Məhkəmə qərarları › İş №e-2(003)-117/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-117/2024

10.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-117/2024 10.01.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Cəfərzadə İlham Nizami oğlunun sədrliyi, Qasımova Leyla Nurəddin qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə İddiaçı ləğv prosesində olan QSC «Bank Standard» KB-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Ləğv prosesində olan QSC «Bank Standard» KB Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 370,46 manat əsas, 282,06 manat faiz, 328,67 manat cərimə, gecikdirilmiş günlər üçün hesablanmış 105,60 manat faiz borcu, cəmi 1086,79 manat pul vəsaitinin və 30,87 manat dövlət rüsumunun ləğv prosesində olan QSC «Bank Standard» KB-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, QSC “Bank Standard” KB Cavabdeh arasında 05 yanvar 2015-ci il tarixində kredit verilməsi haqqında 1xx/xx/129075/15 saylı müqavilə bağlanmış və həmin müqaviləyə əsasən Bank cavabdehə illik 25 faiz ödənilməsi şərti ilə 24 ay müddətinə 615 manat məbləğində kredit verilmişdir. Lakin cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş və bunun nəticəsində cavabdehin Banka 370.46 manat məbləğində əsas borc, 282.06 manat məbləğində faiz borcu, 328.67 manat məbləğində cərimə borcu, 105.60 manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanmış faiz məbləği olmaqla, ümumilikdə 1086.79 manat məbləğində borcu qalmışdır. Kredit Müqaviləsində göstərilir ki: “Alınmış krediti və ona hesablanmış faizləri vaxtlı-vaxtında ödəmək, ödənişləri vaxtında və tam həcmdə yerinə yetirmək “Borc alan”ın vəzifəsidir”. Eynilə Kredit Müqaviləsinin 5.4.9-cü bəndinə əsasən: “Müqavilə şərtlərini tam və vaxtında icra etmək “Borc alan”ın vəzifəsidir”. Məhkəmə iclasında iddaçının nümayəndəsi iddia tələbini müdafiə edərək, onun təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsi dinləyib, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - QSC «Bank Standard» KB ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsindən görünür ki, həmin müqaviləyə əsasən QSC «Bank Standard» KB tərəfindən Cavabdeh 24 ay müddətinə, illik 25 % hesabı ilə 615 manat məbləğində kredit verilmişdir. -ödəniş cədvəlindən görünür ki, cavabdeh kredit müqaviləsi üzrə öz üzərinə götürdüyü öhdəlikləri xx.xx.2015-ci il tarixdən xx.xx.2017-ci il tarixədək ay 32,82 manat, 32,83 manat, souncu ayı isə 32,84 manat ödəniş etməklə yerinə yetirməlidir. -xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, cavabdehin xx.xx.2022-ci il tarixə xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə 370,46 manat əsas, 282,06 manat faiz, 328,67 manat cərimə, illik 5 faiz olmaqla 105,60 manat faiz borcu, cəmi 1086,79 manat borcu vardır. - QSC «Bank Standard» KB tərəfindən cavabdehə ünvanlanmış xx.xx.2022-ci il tarixli bildirişdən görünür ki, cavabdehdən yaranmış cəmi 1086,79 manat borcun 3 gün müddətində qaytarılması tələb edilmiş, ödənilməyəcəyi təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. İddia ərizəsindən görünür ki, iddiaçı tərəfindən 30,87 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/6819 saylı ekspert rəyindən görünür ki, xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə Cavabdeh QSC «Bank Standard» KB-yə həmin kredit müqaviləsinin müddətinin bitdiyi tarixə 552,72 manat əsas, 176,20 manat faiz, gecikdirilmiş günlər üçün illik 5 faiz olmaqla 159,91 manat təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manatdır. Azərbaycan Respublikasının Mülki Məcəllənin 739.1 və 739.2-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 60.3-cü maddəsinə əsasən, hüquqi şəxsin ləğv edilməsi haqqında qərar qəbul etmiş hüquqi şəxsin iştirakçıları və ya nizamnamə ilə buna vəkil edilmiş orqanı ləğv barədə qərar qəbul edildiyi tarixdən etibarən yalnız ləğvetmə prosesi çərçivəsində fəaliyyət göstərir. Ləğv edilən hüquqi şəxsin adından məhkəmədə ləğvetmə komissiyası (təsviyəçi, ləğvedici) çıxış edir. İşin araşdırılmış hallarından görünür ki, iş üzrə tərəflər arasında qanunvericiliyin tələblərinə uyğun qaydada kredit müqaviləsi bağlanılmışdır. Həmin kredit müqaviləsi əsasında illik 25 