Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-1467/2023 15.05.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Cəfərzadə İlham Nizami oğlunun sədrliyi, Qasımova Leyla Nurəddin qızının katibliyi, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsinin ləğvi və kredit borcunun tutulması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022ci il tarixli, ******* saylı kredit müqaviləsinə vaxtından əvvəl ləğv etməklə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı ASC-nin xeyrinə 19395,71 manat əsas, 1859,35 manat faiz, cəmi 21255,06 manat borcun, həmçinin ödənilmiş 154,17 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, Cavabdeh1 şəxsi (istehlak) məqsədləri üçün 48 ay müddətinə nağd şəkildə istifadə olunmaqla 20000 manat məbləğində kredit verilmiş və bununla bağlı "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında xx.xx.2022-ci il tarixli, ******* saylı kredit Müqaviləsi bağlanmışdır. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə xx.xx.2022-ci il tarixli, 1081414/28205 saylı zaminlik Müqaviləsinə əsasən Cavabdeh1 Bank qarşısında öhdəlikləri tam yerinə yetirilənədək Cavabdeh2 ona zamin durmuşdur. Zaminlik Müqaviləsinin 1.1.-ci bəndinə görə, borcalan Bank qarşısında öz öhdəliklərini tam yerinə yetirənədək zamin, borcalan ilə birlikdə Bank qarşısında məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür. Kredit Müqaviləsinin şərtlərinə əsasən Cavabdeh1 xx.xx.2023-cü il tarixinə əsas borcu 19395,71 manat, faiz borcu 1859,35 manat, cəmi 21255,06 manat təşkil edir. Borcun ödənilməsi tələbi ilə cavabdehlərə dəfələrlə müraciət olunmasına, məsələnin məhkəmədən kənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq, Cavabdeh1 götürdüyü borcun qaytarılması üçün heç bir təşəbbüs göstərməmişdir. Cavabdehlərə göndərilmiş pretenziya (xəbərdarlıq) məktubları da cavabsız qalmışdır. Bununla da cavabdehlər, Kredit Müqaviləsində nəzərdə tutulmuş öhdəliklərini yerinə yetirməmiş və eyni zamanda hesablara, mühasibat uçotuna dəqiq və düzgün əməl etmədiyindən Kredit Müqaviləsi üzrə yaranmış borcun tələb edilməsi zərurəti yaranmışdır. İddiaçının nümayəndəsi Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclaslarını işə iştirakları olmadan keçirilməklə iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini etiraf edərək izahatında bildirmişdir ki, iddiaçı bankla aralarında bağlanmış kredit müqaviləsinə əsasən ona 20000 manat məbləğində kredit verilmişdir. Bir müddət ödəniş etmiş, lakin sonradan maddi imkanı pisləşdiyindən ödəniş edə bilməmişdir. Belə ki, hərbiçidir və kirayədə yaşayır. Başqa bir bankdan da kredit götürmüş və həmin kreditə görə əmək haqqından tutulmalar aparılır. Kirayə pulunu isə ödədikdən sonra yetərli miqdarda pulu olmadığından iddiaçıdan götürdüyü kredit üzrə ödənişlər edə bilmir. Hazırda iddiaçıya 19395,71 manat əsas, 1859,35 manat faiz, cəmi 21255,06 manat borcun olmasını qəbul edir. Lakin, həmin borcu ödəmək imkanı yoxdur. Qeyd olunanlara əsasən iş üzrə ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbini etiraf edərək izahatında bildirmişdir ki, Cavabdeh1 onun iş yoldaşıdır. Onlar hərbiçidirlər. Loğman anası xəstə olduğundan pula ehtiyacının olduğunu bildirmiş və ondan kredit götürməsi üçün zamin durmasını xahiş etmişdir. O da Loğmana kredit verilməsi üçün iddiaçı bank qarşısında zamin durmuşdur. Hazırda isə Loğmanın imkanı pis olduğundan kredit borcunu qaytara bilmir. Qeyd olunanlara əsasən iş üzrə ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ASC-nin Rəqəmsal filialı ilə Cavabdeh1 arasında bağlanılmış xx.xx.2022-ci il tarixli, ******* nömrəli fiziki şəxslərə kreditin verilməsi və istifadəsi üzrə xidmətlərin göstərilməsi müqaviləsindən görünür ki, həmin müqavilə bank tərəfindən Cavabdeh1 48 ay müddətinə illik 16 % dərəcəsi ilə 20000 manat məbləğində kreditin verilməsi haqqında bağlanmışdır. İş materiallarında olan Cavabdeh2 ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 1081414/28205 nömrəli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2, xx.xx.2022-ci il tarixli ******* kredit müqaviləsi üzrə öhdəliklərini tam həcmdə yerinə yetirilməsinə görə borcalan Cavabdeh1 ilə birgə məsuliyyət daşımağı öz üzərinə götürmüşdür. İş materiallarında olan kreditin nağdlaşdırılmasına dair çıxarışın surətindən görünür ki, 400 manat komisiya haqqı çıxılmaqla iddiaçı bank tərəfindən Cavabdeh1 19600 manat məbləğində pul verilmişdir. İş materiallarında olan ödəniş cədvəlindən görünür ki, Cavabdeh1 İddiaçı ASC götürdüyü 20000 manat məbləğində krediti xx.xx.2022-ci il tarixdən xx.xx.2026-cı il tarixədək hər ay 566,81 manat, sonuncu ay isə 559,11 manat ödəniş etməklə qaytarılması barədə öhdəlik götürmüşdür. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh1 xx.xx.2022-ci il tarixli müqavilə üzrə İddiaçı ASC-yə 19395,71 manat əsas, 1859,35 manat faiz borcu, cəmi 21255,06 manat məbləğində borcu vardır. İş materiallarında olan bank tərəfindən cavabdehlərə ünvanlanmış xx.xx.2022-ci il tarixli pretenziya məktubunun surətindən görünür ki, xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixə yaranmış borcun 5 iş günü ərzində ödənilməsi tələb olunmuş, əks təqdirdə kredit müqaviləsinə vaxtından əvvəl xitam verilməklə banka olan borcun tam olaraq ödənilməsinin tələb edilməsi üçün məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan ********** nömrəli qəbzdən görünür ki, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi üçün iddiaçı tərəfindən 153.77 manat məbləğində dövlət rüsumu və 0,40 manat xidmət haqqı, cəmi 154,17 manat məbləğində pul ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1 və 472.2-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, mülki qanunvericiliyin tələblərinə uyğun qaydada İddiaçı ilə Cavabdeh1 arasında kredit müqaviləsi bağlanmış, sonuncu həmin kredit müqaviləsi üzrə bankdan 48 ay müddətinə illik 16 faiz dərəcəsi ilə 20000 manat məbləğində kredit götürmüşdür. Həmin müqavilə üzrə öhdəliklərin tamamilə yerinə yetirilməsi barədə məsuliyyəti borcalanla birgə qaydada Cavabdeh2, onunla bank arasında bağlanılmış zaminlik müqaviləsi əsasında öz üzərinə götürmüşdür. Kreditalan kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi lazimi qaydada icra etməməklə müqavilə şərtlərini pozmuşdur. Onun iddiaçı qarşısında maliyyə arayışında göstərilən məbləğində icra edilməmiş pul öhdəliyi vardır. Eyni zamanda iş üzrə məhkəmə iclasında izahat vermiş cavabdehlər də tələb olunan məbləğlərdə əsas və faiz borcunun olmasını qəbul etməklə iddia tələbini həmin hissədə mübahisələndirməmişlər. Həmçinin məhkəmə hesab edir ki, zamin Cavabdeh2 iddia tələbinə etirazı əsassızdır. Belə ki, qanunvericilikdə nəzərdə tutulmuş qaydada iddiaçı ilə onun arasında zaminlik müqaviləsi bağlanılmış və o, həmin müqavilə üzrə iddiaçı qarşısında borcalanın öhdəliklərinin yerinə yetirilməsi üçün tam məsuliyyəti öz üzərinə götürmüşdür. Bundan başqa iddiaçı tərəfindən zaminə qarşı iddia irəli sürülməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4-cü maddəsində nəzərdə tutulmuş müddət ötürülməmiş və zaminlik müqaviləsi qüvvədədir. Yuxarıda sadalanan qanunvericiliyin tələblərini və iş üzrə müəyyən edilmiş hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehlərdən 19395,71 manat əsas, 1859,35 manat faiz borcu, cəmi 21255,06 manat məbləğində borc iddiaçının xeyrinə tutulmalıdır. Həmçinin məhkəmə, iddia tələbinin tərəflər arasında bağlanmış kredit müqaviləsinin ləğv edilməsi hissəsinə qiymət verərək qeyd edir ki, iddia tələbi həmin hissədə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 423.2-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. İş materiallarından görünür ki, qeyd olunan qanunvericiliyin tələblərinə uyğun qaydada müqavilənin ləğv edilməsi tələbini iddiaçı tərəf məhkəməyə müraciət etməzdən əvvəl cavabdeh tərəfə təklif edildiyindən, təklifdə göstərilmiş müddətdə cavabdehdən cavab almadığından, məhkəmə hesab edir ki, iddiaçı kredit müqaviləsinin vaxtından əvvəl ləğv edilməsini tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəlləsinin 217.4-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı ASC-nin Rəqəmsal filialı ilə Cavabdeh1 arasında bağlanılmış xx.xx.2022-ci il tarixli, ******* nömrəli kredit müqaviləsi ləğv edilməli, cavabdehlərdən birgə qaydada 19395,71 manat əsas, 1859,35 manat faiz borcu olmaqla cəmi 21255,06 manat məbləğində borc tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iddia tələbinin ödənilmiş dövlət rüsumuna görə pulun tutulması hissəsinə qiymət verərək hesab edir ki, iddia tələbi tam təmin edildiyindən, cavabdehlərdən ödənilmiş dövlət rüsumuna görə 154,17 manat məbləğində pul iddiaçının xeyrinə tutulmalıdır. Qeyd olunanlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddia təmin edilsin. İddiaçı ASC-nin Rəqəmsal filialı ilə Cavabdeh1 arasında bağlanılmış xx.xx.2022-ci il tarixli, ******* nömrəli kredit müqaviləsi ləğv edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə qaydada 19395,71 manat əsas, 1859,35 manat faiz borcu olmaqla cəmi 21255,06 manat məbləğində borc və dövlət rüsumuna görə ödənilmiş 154,17 manat tutularaq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə (elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlham Cəfərzadə
Məhkəmə qərarları › İş №e-2(003)-1467/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-1467/2023
15.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver