Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-1463/2024 09.04.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi, Şükürlü Murad Şahin oğlunun katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair mülki işə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı MMC Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC-nin əmlakına (maddi qiymətlilərə) vurulmuş ziyana görə cavabdeh tərəfindən ödənilməmiş 11645 (on bir min altı yüz qırx beş) manat 78 (yetmiş səkkiz) qəpik və mediasiya xərci üçün ödənilmiş 60 (altmış) manat məbləğin, həmçinin məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 65 (altmış beş) manat dövlət rüsumunun Cavabdeh tutularaq Cəmiyyətin bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC (bundan sonra Cəmiyyət) ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixli əmək müqaviləsi ilə satıcı kassir vəzifəsinə işə qəbul olunmuşdur. xx.xx.2021-ci il tarixli 215 saylı əmrlə baş satıcı vəzifəsinə keçirilmiş və “X6” haqqında müqavilə imzalanmışdır. xx.xx.2021-ci il tarixli 345 saylı əmrlə administrator vəzifəsinə keçirilmiş və “X6” haqqında müqavilə imzalanmışdır. xx.xx.2022-ci il il tarixli 131 saylı əmrlə işdən azad edilmişdir. Cavabdeh, iş vaxtı ərzində bilavasitə iş yerində intizam xətasına yol vermişdir. Belə ki, xx.xx.2022-ci il tarixində İddiaçı MMC-nin – OBA Dres 1 mağazasında çalışdığı zaman aparılmış inventarizasiya nəticəsində Cavabdeh Cəmiyyətə zərər vurması müəyyən edilmiş, xx.xx.2022-ci il tarixdə “İnventarizasiya Nəticələrinə” dair Akta əsasən yekun ziyan məbləği 11645 (on bir min altı yüz qırx beş) manat 78 (yetmiş səkkiz) qəpik məbləğində zərər vurması məlum olmuşdur. Sözügedən inventarizasiya yoxlaması şəxsən cavabdeh X1 iştirakı ilə keçirilmiş və həmin inventarizasiya ilə bağlı “İltizamnamə”yə imzasını atmaqla kəsr verən mallara razılığını bildirmişdir. Həmçinin iş materiallarında olan Azərbaycan Respublikasının Auditorlar Palatasının sərbəst auditoru X5 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli “Auditor rəyi”ndən görünür ki, Cavabdeh tərəfindən İddiaçı MMC-yə 11645 (on bir min altı yüz qırx beş) manat 66 (altmış altı) qəpik dəyərində maddi ziyan vurulmuşdur. İş materiallarında olan maliyyə arayışından məlum olur ki, Cavabdeh hal-hazırda İddiaçı MMC-yə ümumilikdə 11645 (on bir min altı yüz qırx beş) manat 78 (yetmiş səkkiz) qəpik borcu qalmaqdadır. Qalıq borcun ödənilməsi barədə cavabdehə dəfələrlə bildirilsə də, heç bir ödəniş həyata keçirilməmişdir. İddiaçı MMC-nin nümayəndəsi X2 xx.xx.2024-cü il tarixdə ərizə ilə müraciət edərək, iddia ərizəsini müdafiə etdiklərini, işə onların iştirakı olmadan baxılaraq iddia ərizəsinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəməyə ərizə təqdim edərək, iş üzrə iddia müddətinin tətbiq edilərək iddia ərizəsinin təmin edilməməsinə dair qətnamə qəbul edilməsini və növbəti məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin mövqeyini tədqiq edib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia ərizəsi təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - xx.xx.2020-ci il tarixli əmək müqaviləsinin təsdiq edilmiş surətindən görünür ki, həmin tarixdə "xxxx" MMC ilə Cavabdeh arasında müddətsiz əmək müqaviləsi bağlanılmış və ona hər ay 260 manat məbləğində əmək haqqı ödənilməklə satıcı-kassir vəzifəsinə götürülmüşdür. Həmin müqaviləyə əsasən Cavabdeh Əmək Məcəlləsinin 10-cu maddəsi ilə müəyyən edilmiş əsas vəzifələrinin və bu əmək funksiyasının vaxtında, keyfiyyətlə yerinə yetirilməsinə əməl etməlidir. - xx.xx.2021-ci il tarixli 215 saylı əmrdən çıxarışdan görünür ki, Cavabdeh cəmiyyətin satış departamentinin satış şöbəsində xx.xx.2021-ci il tarixdən baş satıcı vəzifəsinə keçirilmişdir. Əmək haqqı ştat cədvəlinə əsasən 280 manat müəyyən edilmişdir. - "xxxx" MMC ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2021-ci il tarixli X6 haqqında müqavilədən görünür ki, Cavabdeh, tutduğu vəzifəsinə uyğun olaraq əmək münasibətləri prosesində ona işəgötürən tərəfindən etibar edilmiş əmlakın və digər sərvətlərin saxlanması, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması zamanı onların bütünlüyünə, qorunub saxlanılmasına və mühafizəsinə görə tam həcmdə maddi məsuliyyət daşıması barədə öhdəlik götürmüşdür. - Həmin Müqavilədən görünür ki, Cavabdeh aşağıdakı vəzifələri yerinə yetirməlidir: -ona etibar edilmiş əmlakın, maddi sərvətlərin və görüləcək işlərin tam qayğısına qalmalıdır, eyni zamanda müəssisəyə heç bir səbəb üzündən ziyan vurmamalıdır və ziyankarlığa qarşı mübarizə aparmalıdır; -işəgötürənə öhdəsində olan maddi sərvətlərin təhlükəsizliyi haqqında məlumat verməli və lazım gəldikdə qorxulu vəziyyətin dəqiq hesablarını aparmalı, müəyyən edilmiş qaydada hesabat tərtib edib rəhbərliyə təqdim etməlidir; -ona etibar edilmiş maddi sərvətlərin, pul vəsaitlərinin və görüləcək işlərin dəqiq hesabatını aparmalı, müəyyən edilmiş qaydada hesabat tərtib edib rəhbərliyə təqdim etməlməlidir; -inzibati hüquqpozmalar, cinayət, yaxud vergi qanunvericiliyi ilə cəza verilməsinə səbəb olan və işəgötürənə mənəvi ziyan vurma hallarına yol verilməməlidir. -xx.xx.2021-ci il tarixli 345 saylı əmrdən çıxarışdan görünür ki, Cavabdeh cəmiyyətin satış departamentinin satış şöbəsində xx.xx.2021-ci il tarixdən administrator vəzifəsinə keçirilmişdir. Əmək haqqı ştat cədvəlinə əsasən 345 manat müəyyən edilmişdir. -Cəmiyyət üzrə xx.xx.2022-ci il tarixli 131 saylı əmrdən çıxarışdan və əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, xx.xx.2022-ci il tarixdən tərəflər arasında bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin ikinci hissəsinin “b” bəndinə əsasən (əmək müqaviləsinin müddətinin bitməsi) xitam verilmişdir. -xx.xx.2022-ci il tarixili “İnventarizasiya siyahısından” və həmin siyahıya əsasən aparılmış təhvil-təslim nəticələrinə dair yekun aktdan görünür ki, cavabdeh tərəfindən öz üzərinə götürdüyü öhdəliklərin lazımi qaydada yerinə yetirilməməsi səbəbindən iddiaçıya zərərin dəyməsi müəyyən edilmişdir. -xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixinə iddiaçıya olan ümumi borcu 11645,78 manat təşkil edir. -xx.xx.2023-cü il tarixli “ilkin mediasiya sessiyasında iştirak edilməməsi” barədə arayışdan görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixə saat 11:30-a təyin edilmiş mediasiya sessiyasında iştirak etməmiş, İddiaçı MMC-nin nümayəndəsi isə iştirak edərək 50 manat məbləğində mediasiya xərcini ödəmişdir (mediator: C.A.Həsənov). -16 mart 2022-ci il tarixli imtina Aktından görünür ki, bu akt ondan ötrü tərtib edilmişdir ki, İddiaçı MMC-nin ünvan 1 ünvanında yerləşən “Oba-Dres 1” mağazasında, həmin mağaza üzrə maddi məsul şəxs Cavabdeh iştirakı ilə 16 mart 2022-ci il tarixi vəziyyətinə inventarizasiya keçirilmiş, inventarizasiya nəticəsində çatışmazlıqlar aşkar edilmiş və bu barədə müvafiq sənədlər toplanmışdır. Maddi məsul şəxs Cavabdeh inventarizasiyanın aparılmasında iştirak etmiş, lakin araşdırmanın nəticələri ilə tanış olmamışdır və heç bir əsaslı səbəb bildirmədən ilkin və yekun sənədləri imzalamaqdan və əskikgəlmələrin (- 11645,77 AZN) yaranması səbəbləri barədə izahat verməkdən imtina etmişdir. -Cavabdeh tərəfindən imzalanmış iltizamnamələrdən görünür ki, o, yoxlama işçi qrupunun aparacağı yoxlamaya heç bir etiraz etməmişdir. -Cavabdeh tərəfindən təqdim edilən ərizədən görünür ki, cavabdeh iş üzrə iddia müddətinin tətbiq edilməsini xahiş etmişdir. İşin araşdırılmış hallarından müəyyən olunur ki, Cavabdeh ilə "OBA Market” MMC arasında xx.xx.2020-ci il tarixli əmək müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən xx.xx.2020-ci il tarixdən "OBA Market” MMC-də satıcı-kassir vəzifəsində (260 manat əmək haqqı olmaqla) işləməyə başlamış, xx.xx.2021-ci il tarixdə aralarında bağlanmış əmək müqaviləsinə dəyişiklik edilməklə həmin tarixdən (280 manat əmək haqqı olmaqla) baş satıcı vəzifəsinə təyin edilmişdir. Eyni zamanda tərəflər arasında X6 haqqında müqavilə bağlanılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs ( borclu ) başqa şəxsin ( kreditorun ) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə Olmur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risq dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1 -ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir) Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 199-cu maddəsinin 1-ci bəndinin a) yarımbəndinə əsasən saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyalarının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə X6 götürməsi haqqında işə götürənlə yazılı müqavilə bağlandıqda işçi vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır. Həmin Məcəllənin 205-ci maddəsinin 2-ci bəndinə əsasən əgər ziyan işçi tərəfindən X6 daşıdığı hallarda vurulmuşdursa, onun məbləği isə işçinin orta aylıq əmək haqqından çoxdursa və işçi onu könüllü olaraq ödəməkdən imtina edirsə, onda işəgötürənin müraciəti əsasında həmin ziyan məhkəmə qaydasında ödənilə bilər. Qeyd olunan qanunvericiliyin tələblərinə əsaslanaraq iş üzrə cavabdehə xx.xx.2022-ci il tarixli inventarizasiya aktına əsasən satış məqsədilə cəmi 77454,46 manat məbləğində mallar təhvil verilmiş, 4702,44 manat artıqgəlmə və 16348,21 manat əskikgəlmədən sonra 11645,77 manat ziyan dəymişdir. Cavabdehin iddiaçı qarşısında X6 barədə öhdəlik götürməsini nəzərə alaraq məhkəmə hesab edir ki, zərər dəyməsi faktı məhkəmə araşdırması zamanı öz təsdiqini tapmışdır. Lakin, cavabdehin iş üzrə iddia müddətinin tətbiq edilməsi barədə ərizəsinin olmasını nəzərə alaraq məhkəmə hesab edir ki, hazırkı iddia tələbi üzrə iddia müddəti iddiaçı tərəfindən ötürülmüşdür. Belə ki, Əmək Məcəlləsinin 296.5-ci maddəsinə əsasən işəgötürən ona maddi ziyan vurulması məsələləri ilə əlaqədar isə ziyanın vurulmasını aşkar etdiyi gündən 1 il müddətində müraciət edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 372.2-ci maddəsinə görə hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 377.2-ci maddəsinə görə icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Mülki qanunvericiliyə müvafiq olaraq ümumi iddia müddəti on il, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti altı il, vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç il təşkil edir (MM-in 373.2-373.4-cü maddələri). İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. İddia müddətinin tətbiqini nəzərdə tutan müddəalara görə hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barədə qərar çıxarması üçün əsasdır ( MM-in 375.1 və 375.2 maddələri). İddia müddətinin tətbiqi ilə bağlı məhkəmə hesab edir ki, hazırki mülki işdə iddia müddəti iddiaçı tərəfindən ötürülmüşdür. Belə ki, mülki iş materiallarına əlavə edilən rəsmi sənədlərlə təsdiq edilir ki, işəgötürən hüquqlarının pozulmasını xx.xx.2022-ci il tarixli inventarizasiya aktı tərtib edilərkən bilirdi. İşəgötürən tərəfindən iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə, yəni hüquqlarının pozulduğunu bildiyi gündən təxminən 2 il keçdikdən sonra məhkəməyə müraciət etmişdir. Beləliklə, məhkəmə yuxarıda qeyd edilmiş maddi və prosessual hüquq normalarına əsaslanaraq, mülki işin faktiki hallarını və işdə olan sübutları nəzərə alaraq, belə hesab edir ki, iddia müddəti iddiaçı tərəfindən ötürüldüyündən iddia ərizəsi təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-cı maddələrini rəhbər tutub məhkəmə Q ə t e t d i: İddiaçı MMC-nin Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Emin Rüstəmov
Məhkəmə qərarları › İş №e-2(003)-1463/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-1463/2024
09.04.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver