Məhkəmə qərarları › İş №e-2(003)-1298/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-1298/2025

27.08.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-1298/2025 27.08.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Hüseynova Rəşidə Rəşid qızının katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı "pul" tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdеh Cavabdeh 7500 manat məbləğində vurulmuş zərər və 95 manat məbləğində ödənilmiş dövlət rüsumunun alınaraq iddiaçı "xxxx" ASC-nin hеsabına köçürülməsi barədə qətnamə çıхarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh xx.xx.2024-cü il tarixdə “Nissan X Trail” markalı, ** CT *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən yol-nəqliyyat hadisəsi törətmiş və nəticədə "xxxx" ASC-də sığortalanmış "Volkswagen Passat R-Line" markalı, ** YJ *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurmuşdur. Qeyd olunan zərərin aradan qaldırılması üçün "xxxx" ASC tərəfindən 7500 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Yol-nəqliyyat hadisəsi ilə bağlı Xətai Rayon Məhkəməsindən "xxxx" ASC-yə xx.xx.2024-ci il tarixli, 3(011)-1612/2024 saylı İnzibati xəta haqqında Qərarın surəti daxil olmuş və həmin Qərara əsasən Cavabdeh barəsində hadisənin baş verdiyi tarixdə qüvvədə olan AR İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi (Nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsi nəticəsində zərər çəkmiş şəxsə maddi zərər vurulması) ilə təqsirli bilinərək inzibati tənbeh tədbiri görülmüşdür. Xətai RPİ DYPİ-nin "xxxx" ASC-yə təqdim etdiyi arayışa əsasən “Nissan X Trail” markalı, ** CT *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü olan Cavabdeh yolnəqliyyat hadisəsində təqsirli bilinmiş və nəticədə cavabdehin zərərin aradan qaldırılmasına dair mülki məsuliyyəti yaranmışdır. "xxxx" ASC tərəfindən Cavabdeh ünvanına xx.xx.2024-cü il tarixli, AS-24/1599 saylı geriyə tələb (subroqasiya) məktubu göndərilsə də müvafiq sığorta ödənişi məbləği bugünədək Cəmiyyətimizə ödənilməmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X1 göstərdi ki, iddia tələbini qəbul etmir. Cavabdeh tərəfindən qarşı tərəfə ziyan vurulmamış, əksinə cavabdehə ziyan vurulmuşdur. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclaslarının onların nümayəndəsi olmadan keçirilməsini və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli sığorta şəhadətnaməsinin surətindən görünür ki, “Volkswagen Passat R-Line” minik markalı, ** YJ *** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" ASC tərəfindən xx.xx.2024-cü il tarixdən xx.xx.2027-ci il tarixədək sığortalanmışdır. Sığorta məbləği 43 350 manat, sığorta haqqı 2557,65 manat, şərtsiz azadolma isə 300 manat təşkil edir. İş materiallarına əlavə edilən Xətai Rayon Məhkəməsinin xx.xx.2024-ci il tarixli, 3(011)-1612/2024 saylı Qərarın surətindən görünür ki, Cavabdeh AR İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə təqsirli bilinərək 500 manat məbləğində cərimə edilmişdir. İş materiallarına əlavə olunmuş "xxxx" ASC tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli sığorta aktından görünür ki, "xxxx" ASC tərəfindən "xxxx" ASC-yə 7500 manat məbləğində sığorta ödənişi edilmişdir. İş materiallarında olan "xxxx" ASC tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli hesablama aktından görünür ki, "xxxx" ASC-yə məxsus “Volkswagen Passat R-Line” minik markalı, ** YJ *** dövlət qeydiyyat nişanlı avtomobilə 7800 manat məbləğində zərər dəymişdir. İş materiallarına əlavə edilən xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokolun surətindən görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixdə, saat 01:55 radələrində idarə etdiyi “Nissan X Trail” markalı, ** CT *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsi nəticəsində zərər çəkmiş şəxsə maddi zərər vurmuş və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.6-cı və 332.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarına əlavə olunan Xəzər Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e- 2(003)-1298/2025 saylı qərardadından görünür ki, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə məhkəməəmtəəşünaslıq ekspertizası təyin edilmişdir. İş materiallarında olan "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli ekspert rəyindən görünür ki, “Volkswagen Passat R-Line” minik markalı, ** YJ *** dövlət qeydiyyat nişanlı avtomobilə 5530 manat məbləğində zərər dəymişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Məhkəmədə müəyyən olundu ki, “Volkswagen Passat R-Line” minik markalı, ** YJ *** dövlət nömrə nişanlı avtomobil xx.xx.2024-cü ildən xx.xx.2027-ci ilədək "xxxx" ASC-də sığortalanmışdır. xx.xx.2024-cü il tarixində Cavabdeh idarə etdiyi “Nissan X Trail” markalı, ** CT *** dövlət nömrə nişanlı avtomobillə "xxxx" ASC tərəfindən sığortalanmış “Volkswagen Passat R-Line” minik markalı, ** YJ *** dövlət nömrə nişanlı avtomobillə toqquşmuşdur. Cavabdeh avtomobili sürücülük hüququ olmadan idarə edirdi. Buna görə də "xxxx" ASC-nin hadisəni törətmiş Cavabdeh qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranmışdır. Ekspert rəyində “Volkswagen Passat R-Line” minik markalı, ** YJ *** dövlət qeydiyyat nişanlı avtomobilə 5530 manat məbləğində zərər dəymişdi. Sığorta şəhadətnaməsində şərtsiz azadolmanın 300 manat təşkil etdiyini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək cavabdеh Cavabdeh "xxxx" ASC-nin xeyrinə 7500 manat yox, 5230 manat məbləğində pul vəsaiti tutulmalıdır. İş materiallarında olan "xxxx" MMC-nin müşayiət məktubundan görünür ki, "xxxx" MMC-nin qiymətləndirmə xərci 600 manat təşkil etmişdir. Məhkəmə hesab edir ki, iş üzrə keçirilmiş ekspertiza xərci olan 600 manat cavabdehdən alınaraq "xxxx" MMC-nin (VÖEN: **********) hesabına ödənilməlidir. İş materiallarına əlavə edilmiş dövlət rüsumunun ödənilməsinə dair ********** nömrəli qəbzdən görünür ki, iddiaçı tərəfindən 95 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumuna görə 95 manat cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Qeyd olunanlara əsasən və MPM-in 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 5230 (beş min iki yüz otuz) manat məbləğində pul və ödənilmiş dövlət rüsumuna görə 95 (doxsan beş) manat tutularaq iddiaçı "xxxx" ASC-yə (VÖEN: **********) ödənilsin. Cavabdeh 600 (altı yüz) manat məbləğində ekspertiza xərci tutularaq "xxxx" MMCnin (VÖEN: **********) hesabına ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar