Məhkəmə qərarları › İş №e-2(003)-1608/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-1608/2025

27.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-1608/2025 27.11.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi, İşin halları İddiaçı ASC Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh kredit müqaviləsinə əsasən 9496,58 manat əsas, 1140,63 manat faiz və 30,16 manat cərimə olmaqla, cəmi 10667,37 manat və ödənilmiş 123,0 manat dövlət rüsumunun tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, borcluya xx.xx.2023-cü il tarixli Bolkart ailə müqaviləsindən görünür ki, kreditor İddiaçı ASC tərəfindən borcalan Cavabdeh 36 ay müddətinə, illik 22,4% olmaqla 11000,0 manat məbləğində kredit vermişdir. Hazırda cavabdeh “ödəniş cədvəli”nə əsasən ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınır və beləliklə kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. Kredit müqaviləsinə əsasən kredit alan pul öhdəliklərinin icrasını gecikdirdikdə bank pul öhdəliyinin vaxtından əvvəl icrasını tələb edə bilər. İddia ərizəsinə tələbimizin sübutu kimi kredit müqaviləsi, ödəniş cədvəli, pulun kredit alana verilməsini təsdiq edən sənəd (kassa məxaric orderi), kredit alanın şəxsiyyətini təsdiq edən sənədin surəti, borc barədə maliyyə arayışı, iddia ərizəsini imzalayan bankın nümayəndəsinin buna səlahiyyəti olması barədə etibarnaməsi, bankın əməkdaşı olması barədə əmək kitabçasından çıxarış, bankın sədrinin həqiqətən hazırda sədri olması barədə Vergilər Nazirliyinin “hüquqi şəxslərin qeydiyyatı barədə reyestr”dən çıxarış əlavə edilmişdir. Proses iştirakçılarının izahatı İddiaçı məhkəmə iclasının yeri və vaxtı barəsində lazımi qaydada xəbərdar edilsə də, o, məhkəmə iclasına gəlməmiş lakin İddiaçı ASC-nin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini etriaf edərək, banka borcu olduğunu bildirdi. İddia ərizəsinə etirazın dəlilləri Cavabdehin iddiaya qarşı yazılı etirazı daxil olmamışdır. İş materiallarına əlavə olunmuş sənədlər -xx.xx.2023-cü il tarixli, CC/15992/94/22 saylı sazişdən görünür ki, kreditor İddiaçı ASC tərəfindən borcalan Cavabdeh 36 ay müddətinə, illik 22,4% olmaqla 11000,0 manat məbləğində kredit vermişdir. -xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixli saziş üzrə banka 9496,58 manat məbləğində əsas borcun, 1140,63 manat məbləğində faiz borcunun, 30,16 manat məbləğində cərimə borcu vardır. İddiaçı ASC-i tərəfindən Cavabdeh ünvanlanmış pretenziya məktubundan görünür ki, cavabdeh borc barədə xəbərdar edilmiş, gecikdirilmiş borcun ödənilməsi tələb olunmuş, əks təqdirdə borcun ödənilməsi məqsədilə məhkəməyə müraciət olunacağı bildirilmişdir. İddia ərizəsində dövlət rüsumunun haqqında məlumatdan görünür ki, iddiaçı tərəfindən 123,0 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli, 9/3608 saylı rəyindən görünür ki, iş materiallarında olan maliyyə arayışı məlumatları və tərəflər arasında bağlanmış 02 oktyabr 2023-cü il tarixli, CC/15992/94/22 saylı kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh İddiaçı ASC-yə xx.xx.2025-ci il tarixə olan borcu 10.190,34 manat məbləğində müəyyən edilir, o cümlədən: Əsas borc üzrə -9411,05 manat, - faiz borcu üzrə-779,29 manat təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 739. borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Maddə 385. öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 442. öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 443.1. öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Maddə 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Maddə 448.1. əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 462.1. dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 8.1.2. məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119.1. məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmənin mövqeyi Məhkəmə iddiaçının nümayəndəsi izahatını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia aşağıda qeyd edilənlərə əsasən qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş yuxarıda qeyd edilən sənədlərlə müəyyən edildi ki, İddiaçı ASC ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixli, CC/15992/94/22 saylı kredit sazişi bağlanmış və cavabdehə 36 ay müddətinə, illik 22,4% olmaqla 11000,0 manat məbləğində kredit verilmişdir. Həmin müqaviləyə əsasən Cavabdeh kreditin qaytarılması və faizlərin ödənilməsi üzrə öhdəliyini lazımınca icra etməmiş, nəticədə banka borcu yaranmışdır. İddiaçı hazırkı iddia ilə əlaqədar 123,0 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə tərəflər arasında müqavilə münasibətləri vardır, həmin müqavilə münasibətləri üzrə tərəflər üzərinə götürdüyü öhdəliyi icra etməlidirlər. Kreditor müqavilə üzrə malik olduğu hüquqlardan istifadə edə bilər. Cavabdeh öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyindən, iddiaçının pulun qaytarılmasını, həmçinin borc üzrə razılaşdırılmış faizin və cərimənin ödənilməsini tələb etmək hüququ vardır. Məhkəmə hesab edir ki, cavabdeh kredit razılaşması əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən razılaşma əsasında kredit məbləğini, həmin razılaşma ilə müəyyən edilmiş faizləri və cərimələri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh kredit əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsait(lər)ini və həmin kredit(lər)dən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Belə olan halda, iddiaçı verdiyi kredit üzrə əsas borcu və faizləri və cəriməni tələb etməkdə haqlıdır. Lakin, məhkəmə hesab edir ki, cavabdehdən əsas və faiz borcun tutulmasına dair iddia tələbi xarakterinə, tutulma qaydasına görə əsaslı olsa da, həcminə görə tam əsaslı deyildir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı əsasında təyin edilmiş əlavə məhkəmə-mühasibatlıq ekspertizasının xx.xx.2025-ci il tarixli, 9/3608 saylı rəyindən görünür ki, Cavabdeh İddiaçı ASC-yə xx.xx.2025-ci il tarixə olan borcu əsas borc üzrə 9411,0 manat, faiz borcu üzrə 779,29 manat məbləğində təşkil edir. Azərbaycan Republikası MPM-nin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsinədə müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Göstərilənlərə əsasən məhkəmə ekspertizanın verdiyi xx.xx.2025-ci il tarixli, 9/3608 saylı rəyi sübut növü kimi qəbul edir və onunla razılaşır. Məhkəmə hesab edir ki, cavabdehin əsas borc üzrə 9411,0 manat, faiz borcu üzrə 779,29 manat məbləğində pul iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə həmçinin iddianın 123,0 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Ona görə ki, cavabdeh iddia üzrə iddiaçı qarşısında aralarındakı müqavilədən irəli gələn vəzifələrini icra etməməsi nəticəsində, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumunu ödəməsi ilə ona əlavə zərər vurmuşdur. Odur ki, kredit borcu cavabdehdən alınmaqla yanaşı eyni zamanda, cavabdehdən ziyanın ödənilməsi ilə əlaqədar iddiaçının dövlət rüsumunu ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. İş materiallarında olan rəyə əlavə edilmiş xx.xx.2025-ci il tarixli ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış məhkəmə-mühasibatlıq ekspertizalarının dəyəri 100 manat təşkil edir. Məhkəmə hesab edirki, iddia təmin olunduğundan aparılmış ekspertiza tədqiqatının dəyəri 100,0 (yüz) manat pulun iddiaçı və cavabdehdən müştərək tutularaq X1, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülməlidir. Beləliklə, məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək bu nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220, 222 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 9411,05 manat, 779,29 manat məbləğində faiz borcu, 30,16 manat cərimə və 123,0 manat dövlət rüsumu olmaqla, cəmi 10343,50 (on min üç yüz qırx üç manat, əlli qəpik) manat tutularaq İddiaçı ASC-yə ödənilsin. Ekspertiza xərci kimi 100,0 (yüz) manat pul İddiaçı ASC-dən və Cavabdeh müştərək qaydada tutularaq X1, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34CTRE******************** hesabına ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar