəfindən ödəniş edildiyinə görə yeni maliyyə arayışı əsasında Cavabdeh2 ilə İddiaçı QSC arasında imzalanmış 021A********** saylı kredit müqaviləsinin ləğv edilməsi, cavabdehlərdən müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 2232,47 manat məbləğində kredit borcu, 26,05 manat məbləğində faiz borcu və 532,55 manat məbləğində cərimə olmaqla, ümumilikdə 2791,07 manat məbləğində borcun və ödənilmiş 41,39 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı QSC-nin nümayəndəsi X3 iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, Cavabdeh2 İddiaçı QSC ilə xx.xx.2019-cu il tarixdə bağladığı 021A********** saylı kredit müqaviləsi əsasında aylıq faiz dərəcəsi 0.0833 faiz olmaqla 60 ay müddətinə hissə hissə qaytarmaq şərti ilə 2879.48 manat məbləğində kredit verilmişdir. O, dəfələrlə ödənişləri yubatmış, xx.xx.2021-ci il tarixdən ödənilməsi nəzərdə tutulmuş aylıq kredit və faiz borcunu qaytarmamışdır. O, borcundan ödənişlər etmişdir və halhazırda 2232.47 manat məbləğində borcu qalmışdır. Cavabdeh müqavilə üzrə müəyyən edilmiş faiz borcunu qaytarmadığından xx.xx.2023-cü il tarixə faiz borcu 26.07 manat təşkil edir. Cavabdehin xx.xx.2023-cü il tarixə cərimə borcu 532.55 manat təşkil edir. Kredit müqaviləsi üzrə Cavabdeh2 öhdəliklərinin icrasının təmini məqsədi ilə Cavabdeh1 ilə zaminlik müqaviləsi bağlanmışdır və sonuncu bank qarşısında Cavabdeh2-la birgə məsuliyyət daşıyacağı barədə öhdəlik götürmüşdür. Kredit müqaviləsinin müddəti xx.xx.2024-cü il tarixdə başa çatdığından həmin müqavilənin ləğv edilməsi də iddia tələbində qeyd edilmişdir. Məhkəmədən iddia ərizəsinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 iddia ərizəsini qismən qəbul edərək izahatında göstərmişdir ki, o, İddiaçı QSC ilə xx.xx.2019-cu il tarixli 021A********** saylı kredit müqaviləsi bağlamış, həmin müqaviləyə əsasən bank ona aylıq 0.0833 faiz dərəcəsi olmaqla 60 ay müddətinə hissə hissə qaytarmaq şərti ilə 2879.48 manat məbləğində kredit vermişdir. Cavabdeh1 bank qarşısında ona zamin durmuşdur. O, öhdəliklərini bir müddət icra etdikdən sonra maddi imkanı pisləşdiyindən ödənişləri apara bilməmişdir. Hazırda o, bankın kredit razılaşmasının ləğv edilməsi tələbi ilə razıdır. Həmin müqavilə üzrə düzgün hesablanan əsas və faiz borcunu hissə-hissə banka qaytaracaqdır. Lakin cərimə məbləğinin çox hesablandığını bildirdi. İddia ərizəsinin cərimə ilə bağlı hissədə təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barəsində lazımi qaydada məlumat göndərilməsinə, iddia tələbinə dair mülahizə və etirazının məhkəməyə təqdim edilməsinin təklif olunmasına baxmayaraq iş üzrə Cavabdeh1 məhkəmə iclasına gəlməmiş, iddia tələbinə dair etiraz və mülahizəsini məhkəməyə təqdim etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, məhkəməyə təqdim edilmiş sübutları tədqiq edib hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.1.-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. İddiaçı QSC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 021A********** saylı kredit müqaviləsindən müəyyən olunur ki, bank borcalana restrukturizasiya olunmuş borc üzrə kredit borcunun qalıq məbləğinin ödənilməsi məqsədi ilə 2879.48 manatı illik 1 faiz olmaqla 60 ay müddətinə 1 il güzəşt müddəti ilə kredit alana verməyi, kredit alan isə krediti və faizi ödəniş planına uyğun olaraq banka qaytarmağı öhdəsinə götürmüşdür. Kredit müqaviləsinin 1.2-ci bəndindən müəyyən olunur ki, bu müqavilə üzrə borcalan banka qarşı öhdəliyini xx.xx.2024-cü il tarixdən gec olmayaraq ödəməlidir. Kredit müqaviləsinin 4.1.2-ci bəndinin əsasən borcalan bu müqavilə əsasında verilmiş hər hansı bir kredit üzrə kredit borcunu, faizi və digər ödənişləri qaytarma planına uyğun olaraq qaytara bilmədikdə bank müqaviləyə vaxtından əvvəl xitam vermək və xitam gününə qədər hesablanmış faizi və başqa ödənişləri kredit alandan qaytarmağı tələb etmək hüququna malikdir. Kredit müqaviləsinin 4.2.2-ci bəndinə əsasən, borclu öhdəliyini icra etmədiyi və ya lazımınca icra etmədiyi , o cümlədən icranı gecikdirdiyi halda gecikdirilən gün üçün kredit qalığının illik 0,02 faiz məbləğində, lakin ümumi məbləği 5 il ərzində 0.1 faizdən artıq olmaması şərtilə cərimə ödəməyə borcludur. İddiaçı QSC-nin xx.xx.2019-cu il tarixli qəbzindən müəyyən olunur ki, bank ayırdığı kreditə görə 2879.48 manatı Cavabdeh2 hesabına köçürmüşdür. İddiaçı QSC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 021A********** saylı kredit müqaviləsi üzrə ödəniş planından müəyyən olunur ki, borcalan xx.xx.2019-cu il tarixdən xx.xx.2024-cü il tarixədək olan dövr ərzində əsas borca görə 2879.48 manat, faiz borcuna görə 89,52 manat olmaqla cəmi 2969 manat borcu hissə-hissə qaytarmağı öhdəsinə götürmüşdür. Kredit verən İddiaçı QSC ilə zamin Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 021G**********01 saylı zaminlik müqaviləsindən müəyyən olunur ki, zamin Cavabdeh1 borcalan Cavabdeh2 məbləği 2879.48 manat, müddəti 60 ay olan xx.xx.2019cu il tarixli 021A********** saylı kredit müqaviləsindən irəli gələn öhdəlikləri ilə bağlı bank qarşısında birgə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. Zaminlik müqaviləsinin 3.1.2-ci bəndindən müəyyən olunur ki, kredit müqaviləsi üzrə ödənməli olan məbləğ gecikdirilərkən zamin hər gecikdirilən gün üçün kredit qalığının 0.1 faizi məbləğində cərimə ödəyir. Zaminlik müqaviləsinin 5.4-cü bəndindən görünür ki, tərəflər müqavilə üzrə bütün öhdəliklərini tam icra edənədək bu müqavilə qüvvədədir. İddiaçı QSC-nin xx.xx.2023-cü il tarixli maliyyə arayışından müəyyən olunur ki, borcalan Cavabdeh2 xx.xx.2019-cu il tarixli 021A********** saylı kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixə əsas borca görə 2232,47 manat, faiz borcuna görə 26,05 manat, cərimə borcuna görə 532,55 manat olmaqla cəmi 2791,07 manat borcu vardır. Gecikmə günlərinin sayı 509 gün təşkil edir. İddiaçı QSC-nin Cavabdeh2 və Cavabdeh1 ünvanladığı xəbərdarlıqlardan müəyyən olunur ki, bank birgə borclulara borc qaytarılmadığı halda kredit müqaviləsinə vaxtından əvvəl xitam veriləcəyi, borcun tam həcmdə tələb edilməsi üçün məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Məhkəmə qeyd edir ki, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər Mülki Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Əgər tərəflər müqavilənin əhəmiyyətli dərəcədə dəyişmiş şəraitə uyğunlaşdırılması və ya ləğv edilməsi barədə razılığa gəlməsələr müqavilə maraqlı tərəfin tələbi ilə məhkəmə tərəfindən ləğv edilə bilər. (MM-nin 421.1.,421.2.,422.2.-ci mad.) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla birgə borclular olan cavabdehlərin müqavilə öhdəliklərini icra etməmələri nəticəsində borc verənə əsas borca görə 2232,47 manat, faiz borcuna görə 26,05 manat borclarının yaranması öz təsdiqini tapdığından məhkəmə iddiaçının kredit müqaviləsinin ləğv edilməsinə, birgə borclulardan müştərək qaydada əsas borca görə 2232,47 manat, faiz borcuna görə 26,05 manat tələbini əsaslı hesab edib təmin edir. Məhkəmə iddiaçı tərəfindən hesablanan cərimənin birgə borcluların borcuna görə tənasübsüz surətdə yüksək hesablanması qənaətinə gələrək qeyd edir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidirlər. Əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikdə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. (MM-nin 458.1-ci mad.) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının xeyrinə cəriməyə görə cavabdehlərdən 150 manat tutulmalı, iddia tələbi cərimə ilə bağlı qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, iş üzrə məhkəmə xərcləri cavabdehlərə aid edilməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia ərizəsi qismən təmin edilsin. İddiaçı QSC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 021A********** saylı kredit müqaviləsi ləğv edilsin. Cavabdeh2 və Cavabdeh1 xx.xx.2019-cu il tarixli 021A********** saylı kredit müqaviləsi üzrə müştərək qaydada əsas borca görə 2232,47 manat, faiz borcuna görə 26,05 manat, cəriməyə görə 150 manat olmaqla cəmi 2338,52 manat borc, dövlət rüsumuna görə 41.39 manat olmaqla ümumilikdə cəmi 2449,91 (iki min dörd yüz qırx doqquz manat doxsan bir qəpik) İddiaçı QSC-nin xeyrinə tutulsun. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Emin Rüstəmov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar