Məhkəmə qərarları › İş №e-2(003)-1122/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-1122/2022

31.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-1122/2022 31.03.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Bəhrəmzadə Sabit Xanlar oğlu İddiaçı ASC-nin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair kiçik iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında baxaraq, müəyyən etdi: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 0104075AZN32595 saylı maliyyələşdirmə barədə ərizə üzrə 521,21 manat əsas, 136,08 manat faiz, 786,14 manat cərimə, cəmi 1443,43 manat məbləğində borc və ödənilmiş 35 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə cavabdeh arasında bağlanmış 28.11.2019-cu il tarixdə Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun 04.02.2019-cu il tarixli 1.1.2 nömrəli versiyasının şərtlərinin qəbul etməsi barədə GTC- 16807İB/2019 saylı Razılıq ərizəsi imzalanmışdır. Həmin Razılıq ərizəsinin imzalayaraq borclu www.pashabank.az saytında yerləşdirilmiş ümumi şərtlər toplusunda (ÜŞT) qeyd edilmiş şərtləri qəbul edir. ÜŞT-yə əlavə olan 0104075AZN32595 saylı 28.11.2019-cu il tarixli maliyyələşdirmə üçün ərizəyə əsasən borcalana 02.11.2020-ci il tarixədək illik 21 % dərəcəsi, illik 180% cərimə dərəcəsi olmaqla 1000 manat məbləğdə kredit verilmişdir. Lakin borcalan qeyd edilən ərizə üzrə öhdəliklərini vaxtında və lazımi qaydada icra etməmiş, nəticədə tələb olunan məbləğlərdə borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə uyğun olaraq cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, cavabdeh həmin bildirişi qəbul etmiş, lakin cavabdeh tərəf bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı etirazlarını göndərməməklə iddiaçının tələbinə dair hər hansı münasibət bildirməmişdir. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 0104075AZN32595 saylı 28.11.2019-cu il tarixli fərdi müştərilərinin maliyyələşdirilməsi üçün ərizədən görünür ki, həmin tarixdən 02.11.2020-ci il tarixədək iddiaçı tərəfindən cavabdehə illik 21 faiz dərəcəsi ilə 1000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun 04.02.2019-cu il tarixli 1.1.2 nömrəli versiyasının şərtlərinin qəbul etməsi barədə GTC-16807İB/2019 saylı 28.11.2019-cu il tarixli Razılıq ərizəsi imzalanmışdır. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh İddiaçı ASC-yə 0104075AZN32595 saylı maliyyələşdirmə barədə ərizə üzrə 521,21 manat əsas, 136,08 manat faiz, 786,14 manat cərimə, cəmi 1443,43 manat məbləğində borcu vardır. İş materiallarında olan 17.11.2021-ci il tarixli cavabdehə ünvanlanmış xəbərdarlıq məktubundan görünürki, cavabdehdən bank (iddiaçı) qarşısında yaranmış borcun ödənilməsi tələb olunmuşdur. İş materialları ilə müəyyən edilir ki, iş üzrə cavabdeh fərdi müştərilərinin maliyyələşdirilməsi üçün ərizələr əsasında iddiaçı qarşısında üzərinə götürdüyü öhdəlikləri lazimi qaydada icra etməmiş və onun iddiaçı qarşısında pul öhdəliyi yaranmışdır. Tədqiq olunmuş iş materiallarına əsasən məhkəmə hesab edir ki, iddiaçı cavabdehdən əsas və faiz borcu üzrə yaranmış məbləğlərin cavabdehdən tutulması hissəsində haqqlı olmuşdur. Eyni zamanda məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, tələb olunan cərimə pulunun göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Qeyd edilənləri rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, tələb olunan cərimə yüksək olduğundan azaldılmalıdır. Odur ki, məhkəmə hesab edir ki, 0104075AZN32595 saylı 28.11.2019-cu il tarixli fərdi müştərilərinin maliyyələşdirilməsi barədə ərizə üzrə cavabdehdən iddiaçının xeyrinə 40 manat cərimə tutulmalıdır. Qeyd edilənlərə əsasən və Mülki Məcəllənin 425, 427, 439, 442, 448, 739-cu maddələrinin göstərişinə əsaslanaraq məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. 697,29 Məhkəmə iddia tələbinin ödənilmiş 35 manat dövlət rüsumunun tutulması hissəsinə qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, 17 manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə tutulmalı, qalan xərclər iddiaçının özünə aid edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsini 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən kiçik iddialara dair ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsaəsn işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 0104075AZN32595 saylı 28.11.2019-cu il tarixli fərdi müştərilərinin maliyyələşdirilməsi barədə ərizə üzrə 521,21 manat əsas, 136,08 manat faiz, 40 manat cərimə olmaqla cəmi 697,29 manat məbləğində borc və ödənilmiş dövlət rüsumuna görə 17 manat alınaraq İddiaçı ASC-nin xeyrinə tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Qeyd olanlara əsasən və Mülki Prosessual Məcəlləsinin 216-230, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 0104075AZN32595 saylı 28.11.2019-cu il tarixli fərdi müştərilərinin maliyyələşdirilməsi barədə ərizə üzrə 521,21 manat əsas, 136,08 manat faiz, 40 manat cərimə olmaqla cəmi 697,29 manat məbləğində borc və ödənilmiş dövlət rüsumuna görə 17 manat alınaraq İddiaçı ASC-nin xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş 35 manat məbləğində dövlət rüsumunun qalan 18 manatı İddiaçı ASC-yə aid edilsin Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar