Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-1332/2023 10.04.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlu İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulmasına dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ İddiaçı "xxxx" ASC Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılır ki, iddiaçı "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli 333699-CNS-27977 saylı “nağd pul krediti” müqaviləsinə əsasən Cavabdeh istehlak məqsədi ilə illik 23 faiz dərəcəsi ilə 18 ay müddətinə 2000 manat məbləğində kredit verilmişdir. Lakin borclu şəxs Cavabdeh üzərinə götürdüyü kredit öhdəlikləri xx.xx.2022-ci il tarixdən icra edilməmiş və nəticədə cavabdehin banka xx.xx.2021-ci il tarixli 333699-CNS-27977 saylı müqavilə üzrə 1215.70 manat məbləğində borcu qalmışdır. İddiaçı "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli 333699-OVR-16830 saylı ”kredit xətti” müqaviləsinə əsasən Cavabdeh istehlak məqsədi ilə 25 faiz dərəcəsi ilə 36 ay müddətinə 500 manat məbləğində kredit verilmişdir. Lakin borclu şəxs Cavabdeh üzərinə götürdüyü kredit öhdəliklərini xx.xx.2022-ci il tarixdən icra etməmiş və nəticədə cavabdehin banka xx.xx.2021-ci il tarixli 333699-OVR-16830 saylı müqavilə üzrə ümumilikdə 434.10 manat borcu qalmışdır. Tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə bank tərəfindən Cavabdeh dəfələrlə xəbərdarlıq edilmiş, lakin bundan sonra da müqavilənin şərtləri cavabdeh tərəfindən yerinə yetirilməmiş və öhdəliklər lazımınca icra edilməmişdir. Bank tərəfindən cavabdehə pretenziya qaydasında müraciət edilmişdir. Cavabdehin xx.xx.2021ci il tarixli 333699-CNS-27977 müqavilə üzrə banka xx.xx.2023-cü il tarixə 905,13 manat əsas borc, 84,52 manat faiz borcu, 226,05 manat cərimə borcu, xx.xx.2021-ci il tarixli 333699-OVR-16830 saylı müqavilə üzrə xx.xx.2023-cü il tarixə 354,55 manat əsas, 40,80 manat faiz borcu, 38,75 manat cərimə borcu olmaqla ümumilikdə 1649,8 manat borcu vardır. Ona görə də "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli 333699-CNS-27977 saylı kredit müqaviləsi üzrə əsas borca görə 905,13 manat, faiz borcuna görə 84,52 manat, cəriməyə görə 226,05 manat, xx.xx.2021-ci il tarixli 333699- OVR-16830 saylı müqavilə üzrə əsas borca görə 354,55 manat, faiz borcuna görə 40,80 manat, cəriməyə görə 38,75 manat olmaqla ümumilikdə 1649,8 manat borcun və ödənilmiş dövlət rüsumuna görə 36,50 manatın cavabdehdən iddiaçının xeyrinə tutulmasına dair qətnamə çıxarılması xahiş olunur. Azərbaycan Respublikası MPM-nin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2.-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə tərəfindən Cavabdeh iddiaçının tələbinə dair bildiriş göndərilmiş, Cavabdeh tələbə qarşı etirazını məhkəməyə təqdim etməmişdir. Məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib, iş üzrə əlavə araşdırmaya zərurətin olmamasını nəzərə alaraq məhkəmə iddia ərizəsinin qismən təmin edilməsi qənaətinə gəlir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Borcverən "xxxx" ASC ilə borcalan Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli 333699-CNS-27977 saylı “nağd pul krediti” müqaviləsindən müəyyən olunur ki, borcverən borcalana 18 ay müddətinə qaytarmaq, illik 23% ödəmək şərti ilə 2000 manat məbləğində kredit verməyi, borcalan isə həmin kreditdən təyinatına uyğun istifadə etməyi və onu xx.xx.2023-cü il tarixədək faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. "xxxx" ASC-nin xx.xx.2021-ci il tarixli 333699-CNS-27977 saylı “nağd pul krediti” müqaviləsinə 1 saylı əlavədən müəyyən olunur ki, borcalan Cavabdeh xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan dövr ərzində əsas borca görə 2000 manat, faiz borcuna görə 384,98 manat olmaqla cəmi 2384,98 manat borcu hissə-hissə qaytarmağı öhdəsinə götürmüşdür. Müqavilənin 6.1-ci hissəsindən görünür ki, bank bu hissənin bəndlərində nəzərdə tutulmuş hallarda pul öhdəliyinin vaxtından əvvəl icrasını tələb edə bilər və ya birtərəfli qaydada müqaviləni vaxtından əvvəl ləğv edə bilər. Müqavilənin 9.2-ci hissəsindən görünür ki, bu müqavilə üzrə gecikdirilmiş kreditə görə hər gecikdirilən gün üçün gecikdirilmiş borc məbləğinin hər tam və ya natamam 10 AZN üçün 0.05 AZN məbləğində cərimə hesablanır və “kredit alan” tərəfindən ödənilir. Borcverən "xxxx" ASC ilə borcalan Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli 333699-OVR-16830 saylı “kredit xətti” müqaviləsindən müəyyən olunur ki, borcverən borcalana bank hesabının açılması və 500 manat məbləğində bərpa olunan kredit xəttinin təqdim olunması üzrə öhdəliklər götürür, borcalan isə öz növbəsində həmin kredit xətti üzrə alınan vəsaitlərin hazırki müqavilədə nəzərdə tutulmuş şərtlər və müddət ərzində qaytarılmasını, həmçinin hazırki müqavilə nəzərdə tutulan qaydada və müddətdə alınmış məbləğə illik 25 % ödənilməsi üzrə öhdəlik götürmüşdür. Müqavilənin 6.1-ci hissəsinə əsasən bu hissənin bəndlərində göstərilən hallarda hazırki müqavilə üzrə bank borc öhdəliklərinin vaxtından əvvəl yerinə yetirilməsini tələb edə bilər. Müqavilənin 9.2.1-ci bəndinə əsasən vaxtı keçmiş faiz borcu və əsas borc üzrə hər bir tam və ya natamam 10 AZN görə banka 0,05 AZN məbləğində cərimə ödəyir. “Mastercard” ödəmə kartının alınması, buraxılışı və bank hesabının açılması haqqında xx.xx.2021-ci il tarixli ərizədən görünür ki, Cavabdeh 36 ay qüvvəsi olan AZ05VTBA**********3699AZN003 hesab nömrəli “MASTERCARD STANDARD” tipli kredit kartı verilmişdir. "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli arayışından müəyyən olunur ki, borcalan Cavabdeh xx.xx.2021-ci il tarixli 333699-CNS-27977 saylı müqavilə üzrə xx.xx.2023-cü il tarixə əsas borca görə 905,13 manat, faiz borcuna görə 84,52 manat, cəriməyə görə 226,05 manat olmaqla cəmi 1215,70 manat borcu vardır. "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli arayışından müəyyən olunur ki, borcalan Cavabdeh xx.xx.2021-ci il tarixli 333699-OVR-16830 saylı müqavilə üzrə xx.xx.2023-cü il tarixə əsas borca görə 354,55 manat, faiz borcuna görə 40,80 manat, cəriməyə görə 38,75 manat olmaqla cəmi 434,10 manat borcu vardır. "xxxx" ASC-nin Cavabdeh ünvanladığı xx.xx.2022-ci il tarixli 9349P saylı, xx.xx.2022ci il tarixli 9343P saylı, xx.xx.2022-ci il tarixli 10172P saylı, xx.xx.2022-ci il tarixli 10173P saylı, xx.xx.2022-ci il tarixli 10209P saylı pretenziyaların surətindən müəyyən olunur ki, bank borcalana kredit müqavilələri üzrə borcun ödənilməsi üçün məhkəmədən kənar həll yolu təklif etmiş və borcun ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyini bildirmişdir. Azərbaycan Respublikası MPM-nin 284-5.3.-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1.-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, cavabdeh iddiaçı ilə bağladığı xx.xx.2021-ci il tarixli 333699-CNS-27977 saylı müqavilədən irəli gələn öhdəliklərini icra etmədiyindən iddiaçıya əsas borca görə 905,13 manat, faiz borcuna görə 84,52 manat, cəriməyə görə 226,05 manat, xx.xx.2021-ci il tarixli 333699-OVR-16830 saylı müqavilədən irəli gələn öhdəliklərini icra etmədiyindən iddiaçıya əsas borca görə 354,55 manat, faiz borcuna görə 40,80 manat, cəriməyə görə 38,75 manat olmaqla, cəmi 1649,80 manat borcu yaranmışdır. Məhkəmə iddiaçı tərəfindən hesablanan cərimənin cavabdehin borcuna görə tənasübsüz surətdə yüksək hesablanması qənaətinə gələrək qeyd edir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidirlər. Əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikdə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. (MM-nin 458.1-ci mad.) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının xeyrinə cəriməyə görə cavabdehdən xx.xx.2021-ci il tarixli 333699-CNS-27977 saylı müqaviləyə əsasən 40 manat, xx.xx.2021-ci il tarixli 333699-OVR-16830 saylı müqaviləyə əsasən 20 manat tutulmalı, iddia tələbi cərimə ilə bağlı qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 284-6.1.-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli 333699-CNS-27977 saylı müqaviləyə əsasən əsas borca görə 905,13 manat, faiz borcuna görə 84,52 manat, cəriməyə görə 40 manat, xx.xx.2021-ci il tarixli 333699-OVR-16830 saylı müqaviləyə əsasən əsas borca görə 354,55 manat, faiz borcuna görə 40,80 manat, cəriməyə görə 20 manat və ödənilmiş dövlət rüsumuna görə 36,50 manat olmaqla cəmi 1481,50 (min dörd yüz səksən bir manat, əlli qəpik) manat "xxxx" ASC-nin xeyrinə tutulsun. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Emin Rüstəmov
Məhkəmə qərarları › İş №e-2(003)-1332/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-1332/2023
10.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver