Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-1586/2025 28.01.2026 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Natiq Fərhad oğlunun sədrliyi Fərzəliyeva Tünzalə Baləli qızının katibliyi Cavabdeh iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit borcunun qaytarılması barədə” iddia tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi İşin halları:
1. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra- ASC) Cavabdeh qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASCnin xeyrinə 12827.28 AZN əsas; 468.77 AZN faiz, cəmi 13296.05 AZN pul vəsaitinin və ödənilmiş 129.89 AZN məbləğində dövlət rüsumunun tutulması barədə qətnamənin çıxarılmasını xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasın edlaektron qaydada (mobil tətbiqi vasitəsilə) bağlanmış xx.xx.2024-cü il tarixli, RFGT7825741B218 saylı Kredit müqaviləsinə əsasən onun kartına 59 ay müddətinə, illik 22.6 faiz dərəcəsi ilə 13550 AZN olan kredit vəsaiti mədaxil edilmişdir. Kredit online qaydada rəsmiləşdirilməsinə baxmayaraq vəsait filialdan əldə edilmişdir. Kredit müqaviləsinin şərtlərinə əsasən borcalan öz üzərinə müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəlikləri lazımi qaydada yerinə yetirmir. İddiaçının tələbinin əsaslandırdığı sənədlər tərəflər arasında bağlanmış Kredit müqaviləsi, bu müqavilə üzrə əsas və faiz borcunu özündə əks etdirən Maliyyə arayışı, cari hesabdan çıxarış, pul vəsaitinin cavabdehə nəğd qaydada verilməsini təsdiq edən Xəzinə Məxaric orderi, cavabdehlə mübahisənin məhkəməyə qədər pretenziya qaydasında nizama salınmasına riayət edilməsinə dair ona ünvanladığımız Bildiriş məktubu və məktubun göndərilməsini sübut edən Poçt reyestridir. Nəticədə cavabdehin xx.xx.2025-ci il tarixə İddiaçı ASC-yə 12827.28 AZN əsas, 468.77 AZN faiz; cəmi 13296.05AZN borcu yaranmışdır. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq (pretenziya qaydasında həll olunma) cavabdeh tərəfindən borcun qaytarılması təmin edilməmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları:
3. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçı (nümayəndəsi) məhkəmə iclasına gəlməmişdir. Bununla belə iddiaçının nümayəndəsi Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək bütün sübutları məhkəməyə təqdim etdiklərini bildirib, məhkəmə iclasının onların iştirakı olmadan keçirilərək iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında İddiaçı ASC-dən qeyd olunan məbləğdə kredit götürdüyünü, maddi vəziyyəti çətin olduğu üçün borcunu ödəyə bilmədiyini, lakin hazırkı iddia tələbi ilə razı olmadığını, etdiyi ödənişlərin nəzərə alınmadığını, borcunun düzgün hesablanmadığını, habelə iddiaçı bank tərəfindən həmin borcla bağlı onun əmək haqqından tutulmalar aparıldığını, lakin həmin tutulmaların nəzərə alınmadığını, onun əmək haqqından tutulmalar aparılması barədə hər hansı sübutunun olmadığını bildirmişdir.
Mülki işin materialları:
İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş:
5. İddiaçı ASC ilə borclu Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, RFGT7825741B218 saylı kredit müqaviləsinə əsasən, cavabdehə 59 ay müddətinə illik 22.6 % dərəcəsi ilə 13550 AZN məbləğində kredit verilmişdir.
6. 19.02.2025-ci il tarixli maliyyə arayışının surətinə əsasən, Cavabdeh xx.xx.2025ci il tarixə İddiaçı ASC-yə xx.xx.2024-cü il tarixli kredit müqaviləsi üzrə 12827.28 AZN məbləğində əsas borc, 468.77 AZN məbləğində faiz borcu olmaqla, cəmi 13296.05 AZN məbləğində borcu vardır.
7. İddiaçı ASC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2025-cü il tarixli bildiriş məktubuna və onun göndərilməsini təsdiq edən poçt reyestrinə əsasən, iddiaçı cavabdehi xəbərdar edərək kredit müqaviləsi üzrə 13650.61 manat məbləğində ümumi borcun və 93 gün müddətinə 1617.21 AZN məbləğində gecikdirilmiş borcunun yarandığı (ödəniş qrafikinə uyğun ödəniş aparılmadığı) üçün kredit müqaviləsi üzrə tam borc məbləğinin ödənilməsini tələb etmişdir.
8. 15.02.2025-ci il tarixli, ********** saylı mədaxil qəbzindən aydın olur ki, iddiaçı hazırkı iddia üzrə 129.89 AZN məbləğində dövlət rüsumu ödəmişdir.
9. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 29 may 2025-ci il tarixli, 9/2439 saylı ekspert rəyinə əsasən, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, RFGT7825741B218 saylı saylı kredit müqaviləsi üzrə cavabdehin iddia ərizəsi ilə məhkəməyə müraciət olunan tarixədək cavabdehin borcu - əsas borc 12847.37 manat, faiz borcu 429.65 manat təşkil edir.
Tətbiq edilən hüquq:
Azərbaycan Respublikasının Mülki Məcəlləsinin:
10. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
11. 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.
12. 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.
13. 447.1-ci maddəsinə əsasən, əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur.
14. 447.2.2-ci maddəsinə əsasən, öhdəlik müqavilədə təyin edilmiş müddətdə icra edilmədikdə və müqaviləyə görə kreditor münasibətlərin davam etdirilməsini öhdəliyin vaxtında icrası ilə bağladıqda əlavə müddət təyin edilməsi və ya xəbərdarlıq edilməsi zərurəti yoxdur.
15. 447.7-ci maddəsinə əsasən, müqavilədən çıxarkən kreditor müqavilənin icra edilməməsi nəticəsində ona dəymiş zərərin əvəzini ödəməyi tələb edə bilər.
16. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
17. 743.1-ci maddəsinə əsasən, kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür.
18. 743.2-ci maddəsinə əsasən, bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir.
19. 742.5-ci maddəsinə əsasən, qanunda və ya borc müqaviləsi ilə borcalanın xeyrinə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən aşağıdakı hallarda müəyyən müddətə verilmiş borcun (o cümlədən borcun vaxtından əvvəl tələb edildiyi günədək borcla bağlı borcverənə ödənilməli olan faiz və (və ya) digər ödənişlərin) vaxtından əvvəl qaytarılmasını tələb edə bilər: 742.5.2. borcun hissə-hissə qaytarılmasını və (və ya) faizlərin və (və ya) haqların hissə-hissə ödənilməsini nəzərdə tutan borc müqaviləsi üzrə vaxtı çatmış borcun (faizlər və (və ya) haqlar daxil olmaqla) 90 (doxsan) gün və ya daha çox müddətə gecikdirilməsi, yaxud borcun (faizlər və (və ya) haqlar daxil olmaqla) ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması (90 (doxsan) gündən az olmamaqla).
20. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 29 mart 2023-cü il tarixli Qərarına əsasən, kredit müqaviləsi üzrə borcun müqavilədə nəzərdə tutulan qaydada ödənişinin gecikdirilməsi nəticəsində borc verənin müqavilə müddətinin bitməsini gözləmədən bütün məbləğin ödənilməsini tələb etdiyi (müqavilədən imtina etdiyi) halda müqavilə tərəflərinin hüquqi vəziyyəti ilə bağlı qeyd edilmişdir ki, “Kredit müqaviləsi üzrə öhdəliyin pozulması səbəbindən kreditorun Mülki Məcəllənin 447.1-ci maddəsinə əsasən müqavilədən imtina etdiyi təqdirdə, həmin anadək gecikdirilmiş annuitet ödənişlərinə yaranmış tələb müqavilənin ləğvindən sonra da qüvvədə qalır. Bu öhdəlik müqavilənin ləğv edilməsindən əvvəl yarandığı üçün kreditor onun ödənilməsini tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin:
21. 52.2-ci maddəsinə əsasən, cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir.
22. 52.5-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır.
Məhkəmənin mövqeyi:
23. Məhkəmə iddia ərizəsinin dəlillərini, iş materiallarını araşdırıb, iş üzrə toplanmış və məhkəmədə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.
24. Məlum olduğu kimi Mülki Məcəllənin mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarını müəyyən edən 14-cü maddəsinə görə mülki hüquqlar və vəzifələr digər əsaslarla yanaşı həm də qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərən əmələ gəlir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirilən faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir.
25. İşin mübahisəsiz halları ondan ibarətdir ki, tərəflər (iddiaçı və cavabdeh) arasında xx.xx.2024-cü il tarixli, RFGT7825741B218 saylı saylı kredit müqaviləsindən əmələ gələn öhdəlik münasibətləri (mülki hüquq və vəzifələr) yaranmışdır. Həmin müqaviləyə əsasən iddiaçı tərəfindən cavabdehə 59 ay müddətinə, illik 22.6% dərəcəsi ilə ödənilmək şərtilə 13550 AZN məbləğində pul vəsaiti verilmişdir.
26. İşin mübahisləndirilən halları ondan ibarətdir ki, İddiaçı ASC xx.xx.2024-cü il tarixli, RFGT7825741B218 saylı müqavilə üzrə Cavabdeh üzərinə götürdüyü öhədlikləri yerinə yetirmədiyinə görə iddia tələbində qeyd olunan məbləğdə vəsaitin iddiaçının xeyrinə cavabdehdən tutulmasını xahiş etmişdir. Cavabdeh isə məhkəmə iclasında iştirak edərək, qeyd olunan məbləğdə kredit götürdüyünü, maddi vəziyyəti pisləşdiyi üçün borcunu ödəyə bilmədiyini etiraf etsə də, etdiyi ödənişlərin bank tərəfindən nəzərə alınmadığını, borcunun düzgün hesablanmadığını bildirərək iddia tələbinə etiraz etmişdir.
27. Məhkəmə araşdırması zamanı tədqiq edilən sübutlar (kassa məxaric orderi, maliyyə arayışı, bildiriş məktubu əsasında işin müəyyən edilmiş halları ondan ibarətdir ki, iddiaçı tərəfindən öhdəlik yerinə yetirilmiş (pul vəsaiti cavabdehə verilmiş) lakin cavabdeh tərəfindən əsas borc və ona hesablanmış faizlər ödəniş cədvəlinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində ödənilməmiş və nəticədə öhdəliyin icrası 93 gün gecikdirilmişdir. İddiaçı cavabdehə xx.xx.2025-ci il tarixli bildiriş məktubu göndərərək vaxtı çatmış borcun 93 gün müddətə gecikdirilidiyi üçün borcun tamamilə vaxtından əvvəl qaytarılmasını tələb etməklə sözügedən kredit müqaviləsindən imtina etmişdir. Cavabdeh izahatında iddia tələbi üzrə ondan tutulması tələb olunan 12827.28 əsas və 468.77 faiz borcu ilə razı olmadığını, etdiyi ödənişlərin bank tərəfindən nəzərə alınmadığını bildirmişdir. Qeyd olunan halın araşdırılması ilə bağlı məhkəmə tərəfindən məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. 29 may 2025-ci il tarixli ekspert rəyindən görünür ki, cavabdehin əsas borcunun məbləği 12847.37 AZN, faiz borcunun məbləği isə 429.65 AZN təşkil edir. Ekspert rəyi işin digər materialları və müəyyən edilən halları ilə təsdiq edildiyi, onu şübhə altına alacaq və ya təkzib edəcək hər hansı hal müəyyən edilmədiyi üçün məhkəmə ekspert rəyini mümkün və mötəbər sübut kimi qəbul edir. Bununla yanaşı, cavabdeh hər nə qədər iddiaçı tərəfindən onun əmək haqqından əlavə tutulmalar aparıldığını bildirsə də, qeyd olunan faktı təsdiq edən hər hansı sübut təqdim etməmişdir.
28. Məhkəmə yuxarıda qeyd olunan qanunvericilik normaların tələbinin hazırki işin faktiki hallarına tətbiqi baxımından hesab edir ki, borclu (cavabdeh) pul öhdəliyinin icrasını lazımınca yerinə yetirmədiyi üçün iddiaçı qarşısında mülki məsuliyyət daşıyır. Odur ki, iddiaçı əsas borcun ödənilməsini tələb etməkdə haqlıdır. Lakin iddiaçı cavabdehdən əsas borc qismində 12827.28 AZN tələb etməsinə baxmayaraq, ekspert rəyində cavabdehin əsas borcunun 12847.37 AZN təşkil etdiyi göstərilmişdir. Ekspert rəyində qeyd olunan əsas borc məbləğinə münasibətdə qeyd olunmaldır ki, məhkəmə mülki işə iddia tələbi həcmində baxır. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi əsas borc məbləğinə münasibətdə tələb edilən həcmdə təmin edilməli, Cavabdeh iddiaçının xeyrinə əsas borc olaraq 12827.28 AZN məbləğində pul vəsaiti tutulmalıdır.
29. Məhkəmə iddia tələbinin faiz borcuna münasibətdə qeyd edir ki, iddiaçı cavabdehdən faiz borc qismində 468.77 AZN tələb etməsinə baxmayaraq, ekspert rəyində cavabdehin əsas borcunun 429.65 AZN təşkil etdiyi göstərilmişdir. Qeyd olunan ekspert rəyinə nə İddiaçı ASC tərəfindən, nə də Cavabdeh tərəfindən etiraz olunmamışdır. Habelə ekspert rəyi işin digər materialları və müəyyən edilən halları ilə təsdiq edildiyi, onu şübhə altına alacaq və ya təkzib edəcək hər hansı hal müəyyən edilmədiyi üçün ekspert rəyi mümkün və mötəbər sübut kimi qəbul edilməlidir. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi faiz borc məbləğinə münasibətdə qismən təmin edilməli, Cavabdeh iddiaçının xeyrinə faiz borcu olaraq 429.65 AZN məbləğində pul vəsaiti tutulmalıdır.
30. Məhkəmə həmçinin iddianın ödənilmiş 129.89 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Belə ki,“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu tutulur. MPM-in 119.1-ci maddəsinin tələbinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Cavabdehin iddiaçı qarşısında aralarındakı müqavilədən irəli gələn vəzifələrini icra etməməsi nəticəsində, iddiaçının məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumunu ödəməsi ilə ona əlavə zərər vurmuşdur. Odur ki, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 129.77 manat məbləğində dövlət rüsumu da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
31. Məhkəmə həmçinin hesab edir ki, işə baxılması ilə əlaqədar məhkəmə xərclərinə daxil olan iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının dəyəri olan 50 (əlli) manat da Cavabdeh tutulmalıdır. Belə ki, MPM-in 115.0.1-ci maddəsinə əsasən, ekspertlərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. MPM-in 119.1-ci maddəsinə əsasən də, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
32. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: - 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. - 217.4-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. - 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. - 222.2-ci maddəsinin tələbinə görə pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrıayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir.
33. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq məcmu halında və tələb həddində hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, 12827.28 manat əsas borc və 429.65 manat faiz borcu olmaqla, cəmi 13256.93 manat məbləğində pul vəsaiti və ödənilmiş 129.77 manat dövlət rüsumunun məbləği Cavabdeh tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Qət etdi
İddia qismən təmin edilsin. Cavabdeh 12827.28 AZN (on iki min səkkiz yüz iyirmi yeddi manat iyirmi səkkiz qəpik) məbləğində əsas, 429.65 AZN (dörd yüz iyirmi doqquz manat altmış beş qəpik) məbləğində faiz borcu olmaqla, cəmi 13256.93 AZN (on üç min iki yüz əlli altı manat doxsan üç qəpik) pul vəsaiti və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 129.77 AZN (bir yüz iyirmi doqquz manat yetmiş yeddi qəpik) dövlət rüsumunun məbləği tutularaq İddiaçı ASC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının xərci olaraq 50 (əlli) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (X1, kod: 210005; VÖEN: **********; Müxbir hesab: AZ41NABZO**********000003944; SWİFT BİK: CTREAZ22) ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamə ondan şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Natiq Əsgərov