Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-1327/2022 05.05.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Bəhrəmzadə Sabit Xanlar oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh birgə nikahdan olan xx.xx.2011-ci il təvəllüdlü X4 və xx.xx.2016-cı il təvəllüdlü X2 üçün hər ay hər bir uşağa görə 193 manat aliment məbləğinin müəyyən olunması və mediatora ödənilən 50 manatın tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə 06 may 2008-ci il tarixdə rəsmi nikaha girərək ailə həyatı qurmuşdur. Birgə nikahdan 09 yanvar 2011-ci il təvəlüdlü X6 və 23 oktyabr 2016-cı il təvəli X5 dünyaya gəlmişdir. Münasibətin pozulması səbəbindən 10 mart 2021-cı il tarixdə Bakı şə Xəzər Rayon Məhkəməsinin 2(003)- 1212/2021 saylı qətnaməsi ilə cavabdehlə aralarında olan nikah pozulmuş və birgə nikahdan olan uşaqları onun himayəsinə verilmişdir. Yetkinlik yaşına çatmayan uşaqlarının saxlanılaması üçün cavabdehdən hər bir uşağa görə 150 manat, cəmi 300 manat kəsilmişdir. Hazırda minimum aliment 193 manat müəyyən edilmişdir. Cavabdehlə dəfərlə razılığa gəlməsi barədə söhbət etsə də heç bir nəticə verməmişdir. Bir ilə yaxındır ki, övladları ilə maraqlanmır. Daha sonra iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, Xəzər Rayon Məhkəməsinin 2(003)-1212/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən xx.xx.2011-ci il təvəllüdlü X4 və xx.xx.2016-cı il təvəllüdlü X1 üçün tutulan alimentin miqdarının artırılaraq hər ay hər uşaq üçün 193 manat müəyyən edilməklə cavabdehdən onun xeyrinə tutulmasını xahiş etdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək onun təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmə iclasında cavbadeh Cavabdeh iddia tələbini etiraf etməyərək, onun təmin olunmamasını xahiş etdi. İzahatında bildirdi ki, özü ikinci dəfə ailə qurmuş və dərzi işləyir. Aylıq qazancı isə 300 manatdan çox olmur. İddiaçı özü işləyir. Birgə nikahdan olan uşaqlardan yalnız biri onunla qalır, digər uşağı isə iddiaçı öz valideynlərinin yanında saxlayır. Hazırda ondan tutulan alimenti də ödəməyə imkanı yoxdur. Odur ki, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib, hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1212/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən tərəflər arasında nikahın pozulması, onların birgə nikahlarından doğulmuş xx.xx.2011-ci il təvəllüdlü X4 və xx.xx.2016-cı il təvəllüdlü X3 analarının yanında saxlanılması, uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün hər hər uşağa görə 150 manat alimentin tutulması qət edilmişdir. İddia ərizəsindən görünüdüyü kimi iddia tələbi əvvəllər məhkəmə tərəfindən müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsinə (artırılmasına) dairdir. Alimentin miqdarının dəyişdirilməsinin həlli qaydası Ailə Məcəlləsinin 112.1-ci maddəsi ilə tənzimlənir. Həmin maddəyə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Göründüyü kimi qanunverici prinsip etibarı ilə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin (artırılmasını və ya azaldılması) və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur. Lakin bunun ən əsas şərti məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğunun sübuta yetirilməsidir. Hazırki mübahisə üzrə iddiaçı müəyyən olunmuş alimentin miqdarının artırılmasını əvvəllər müəyyən olunmuş aliment məbləğinin uşağın saxlanılmasının təminatı üçün kifayət etmədiyinə və alimentin uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumundan az olmasına əsaslanmaqla tələb edir. İddiaçı, müəyyən edilmiş alimentin miqdarının artırılmasını tələb etsə də, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra ailə və ya maddi vəziyyətində dəyişiklik olmasına dair hər hansı sübutu məhkəməyə təqdim etməmiş, iddiasını yalnız alimentin uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumundan az olması ilə əsaslandırmışdır. Cavabdeh iddiaya etirazını isə hazırda aylıq qazancının az olması və ikinci dəfə ailə qurması ilə əsaslandırmışdır. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarında göstərilir ki, alimentin miqdarı müəyyən olunarkən məhkəmə, ilk növbədə, Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə əsasən tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq digər halları və uşağın əvvəlki təminatının səviyyəsini nəzərə almalıdır. Konstitusiya Məhkəməsinin qeyd edilən qərarı ilə müəyyən edilir ki, alimentin məbləği məhkəmələr tərəfindən müəyyən edilərkən konkret iş üzrə hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verilməli, bu hallara qiymət verərkən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun olması nəzərə alınmalıdır. Həmçinin, qeyd edilən qərarda Konstitusiya məhkəməsi “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun təmin edilməsinin bütünlüklə aliment ödəyən valideynin vəzifəsi olduğunu birmənalı olaraq müəyyən etməmişdir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1 və 75.2-ci maddələrinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq vəvəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Əlavə olaraq məhkəmə qeyd edir ki, ölkə üzrə uşaqlar üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimumu ilə bağlı məbləğ Azərbaycan Respublikasında bir uşağın saxlanması üçün zəruri olan minimal məbləği ehtiva etməklə, özü-özlüyündə aliment məbləğinin bu həddə və ya daha çox müəyyən edilməsi anlamına gəlmir. Yuxarıda qeyd olunan qanunvericilik normaların tələblərindən göründüyü kimi, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa dəyişə bilər və ya aliment ödəməkdən azad edə bilər. Bu dəyişiklilər özünü tərəflərin birinin ailə vəziyyəti, gəlirlərin miqdarı və sair ilə bağlıdır. Hazırki iş üzrə isə cavabdehin maddi vəziyyətində yaxşılaşmağa doğru hər hansı dəyişikliyin baş verməsi barədə iddiaçı tərəfindən hər hansı bir sübut təqdim olunmamaqla, işin araşdırılmış halları ilə də müəyyən edilməmişdir. Uşaqların saxlanılması hər iki valideynin borcu olmasını nəzərə almaqla məhkəmə hesab edir ki, aliment ödəyicisi olan şəxsin (cavabdehin) ondan tələb olunan məbləğdə alimentin ödəməyə imkan verən maddi durumunun yaxşılaşmağa doğru dəyişiklərin olması ilə bağlı hallar müəyyən edilmədiyindən, cavabdehin diqqətəlayiq maraqları baxımından aliment məbləğinin artırılması qanuni və əsaslı hesab edilə bilməz. Odur ki, məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddiası təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Sabit Bəhrəmzadə
Məhkəmə qərarları › İş №e-2(003)-1327/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-1327/2022
05.05.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver