Məhkəmə qərarları › İş №e-2(003)-1377/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-1377/2025

22.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-1377/2025 22.04.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun tutulması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi, İşin halları İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 10643,08 manat məbləğində əsas kredit borcunun, 652.15 manat məbləğində kredit müqaviləsi üzrə hesablanmış faiz borcunun, 27.37 manat məbləğində cərimənin, cəmi 11322.6 manat məbləğində pul vəsaitinin, həmçinin iddia qaldırılması üçün ödənilmiş 123.97 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə bağlanmış xx.xx.2024-cü il tarixli 9120***-*******01L saylı kredit limiti razılaşmasına əsasən Cavabdeh1 120 ay müddətinə 50.000 (əlli min) manat məbləğində kredit limiti ayrılmışdır. Kredit limiti razılaşması üzrə öhdəliklərin icrasının təmini kimi bankla digər Cavabdeh2 ilə xx.xx.2024cü il tarixli 9FİZAM201766201 saylı zaminlik müqavilələri bağlanmış və onlar, kredit limiti müqaviləsi üzrə öhdəliklərin icrası üçün məsuliyyəti öz üzərlərinə götürmüşlər. Kredit limiti razılaşmasının şərtlərinə uyğun olaraq xx.xx.2024-cü il tarixli SMS razılaşmasına əsasən İddiaçı ASC tərəfindən Cavabdeh1 48 ay müddətinə illik 16% dərəcəsi ilə (aylıq ödəniş 338.72 manat olmaqla hər ayın 12-dək ödənilmək şərti ilə) 11950 manat məbləğində kredit verilmişdir. Cavabdeh1 onunla bağlanmış kredit razılaşmasının şərtlərinə əməl etmədiyindən, onun özünə, eləcədə öhdəlik üzrə zamini Cavabdeh2 dəfələrlə şifahi və rəsmi (pretenziya) müraciət edilməsinə baxmayaraq, onlar tərəfindən kreditin və kreditdən istifadəyə görə faizlərin ödənilməsi üçün tədbir görülməmiş, kredit müqaviləsindən irəli gələn öhdəliklər lazımi qaydada icra edilməmişdir. Cavabdehlərin banka borcu xx.xx.2025ci il tarixli maliyyə arayışına əsasən 10643.08 manat əsas, 652.15 manat faiz, 27.37 manat cərimə olmaqla, ümumi kredit borcunun məbləği 11322.6 manat təşkil edir. Tələbin əsaslılığını təsdiq edən sənədlər:kredit razılaşması və ona əlavə (sms); zaminlik razılaşması, borc haqqında arayış, bank hesabından çıxarışdır. Proses iştirakçılarının izahatı Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə iddiaçının nümayəndəsi və Cavabdeh1 məhkəmə iclasına gəlməmişlər. İddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclaslarının iştirakları olmadan keçirilərək işdə olan sənədlər əsasında iddianın təmin edilməsini xahiş etmiş, Cavabdeh1 isə məhkəmə iclasında iştirak edə bilməməsinin səbəbləri barədə hər hansı bir məlumat məhkəməyə təqdim etməmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin və Cavabdeh1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbinə qismən etiraf edərək bildirdi ki, iddiaçıdan krediti digər Cavabdeh1 götürmüşdür. O da oğlu Əliyə zamin durmuşdur. Kredit götürdükləri vaxtı işləmişlər və vaxtı-vaxtında ödənişlər etmişlər. Təxminən 7-8 ay ödəniş etmişlər. Sonralar isə hər ikisi işdən çıxdıqlarından ödəniş edə bilməmişlər. Hazırda da ödəniş edə bilmirlər. Həmçinin bildirdi ki, onlardan tələb olunan 10643.08 manat məbləğində əsas borcla razıdır, lakin digər borcların silinməsini xahiş edir. İddia ərizəsinə etirazın dəlilləri Cavabdeh2 iddiaya qarşı yazılı etirazı daxil olmamışdır. Cavabdeh1 yazılı etiraz ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, o, Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda gedən 44 günlük “Vətən müharibəsi”nin iştirakçısı olmuş və döyüşlər zamanı sağlamlığında ciddi problemlər yaranmışdır. Bankdan götürdüyü 11000 manat məbləğində krediti sağlamlıq problemləri ilə bağlı müalicəsinə sərf etmişdir. Hazırda iş şəraiti çətin olduğuna görə kredit borcunu ödəməkdə çətinlik çəkir. Ailəsinin də maddi durumu çətindir. Ona zamin duran anası da işləmədiyinə görə borcun ödənilməsində çətinliklər yaranmışdır. Üstəlik, yalnız 3 aydır ki, iş tapmışdır və maddi vəziyyətini tədricən düzəltməyə çalışır. Hazırda müharibə iştirakçısı kimi ona dövlət tərəfindən ayda 80 manat məbləğində müavinət verilir. Xahiş edir ki, bu müavinətin kredit borcunun ödənilməsinə yönəldilməsi və banka olan borcuun veterantlığa görə verilən müavinətdən çıxılmasını təmin edilsin. İş materiallarına əlavə olunmuş sənədlər - İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2024-cü il tarixli 9120***- *******01L saylı kredit limiti razılaşmasından görünür ki, bank tərəfindən Cavabdeh1 120 ay müddətinə, illik 29 faizlə 50.000 (əlli min) manat məbləğində kredit limiti ayrılmışdır. - İddiaçı ASC ilə müştəri Cavabdeh1 arasında bağlanmış xx.xx.2024-cü il tarixli ******* saylı Qoşulma razılaşmasından görünür ki, bu qoşulma razılaşması imzalamaqla müşteri tssdiq və bayan edir ki, o, Bankın rəsmi internət səhifəsində davamlı daşıyıcıda yerləşdirilmiş Kompleks Bank Xidmətləri Müqaviləsinin şərtləri İlə əvvəlcədən ətraflı şəkildə oxumuşdur, tanış olmuşdur, anlamışdır və həmin şərtlərlə razıdır, Müqavilədə anlaşılmayan və ya qeyri-müəyyən şərtlər yoxdur. Müştəri Müqavilənin kredit məhsullarına dair bölmələrində nəzərdə tutulan borcun qaytarılması, Bankın vaxtından əvvəl tələb hüququ, Müştəri tərəfindən borcun vaxtından əvvəl qaytarılması, monitorinq, ödənişlərin gecikdirilməsinə görə məsuliyyət, o cümlədən bank xidmətlərinin elektron qaydada (məsafədən) göstərilməsi proseduru, Müqavilədə nəzərdə tutulan anlayışlar və digər şərtlər ilə ayrıca tanış olduğunu qəbul edir. Bununla, Müştəri Müqavilənin onun üçün məcburi hüquqi qüvvə daşımasını qəbul edir. Bank Müştəriyə bildiriş, məktub və digər yazışmaları Müştərinin Banka təqdim etdiyi öz müştərini tanı anketində (ÖMTA) nəzərdə tutulan ünvanlara, elektron poçt ünvanlara və ya telefon nömrəsinə göndərə bilər. ӦМТАda nəzərdə tutulan məlumatlar dəyişdikdə Müştəri Banka dəyişmiş məlumatlar barədə 3 (üç) iş günü ərzində yazılı və ya Bankın müəyyən etdiyi digər məlumut mübadiləsi kanalları vasitəsilə məlumat verməlidir. Müştəri ÖMTA-da nəzərdə tutulan telefon nömrəsindən, elektron poçt ünvanından və digər əlatlərin təhlükəsizliyi üçün məsuliyyet daşıyır, Bank xidmətləri məsafədən göstərildikdə həmin telefon nömrəsindən, elektron poçt ünvandan və digər alətlərdən üçüncü şəxslərin istifadəsinə görə Müştəri məsuliyyət daşıyır. Müqavilə, bu qoşulma razılaşması və Müqavilənin digər bütün qoşma və əlavə razılşamaları əl imzası, elektron imza və əl imzasının digər analoqları vasitəsilə imzalana bilər. -xx.xx.2024-cü il tarixli 9FİZAM201766201 saylı zaminlik müqaviləsinin surətindən görünür ki, Cavabdeh1 xx.xx.2024-cü il tarixli 9120***-*******01L saylı kredit limiti razılaşması üzrə öhdəliklərini icra etmək məqsədilə Cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanmışdır. -iddiaçı bank cavabdehin istifadəsində olan mobil telefon nömrəsinə göndərilmiş sms çıxarışdan görünür ki, Cavabdeh1 tərəfindən 48 ay müddətinə illik 16 faiz dərəcəsi, 213,35 manat komissiya ilə 11950 manat kredit təklif edilmişdir. Aylıq ödəniş 338,72 manat olmaqla hər ayın 12-dək ödənilməlidir. Məlumatlandırmanı oxuyub tanış olduğunu təsdiq etmək və kreditə razılıq vermək üçün 1, kreditdən imtina üçün 2 yazıb 9144 qısa nömrəyə və ya **********4 mobil nömrəsinə göndərilməsi xahiş olunmuşdur. Cavabdeh1 istifadəsində olan telefon nömrəsindən 1 yazılaraq göndərilmiş təklifə razılıq verilmişdir. -xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 kredit müqaviləsi üzrə banka 10643,08 manat məbləğində əsas borcun, 652,15 manat məbləğində faiz borcunun, 27,37 manat məbləğində cərimə borcunun, cəmi 11322,6 manat borcu vardır. -İddiaçı ASC tərəfindən Cavabdeh1 və Cavabdeh2 ünvanlanmış pretenziya məktubundan görünür ki, bu məktubda xx.xx.2024-cü il tarixə banka olan borc məbləği- 10643,08 manat məbləğində əsas borc, 477,84 manat faiz, cərimə üzrə 11 manat olmaqla cəmi 11131,92 manat təşkil etdiyi bildirilmiş və öhdəliyiklərini pozduqları üçün kredit müqaviləsini birtərəfli qaydada ləğv etdikləri nəzərə çatdırılmış və 3 gün müddətində göstərilən məbləğdə borcun banka ödənilməsini tələb edilmiş, əks halda onlara qarşı borcun qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. - Qəbzdən görünür ki, iddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edən zaman tərəfindən 123,97 manat dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -389.1-ci maddəsinə əsasən Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. -399.3-cü maddəsinə əsasən müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. -421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. -421.3-cü maddəsinə əsasən Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. -425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. -447.1-ci maddəsinə əsasən əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər. - 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. - 472.1 və 472.2-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. - 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. -743.2-ci maddəsinə əsasən bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. -740.1-ci maddəsinə əsasən qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən borcalandan müqavilədə nəzərdə tutulmuş qaydada və məbləğdə faiz almaq hüququna malikdir. -740.2-ci maddəsinə əsasən bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcun verilməsinə görə faizin və (və ya) digər haqqın məbləği və ya hesablanma qaydası tərəflərin razılaşması ilə müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun - 8.1.3. iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu tutulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin -14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. -77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. -88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. -107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. -119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmənin mövqeyi Məhkəmə iddiaçının nümayəndəsi izahatını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia aşağıda qeyd edilənlərə əsasən qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş yuxarıda qeyd edilən sənədlərlə müəyyən edilir ki, mülki qanunvericiliyin tələblərinə uyğun qaydada İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış “kredit limitinin açılmasına dair” razılaşma imzalanmış və bu razılaşmaya əsasında iddiaçı tərəfindən Cavabdeh1 48 ay müddətinə illik 16 faiz dərəcəsi ilə 11950 manat manat məbləğində kredit verilmişdir. Həmin müqavilə üzrə öhdəliklərin tamamilə yerinə yetirilməsi barədə məsuliyyəti borcalanla birgə qaydada Cavabdeh2, onunla bank arasında bağlanılmış zaminlik müqaviləsi əsasında öz üzərinə götürmüşdür. Kreditalan kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməməklə müqavilə şərtlərini pozmuşdur. Onun iddiaçı qarşısında icra edilməmiş pul öhdəliyi vardır. Məhkəmə hesab edir ki, Cavabdeh1 kredit razılaşması əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda iddiaçı ilə bağladığı razılaşma əsasında kredit məbləğini, həmin razılaşma ilə müəyyən edilmiş faizləri və cərimələri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, o, kredit əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsait(lər)ini və həmin kredit(lər)dən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Belə olan halda, iddiaçı verdiyi kredit üzrə əsas borcu, faizləri və cəriməni tələb etməkdə haqlıdır. Məhkəmə eyni zamanda digər Cavabdeh2 mülki məsuliyyətini araşdıraraq hesab edir ki, Cavabdeh1 kredit müqaviləsi üzrə alınmış kreditə görə zamin olduğundan bu müqavilə üzrə yaranmış əsas, faiz və cərimə borcunun ödənilməsi üçün məsuliyyət daşıyır. Lakin, məhkəmə hesab edir ki, cavabdehlərdən əsas borca hesablanmış faizlərin və cərimənin tutulmasına dair iddia tələbi xarakterinə, tutulma qaydasına görə əsaslı olsa da, həcminə görə tam əsaslı deyildir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2023-cü il tarixli qərarında qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonrada da qüvvədə qalır. Həmçinin həmin qərara əsasən kredit müqavilələri vaxtaşırı icra edilməli olan öhdəlik münasibətlərini ifadə etdiyindən, kredit müqaviləsindən imtina olunması ilə onun ləğv edilməsi arasında hüquqi nəticə baxımından fərq mövcud deyildir. Qanunvericilikdə xüsusi bir qayda nəzərdə tutulmadığı halda, istər müqavilənin ləğv edilməsi, istər müqavilədən imtina edilməsi, istərsə də öhdəliyin icrasından imtina bir tərəfin iradə ifadəsinin digər tərəfə bildirilməsi ilə həyata keçirilir. Odur ki, kredit müqaviləsi kimi icrası davamlı olan öhdəlik münasibətlərində müqavilədən imtina ləğvetmədə olduğu kimi, ancaq imtinadan sonrakı dövr üçün öhdəlikləri aradan qaldırır. Məhkəmə, Konstitusiya Məhkəməsinin hüquqi mövqelərindən çıxış edərək bildirir ki, kredit müqaviləsinin ləğvi və ya kredit müqaviləsindən imtina zamanı tərəfin iradə ifadəsinin təfsiri zamanı həmin ifadənin həqiqi məzmunu və hüquqi niyyət təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Bu zaman yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motivin də nəzərə alınması zəruridir. Məhkəmə qeyd edir ki, iddiaçının iş üzrə cavabdehlərə ünvanlandığı xx.xx.2024-cü il tarixli pretenziya məktubundan görünür ki, cavabdehlərdən xx.xx.2024-cü il tarixə banka olan 10643,08 manat məbləğində əsas borc, 477,84 manat faiz, cərimə üzrə 11 manat olmaqla cəmi 11131,92 manat borc tələb edilməklə öhdəliyiklərini pozduqları üçün kredit müqaviləsini birtərəfli qaydada ləğv edildiyini bildirilmişdir. Bununla da müəyyən olunur ki, xx.xx.2024-cü il tarixli pretenziya məktubuna əsasında İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış kredit razılaşmasına xx.xx.2024-cü il tarixdə birtərəfli qaydada xitam verilmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, cavabdehlərdən həmin tarixə yaranmış borc tutulmalıdır. Odur ki, sadalanan qanunvericilik aktı normalarına və xüsusatlara əsasən, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməklə cavabdehlərdən iddiaçının xeyrinə 10643,08 manat məbləğində əsas borc, 477,84 manat faiz, cərimə üzrə 11,0 manat olmaqla cəmi 11131,92 manat borc tutulmalıdır. Məhkəmə həmçinin ödənilmiş dövlət rüsumuna görə cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə 123,97 manat məbləğində pul tutulmalıdır. Beləliklə, məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək bu nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməklə, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 10643,08 manat məbləğində əsas borc, 477,84 manat faiz, cərimə üzrə 11,0 manat olmaqla cəmi 11131,92 manat borc və ödənilmiş dövlət rüsumuna görə 123,97 manat məbləğində pul iddiaçının xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220, 222 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 10643,08 manat məbləğində əsas borc, 477,84 manat faiz, cərimə üzrə 11,0 manat olmaqla cəmi 11131,92 manat borc və ödənilmiş dövlət rüsumuna görə 123,97 manat tutularaq İddiaçı ASC-nə ödənilsin. İddia qalan hissədə təmin edilməməlidir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Məmmədli.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar