Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-1179/2025 25.06.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Natiq Fərhad oğlunun sədrliyi Fərzəliyeva Tünzalə Baləli qızının katibliyi ilə İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit borcunun qaytarılması barədə” iddia tələbinə dair mülki işə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə Müəyyən etdi İşin halları:
1. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra- ASC) Cavabdeh qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 7999.44 AZN məbləğində əsas borc və 577.70 AZN məbləğində faiz borcu olmaqla cəmi 8577,14 AZN məbləğində pul vəsaitinin və ödənilmiş 105,77 AZN məbləğində dövlət rüsumunun tutulması barədə qətnamənin çıxarılmasını xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə cavabdeh arasında bağlanmış 23 fevral 2024-cü il tarixli kredit müqaviləsinə əsasən ona illik 18 % dərəcəsi ilə 83 ay müddətinə 8260.44 AZN məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin şərtlərinə əsasən, borcalan müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi lazımi qaydada yerinə yetirməmişdir. Nəticədə cavabdehin xx.xx.2025-ci il tarixə İddiaçı ASC-yə qeyd olunan kredit müqaviləsinə əsasən 7999,44 AZN əsas, 577,70 AZN faiz borcu olmaqla, cəmi 8577,14 AZN borcu yaranmışdır. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq, (pretenziya qaydasında həll olunma) cavabdeh tərəfindən borcun qaytarılması təmin edilməmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları:
3. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçı (nümayəndəsi) məhkəmə iclasına gəlməmişdir. Lakin iddiaçının nümayəndəsi X2 ərizə ilə məhkəməyə müraciət edərək bütün sübutları məhkəməyə təqdim etdiklərini bildirib, məhkəmə iclasının onların iştirakı olmadan keçirilərək iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
5. Cavabdeh tərəfindən məhkəməyə xx.xx.2025-ci il tarixində teleqram formasında yazılı etiraz ərizəsi təqdim edilmişdir. Cavabdeh etirazda Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin müddətli hərbi qulluçusu olduğunu, Qubadlı və Zəngilanda hərbi xidmətlərdə olduğunu, məzuniyyətdə olduğu zaman avto qəza keçirtdiyini, iş qabiliyyətini itirdiyi üçün Dövlət Sərhəd Xidmətindən ehtiyata buraxıldığı üçün bankda olan borclarını üzrlü səbəbdən vaxtında ödəyə bilmədiyi üçün faizlər yazıldığını bildirərək, faizlərin silinməsini xahiş etmişdir. O həmçinin, üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilmədiyi üçün məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir.
Mülki işin materialları:
İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş:
6. İddiaçı ASC ilə borclu Cavabdeh arasında bağlanmış 23 fevral 2024-cü il tarixli RGTK6514939B107 saylı kredit müqaviləsinə əsasən, cavabdehə 83 ay müddətinə illik 18 % dərəcəsi ilə 8260.44 AZN məbləğində kredit verilmişdir.
7. 23 fevral 2024-cü il tarixli kredit müqaviləsinə əlavə edilmiş ödəniş qrafikinə əsasən, Cavabdeh xx.xx.2024-cü il tarixdən xx.xx.2031-ci il tarixədək İddiaçı ASC-yə hər ay 174,67 AZN, ümumilikdə 8260.44 AZN məbləğində əsas borc, 6243.09 AZN məbləğində faiz borcu olmaqla cəmi 14503.53 AZN məbləğində ödəniş etməlidir.
8. xx.xx.2024-cü il tarixli kassa məxaric orderinin surətinə əsasən, Cavabdeh 8260.44 AZN məbləğində pul vəsaiti ödənilmişdir.
9. xx.xx.2025-ci il tarixli maliyyə arayışının surətinə əsasən, Cavabdeh xx.xx.2025ci il tarixə İddiaçı ASC-yə xx.xx.2024-cü il tarixli kredit müqaviləsi üzrə 7999.44 AZN məbləğində əsas borc, 577.70 AZN məbləğində faiz borcu olmaqla, cəmi 8577.14 AZN məbləğində borcu vardır.
10. İddiaçı ASC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2024-cü il tarixli bildiriş məktubuna və onun göndərilməsini təsdiq edən poçt reyestrinə əsasən, iddiaçı cavabdehi xəbərdar edərək kredit müqaviləsi üzrə 103 gün müddətinə 762.52 AZN məbləğində gecikdirilmiş borcunun yarandığı (ödəniş qrafikinə uyğun ödəniş aparılmadığı) üçün kredit müqaviləsi üzrə tam borc məbləğinin ödənilməsini tələb etmişdir.
11. xx.xx.2025-ci il tarixli, ********** saylı mədaxil qəbzindən aydın olur ki, iddiaçı hazırkı iddia üzrə 105.77 AZN məbləğində dövlət rüsumu ödəmişdir.
12. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 06 may 2025-ci il tarixli, 9/2192 saylı ekspert rəyinə əsasən, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 23 fevral 2024-cü il tarixli, RGTK6514939B107 saylı kredit müqaviləsi üzrə cavabdehin iddia ərizəsi ilə məhkəməyə müraciət olunan tarixədək cavabdehin borcu - əsas borc 7998.89 manat, faiz borcu 671.91 manat təşkil edir.
Tətbiq edilən hüquq:
Azərbaycan Respublikasının Mülki Məcəlləsinin:
13. 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə (əqd) olmalıdır.
14. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
15. 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.
16. 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.
17. 447.1-ci maddəsinə əsasən, əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur.
18. 447.2.2-ci maddəsinə əsasən, öhdəlik müqavilədə təyin edilmiş müddətdə icra edilmədikdə və müqaviləyə görə kreditor münasibətlərin davam etdirilməsini öhdəliyin vaxtında icrası ilə bağladıqda əlavə müddət təyin edilməsi və ya xəbərdarlıq edilməsi zərurəti yoxdur.
19. 447.7-ci maddəsinə əsasən, müqavilədən çıxarkən kreditor müqavilənin icra edilməməsi nəticəsində ona dəymiş zərərin əvəzini ödəməyi tələb edə bilər.
20. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
21. 743.1-ci maddəsinə əsasən, kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür.
22. 743.2-ci maddəsinə əsasən, bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir.
23. 742.5-ci maddəsinə əsasən, qanunda və ya borc müqaviləsi ilə borcalanın xeyrinə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən aşağıdakı hallarda müəyyən müddətə verilmiş borcun (o cümlədən borcun vaxtından əvvəl tələb edildiyi günədək borcla bağlı borcverənə ödənilməli olan faiz və (və ya) digər ödənişlərin) vaxtından əvvəl qaytarılmasını tələb edə bilər: 742.5.2. borcun hissə-hissə qaytarılmasını və (və ya) faizlərin və (və ya) haqların hissə-hissə ödənilməsini nəzərdə tutan borc müqaviləsi üzrə vaxtı çatmış borcun (faizlər və (və ya) haqlar daxil olmaqla) 90 (doxsan) gün və ya daha çox müddətə gecikdirilməsi, yaxud borcun (faizlər və (və ya) haqlar daxil olmaqla) ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması (90 (doxsan) gündən az olmamaqla).
24. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 29 mart 2023-cü il tarixli Qərarına əsasən, kredit müqaviləsi üzrə borcun müqavilədə nəzərdə tutulan qaydada ödənişinin gecikdirilməsi nəticəsində borc verənin müqavilə müddətinin bitməsini gözləmədən bütün məbləğin ödənilməsini tələb etdiyi (müqavilədən imtina etdiyi) halda müqavilə tərəflərinin hüquqi vəziyyəti ilə bağlı qeyd edilmişdir ki, “Kredit müqaviləsi üzrə öhdəliyin pozulması səbəbindən kreditorun Mülki Məcəllənin 447.1-ci maddəsinə əsasən müqavilədən imtina etdiyi təqdirdə, həmin anadək gecikdirilmiş annuitet ödənişlərinə yaranmış tələb müqavilənin ləğvindən sonra da qüvvədə qalır. Bu öhdəlik müqavilənin ləğv edilməsindən əvvəl yarandığı üçün kreditor onun ödənilməsini tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra “MPM):
25. 52.2-ci maddəsinə əsasən, cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir.
26. 220.4-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər.
Məhkəmənin mövqeyi:
27. Məhkəmə iddia ərizəsinin dəlillərini, iş materiallarını araşdırıb, iş üzrə toplanmış və məhkəmədə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.
28. Məlum olduğu kimi Mülki Məcəllənin mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarını müəyyən edən 14-cü maddəsinə görə mülki hüquqlar və vəzifələr digər əsaslarla yanaşı həm də qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərən əmələ gəlir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirilən faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir.
29. İşin mübahisəsiz halları ondan ibarətdir ki, tərəflər (iddiaçı və cavabdeh) arasında 23 fevral 2024-cü il tarixli RGTK6514939B107 saylı kredit müqaviləsindən əmələ gələn öhdəlik münasibətləri (mülki hüquq və vəzifələr) yaranmışdır. Həmin müqaviləyə əsasən iddiaçı tərəfindən cavabdehə 83 ay müddətinə, illik 18% dərəcəsi ilə ödənilmək şərtilə 8260.44 AZN məbləğində pul vəsaiti verilmişdir. (§ 5, 6-8)
30. Məhkəmə araşdırması zamanı tədqiq edilən sübutlar (kassa məxaric orderi, maliyyə arayışı, bildiriş məktubu (§ 8-10)) əsasında işin müəyyən edilmiş halları ondan ibarətdir ki, iddiaçı tərəfindən öhdəlik yerinə yetirilmiş (pul vəsaiti cavabdehə verilmiş) lakin cavabdeh tərəfindən əsas borc və ona hesablanmış faizlər ödəniş cədvəlinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində ödənilməmiş və nəticədə öhdəliyin icrası 103 gün gecikdirilmişdir (§ 10). İddiaçı cavabdehə xx.xx.2024-cü il tarixli bildiriş məktubu göndərərək vaxtı çatmış borcun 90 gündən daha çox (103 gün) müddətə gecikdirilidiyi üçün borcun tamamilə vaxtından əvvəl qaytarılmasını tələb etməklə sözügedən kredit müqaviləsindən imtina etmişdir. (§ 10, 17, 23). Cavabdeh etiraz ərizəsində “kredit müqaviləsi üzrə borcları üzrlü səbəbdən vaxtında ödəyə bilmədiyi üçün faizlər yazıldığını bildirərək, faizlərin silinməsini xahiş etməklə” iddia tələbini əsas borc məbləğinə münasibətdə etiraf etmişdir. (§ 5). Bununla belə iddiaçı hər nə qədər əsas borc məbləğinin 7999.44 AZN məbləğində olduğunu qeyd etsə də, 06 may 2025-ci il tarixli ekspert rəyindən görünür ki, əsas borc məbləği 7998.89 AZN təşkil etmişdir. (§ 12).
31. Məhkəmə yuxarıda qeyd olunan qanunvericilik normaların tələbinin hazırki işin faktiki hallarına tətbiqi baxımından hesab edir ki, borclu (cavabdeh) pul öhdəliyinin icrasını lazımınca yerinə yetirmədiyi üçün iddiaçı qarşısında mülki məsuliyyət daşıyır. Odur ki, iddiaçı əsas borcun ödənilməsini tələb etməkdə haqlıdır. Lakin iddiaçı cavabdehdən əsas borc qismində 7999,44 AZN tələb etməsinə baxmayaraq, ekspert rəyində cavabdehin əsas borcunun 7998,89 AZN təşkil etdiyi göstərilmişdir. Nə iddiaçı, nə də cavabdeh həmin ekspert rəyinə etiraz etmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddia tələbi əsas borc məbləğinə münasibətdə ekspert rəyi nəzərə alınmaqla qismən təmin edilməli, Cavabdeh iddiaçının xeyrinə əsas borc olaraq 7998.89 AZN məbləğində pul vəsaiti tutulmalıdır.
32. İşin mübahisələndirilən halı isə faiz borcunun düzgün hesablanmaması ilə bağlıdır. Məhkəmə bununla bağlı qeyd edir ki, iş üzrə keçirilmiş məhkəmə-mühasibat ekspertizası nəticəsində cavabdehin banka olan faiz borcunun məbləği 671.91 manat (yəni tələb olunan faiz məbləğindən daha çox) müəyyən edilmişdir. (§ 12) Ancaq iddiaçı tərəfindən təqdim edilmiş xx.xx.2025-ci il tarixli maliyyə arayışında və cavabdehə ünvanlanmış xx.xx.2024-cü il tarixli bildirişdə (xəbərdarlıqda) faiz borcunun məbləği 577.70 AZN olaraq qeyd edilmiş və iddia tələbində də məhz həmin məbləğin tutulması xahiş edilmişdir. Hər nə qədər ekspert rəyi ilə cavabdehin iddiaçıya olan faiz borcunun məbləği iddiaçının tələb etdiyindən daha çox müəyyən edilsə də qeyd edilməlidir ki, məhkəmə işə iddia tələbi üzrə baxıb qətnamə çıxarır və yalnız qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM 218.3). Hazırda iş üzrə hər hansı müstəsna hal müəyyən edilmədiyi üçün məhkəmə hesab edir ki, iddia ərizəsi faiz borcunun tutulması hissəsində tələb həddində, yəni 577.70 AZN təmin edilməlidir.
33. Məhkəmə həmçinin iddianın ödənilmiş 105,77 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Belə ki,“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1.000 manatdan 10.000 manat məbləğinədək olduqda 30 manat məbləğində + 1.000 manat məbləğindən yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur.
34. MPM-in 119.1-ci maddəsinin tələbinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Cavabdehin iddiaçı qarşısında aralarındakı müqavilədən irəli gələn vəzifələrini icra etməməsi nəticəsində, iddiaçının məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumunu ödəməsi ilə ona əlavə zərər vurmuşdur. Odur ki, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 105,77 manat məbləğində dövlət rüsumu da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
35. Məhkəmə həmçinin hesab edir ki, işə baxılması ilə əlaqədar keçirilmiş məhkəmə-mühasibat ekspertizasının dəyəri olaraq 100 (bir yüz) manat məbləğində məhkəmə xərci də Cavabdeh tutulmalıdır.
36. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: - 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. - 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. - 217.4-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. - 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. - 222.2-ci maddəsinin tələbinə görə pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrıayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir.
37. Beləliklə, məhkəmə tələb həddində iddiaya qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, 7998.89 manat əsas və 577.70 manat faiz olmaqla, cəmi 8576.59 manat məbləğində borc məbləği və ödənilmiş 105.77 manat dövlət rüsumunun məbləği Cavabdeh tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Qət etdi
İddia qismən təmin edilsin. Cavabdeh 7998.89 AZN (yeddi min doqquz yüz doxsan səkkiz manat səksən doqquz qəpik) məbləğində əsas, 577.70 AZN (beş yüz yetmiş yeddi manat yetmiş qəpik) məbləğində faiz borcu olmaqla, cəmi 8576.59 AZN (səkkiz min beş yüz yetmiş altı manat əlli doqquz qəpik) məbləğində pul vəsaiti və ödənilmiş 105.77 (bir yüz beş manat yetmiş yeddi qəpik) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ASC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının xərci olaraq 100 (bir yüz) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (X1, kod: 210005; VÖEN: **********; Müxbir hesab: AZ41NABZO**********000003944; SWİFT BİK: CTREAZ22) ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə (elektron kabinet vasitəsilə elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamə ondan şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Natiq Əsgərov