faiz dərəcəsi ilə 24 ay müddətinə, yəni xx.xx.2017-ci il tarixədək cavabdehə 615 manat məbləğində kredit verilmişdir. Cavabdeh üzərinə götürdüyü öhdəliyi vaxtı və lazımi qaydada yerinə yetirməmiş, kredit müqaviləsi üzrə yaranmış borcu qaytarmamışdır. İş üzrə keçirilmiş ekspertiza tədqiqatından görünür ki, iddia tələbi əsaslıdır. Yuxarıda qeyd olunan qanunvericiliyin tələblərini, eyni zamanda cavabdehə qarşı irəli sürülmüş tələbləri, həmçinin ekspert rəyini nəzərə alaraq məhkəmə hesab edir ki, Cavabdeh ləğv prosesində olan QSC «Bank Standard» KB-nın xeyrinə 370,46 manat əsas, 176,20 manat faiz, gecikdirilmiş günlər üçün illik 5 faiz olmaqla 105,60 manat təşkil edir. Eyni zamanda məhkəmə iddia tələbinin cavabdehdən cərimə borcunun tutulması hissəsinə qiymət verərək qeyd edir ki, tələb olunan cərimə borcu tənasübsüz surətdə yüksək olduğundan azaldılmalıdır. Belə ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə əsaslı xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, kreditor borc verərkən dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Qeyd edilənləri rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, kredit müqaviləsi üzrə 370,46 manat məbləğində əsas borca münasibətdə cavabdehdən 328,67 manat dəbbə (cərimə) pulunun tutulması əsaslı hesab edilə bilməz yüksək olduğundan azaldılmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə 30 manat dəbbə (cərimə) pulu tutulmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməklə cavabdehdən iddiaçının xeyrinə 370,46 manat əsas, 176,20 manat faiz, müqavilə müddəti bitdikdən sonra illik 5% olmaqla hesablanmış 105,60 manat borc tutulmalıdır. Məhkəmə, iddia tələbinin cərimə pulu hissəsinə münasibətdə qeyd edir ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi cərimə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, cərimə pulunun göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə xələl gətirə bilər. Cərimə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, cərimə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Qeyd edilənləri rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, 370,46 manat məbləğində əsas borca münasibətdə cavabdehdən 328,67 manat cərimə pulunun tutulması əsaslı hesab edilə bilməz və yüksək olduğundan azaldılmalıdır. Odur ki, məhkəmə hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə 30 manat cərimə tutulmalıdır Azərbaycan Respublikası MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, iddia tələbinin təmin edilmiş hissəsinə mütənasib olaraq ödənilmiş dövlət rüsumuna görə cavabdehdən iddiaçının xeyrinə 20 manat tutulmalı, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərinin (100 manatın) 50 manat hissəsi cavabdehdən, digər 50 manat hissəsi iddiaçıdan alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 370,46 manat əsas, 176,20 manat faiz, müqavilə müddəti bitdikdən sonra illik 5% olmaqla hesablanmış 105,60 manat, 30 manat cərimə borcu olmaqla cəmi 682,26 manat məbləğində borc və ödənilmiş dövlət rüsumuna görə 20 manat iddiaçının xeyrinə tutulmalı, ödənilmiş dövlət rüsumunun 10,87 manat hissəsi iddiaçının özünə aid edilməli, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərinin (100 manatın) 50 manat hissəsi cavabdehdən, digər 50 manat hissəsi isə iddiaçıdan alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Qeyd olunanlara və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 370,46 manat əsas, 176,20 manat faiz, müqavilə müddəti bitdikdən sonra illik 5% olmaqla hesablanmış 105,60 manat, 30 manat cərimə borcu olmaqla cəmi 682,26 manat məbləğində borc və ödənilmiş dövlət rüsumuna görə 20 manat tutularaq iddiaçı ləğv prosesində olan QSC «Bank Standard» KB-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun 10,87 manat hissəsi iddiaçının özünə aid edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 manatın 50 manat hissəsi Cavabdeh, digər 50 manat hissəsi isə iddiaçı ləğv prosesində olan QSC «Bank Standard» KB-dən alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, hesab: AZ34CTRE********************) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlham Cəfərzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar