Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-1059/2023 13.03.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi ilə İddiaçı ləğv prosesində olan "xxxx" ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı ləğv prosesində olan "xxxx" ASC Cavabdeh qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılır ki, Cavabdeh xx.xx.2018-ci il tarixli kredit müqaviləsinə əsasən ləğv prosesində olan NBC Bank ASC-dən illik 23% ödəmək 24 ay müddətinə qaytarmaq şərti ilə 2000 manat kredit götürmüşdür. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və **********361 saylı xx.xx.2022-ci il tarixli rəsmi bildirişin göndərilməsinə baxmayaraq cavabdeh tərəfindən borcun qaytarılması təmin edilməmişdir. xx.xx.2022-ci il tarixinə Cavabdeh əsas borc üzrə 410,95 manat, faiz borcu üzrə 74,95 manat və gecikdirilmiş vaxt üçün faiz borcu üzrə 41 manat borcu mövcuddur. Ona görə də Cavabdeh ləğv prosesində olan NBC Bank ASC-nin xeyrinə xx.xx.2018-ci il tarixli kredit müqaviləsi üzrə əsas borca görə 410,95 manat, faiz borcu üzrə 74,95 manat, gecikdirilmiş vaxt üçün faiz borcu üzrə 41 manat və ödənilmiş dövlət rüsumuna görə 30 manatın cavabdehdən tutulmasına dair qətnamə çıxarılması xahiş olunur. Azərbaycan Respublikası MPM-nin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2.-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə tərəfindən Cavabdeh iddiaçının tələbinə dair bildiriş göndərilmiş, Cavabdeh tələbə qarşı etirazını məhkəməyə təqdim etməmişdir. Məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib, iş üzrə əlavə araşdırmaya zərurətin olmamasını nəzərə alaraq məhkəmə iddia ərizəsinin təmin edilməsi qənaətinə gəlir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Borcverən "xxxx" ASC-nin Gənclik filialı ilə borcalan Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli 04/3134/KİK saylı kredit müqaviləsindən müəyyən olunur ki, bank 24 ay müddətinə qaytarmaq, illik 23% ödəmək şərti ilə 2000 manat məbləğində kredit verməyi, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə banka qaytarmağı öhdəsinə götürmüşdür. "xxxx" ASC-nin xx.xx.2018-ci il tarixli müddətli öhdəçilik qəbzindən müəyyən olunur ki, bank Cavabdeh 2000 manat kredit vermişdir. "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli 04/3134/KİK saylı kredit müqaviləsinə əlavə ödəniş cədvəlindən müəyyən olunur ki, borcalan Cavabdeh xx.xx.2018-ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan dövr ərzində hər ay 104.75 manat ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 3.1.5-ci maddəsinə əsasən bank bu müqavilədən irəli gələn öhdəliyin vaxtında və lazımı qaydada icra edilməməsi ilə nəticələnə bilən bu hissənin bəndlərində nəzərdə tutulan hallarda müqaviləyə birtərəfli qaydada vaxtından əvvəl xitam verir və verilmiş kreditin yerdə qalan əsas məbləğ və qrafik üzrə yerdə qalan bütün faizlərlə birlikdə qaytarılmasını tələb edir. Müqavilənin 5.2-ci maddəsinə əsasən Kredit alan razılaşdırılmış qrafik üzrə ödəniş müddətləri keçdikdən sonra krediti və faizini qaytarmadıqda Bank hər gecikdirilən gün üçün kreditin və ona hesablanmış faizin ödənilməmiş hissəsinin 0,3 faizi miqdarında penya tələb etmək hüququna malikdir. Ləğv prosesində olan "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli arayışdan müəyyən olunur ki, Cavabdeh xx.xx.2018-ci il tarixli 04/3134/KİK saylı kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixinə əsas borca görə 410,95 manat, faiz borcuna görə 74,95 manat, gecikdirilmiş vaxt üçün faiz borcuna görə 41 manat olmaqla cəmi 526,90 manat borcu vardır. Ləğv prosesində olan "xxxx" ASC-nin borcalan Cavabdeh ünvanladığı xx.xx.2022-ci il tarixli **********361 saylı bildirişdən müəyyən olunur ki, bank borcalana kredit müqaviləsi üzrə borc ödənilmədiyi təqdirdə borcun ödənilməsinə dair məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir. Azərbaycan Respublikası MPM-nin 284-5.3.-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1.-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verib belə nəticəyə gəlir ki, cavabdeh iddiaçıya xx.xx.2018-ci il tarixli 04/3134/KİK saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərini icra etmədiyindən iddiaçıya əsas borca görə 410,95 manat, faiz borcuna görə 74,95 manat, gecikdirilən vaxt üçün faiz borcuna görə 41 manat olmaqla cəmi 526,90 manat borcu yaranmışdır. Ona görə məhkəmə iddiaçının tələblərini əsaslı hesab edib təmin edir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, iddiaçının ödədiyi dövlət rüsumu cavabdehlərə aid edilməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220 və 284-6.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia ərizəsi təmin edilsin. Cavabdeh xx.xx.2018-ci il tarixli 04/3134/KİK saylı kredit müqaviləsi üzrə əsas borca görə 410,95 manat, faiz borcuna görə 74,95 manat, gecikdirilən vaxt üçün hesablanan faiz borcuna görə 41 manat, ödənilmiş dövlət rüsumuna görə 30 manat olmaqla cəmi 556,90 manat ləğv prosesində olan "xxxx" ASC-nin xeyrinə tutulsun. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Emin Rüstəmov
Məhkəmə qərarları › İş №e-2(003)-1059/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-1059/2023
13.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver