Məhkəmə qərarları › İş №e-2(003)-1242/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-1242/2023

03.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-1242/2023 03.05.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Cəfərzadə İlham Nizami oğlunun sədrliyi, Qasımova Leyla Nurəddin qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı «X1» Bakı filialının cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı «X1» Bakı filialı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən 2556,29 manat əsas, 160,57 manat faiz borcunun və ödənilmiş 47,17 manat dövlət rüsumunun tutularaq «X1» Bakı filialına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, «X1» Bakı filialı ilə Cavabdeh2 arasında imzalanmış xx.xx.2021-ci il tarixli, 109 №li kredit müqaviləsinə əsasən sonuncuya illik kreditdən istifadə haqqı 19 % ödəmək şərtilə 36 ay müddətinə 5000 manat məbləğində kredit verilmişdir. Həmin tarixdə verilmiş kreditin qaytarılmasının təminatı kimi «X1» Bakı filialı ilə Cavabdeh1 arasında 174 saylı zaminlik müqaviləsi imzalanmışdır. Kredit müqaviləsinin 4.1-ci maddəsinə əsasən «Borcalan» ssuda hesabında qalıq əmələ gəldiyi gündən 1 ay sonradan başlayaraq hər ayın həmin günü Banka ssuda borcu ssuda hesabının qalığına hesablanmış faizlərdə daxil olmaqla 183,28 manat ödəməli olmuşdur. Bu müqavilənin 2.2-ci bəndinə görə «Borcalan» tərəfindən «Kredit müqaviləsi»nin hər hansı bir şərti pozulduqda «Bank» verilmiş krediti hesablanmış faizlərlə birlikdə vaxtından əvvəl ödənilməsini tələb etmək hüququ vardır. Müqavilə şərtlərinə uyğun olaraq «Borcalan» xx.xx.2023-cü il tarixə «Bank»a kredit borcu üzrə 4398,72 manat ödəniş yerinə yetirməli olmuşdur. Lakin, xx.xx.2023-cü il tarixə kimi «Borcalan» tərəfindən «Banka»a 3688 manat ödəniş həyata keçirilmişdir. Borcalana kredit müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməsi üçün dəfələrlə yazılı və şifahi xəbərdarlıqlar olunmuş, lakin borcalan kredit borcunu yerinə yetirməmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmənin hazırlıq iclasında iştirak etmiş Cavabdeh2 iddia tələbini qəbul edərək maddi vəziyyəti pis olduğu üçün borcunu ödəyə bilmədiyini, ona vaxt verilərsə hiss-hissə ödəniş edə biləcəyini bildirdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat göndərilməsinə baxmayaraq iş üzrə cavabdehlər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə, Azərbaycan Respublikasının 185.5-ci maddəsinə əsasən işə cavabdehərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli 109 nömrəli kredit müqaviləsindən görünür ki, həmin müqavilə «X1» Bakı filialı ilə Cavabdeh2 arasında 36 ay müddətinə illik 19 faiz ödəmək şərti ilə 5000 manat məbləğində kredit verilməsi haqqında bağlanmışdır. İş materiallarında olan ödəniş cədvəlindən görünür ki, Cavabdeh2 xx.xx.2021-ci il tarixli, 109 nömrəli kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri xx.xx.2021-ci il tarixdən xx.xx.2024-cü il tarixədək ayda 183,28 manat, sonuncu ayı isə 183,32 manat ödəməklə yerinə yetirməlidir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, 174 nömrəli zaminlik müqaviləsindən görünür ki, həmin müqavilə «X1» Bakı filialı ilə Cavabdeh1 arasında xx.xx.2021-ci il tarixli, 109 nömrəli kredit müqaviləsi üzrə kreditalan Cavabdeh2 öhdəliyini tam yerinə yetirənədək o, kreditalanla birlikdə bank qarşısında məsuliyyət daşımağı öz öhdəsinə götürməsi haqqında bağlanmışdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli məxaric orderinin surətindən görünür ki, iddiaçı bank tərəfindən Cavabdeh2 5000 manat məbləğində pul verilmişdir İş materiallarında olan xx.xx.2023-cü il tarixli maliyyə arayışının surətindən görünür ki, Cavabdeh2 xx.xx.2021-ci il tarixli 109 nömrəli kredit müqaviləsi üzrə «X1» Bakı filialına 2556,29 manat əsas, 160,57 manat faiz, cəmi 2716,86 manat məbləğində borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1 və 472.2-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, mülki qanunvericiliyin tələblərinə uyğun qaydada «X1» Bakı filialı ilə Cavabdeh2 arasında kredit müqaviləsi bağlanmış, sonuncu həmin kredit müqaviləsi üzrə bankdan 36 ay müddətinə illik 19 faiz ödəmək şərti ilə 5000 manat məbləğində kredit götürmüşdür. Eyni zamanda iddiaçı bank ilə Cavabdeh1 aralarında zaminlik müqaviləsi bağlanılmış və həmin zaminlik müqaviləsinə əsasən o kredit müqaviləsi üzrə kreditalan tərəfindən üzərinə götürdüyü öhdəliklərin tam yerinə yetirilməsi üçün kreditalan ilə birgə məsuliyyət daşımağı barədə iddiaçı qarşısında öhdəliklər götürmüşdür. Kreditalan kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi lazimi qaydada icra etməməklə müqavilə şərtlərini pozmuşdur. Onun iddiaçı qarşısında tələb olunan məbləğlərində icra edilməmiş əsas və faiz borcu öhdəliyi vardır. Hazırki iş üzrə iddiaçının təqdim etdiyi sübutlar borcun ödənilməsi barədə tələbin əsaslı olduğunu təsdiq edir.. Qeyd edilənlərə əsasən və yuxarıda sadalan Mülki Məcəllənin maddələrinin göstərişinə əsaslanaraq məhkəmə hesab edir ki, iş üzrə cavabdehlərdən 2556,29 manat əsas, 160,57 manat faiz, cəmi 2716,86 manat məbləğində borc tutulmaqla iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəlləsinin 217.4-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 2556,29 manat əsas, 160,57 manat faiz, cəmi 2716,86 manat məbləğində borc və ödənilmiş dövlət rüsumu görə 47,17 manat alınaraq iddiaçı «X1» Bakı filialının xeyrinə ödənilməlidir. Qeyd olunanlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 2556,29 manat əsas, 160,57 manat faiz, cəmi 2716,86 manat məbləğində borc və ödənilmiş dövlət rüsumu görə 47,17 manat alınaraq iddiaçı «X1» Bakı filialının xeyrinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə (elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlham Cəfərzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar