Məhkəmə qərarları › İş №e-2(003)-1172/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-1172/2024

26.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-1172/2024 26.02.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlu iddiaçı "xxxx" ASC (Ləğv prosesindədir) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "pul” tələbi barədə kiçik iddiaya dair işə sadələşdirilmiş qaydada baxaraq m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" ASC (Ləğv prosesindədir) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "pul” tələbinə dair kiçik mübahisələr üzrə ərizə ilə məhkəməyə müraciət edərək cəmi borc 444,39 manat olmaqla - bundan 392,39 manat əsas və kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 52 manat faiz borcu və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Sabunçu filialı ilə Cavabdeh1 arasında bağlanmış ********* nömrəli, xx.xx.2014-cü il tarixli Kredit Müqaviləsi üzrə cavabdehə 18 ay müddətinə illik 32% dərəcəsi ilə 5090 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit Müqaviləsi üzrə bağlanmış xx.xx.2015-ci il tarixli Əlavə sazişə əsasən Kreditorun Borcalana verdiyi kreditin qalıq məbləği 2874,96 ABŞ dolları hesablanmışdır. Kreditin son ödəmə müddəti xx.xx.2016-cı il tarixinədək uzadılmışdır. Daha sonra LPO İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında LM012000424 nömrəli, xx.xx.2020-ci il tarixli Restrukturizasiya müqaviləsi bağlanmışdır. Həmin müqavilə üzrə tərəflər arasında bağlanmış xx.xx.2014-cü il tarixli, ********* saylı kredit müqaviləsinə əsasən borclunun Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən yaradılan elektron portalda müəyyənləşdirilən 576,90 manat məbləği restrukturizasiya olunmuş və Borclu bu müqavilə ilə müəyyən olunan şərtlərlə qalıq borcu qaytarmağı öhdəsinə götürmüşdür. Restrukturizasiya müqaviləsi 12 ay müddətinə bağlanılmışdır. Borcun ödənilməli olduğu son tarix xx.xx.2021-ci il müəyyən edilmişdir. Cavabdeh2 ilə Bank arasında LM012000424 nömrəli, xx.xx.2020-ci il tarixli Zaminlik müqaviləsi bağlanmışdır. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdehlər tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. xx.xx.2023-cü il tarixə Cavabdeh1 kredit üzrə cəmi borcu 444,39 manat təşkil edir. Bundan 392,39 manat əsas və kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 52 manat faiz borcu təşkil edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə müvafiq olaraq hazırki iş üzrə cavabdehlərə rəsmi qaydada bildiriş göndərilmiş, bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Lakin qanunvericilikdə nəzərdə tutulmuş müddətdə cavabdehlər tərəfindən məhkəməyə iddiaçının tələbinə dair etiraz daxil olmamışdır. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə, ərizəni və işə əlavə edilmiş sənədləri nəzərdən keçirib belə hesab edir ki, kiçik mübahisələr üzrə iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmalıdır. Belə ki, iş materiallarında olan: İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış ********* nömrəli, xx.xx.2014-cü il tarixli kredit müqaviləsindən görünür ki, kreditor 5090 ABŞ dolları məbləğində krediti illik 32 faizlə 18 ay müddətinə borcalanın mülkiyyətinə vermiş, borcalan isə həmin kreditdən borcalanla bank arasında bağlanmış kredit müqaviləsi üzrə kredit borcunu borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. Ödəniş cədvəlindən görünür ki, Cavabdeh1 xx.xx.2014-cü il tarixli müqavilə üzrə xx.xx.2014-cü il tarixdən xx.xx.2015-ci il tarixədək hər ay 359,82 ABŞ dolları, sonuncu ay 359,74 ABŞ dolları ödəməyi öhdəsinə götürmüşdür. 170004181 nömrəli, xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə xx.xx.2015-ci il tarixli əlavə sazişdən görünür ki, Kreditorun Borcalana verdiyi kreditin qalıq məbləği 2874,96 ABŞ dolları hesablanmışdır. Borclu həmin məbləği 14 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. Kreditin son ödəmə müddəti xx.xx.2016-cı il tarixinədək uzadılmışdır. Ödəniş cədvəlindən görünür ki, Cavabdeh1 xx.xx.2015-ci il tarixli əlavə saziş üzrə xx.xx.2015-ci il tarixdən xx.xx.2016-cı il tarixədək hər ay 248,77 ABŞ dolları, sonuncu ay 247,36 ABŞ dolları ödəməyi öhdəsinə götürmüşdür. LM012000424 nömrəli, 16 yanvar 2020-ci il tarixli Restrukturizasiya müqaviləsindən görünür ki, xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən borclunun Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən yaradılan elektron portalda müəyyənləşdirilən 576,90 manat məbləği restrukturizasiya olunmuş və Borclu bu müqavilə ilə müəyyən olunan şərtlərlə qalıq borcu qaytarmağı öhdəsinə götürmüşdür. Restrukturizasiya müqaviləsi 12 ay müddətinə bağlanılmışdır. Borcun ödənilməli olduğu son tarix xx.xx.2021-ci il müəyyən edilmişdir. Ödəniş cədvəlindən görünür ki, Cavabdeh1 16 yanvar 2020-ci il tarixi restrukturizasiya müqaviləsi üzrə 576,90 manat məbləği xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək ödəməyi öhdəsinə götürmüşdür. Kassa məxric orderindən görünür ki, İddiaçı ASC tərəfindən 5090 ABŞ dolları Cavabdeh1 verilmişdir. LM012000424 nömrəli, xx.xx.2020-ci il tarixli Zaminlik müqaviləsindən görünür ki, 16 yanvar 2020-ci il tarixli Restrukturizasiya müqaviləsi üzrə Cavabdeh2 öhdəliklərinin icrasının təminatçsı qismində zamin kimi iştirak etmişdir. "xxxx" ASC (Ləğv prosesindədir) tərəfindən Cavabdeh1 və Cavabdeh2 ünvanlanmış 13 noyabr 2023-cü il tarixli bildirişdən görünür ki, cavabdehlər borc barədə xəbərdar edilmiş və cavabdehlərdən borcun ödənilməsi tələb olunmuş, əks təqdirdə borc məbləğinin borcludan tutulması üçün məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. 29 noyabr 2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 ilə bank arasında bağlanmış 16 yanvar 2020-ci il tarixli Restrukturizasiya müqaviləsiinə əsasən borcalanın banka 392,39 manat əsas borc və 52 gecikdirilmiş vatx üçün hesablanan faiz borcu olmaqla 444,39 manat borcu mövcuddur. X2 ********** nömrəli, xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Beləliklə aparılmış məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı ASC ilə borclu Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli Kredit Müqaviləsinə əsasən bank cavabdehə 18 ay müddətinə illik 32% olmaqla 5090 ABŞ dolları məbləğində kredit vermişdir. xx.xx.2015-ci il tarixli əlavə sazişə əsasən Kreditorun Borcalana verdiyi kreditin qalıq məbləği 2874,96 ABŞ dolları hesablanmaqla Borclu həmin məbləği 14 ay müddətində ödəməyi öhdəsinə götürmüş, kreditin son ödəmə müddəti xx.xx.2016-cı il tarixinədək uzadılmışdır. 16 yanvar 2020-ci il tarixli Restrukturizasiya müqaviləsinə əsasən xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən borclunun 576,90 manat məbləği restrukturizasiya olunmuş və Borclu qalıq borcu 12 ay müddətində xx.xx.2021-ci il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. Restrukturizasiya müqaviləsinin təminatı olaraq Cavabdeh2 ilə xx.xx.2020-ci il tarixli Zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə görə zamin Cavabdeh2 borclu Cavabdeh1 kreditor bank qarşısında öhdəliklərinin icra edilməsinə görə birgə məsuliyyət daşımaq öhdəliyini üzərinə götürmüşdür. Cavabdehlər müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərə vaxtında və lazımınca əməl etməyərək müqavilənin şərtlərini pozmuşlar ki, nəticədə cavabdehlər iddiaçı "xxxx" ASC-yə (Ləğv prosesindədir) 392,39 manat məbləğində əsas borc və 52 manat faiz borcu olmaqla cəmi 444,39 manat borcları yaranmışdır. İş üzrə iddiaçı "xxxx" ASC (Ləğv prosesindədir) qeyd olunan müqaviləyə əsasən üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin iş üzrə cavabdehlər müqavilə üzrə öhdəliyi lazımınca icra etməməklə müqavilənin və mülki qanunvericiliyin şərtlərini pozmuşdur. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı verdiyi krediti və həmin kreditə cərimə borcunu tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh müqavilə əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin cavabdeh müqavilə əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, mövcud iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Məhkəmə eyni zamanda digər cavabdehin mülki məsuliyyətini araşdıraraq hesab edir ki, digər Cavabdeh2n kredit müqaviləsi üzrə alınmış kreditə görə zamin olduğundan qeyd edilən məbləğin və həmin məbləğə hesablanmış cərimə borcunun ödənilməməsi üçün məsuliyyət daşıyır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borcun tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, Cavabdeh1 16 yanvar 2020-ci il tarixli Restrukturizasiya müqaviləsi üzrə iddiaçı "xxxx" ASC-yə (Ləğv prosesindədir) olan borcu qaytarmamaqla iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Həmçinin digər cavabdeh(lər) Cavabdeh2 16 yanvar 2020-ci il tarixli Restrukturizasiya müqaviləsi üzrə alınmış kreditə görə zamin olduğundan xx.xx.2020-ci il tarixli Zaminlik müqaviləsi bağlanmış, bununla da iddiaçı qarşısında olan cavabdehin pul vəsaitini qaytarmaqla bağlı öhdəliyi üzər(lər)inə götürmüşdür(lər). Buna görə də cavabdeh zaminliklə təmin edilmiş pul öhdəliyini icra etmədiyindən digər cavabdeh(lər) Baxışov X1 Elşən Akif oğlu ilə birlikdə iş üzrə iddiaçı "xxxx" ASC (Ləğv prosesindədir) qarşısında birgə məsuliyyət daşıyır(lar). Məhkəmə həmçinin iddianın 30 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Ona görə ki, cavabdehlərin iddiaçı qarşısında aralarındakı müqavilədən irəli gələn vəzifələrini icra etməmələri nəticəsində, iddiaçının məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumunu ödəməsi ilə ona əlavə zərər vurmuşdur. Odur ki, kredit borcu cavabdehlərdən alınmaqla yanaşı, eyni zamanda, ziyanın ödənilməsi ilə əlaqədar iddiaçının dövlət rüsumunu ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də cavabdehlərdən alınaraq iddiaçıya ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1.000 manatadək olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin qeyd olunan maddəsinin tələbini nəzərə alaraq hesab edir ki, 30 manat məbləğində dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri ümumiləşdirərək hesab edir ki, iddia təmin edilməli, iddiaçı "xxxx" ASC-nin (Ləğv prosesindədir) xeyrinə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 392,39 manat əsas borc, 52 manat cərimə borcu və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla cəmi 474,39 manat pul tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. İddiaçı "xxxx" ASC-nin (Ləğv prosesindədir) xeyrinə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 392,39 manat əsas borc, 52 manat cərimə borcu və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla cəmi 474,39 (dörd yüz yetmiş dörd manat, otuz doqquz qəpik) manat pul tutulsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar