Məhkəmə qərarları › İş №e-2(003)-112/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-112/2024

29.02.2024 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-112/2024 29.02.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi, Şükürlü Murad Şahin oğlunun katibliyi, İddiaçılar İddiaçı2 və İddiaçı1 nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh X1 iştirakları ilə, İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdeh X2 qarşı “tikilinin sökülməsi və yolun əvvəlki vəziyyətinin bərpa edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdeh X2 qarşı “tikilinin sökülməsi və yolun əvvəlki vəziyyətinin bərpa edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X3 tərəfindən iddiaçılara məxsus Bakı şəhəri Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Sahil küçəsində yerləşən 42L və 42M saylı torpaq sahələrinə gedən yolda mişar daşları ilə qanunsuz tikilmiş hasarın cavabdehin vəsaiti hesabına sökülməsi, yolun 8 metrlik eninin bərpa olunaraq əvvəlki vəziyyətə gətirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçılar İddiaçı2 və İddiaçı1 nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsini müdafiə edərək təmin edilməsini xahiş etdi və izahatında göstərdi ki, iddiaçılar İddiaçı2 və İddiaçı1 Bakı şəhəri Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Sahil küçəsində hər biri 0,045 ha olmaqla 42L və 42M saylı torpaq sahələrini almışlar. Buna dair Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2021-ci il tarixdə **********02 və **********91 reyestr nömrələri ilə qeydiyyata alınaraq çıxarışlar verilmişdir. İddiaçılara məxsus torpaq sahələrinə gedən yol qonşuluqda yaşayan cavabdehlər X4 və X3 tərəfindən dəmir məhəcərlərlə hasara alınaraq və ağaclar əkilərək zəbt olunmuşdur. Torpaq sahələrinə gedən yolun boşaldılaraq əvvəlki vəziyyətə gətirilməsi ilə bağlı iddiaçılar məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-3283/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək iddiaçılar İddiaçı2 və İddiaçı1 məxsus Bakı şəhəri Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Sahil küçəsində yerləşən 42L və 42M saylı torpaq sahələrinə gedən yolun boşaldılması, cavabdehlər tərəfindən qeyri-qanuni dəmir məhəcərlərlə hasara alınmış yolun onların vəsaiti hesabına sökülərək yol açılması və əvvəlki vəziyyətə gətirilərək həmin yoldan iddiaçıların istifadəsinə maneələrin dayandırılması qət edilmişdir. Həmin qətnamədən cavabdeh Kəmalə Quliyeva apellyasiya şikayəti vermiş və Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-2809/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə cavabdeh X1 apellyasiya şikayəti təmin edilməmiş, mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-3283/2021 saylı, 09 dekabr 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Birinci instansiya məhkəməsi qətnamə qəbul etdikdən sonra, baxmayaraq ki, yolun əvvəlki vəziyyətə gətirilib çıxarılması ilə bağlı cavabdehin üzərinə vəzifə qoyulmuşdur, cavabdeh 2022-ci ilin yay aylarında qanunsuz olaraq öz həyətyani sahəsini artırmaq məqsədi ilə yaşadığı evin hasarını söküb mübahisəli yolda mişar daşı ilə yeni hasar çəkərək zəbt olunmuş yolun keçən hissəsini 8 metr enindən 4 metr eninə qədər daraltmışdır. Məhz bu səbəbdən, birinci instansiya məhkəməsinin qətnaməsinin icrasını uzatmaq məqsədi ilə cavabdeh həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Qanuni qüvvəsini almış məhkəmə qətnaməsinə əsasən, yolun əvvəlki vəziyyətə gətirilərək maneələrin aradan qaldırılması ilə bağlı qanunsuz tikilmiş hasarın sökülməsi icra məmuru tərəfindən cavabdehdən tələb edilsə də, cavabdeh Kəmalə Quliyeva bildirmişdir ki, icra vərəqəsində hasarın sökülməsi qeyd olunmadığı üçün sözü gedən hasar sökülə bilməz. Bu səbəbdən iddiaçılar məhkəməyə müraciət etmək məcburiyyətindədirlər. Ekspert rəyi ilə razı deyildir. Torpaq sahələrinin hasarları arasında olan məsafə avtomobilin giriş-çıxışı üçün lazımı enliliklə deyil. Bu da iddiaçıların öz bağ sahələrinə giriş-çıxışına maneə yaradır. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək rədd edilməsini xahiş etdi. Əlavə olaraq qeyd etdi ki, şəhid ailəsi kimi ona icra hakimiyyəti ev tikmək üçün müvafiq sərəncamla həmin yeri ayırmışdır. Həmin ərazidə yol olmamışdır. Hazırda istəniləm avtomobilin keçməsi üçün enli torpaq yol vardır. Onun evinin hasarı iddiaçılarn evinə geüdiş gəlişə mane olmur. İddiaçı tərəfin vəsatəti ilə məhkəmə iclasında çıxış edən ekspert Elmar Səidov ekspert rəyində göstərilənlərə uyğun izahat vermiş və suallara cavab olaraq bildirmişdir ki, mübahisəli yolda artıq ağaclar əkilmişdir və ora keçid kimi istifadə edilmir. Mübahisəli hasarın çəkildiyi bir hissədə yolun eni 4,60 metr, digər hissədə isə 5,90 metr təşkil edir. Mübahisəli ərazinin yol, keçid və ya dalan olması ilə bağlı, yəni hüquqi statusunun müəyyən edilməsi onların səlahiyyətinə aid deyildir. Məhkəmə iddiaçıların vəkilinin izahatını dinləyib, cavabdehin mövqeyini tədqiq edib və iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - ƏMDK DƏDKR publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2021-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən 0,0450 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq İddiaçı2 adına qeydiyyatdan keçirilmişdir (daşınmaz əmlakın reyestr nömrəsi: **********02). - ƏMDK DƏDKR publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2021-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən 0,0605 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq İddiaçı1 adına qeydiyyatdan keçirilmişdir (daşınmaz əmlakın reyestr nömrəsi: **********91). - Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(003)-3283/2021 saylı qətnaməsindən görünür ki, iddia təmin edilməklə iddiaçılar İddiaçı2 və İddiaçı1 məxsus Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Sahil küçəsi 42L və 42M saylı torpaq sahələrinə gedən yolun boşaldılması, cavabdehlər tərəfindən qeyri-qanuni dəmir məhəccərlərlə hasara alınmış yolun onların vəsaiti hesabına sökülərək yolun açılması və əvvəlki vəziyyətə gətirilərək həmin yoldan iddiaçıların istifadəsinə maneələrin dayandırılması qət edilmişdir. - Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(103)-2809/2022 saylı qətnaməsindən görünür ki, cavabdeh X1 apellyasiya şikayəti təmin edilməyərək Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(003)-3283/2021 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 3-16-16/2-10/5789 saylı rəyindən görünür ki, Mülki iş materiallarında Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Sahil küçəsi ünvanında yerləşən 42L və 42M saylı torpaq sahələrinə gediş-gəliş üçün nəzərdə tutulmuş yolun, eləcə də, Cavabdeh istifadəsində olan torpaq sahəsinə dair layihələr olmadığından qərardadın bu sualları üzrə tədqiqat aparılmadı. Qərardadın üçüncü sualı üzrə: Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Cavabdeh istifadəsində olan torpaq sahəsinin hasarı ilə iddiaçıların mülkiyyətində olan torpaq sahələrinin hasarı arasında olan . ni, bir tərəfdən 5,90 metr daha sonrasında isə 4,60 m təşkil etdiyini nəzərə alaraq həmin yolun Azərbaycan Dövlət Tikinti Normaları 2.6-1-nin “Şəhər, qəsəbə və kənd yaşayış məskənlərinin planlaşdırılması və tikilib abadlaşdırılması”-nın küçə və yol şəbəkələri bölməsinin 8 və 9 saylı cədvəllərinə uyğun olduğu müəyyən edilmişdir. - Həmin rəydə göstərilmişdir ki, Azərbaycan Dövlət Tikinti Normaları 2.6-1-nin “Şəhər, qəsəbə və kənd yaşayış məskənlərinin planlaşdırılması və tikilib abadlaşdırılması”-nın küçə və yol şəbəkələri bölməsinin 8 və 9 saylı cədvəllərində göstərilir: .. Yaşayış evi ilə küçəni birləşdirən, piyadalar üçün nəzərdə tutulan yolun eni 1,5 metr, hərəkət (avtomobil) yolunun eni isə 2,75-3,0 metr olmalıdır. Cavabdeh istifadəsində olan torpaq sahəsinin hasarı ilə iddiaçıların mülkiyyətində olan torpaq sahələrinin hasarı arasında olan yolun eni bir tərəfdən 5,90 metr daha sonrasında isə 4,60 m təşkil etdiyini nəzərə alaraq həmin yolun Azərbaycan Dövlət Tikinti Normaları 2.6-1-nin Şəhər, qəsəbə və kənd yaşayış məskənlərinin planlaşdırılması və tikilib abadlaşdırılmasının küçə və yol şəbəkələri bölməsinin 8 və 9 saylı cədvəllərinə uyğun olduğu müəyye edilir. - Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişindən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manatdır. - Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyətinin başçısının İ müavini tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli 5-12/2-52/2024 saylı məktubundan görünür ki, mübahisə predmeti olan ərazinin yeni Mərdəkan-Buzovna şossesindən “Dalğa arena”-ya gedən yolun sağ hissəsində yerləşdiyi, həmin ərazinin 2015-ci ildə aparılan abadlıq-quruculuq işləri zamanı daş hasarla bağlanıldığı qeyd edilmişdir. Həmçinin, yeni Mərdəkan-Buzovna şossesinin kənarında uzun illər öncə dəmiryol xətti keçmişdir. Bu səbəbdən həmin ərazidə avtomobil yolu olmamışdır. Lakin, hal-hazırda bağ sahələri arasında yolun və ya keçidin nəzərdə tutulub-tutulmaması, layihənin olub-olmaması barədə məlumat yoxdur. Azərbaycan Respubikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157-ci maddəsinə əsasən (157.4,157.8) Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Azərbaycan Respublikası Torpaq Məcələsinin 84-cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Qanunvericiliyin pozulduğu hallar istisna olmaqla, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin fəaliyyətinə dövlət orqanlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin qarışmasına yol verilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 202.1-ci maddəsinə əsasən məhkəməyə gətirilə bilməyən və ya gətirilməsi çətin olan maddi və yazılı sübutlar, olduqları və ya saxlandıqları yerdə müayinə və tədqiq edilir. Məhkəmə tərəfindən iş üzrə mübahisə predmetinə daxil olan iddiaçıların və cavabdehin torpaq sahələri arasında yerləşən yola keçirilmiş yerində müayinə zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Sahil küçəsi ünvanında yerləşən 42L və 42M torpaq sahələri ilə cavabdehin torpaq sahəsi arasında yerləşən yol piyadaların və nəqliyyat vasitələrinin hərəkəti üçün uyğundur. Vizual müşahidə zamanı cavabdehin tikdiyi daş hasarın iddiaçıların torpaq sahələrindən istifadə etmələrinə hər hansı maneə yaratması müəyyən olunmamışdır. Göründüyü kimi, iddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehin çəkdiyi hasarın standartlardan artıq miqdarda kənara çıxdığını, gediş-gəliş üçün nəzərdə tutulmuş yolu tuduğunu, bununla da onların torpaq sahələrindən istifadələrinə maneə yaratdığını bildirərək iddia qaldırmışlar. Daha əvvəl də onlar həmin cavabdehə qarşı iddia qaldıraraq sonuncu tərəfindən tikilmiş dəmir məhəccərli hasarın sökülməsi barədə qətnamə qəbul edilməsinə nail olmuşlar. Hazırda isə iddiaçılar cavabdehin icra məmurunun tələbinə əməl etmədiyini, köhnə hasarı sökərək yeni hasar çəkib hasarı 4 metr məsafədə irəli çəkməklə yolun əvvəlki enini 4 metr daraltdığını bildirərək iddia qaldırmışlar. Lakin, məhkəmə araşdırması zamanı həm ekspert rəyi ilə, həm də yerində müayinə zamanı müşahidə ilə cavabdehin tikdiyi hasarın iddiaçıların torpaq sahələrindən istifadəyə, piyadaların və avtomobillərin hərəkətinə mane olmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 170.1-ci maddəsinə əsasən ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. Həmin Məcəllənin 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Məhkəmə iclasında, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış ekspertiza tədqiqatı (ekspert rəyi) iş üzrə digər sübutlarla yanaşı qiymətləndirilərək hesab edilmişdir ki, mübahisə predmeti olan yolun standartlara uyğun ölçüdə olub-olmaması məsələsi məhz ekspert rəyi əsasında müəyyən edilməlidir. Bu səbəbdən həmin ekspert rəyi əsas götürülməli və mübahisə predmeti olan yol eni iddiaçıların torpaq sahələrinə giriş-çıxışlarına, piyadaların və nəqliyyat vasitələrinin hərəkətinə mane olmadığından iddia ərizəsi təmin edilməməlidir. “X6 və Ekspertiza Mərkəzi” MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 09 saylı mütəxəssis rəyi iş üzrə digər sübutlarla yanaşı qiymətləndirilərək hesab edilmişdir ki, həmin rəy iş üzrə mötəbər sübut hesab edilməməlidir. Qeyd olunanlara məcmu halında hüquqi qiymət verərək məhkəmə hesab edir ki, İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdeh X2 qarşı “tikilinin sökülməsi və yolun əvvəlki vəziyyətinin bərpa edilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, işin hallarını nəzərə alaraq hesab edir ki, ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində pul vəsaiti müştərək qaydada iddiaçılardan tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “tikilinin sökülməsi və yolun əvvəlki vəziyyətinin bərpa edilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 manat müştərək qaydada iddiaçılar İddiaçı1 və İddiaçı2 alınaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin (VÖEN **********, Hesab AZ34CTRE********************). Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Emin Rüstəmov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar