Məhkəmə qərarları › İş №e-2(003)-1327/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-1327/2024

28.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-1327/2024 28.03.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məhərrəmova Şeyda Ədalət qızının sədrliyi, Xudiyeva Ayşən Əmir qızının katibliyi ilə İddiaçı "xxxx" ASC-nin Cavabdeh “ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrdən tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə kredit borcu üzrə banka ödənilməmiş 872.43 manat əsas borc, 6.61 manat faiz borcu olmaqla, cəmi 879.04 manat məbləğində kredit borcunun və ödənilmiş 30 manat dövlət rüsumunun, habelə 0.40 manat bank xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə Ağayev Məkrəddin Ağaddin oğlu arasında bağlanmış xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən borcluya 60 ay müddətinə, illik 25 faiz dərəcəsi ilə hesablanmaqla 2050 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən borcalan müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. X2 Ağaddin oğlu xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Bakı şəhəri 15 saylı Notariat ofisi tərəfindən verilən məlumata əsasən mərhum Ağayev Məkrəddin Ağaddin oğlunun xx.xx.2022-ci il tarixdə vəfat etməsi ilə əlaqədar vərəsəlik işi açılmış, xx.xx.2023-cü il tarixdə Cavabdeh tam hissədə pay almaqla vərəsəlik şəhadətnaməsi verilmişdir. Maliyyə arayışına əsasən, Ağayev Məkrəddin Ağaddin oğlundan kredit borcu üzrə banka ödənilməmiş - 872.43 manat asas borc, 6.61 manat faiz borcu olmaqla, cəmi 879.04 manat borcu qalmışdır. Cavabdeh Ağayev Məkrəddin Ağaddin oğlunun vərəsəsi kimi müəyyən olunmasına baxmayaraq, "xxxx" ASC qarşısında olan öhdəliyi icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də cavabdeh öz öhdəliyini tam şəkildə yerinə yetirməmişdir. Cavabdehə borcun qaytarılması haqqında xx.xx.2023-cü il tarixli bildiriş göndərilərək xəbərdarlıq edilsə də vəsait Banka qaytarılmamışdır. Bundan başqa hazırki mübahisə üzrə məhkəməyə müraciət edilməsi üçün 30 manat dövlət rüsumu və 0.40 manat bank xidmət haqqı ödənilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. İddiaçının nümayəndəsi elektron kabinet vasitəsi ilə ərizə təqdim edərək, mülki işə iddiaçı tərəfin məhkəmə iclaslarında iştirakı olmadan baxılması və iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları yoxlayaraq, iddia tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" ASC ilə Ağayev Məkrəddin Ağaddin oğlu arasında bağlanmış 04 yanvar 2019-cu il tarixli BPM**********21 nömrəli kredit müqaviləsinin məzmunundan görünür ki, “bank” 60 ay müddətinə (xx.xx.2024-cü il tarixədək) illik 25 faiz ödəmək şərti ilə 2050 manat məbləğində kredit verməyi, borc alan isə müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada krediti qaytarmağı və ona hesablanmış faizləri borc verənə ödəməyi, habelə kreditdən 1.2-ci bənddə göstərilmiş təyinatı üzrə istifadə etməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan qeyd olunan kredit müqaviləsinə 1 saylı əlavədən görünür ki, tərəflər arasında müqavilə üzrə aylıq ödənişlərin məbləği müəyyən edilmişdir. İş materiallarında olan AZ-İİ 263892 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, Ağayev Məkrəddin Ağaddin oğlu 16 fevral 2022-ci il tarixdə “sol mədəcik çatmamazlığı” səbəbindən ölmüşdür. İş materiallarında olan Bakı şəhəri 15 saylı Notariat Ofisinin 16 noyabr 2023-cü il tarixli məktubundan görünür ki, mərhum Ağayev Məkrəddin Ağaddin oğlunun xx.xx.2022-ci il tarixdə vəfat etməsi ilə əlaqədar vərəsəlik işi açılmış, xx.xx.2023-cü il tarixdə Cavabdeh tam hissədə pay almaqla qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. İş materiallarında olan maliyyə arayışından görünür ki, 04 yanvar 2019-cu il tarixli BPM**********21 nömrəli kredit müqaviləsi üzrə 19 yanvar 2024-cü il tarixə ödənilməmiş əsas borc 872,43 manat, ödənilməmiş faiz borcu isə 6.61 manat təşkil edir. İş materiallarından həmçinin görünür ki, Ağayev Məkrəddin Ağaddin oğlunun vərəsəsi Cavabdeh - 04 yanvar 2019-cu il tarixli BPM**********21 nömrəli kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi barədə xəbərdarlıq edilməsi barədə 12 dekabr 2023-cü il tarixli bildiriş göndərilmişdir. İş materiallarında olan 06 yanvar 2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, "xxxx" ASC tərəfindən müvafiq iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün 30 (otuz manat) və 0.40 (qırx qəpik) manat xidmət haqqı ödənilmişdir. Məhkəmə iddia tələbinin dəlillərinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur (m 443.1). Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (m 448.1). Həmin Məcəllənin 739.1-ci maddəsinə görə, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ysı digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eynı keyfıyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. İşin müəyyən edilmiş hallarından göründüyü kimi Ağayev Məkrəddin Ağaddin oğlu "xxxx" ASC arasında bağlanmış 04 yanvar 2019-cu il tarixli BPM**********21 nömrəli kredit müqaviləsi üzrə öhdəlik icra edilməmiş, banka olan borc müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödənilməmiş, bununla da müqavilənin şərtləri pozulmuşdur. Bununa belə iş materialları ilə müəyyən edilmişdir ki, 04 yanvar 2019-cu il tarixli BPM**********21 nömrəli kredit müqaviləsi üzrə X2 Ağaddin oğlu 16 fevral 2022-ci il tarixdə “sol mədəcik çatmamazlığı” səbəbindən ölmüşdür. ğayeva Səliqə Nəriman qızına isə Ağayev Məkrəddin Ağaddin oğlundan qalmış mirasa tam hissədə pay almaqla qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 558.1-ci maddəsinə əsasən əgər borclunun şəxsi iştirakı olmadan icra mümkün deyilsə, onun ölümü öhdəliyin xitamına səbəb olur. Həmin Məcəllənin 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1153-cü maddəsinə əsasən şəxsi xarakter daşıyan və yalnız miras qoyana mənsub ola bilən əmlak hüquqları və vəzifələr, habelə qanunda və ya müqavilədə nəzərdə tutulan, yalnız kreditorun və borclunun sağlığında qüvvədə olan və onların ölümü ilə xitam verilən hüquq və vəzifələr mirasın tərkibinə daxil deyildir. Həmin Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Həmin Məcəllənin 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 iyun 2018-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. Borclunun təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi halda hesablanmış dəbbə pulunun ödənilməsi ilə bağlı tələb kreditor tərəfindən bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş qaydada vərəsələr və ya zaminə qarşı irəli sürülə bilər. Vərəsələr və ya zaminin təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə kreditor dəbbə pulunun ödənilməsini bu hərəkətləri törətmiş şəxsdən tələb edə bilər. Həmin qərarda həmçinin qeyd edilmişdir ki, borclunun kredit müqaviləsindən irəli gələn vəzifələri isə şəxsə bağlı olmayan və şəxsən icranı tələb etməyən, üçüncü şəxslər tərəfindən icrası mümkün olan əmlak xarakterli öhdəliklərdir. Bu səbəbdən də kredit müqaviləsi üzrə borclunun ölümü ilə onun öhdəliklərinə xitam verilmir və bu öhdəliklər miras qoyanın vərəsələri tərəfindən icra edilməlidir. Belə olan halda məhkəmə hesab edir ki, kredit müqaviləsi üzrə borclunun ölümü ilə onun öhdəliklərinə xitam verilmədiyindən, Ağayev Məkrəddin Ağaddin oğlunun vərəsəsi olan Cavabdeh, qəbul etdiyi miras əmlakdakı payına mütənasib surətdə Ağayev Məkrəddin Ağaddin oğlunun "xxxx" ASC qarşısında borclu kimi məsuliyyət daşıyır. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, "xxxx" ASC hazırki iddia ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Buna görə də, Cavabdeh Ağayev Məkrəddin Ağaddin oğlunun risk dairəsinə daxil olan öhdəlikləri icra etmədiyi bütün hallar üçün cavabdeh olduğundan, sonuncunun öhdəliklərinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit müqaviləsi üzrə hesablanmış əsas və faiz borcunu iddiaçı "xxxx" ASC-yə ödəməlidir. Bununla yanaşı məhkəmə istinad edilən maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, "xxxx" ASC-nin hazırkı iddiası əsaslıdır, iddiaçı iddiasını əsaslı edən müvafiq sübutlarını məhkəməyə təqdim etmiş, həmin sübutlar məhkəmədə araşdırılmış və qarşılıqlı tədqiq edilmiş işin faktiki halları ilə tam olaraq öz təsdiqini tapmışdır. Bundan başqa Məhkəmə iddia tələbinin - faiz borcu məbləğinə dair hissəsi ilə bağlı qeyd edir ki, kredit müqaviləsinin qüvvədə olma müddət bitdiyindən, borcu məhz “maliyyə arayışı” üzrə hesablanmış məbləğdə müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən hesablanmış əsas və faiz borcunu ayrı-ayrılıqda nəzərdən keçirib, hesab edir ki, iddia tələbi təmin edilməli, "xxxx" ASC ilə Ağayev Məkrəddin Ağaddin oğlu arasında bağlanmış 04 yanvar 2019-cu il tarixli BPM**********21 nömrəli kredit müqaviləsinə əsasən 872.43 manat əsas və 6.61 manat faiz borcu olmaqla, cəmi 879.04 (səkkiz yüz yetmiş doqquz manat, dörd qəpik) manat məbləğində borc Cavabdeh tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməlidir. Bundan başqa qeyd edilməlidir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddiaçı "xxxx" ASC tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu habelə 0.40 (qırx qəpik) manat bank xidmət haqqı da Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. İddiaçı "xxxx" ASC ilə Ağayev Məkrəddin Ağaddin oğlu arasında bağlanmış 04 yanvar 2019-cu il tarixli BPM**********21 nömrəli kredit müqaviləsinə əsasən 872.43 manat əsas və 6.61 manat faiz borcu olmaqla, cəmi 879.04 (səkkiz yüz yetmiş doqquz manat, dörd qəpik) manat məbləğində borc və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu habelə 0.40 (qırx qəpik) manat bank xidmət haqqı Cavabdeh tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Şeyda Məhərrəmova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar