Məhkəmə qərarları › İş №e-2(003)-1231/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-1231/2023

31.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-1231/2023 31.03.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlu İddiaçı ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə pul tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı ASC Cavabdeh qarşı kredit müqaviləsi üzrə pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılır ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixdə Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun xx.xx.2019-cu il tarixli 1.1.2 nömrəli versiyasının şərtlərinin qəbul etməsi barədə GTC- 16365İB/2019 Razılıq ərizəsi imzalanmışdır. Həmin Razılıq ərizəsinin imzalayaraq borclu www.pashabank.az saytında yerləşdirilmiş ümumi şərtlər toplusunda (ÜŞT) qeyd edilmiş şərtləri qəbul edir. ÜŞT-yə əlavə olan 0024075AZN00243 saylı xx.xx.2019-cu il tarixli maliyyələşdirmə üçün ərizəyə əsasən borcalana xx.xx.2021-ci il tarixədək illik 26 % dərəcəsi, illik 180% cərimə dərəcəsi olmaqla 2000 manat məbləğdə kredit verilmişdir. Lakin borcalan qeyd edilən ərizə üzrə öhdəliklərini vaxtında və lazımi qaydada icra etməmiş, nəticədə tələb olunan məbləğlərdə borcu yaranmışdır. Ona görə də cavabdehdən 0024075AZN00243 saylı maliyyələşdirmə ərizəsi üçün yaranmış 1291.58 manat əsas borc, 379.02 manat faiz borcu, 1280.71 manat cərimə borcu olmaqla, cəmi 2951.31 manat pulun, 41010AZNFK********** saylı sms məlumatlandırma üzrə yaranmış 8 manat əsas borcun və dövlət rüsumuna görə ödənilmiş 50 manat pul məbləğinin cavabdehdən tutularaq İddiaçı ASC-dən tutulmasını xahiş olunur. Azərbaycan Respublikası MPM-nin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2.-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.4.-cü maddəsinə əsasən tərəflərin təqdim etdiyi sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etmirsə, habelə iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurəti yaranırsa məhkəmə işə iddia icraatı qaydasında baxılması haqqında əsaslandırılmış qərardad çıxarır. Bu qərardaddan şikayət verilə bilməz. Məhkəmə tərəfindən Cavabdeh iddiaçının tələbinə dair bildiriş göndərilmiş, Cavabdeh tələbə qarşı etirazını məhkəməyə təqdim etməmişdir. Məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib, iş üzrə əlavə araşdırmaya zərurətin olmamasını nəzərə alaraq aşağıdakılara görə məhkəmə iddia ərizəsinin qismən təmin edilməsi qənaətinə gəlir. Mülki iş materiallarına əlavə edilmiş 0024075AZN00243 saylı xx.xx.2019-cu il tarixli fərdi müştərilərinin maliyyələşdirilməsi üçün ərizədən görünür ki, həmin tarixdən xx.xx.2021-ci il tarixədək iddiaçı tərəfindən cavabdehə illik 26 faiz dərəcəsi ilə 2000 manat məbləğində kredit verilmişdir. Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun xx.xx.2019-cu il tarixli 1.1.2 nömrəli versiyasının şərtlərinin qəbul etməsi barədə GTC-16365İB/2019 saylı xx.xx.2019-cu il tarixli Razılıq ərizəsi imzalanmışdır. xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh İddiaçı ASC-yə 0024075AZN00243 saylı maliyyələşdirmə barədə ərizə üzrə 1291,58 manat əsas, 379,02 manat faiz, 1280,71 manat cərimə, sms məlumatlandırma üzrə yaranmış kart hesabına əsasən 8 manat olmaqla, cəmi 2959,31 manat məbləğində borcu vardır. xx.xx.2023-cü il tarixli cavabdehə ünvanlanmış xəbərdarlıq məktubundan görünür ki, cavabdehdən bank (iddiaçı) qarşısında yaranmış borcun ödənilməsi tələb olunmuşdur. İş materialları ilə müəyyən edilir ki, iş üzrə cavabdeh fərdi müştərilərinin maliyyələşdirilməsi üçün ərizələr əsasında iddiaçı qarşısında üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməmiş və onun iddiaçı qarşısında pul öhdəliyi yaranmışdır. Tədqiq olunmuş iş materiallarına əsasən məhkəmə hesab edir ki, iddiaçı cavabdehdən əsas və faiz borcu üzrə yaranmış məbləğlərin, sms məlumatlandırma xidməti üzrə yaranmış borcun cavabdehdən tutulması hissəsində haqqlı olmuşdur. Eyni zamanda məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, tələb olunan cərimə pulunun göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Qeyd edilənləri rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, tələb olunan cərimə yüksək olduğundan azaldılmalıdır. Odur ki, məhkəmə hesab edir ki, 0024075AZN00243 saylı xx.xx.2019-cu il tarixli fərdi müştərilərinin maliyyələşdirilməsi barədə ərizə üzrə cavabdehdən iddiaçının xeyrinə 150 manat cərimə tutulmalıdır. Qeyd edilənlərə əsasən və Mülki Məcəllənin 425, 427, 439, 442, 448, 739-cu maddələrinin göstərişinə əsaslanaraq məhkəmə hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən kiçik iddialara dair ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia ərizəsi qismən təmin edilməli, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 0024075AZN00243 saylı xx.xx.2019-cu il tarixli fərdi müştərilərinin maliyyələşdirilməsi barədə ərizə üzrə 1291,58 manat əsas, 379,02 manat faiz, 150 manat cərimə, sms məlumatlandırma xidmətinə görə 8 manat olmaqla, cəmi 1828,60 manat məbləğində borc və ödənilmiş dövlət rüsumuna görə 50 manat alınaraq İddiaçı ASC-nin xeyrinə tutulmalı, iddia ərizəsi qalan hissədə təmin edilməməlidir. Qeyd olanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh 0024075AZN00243 saylı xx.xx.2019-cu il tarixli fərdi müştərilərinin maliyyələşdirilməsi barədə ərizə üzrə 1291,58 manat əsas, 379,02 manat faiz, 150 manat cərimə, sms məlumatlandırma xidmətinə görə 8 manat olmaqla, cəmi 1828,60 manat məbləğində borc və ödənilmiş dövlət rüsumuna görə 50 manat olmaqla, ümumilikdə 1878,60 (bir min səkkiz yüz yetmiş səkkiz manat altmış qəpik) manat alınaraq İddiaçı ASC-nin xeyrinə tutulsun. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Emin Rüstəmov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar