Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-113/2025 10.06.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Musazadə Xanım Yaşar qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı pul” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək cavabdehdən 180 000 ABŞ dolları məbləğində borcun, 54 000 ABŞ dolları faiz, cəmi 234 000 ABŞ dolları məbləğində pulun və 688 manat dövlə rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında göstərdi ki, Cavabdeh və onun qardaşının Zirə qəsəbəsində istixanaları olmuş və onu inkişaf etdirmək üçün Cavabdeh İddiaçı 180 000 ABŞ dolları borc almış və bu barədə xx.xx.2016-cı il tarixdə 12 saylı notariat ofisində təsdiqlənmiş borcun etirafı haqqında müqavilə bağlamışlar. Bu müqavilədə cavabdeh 180 000 ABŞ dolları borcu xx.xx.2017-ci il tarixədək tam həcmdə iddiaçıya qaytarmasını öhdəsinə götürmüşdür. Lakin cavabdeh öhdəliyi icra edə bilməmiş, iddiaçıdan xx.xx.2023-cü il tarixədək möhlət istəmişdir və bu barədə xx.xx.2020-ci il tarixdə tərəflər öz aralarında təsdiqlədikləri aktla razılaşmışlar. Lakin 6 ildir ki, cavabdeh öz öhdəliyini icra etməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. Bu maddəyə əsaslanaraq, cavabdeh borcunu ödəməsini 6 il müddətində gecikdirdiyinə görə əlavə olaraq illik 5%, yəni 6 il üçün ümumi olaraq 54 000 ABŞ dolları ödəməlidir. İddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barəsində lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat daxil olmamışdır. Belə olan halda məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan xx.xx.2016-cı il tarixli “borcun etirafı haqqında” müqavilədən görünür ki, Cavabdeh İddiaçı 180 000 ABŞ dolları borcunun olmasını etiraf etmiş və bu borcu xx.xx.2017-ci il tarixədək tam həcmdə iddiaçıya qaytarmasını öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli akta əsasən Cavabdeh 180 000 ABŞ dolları borcunu ödəyə bilmədiyi üçün əlavə müddət istəmiş və tərəflər borcun xx.xx.2023-cü il tarixədək ödənilməsinə razılaşmışlar. İş materiallarına daxil olan Mersin şəhəri, X1 Rəhbərliyinin xx.xx.2025-ci il tarixli Cavabdeh ifadə protokolundan görünür ki, Cavabdeh borcu etiraf edərək, xx.xx.2016-cı il tarixdə İddiaçı ticarət etmiş və ondan əvvəlcədən 180 000 ABŞ dolları pul almışdır. Bununla bağlı həmin tarixdə İddiaçı ilə notariusda müqavilə bağlamışlar. Daha sonra isə İddiaçı 140 000 ABŞ dolları dəyərində mal vermişdir. Qalan məbləğin bir hissəsi olan 5 000 ABŞ dolları Elmira Əliyeva adlı şəxs vasitəsilə İddiaçı çatdırmış və ən son qalan 35 000 ABŞ dolları əvvəlcə Elnur adlı şəxslə, daha sonra isə İddiaçı ilə telefonla danışdıqdan sonra Bakı şəhəri, Nəriman Nərimanov metrosunun çıxışında nağd şəkildə vermişdir. Elnur adlı şəxs şahiddir və nömrəsini qeyd etmişdir. Bu ödənişdən təxminən 1 həftə sonra İddiaçı ilə müqaviləni ləğv etmək üçün notariusa getmişlər, lakin orada ona “yaşama icazəsinin” müddəti bitdiyi üçün həmin müqavilənin hüquqi qüvvəsinin qalmadığını bildirmişlər və sənəd verməmişlər, o da bunu normal prosedur olduğunu düşünərək heç bir addım atmamışdır. Azərbaycan Respublikasında olduğu müddətdə heç bir məhkəmə və ya istintaq təbliğatı almamışdır. Etdiyi ödənişləri təsdiqləyən sənədlər onda yoxdur. İddiaçıya qarşı heç bir borcu olmadığı üçün tələbi qəbul etmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Belə ki, iş materiallarında olan xx.xx.2016-cı il tarixli “borcun etirafı haqqında” müqavilədən görünür ki, tərəflər arasında borcun etirafı ilə bağlı müqavilə bağlanmışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, 180 000 ABŞ dolları miqdarında pul vəsaiti Cavabdeh İddiaçı xeyrinə tutulmalıdır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 29 mart 2023-cü il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir. İşin araşdırılmış hallarından müəyyən olunur ki, Cavabdeh xx.xx.2016-cı il tarixli “borcun etirafı haqqında” müqavilədə göstərilən xx.xx.2017-ci il tarixədək 180 000 ABŞ dolları borcu İddiaçı qaytara bilmədiyi üçün iddiaçıdan xx.xx.2023-cü il tarixədək möhlət istəmişdir və bu barədə tərəflər öz aralarında təsdiqlədikləri aktla razılaşmışdılar. Məhkəmə hesab edir ki, borcun ödənilməsi üçün son tarix xx.xx.2023-cü ildir və bu müddətdən cəmi 1 il keçdiyinə görə gecikdirilmiş məbləğə illik beş faizi 2024-cü il üçün yəni 9 000 ABŞ dolları (180 000 ABŞ dolları × 5% = 9 000 ABŞ dolları) müəyyən edilməlidir və cavabdehdən tutulmalıdır. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli, ********** saylı ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən 688 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Odur ki, məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumuna görə 688 manat cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. İddianın qalan hissəsi əsassız olduğundan təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 180 000 ABŞ dollar məbləğində əsas borcu, 9 000 ABŞ dollar gecikdirilmiş faiz borcu, cəmi 189 000 (yüz səksən doqquz min) ABŞ dolları məbləğində pul vəsaiti (ödəniş günü Mərkəzi Bankın rəsmi məzənnəsinə uyğun olaraq) və 688 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İddianın qalan hissəsi əsassız olduğundan rədd edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №e-2(003)-113/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-113/2025
10.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver