Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-1482/2024 04.04.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ hakim Məhərrəmova Şeyda Ədalət qızının sədrliyi, Xudiyeva Ayşən Əmir qızının katibliyi, İddiaçı “X4” Bakı filialının nümayəndəsi X1, Cavabdeh1 iştirakları ilə İddiaçı “X4” Bakı filialının cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “kredit və kredit borcuna görə hesablanmış faizlərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı “X4” Bakı filialı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən 6.063,27 manat (bundan 5.600,50 manat əsas borc və 462,77 manat faiz borcu təşkil edir) məbləğində 09 fevral 2024-cü il tarixinə olan kredit borcunun və ödənilmiş 80.63 manat dövlət rüsumunun tutularaq iddiaçı “X4” Bakı filialına ödənilməsi barədə qətnamə edilməsi xahiş edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, “X4” Bakı filialı ilə Cavabdeh2 arasında imzalanmış 28 oktyabr 2022-ci il tarixli 1.006 nömrəli kredit müqaviləsinə əsasən sonuncuya illik kreditdən istifadə haqqı 19% ödəmək şərti ilə 36 ay müddətinə 7.000 manat məbləğində kredit verilmişdir. Verilmiş kreditin qaytarılmasının təminatı kimi “X4” Bakı filialı ilə Cavabdeh1 arasında 1.121 saylı zaminlik müqaviləsi imzalanmışdır. Kredit müqavilənin 2.2-ci bəndinə görə “borcalan” tərəfindən kredit müqaviləsinin hər hansı bir şərti pozulduqda “bank” verilmiş krediti hesablanmış faizlərlə birlikdə vaxtından əvvəl ödənilməsini tələb etmək hüququ vardır. Kredit müqaviləsinin 4.1-ci maddəsinə əsasən “borcalan” ssuda hesabında qalıq əmələ gəldiyi gündən 1 ay sonradan başlayaraq hər ayın həmin günü “banka” ssuda borcu ssuda hesabının qalığına hesablanmış faizlər də daxil olmaqla 256.59 manat ödəməli idi. Müqavilə şərtlərinə uyğun olaraq “borcalan” 09 fevral 2024-cü il tarixə “banka” kredit borcu üzrə 3.848,85 manat ödəniş yerinə yetirməli idi. Lakin 09 fevral 2024-cü il tarixə kimi “borcalan” tərəfindən “banka” 2.430,00 manat ödəniş həyata keçirilmişdir. Bank tərəfindən borcalana kredit müqaviləsi üzrə öhdəlikləri yerinə yetirməsi üçün dəfələrlə yazılı və şifahi xəbərdarlıqlar olunmuşdur. Lakin borcalan kredit borcunu yerinə yetirməmişdir. Kredit müqaviləsinin 5.1-ci bəndinə əsasən kredit vaxtında ödənilmədikdə gecikdirilmiş hər bir gün üçün, “borcalan” “banka” illik 29% ödəməlidir. 09 fevral 2024-cü il tarixə cavabdehin “banka” olan borcu müqavilə şərtlərinə əsasən hesablanmış faizlərlə birlikdə 6.063.27 manat olmaqla bundan 5.600,50 manat əsas borc və 462,77 manat faiz borcu təşkil edir. Cavabdehə dəfələrlə şifahi və yazılı müraciət edilərək, kredit müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməsi tələb olunsa da, onun tərəfindən bu öhdəliklərin yerinə yetirilməsi üçün hər hansı bir tədbir görülməmişdir. Cavabdeh2 ilə 28 oktyabr 2022-ci il tarixli, 1.121 saylı kredit müqaviləsinin təminatı olaraq həmin tarixdə Cavabdeh1 arasında bağlanmış 1.121 saylı zaminlik müqaviləsinin 1.1-ci bəndinə görə zamin borcalan bank qarşısında öz öhdəliyini yerinə yetirənədək bank qarşısında borcalanla birlikdə məsuliyyət daşıyır. Zaminlik müqaviləsinin 4.1-ci bəndinə görə “borcalan” zaminliklə təmin olunmuş öhdəliyi təmin etmədikdə və ya lazımınca icra etmədikdə zamin bank qarşısında kredit borcu ezrə yaranmış bankın ilk tələbinə hər hansı bir iddia irəli sürmədən dərhal ödəməyi öz öhdəsinə götürür. Məhkəmə iclasında iştirak edən iddiaçı “X4” Bakı filialının nümayəndəsi X2 iddia ərizəsinin dəlillərini müdafiə edərək, əlavə olaraq bildirdi ki, Cavabdeh2 arasında imzalanmış 28 oktyabr 2022-ci il tarixli kredit müqaviləsi üzrə cavabdeh tərəfindən bu günə qədər əsas və faiz borcla birlikdə cəmi 2400 manat ödəniş edilmişdir. Bununla yanaşı kredit müqaviləsinin təminatı olaraq 28 oktyabr 2022-ci il tarixdə Cavabdeh1 ilə bank arasında zaminlik müqaviləsi bağlanmışdır. Hazırda tərəflər arasında razılıq mümkün deyil. Hesab edir ki, 28 oktyabr 2022-ci il tarixli kredit müqaviləsi üzrə yaranmış borc cavabdehlərdən müştərək qaydada tutulmalıdır. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia ərizəsini qəbul edərək, iddianın təmin edilməsinə etirazının olmadığını bildirdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, digər Cavabdeh2 üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə izahatları dinləyib, iş üzrə təqdim olunmuş sübutları yoxlayaraq, iddia tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan “X4” Bakı filialı ilə Cavabdeh2 arasında bağlanmış 28 oktyabr 2022-ci il tarixli, 1.006 nömrəli kredit müqaviləsinə əsasən “bank” “borclana” 7000 manat məbləğində kredit verilmişdir. Kredit, “borclana” kreditdən istifadə haqqı illik 19 faiz hesablanmaqla 36 ay müddətinə verilmişdir. İş materiallarında olan “X4” Bakı filialı ilə Cavabdeh1 arasında bağlanmış 28 oktyabr 2022-ci il tarixli, 1.121 nömrəli zaminlik müqaviləsindən görünür ki, “X4” Bakı filialı ilə Cavabdeh2 arasında 28 oktyabr 2022-ci il tarixli, 1.006 nömrəli kredit müqaviləsi əsasında borclana veriləcək 7000 manat məbləğində kreditlə əlaqədar olaraq və hesablanmış faizləri borclana bank qarşısında öz öhdəliklərini tam yetirənədək zamin, borclan ilə birlikdə bank qarşısında məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür. İş materiallarında olan 28 oktyabr 2022-ci il tarixli kassa məxaric orderindən görünür ki, Cavabdeh2 müqavilə üzrə 7000 manat kredit məbləğini qəbul etmişdir. İş materiallarında olan “X4” Bakı filialı ilə Cavabdeh2 arasında bağlanmış 28 oktyabr 2022-ci il tarixli, 1.006 nömrəli kredit müqaviləsinə əlavədən görünür ki, tərəflər arasında qeyd olunan müqavilə üzrə aylıq ödənişlərin məbləği müəyyən edilmişdir. İş materiallarında olan “X4” Bakı filialı ilə Cavabdeh2 arasında bağlanmış 28 oktyabr 2022-ci il tarixli, 1.006 nömrəli kredit müqaviləsi üzrə hesabdan çıxarışdan görünür ki, 18 noyabr 2022-ci il – 09 fevral 2024-cü il tarixləri aralağında 2430 manat ödəniş edilmişdir. İş materiallarında olan “X4” Bakı filialı ilə Cavabdeh2 arasında bağlanmış 28 oktyabr 2022-ci il tarixli, 1.006 nömrəli kredit müqaviləsi üzrə 09 fevral 2024-cü il tarixli maliyyə arayışından görünür ki, arayış verilən tarixə əsas borc üzrə 5.600,50 manat, faiz borcu isə 462.77 manat olmaqla cəmi 6.063,27 manat borc hesablanmışdır. İş materiallarında olan 08 fevral 2024-cü il tarixli bildirişlərdən görünür ki, “X4” Bakı filialı tərəfindən 28 oktyabr 2022-ci il tarixli, 1.006 nömrəli kredit müqaviləsi üzrə yaranmış cəmi 6.063,27 manat borcun ödənilməsi, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə cavabdehlərə xəbərdarlıq edilmişdir. İş materiallarında olan 09 fevral 2024-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı “X4” Bakı filialı tərəfindən müvafiq iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün 80.63 (səksən manat altmış üç qəpik) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə iddia tələbinin dəlillərinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur (m 443.1). Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (m 448.1). Həmin Məcəllənin 739.1-ci maddəsinə görə, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ysı digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eynı keyfıyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. İşin müəyyən edilmiş hallarından göründüyü kimi Cavabdeh2 “X4” Bakı filialı ilə bağladığı 28 oktyabr 2022-ci il tarixli, 1.006 nömrəli kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi icra etməmiş, iddiaçı banka olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də, Cavabdeh2 risk dairəsinə daxil olan öhdəlikləri icra etmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliklərinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit müqaviləsi üzrə hesablanmış əsas və faiz borcunu iddiaçıya ödəməlidir. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Bununla da müəyyən olunmuşdur ki, Cavabdeh1 Mülki Məcəllənin 470.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada Cavabdeh2 iddiaçı qarşısında öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti, habelə Mülki Məcəllənin 472.1 və 472.2-ci maddələrinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə kreditor qarşısında borclu ilə birgə məsuliyyət daşımağı, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşımağı öz üzərinə götürmüşdür. Belə olan halda məhkəmə hesab edir ki, tələb edilən borcun məbləği cavabdehlərdən müştərək qaydada tutulmalıdır. Bununla yanaşı məhkəmə istinad edilən maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, “X4” Bakı filialının hazırkı iddiası əsaslıdır, iddiaçı iddiasını əsaslı edən müvafiq sübutlarını məhkəməyə təqdim etmiş, həmin sübutlar məhkəmədə araşdırılmış və qarşılıqlı tədqiq edilmiş işin faktiki halları ilə tam olaraq öz təsdiqini tapmışdır. Məhkəmə eyni zamanda cavabdehlərdən tutulmalı olan borcun məbləğinə münasibətdə qeyd edir ki, iş materiallarında olan məlumatdan görünür ki, “X4” Bakı filialı ilə Cavabdeh2 arasında bağlanmış 28 oktyabr 2022-ci il tarixli, 1.006 nömrəli kredit müqaviləsi üzrə 09 fevral 2024-cü il tarixli maliyyə arayışından görünür ki, arayış verilən tarixə əsas borc üzrə 5.600,50 manat, faiz borcu isə 462.77 manat olmaqla cəmi 6.063,27 manat borcu vardır. Odur ki, cavabdehlərdən qeyd olunan kredit müqaviləsi üzrə tutulmalı olan əsasə borcun məbləği 5.600,50, faiz borcunun məbləği isə müqavilənin müddəti bitmədiyindən 462.77 manat müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 5.600,50 manat əsas, 462.77 manat faiz borcu olmaqla cəmi 6.063,27 manat məbləğində kredit borcu tutularaq iddiaçı “X4” Bakı filialının xeyrinə ödənilməlidir. Bundan başqa qeyd edilməlidir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddiaçı “X4” Bakı filialı tərəfindən ödənilmiş 80.63 (səksən manat altmış üç qəpik) manat manat məbləğində dövlət rüsumu da cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada iddiaçı “X4” Bakı filialının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: İddia təmin edilsin. İddiaçı “X4” Bakı filialı ilə Cavabdeh2 arasında bağlanmış 28 oktyabr 2022-ci il tarixli, 1.006 nömrəli kredit müqaviləsinə əsasən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 5.600,50 (beş min altı yüz manat əlli qəpik) manat əsas, 462.77 (dörd yüz altəməş iki manat, yetmiş yeddi qəpik) manat manat faiz borcu olmaqla cəmi 6.063,27 (altı min altımış üç manat, iyirmi yeddi qəpik) manat məbləğində kredit borcu və ödənilmiş 80.63 (səksən manat, altımış üç qəpik) manat dövlət rüsumu tutularaq iddiaçı “X4” Bakı filialının xeyrinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Şeyda Məhərrəmova
Məhkəmə qərarları › İş №e-2(003)-1482/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-1482/2024
04.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver