Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-116/2025 22.01.2026 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi, Şükürlü Murad Şahin oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “avtoqəza nəticəsində əmələ gələn maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən avtomobilinə vurulmuş maddi zərərin əvəzi kimi- 40673 manat, vəkil pulu 300 manat və dövlət rüsumun 213 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Xəzər Rayonu, Buzovna qəsəbəsində Cavabdeh idarə etdiyi “Nissan Altima” markalı ** VZ *** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən idarəetməni itirərək yol kənarında olan arakəsmələrə daha sonra arxada hərəkətdə olan İddiaçı məxsus “Jeep” markalı ** GG *** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq hissəsi ilə toqquşmuşdur. Hadisə zamanı ağır və az ağır xəsarət alan olmadığı üçün xx.xx.2024-cü il tarixli qərarla toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. "xxxx" MMC tərəfindən həmin yol nəqliyyat hadisəsi nəticəsində İddiaçı məxsus avtomobilin zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə 04 aprel 2024-cü il tarixli ilkin qiymətləndirmə aktına əsasən, zədələnmiş avtomobilə keçirilmiş baxış nəticəsində dəymiş zərər 35 789 manat həcmində müəyyən edilmişdir. "xxxx" MMC tərəfindən təqdim edilən xx.xx.2024-cü il tarixli əmtəə dəyərinin itkisi haqqında hesabata əsasən ** GG *** dövlət nömrə nişanlı “X2” minik avtonəqliyyat vasitəsinin yol nəqliyyat hadisəsi nəticəsində 06 aprel 2024-cü il tarixinə hesablanmış əmtəə dəyər itkisi 9780 manat müəyyən olunmuşdur. xx.xx.2024-cü il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi zamanı iddiaçının avtomobilinə 45569 manat zərər dəymiş və həmin zərərin 4896 manat hissəsini sığorta şirkəti qarşılamışdır. Cavabdeh vəkil və nümayəndəsi iddi ərizəsdinə etiraz verərək iddia tələbinin rədd olunmasını xahiş etmişdir. İddia ərizəsinə etirazını belə əsaslandırmışdır ki, 2014-cü il buraxılışlı “X2” minik avtonəqliyyat vasitəsinin bazar dəyəri 28000-47600 manat aralığında dəyişir. Cavabdehdən 40973 manat pul tələb etməsi əsassızdır. Avtomobilin qiymətləndirilməsi çox yuxarı aparılmış, amortizasiya itkiləri nəzərə alınmamışdır. Bu səbəbdən də sığorta şirkəti tərəfindən edilmiş ödəniş kifayət edir. Məhkəmə iclasında iddiaçının vəkili Vəkil1 iddia ərizəsini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak etmiş cavabdehin vəkil və nümayəndəsi Vəkil2 iddia ərizəsinə etiraz edərək rədd edilməsini xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iddia ərizəsini və iş materiallarını tədqiq edib hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - BA196151 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindənin surətindən aydın olur ki, ** GG *** dövlət nömrə nişanlı “X2” minik avtonəqliyyat vasitəsi İddiaçı mülkiyyətindədir; - 31 mart 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. “Nissan Altima” markalı ** VZ *** dövlət qeydiyyat nişanlı avtomobilinin sürücüsü Cavabdeh əməlində Azərbaycan İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinin tərkibi yarandığından Cavabdeh barəsində inzibati təsir tədbirlərinin görülməlidir; - xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan aydın olur ki, Cavabdeh İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 40 manat miqdarında cərimə edilmişdir; - Xəzər Rayon Məhkməsinin xx.xx.2025-ci il tarixli 3(003)-75/2025 nömrəli qərarından aydın olur ki, Cavabdeh tərəfindən barəsində qəbul edilmiş xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayət təmin olunmamışdır; - Bakı Apellyasiya Məhkməsinin xx.xx.2025-ci il tarixli 3(103)-3458/2025 nömrəli qərarından məlum olur ki, Cavabdeh tərəfindən Xəzər Rayon Məhkməsinin xx.xx.2025-ci il tarixli 3(003)-75/2025 nömrəli qərarından verilmiş apellyasiya şikayəti təmin olunmamışdır; - xx.xx.2024-cü il tarixli qəbzən görünür ki, İddiaçı Vəkil1 hüquqi xidmət haqqı olaraq 300 manat məbləğində pul ödəmişdir. -"xxxx" MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli qiymətləndirmə rəyinə əsasən “X2” minik avtonəqliyyat vasitəsinin yol nəqliyyat hadisəsi nəticəsində 06 aprel 2024-cü il tarixinə hesablanmış əmtəə dəyər itkisi 9780 manat müəyyən, eyni zamanda ehtiya hissələri 31574 manat, işçi pulu 4215 manat olmaqla, təmir dəyəri isə 35789 manat müəyyən olunmuşdur; - "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, sığorta ödənişi qismində 4989,47 manat pul İddiaçı ödənilmişdir; - Məhkəmə Ekspertiza Mərkəzinin 23 iyul 2024-cü il 9/4499 saylı rəyinə əsasən “X2” markalı ** GG *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci 33200.00 manat məbləğində müəyyən olunmuşdur. Avtomobil avtoservis müəssisəsinin təmir səviyyəsindən asılı olaraq təmir olunduqdan sonra əmtəə dəyərinin təxminən 5-10% itirməsi istisna edilmir. İşin araşdırılmış hallarından müəyyən edilir ki, iş üzrə Cavabdeh idarə etdiyi avtomobillə iddiaçıya məxsus olan avtomobillə toqquşmuş və nəticədə sonuncuya məxsus avtomobilə maddi zərər dəymişdir. Sığorta şirkəti (icbari sığorta) tərəfindən zərərin 4978,47 manat hissəsi qarşılanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinin tələbinə görə, zərər dedikdə, hüquqi pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış dayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.6-cı maddəsi başqa şəxsə zərər vurulmasını mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından, 386.1-ci maddəsi isə zərər vurulmasını öhdəliyin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edir. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından göründüyü kimi mülki hüquq pozuntusu – deliktə görə məsuliyyətin yaranması dispozisiya şərti kimi dörd əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: 1) əməl (hərəkət və ya hərəkətsizlik); 2) həmin əməlin hüquqa və ya qanuna zidd olması; 3) təqsir (qəsd və ya ehtiyatsızlıq); və 4) zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması. Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Zərərin əvəzinin ödənilməsinə münasibətdə isə məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 21-ci maddəsi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsasının özü isə digər hüquq sahələrində (məsələn, müqavilə hüququ, delikt hüququ və s.) axtarılmalıdır. Bu mənada, konkret mübahisəyə münasibətdə cavabdeh tərəfindən delikt törədildiyi müəyyən olunduğundan məhkəmə hesab edir ki, zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsası da məhz delikt hüququndan irəli gəlir. Belə ki, Mülki Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Qeyd olunan qanunvericiliyin tələblərinə əsaslanaraq məhkəmə qeyd edir ki, Cavabdeh hüquqa zidd əməli (inzibati xəta törətməsi) nəticəsində iddiaçının əmlakına zərər vurulmuşdur. Həmçinin dəymiş ziyanın məbləği ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçı yolnəqliyyat hadisəsinin baş verməsi nəticəsində əmlakına vurulmuş zərərin əvəzini -"xxxx" MMC servisin xx.xx.2024-cü il tarixli qüsur aktı ilə 35789 manat məbləğində qiymətləndirməsi əsaslı hesab edilə bilməz. Məhkəmə hesab edir ki, avtoservis qiymətləndirmə apararkən, yalnız yeni ehtiyat hissələrinin qiymətinə istinad etmişdir. Nəzərə almaq lazımdır ki, ziyan dəymiş avtomobil 2014-cü il buraxılışlı olmaqla xeyli müddətdə istifadə edildiyindən müvafiq olaraq aşınmaya və köhnəlməyə məruz qalmışdır. Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılan qiymətləndirmə zamanı isə dəyişilməli hissələrin dəyəri işlənmiş, lakin təyinatı üzrə istifadəyə yararlı hissələrin qiymətlərinə müvafiq hesablandığından daha mötəbər sübut kimi qəbul olunmalıdır. Bu halda dəymiş maddi ziyan 33200 manat qəbul edilməlidir. Həmin məbləğdən 4989,47 manat pul İddiaçı sığorta şirkəti tərəfindən ödənilməsi nəzərə alınaraq tutulmalı məbləğ 28210,53 (33200- 4989,47=28210,53) müqəyyən edilməlidir. Avtomobilin əmtəə dəyərinin itirilməsi ilə bağlı olaraq məhkəmə qeyd edir ki, ekspert rəyindən də göründüyü kimi avtomobilin əmtəə dəyərinin itməsi avtoservisin təmiri ilə əlaqələndirilmişdir. Bu halda iddiaçı tərəfindən ona məxsus avtomobilin əmtəə dəyərinin itirilməsi ilə bağlı mötəbər sübut təqdim edilməmişdir. Bu səbəbdən həmin hissədə iddia təmin edilməməlidir. Ödənilmiş hüquqi yardım haqqı ilə bağlı məhkəmə qeyd edir ki, iddia tələbi bu hissədə əsaslı olduğundan təmin olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ödənilmiş dövlət rüsumu ilə bağlı məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin olunduğundan 175 manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə tutulmalı, rüsumun qalan hissəsi isə iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: -14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; -77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; -217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh 28210,53 (iyirmi səkkiz min iki yüz on, əlli üç) manat miqdarında dəymiş zərər, 300 manat hüquqi yardım haqqı olmaqla, cəmi 28510,53 (iyirmi səkkiz min beş yüz on, əlli üç) manat və ödənilmiş dövlət rüsumuna görə 175 manat məbləğində pul tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Emin Rüstəmov
Məhkəmə qərarları › İş №e-2(003)-116/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-116/2025
22.01.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver