Məhkəmə qərarları › İş №e-2(003)-1422/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-1422/2022

04.07.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-1422/2022 04.07.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil, Cavabdeh və nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Xəzər rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 2009-cu tarixdə rəsmi nikaha daxil olmuş. Birgə nikahdan xx.xx.2010-cu il təvəllüdlü X4 və xx.xx.2013-cü il təvəllüdlü X12 doğulmuşdur. Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2019-cu il tarixli qətnaməsinə əsasən cavabdehlə aralarında olan nikah pozulmuş, birgə nikahdan doğulmuş xx.xx.2010-cu il təvəllüdlü X4 və xx.xx.2013-cü il təvəllüdlü X12 onun yanında saxlanılmış, xx.xx.2010-cu il təvəllüdlü X1 və xx.xx.2013-cü il təvəllüdlü X9 yetkinlik yaşına çatanadək saxlanılnaları üçün hər ay hər uşaq üçün 150 (bir yüz əlli) manat olmaqla, cəmi 300 (üç yüz) manat sabit pul məbləğində aliment tutulmuşdur. Birgə nikahdan olan xx.xx.2010-cu il təvəllüdlü X2 və xx.xx.2016-ci il təvəllüdlü X12 hal-hazırda iddiaçının himayəsində yaşayırlar. Alimentin müəyyən edilməsindən 3 il vaxt keçib. Uşaqlar artıq böyüyür, məktəbə gedir, repititor yanına gedirlər və müəəyən edilmiş məbləğ bu təlabatları qarşılamır. Cavabdeh uşaqları ilə maraqlanmır, tərbiyyəsi ilə məşqul olmur. Həyat səviyyəsinin dəyişilməsi İlə əlaqədar olaraq iddiaçı, uşaqların maddi tələbatlarını ödəməkdə çətinlik çəkir. Cavabdeh də bir valideyn olaraq bu məsuliyyəti onunla bərabər bölüşməlidir. Cavabdeh Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2017-ci il tarixli qətnaməsi ilə tutulan alimentin artılılaraq birgə nikahdan doğulmuş xx.xx.2010-cu il təvəllüdlü X1 və xx.xx.2013-cü il təvəllüdlü X9 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay sabit pul məbləği şəklində hər uşağa görə 200,0 (iki yüz) manat olmaqla, ümumilikdə 400,0 (dörd yüz) manat sabit pul məblğində alimentin tutularaq mənə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən İddiaçı vəkili və nümayəndəsi Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh məhkəməyə verdiyi izahatında bildirdi ki, o halhazırda işləmir. Həmçinin bildirdi ki, iddiaçı ilə aralarında olan nikah pozulduqan sonra yeni nikaha daxil olmuşdur. Həmin nikahdan bir evladı var. Hal-hazırda kirayədə yaşayır. Belə ki, iiidaçı onun evində yaşayır. Bundan başqa iddiaçı müəllim işləyir və kifayət qədər əmək haqqısı var. İddia tələbinin rəd olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi X6 bildirdi ki, cavabdehin hər uşağa hər ay 200,0 manat ödəməyə imkanı çatmır. İddia tələbinin rədd edilməsini xahiş etdi Məhkəmə iddiaçının izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Sabunçu Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsinin surətindən görünür ki, iddia təmin edilərək, İddiaçı ilə Cavabdeh arasında olan nikah pozulmuş, birgə nikahdan doğulmuş xx.xx.2010-cu il təvəllüdlü X4 və xx.xx.2013-cü il təvəllüdlü X12 onun yanında saxlanılmış, xx.xx.2010-cu il təvəllüdlü X1 və xx.xx.2013-cü il təvəllüdlü X9 yetkinlik yaşına çatanadək saxlanılnaları üçün hər ay hər uşaq üçün 160 (bir yüz altmış) manat olmaqla, cəmi 320 (üç yüz iyirmi) manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, atası Cavabdeh anası İddiaçı olan xx.xx.2010-cu il təvəllüdlü X4 və xx.xx.2013-cü il təvəllüdlü X12 doğulmuşdur. İş materiallarına əlavə edilmiş nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında olan nikah ləğv edilmişdir. Bu barədə nikahın ləğvd edilməsi barədə akt qeydləri kitabında xx.xx.2019-cu il tarixli 567 sayla qeyd edilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, atası Cavabdeh anası X7 olan xx.xx.2018-ci il təvəllüdlü X10 doğulmuşdur. İş materiallarına əlavə edilmiş nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh X7 ilə xx.xx.2021-ci il tarixdə 4 saylı “Asan Xidmət” mərkəzi Qeydiyyat şöbəsində rəsmi nikah daxil olmuş və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 2768 nömrəli qeydiyyat aparılmışdır. Nikah bağlandıqdan sonra ərə Əliyev, arvada Əliyeva soyadı verilmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, tərəflər 2009-cu il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. Həmin nikahdan xx.xx.2010-cu il təvəllüdlü X4 və xx.xx.2013-cü il təvəllüdlü X12 doğulmuşdur. Sabunçu Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə onların arasında olan rəsmi nikah qeydiyyatı pozulmuş, uşaqlar iddiaçının himayəsində saxlanılmış və hər uşağa görə 160,0 manat olmaqla, cəmi 320,0 manat məbləğində aliment cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Cavabdeh ikinci dəfə ailə qurmuş və həmin nikahdan xx.xx.2018-ci il təvəllüdlü X10 adlı bir övladı var. İddiaçı həmin qətnamə qanuni qüvvəyə mindikdən hal-hazıradək olan müddət ərzində özünün maddi vəziyyətində hər hansı bir dəyişikliyin baş verməsi, həmçinin cavabdehin maddi durumunun yaxşılaşması ilə bağlı məhkəməyə sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Qanunvericiliyin bu müddəasından görünür ki, alimentin müəyyən olunmuş miqdarının dəyişilməsi tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olması ilə əlaqələndirilmişdir. İddiaçı tərəf aliment məbləğinin artırılmasına dair iddiasını hər ay hər uşağa görə ödənilən 160,0 manat məbləğin uşağın saxlanmasına kifayət etməməsi ilə yanaşı həmçinin Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanunu ilə 2022-ci il üçün yaşayış minimumunun ölkə üzrə uşaqlar üçün 193 manat məbləğində müəyyən edilməsi ilə əsaslandırmışdır. Məhkəmə iclasında iddiaçının ailə və ya maddi vəziyyətində dəyişiklik olması ilə bağlı hal müəyyən edilməmişdir. Lakin, əksinə tərəflərin nikahlarının pozulmasından keçən müddət ərzində cavabdehin yeni nikaha daxil olması, həmin nikahdan bir uşağının olması cavabdehin maddi vəziyyətində dəyişiklik kimi qəbul edilməlidir. Ölkə üzrə uşaqlar üçün 2022-ci ildə yaşayış minimumunun hər ay 193 manat həddində müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd edir ki, bu məbləğ Azərbaycan Respublikasında bir uşağın saxlanması üçün zəruri olan minimal məbləği ehtiva etməklə, özü-özlüyündə aliment məbləğinin bu həddə və ya daha çox müəyyən edilməsi anlamına gəlmir. Qanunvericilik aliment məbləğinin müəyyən edilməsi zamanı bir sıra halların araşdırılmalı olduğunu tələb edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarında göstərilir ki, alimentin miqdarı müəyyən olunarkən məhkəmə, ilk növbədə, Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə əsasən tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq digər halları və uşağın əvvəlki təminatının səviyyəsini nəzərə almalıdır. Göstərilən qərarda Məhkəmə qeyd etmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır. “Yaşayış minimumu haqqında” Qanunun Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrində nəzərdə tutulmuş aliment münasibətlərinə aid edilməsinin mümkünlüyünə gəldikdə Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Göstərilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsi belə qərara gəlmişdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətə layiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Konstitusiya Məhkəməsinin qeyd edilən qərarı ilə müəyyən edilir ki, alimentin məbləği məhkəmələr tərəfindən müəyyən edilərkən konkret iş üzrə hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verilməli, bu hallara qiymət verərkən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun olması nəzərə alınmalıdır. Göründüyü kimi, bu qərarında Konstitusiya Məhkəməsi uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun olması hüququnu tanımaqla yanaşı, alimentin “Yaşayış minimumu haqda” qanunla müəyyən edilmiş dəqiq məbləğin deyil, qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasını müəyyən etmişdir. Həmçinin, qeyd edilən qərarda Konstitusiya məhkəməsi “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun təmin edilməsinin bütünlüklə aliment ödəyən valideynin vəzifəsi olduğunu birmənalı olaraq müəyyən etməmişdir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən uşaqların saxlanılması hər iki valideynin borcudur. Konstitusiya məhkəməsinin bu qərarında müəyyən edilmiş “qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulması” müddəasını rəhbər tutaraq, hazırkı mübahisəni həll edərkən məhkəmə nəzərə alır ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli qətnaməsi ilə hər ay uşağa görə müəyyən edilmiş aliment məbləği (160 manat) “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununu ilə 2022-ci il üçün yaşayış minimumunun ölkə üzrə uşaqlar üçün müəyyən edilmiş 193 manat məbləğdən az olsa da, həmin məbləğdən əhəmiyyətli dərəcədə fərqlənmir. Həmin qərarda qeyd edilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Qeyd olunan qərara əsasən Konstitusiya Məhkəməsi uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun olması hüququnu tanımaqla yanaşı, alimentin “Yaşayış minimumu haqda” qanunla müəyyən edilmiş dəqiq məbləğin deyil, qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasını müəyyən etmişdir. Belə olan halda məhkəmə qeyd edir ki, hətta alimentin “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununu ilə 2022-ci il üçün yaşayış minimumunun ölkə üzrə uşaqlar üçün müəyyən edilmiş 193 manat həddində tutulması halında da, cavabdehin alimenti iddia edilən məbləğdə ödəməsi üçün zəruri qazanca malik olması halı sübut edilmir. Bundan başqa tərəflərin arasında nikahın pozulmasından keçən müddət ərzində cavabdeh yeni nikaha daxil olmuş, həmin nikahdan bir övladı var. Eyni zamanda uşaqların cavabdehlə yanaşı iddiaçıdan maddi təminat almaq hüququ vardır. Məhkəmə qətnaməsi icra olunması üçün çıxarılır. Qətnamə digər tərəfə sitəm verilməsi üçün deyil, ədalətli balansı bərpa etmək üçündür. Məhkəmə qətnamə çıxararkən tərəflərin əsaslı mənafelərini nəzərə almalıdır. Məhkəmə tərəflərin maddi və ailə vəziyyətlərini, uşağın mənafeyini, eləcə də yuxarıda qeyd olunan dəyərlənməni nəzərə alaraq hesab edir ki, hazırda uşağın saxlanması üçün müəyyən edilmiş alimentin məbləği ədalətlidir və alimentin artırılması üçün əsaslar müəyyən edilməmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi : İddiaçı Cavabdeh qarşı “alimentin məbləğinin artırılması barədə” iddia tələbi təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar